Məhkəmə qərarları › İş №2(103)-144/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-144/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-144/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə artıq ödənilmiş pulun ödənilməsi və sair tələblərə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1007/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə artıq ödənilmiş pulun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətindən 28207 manat artıq ödənilmiş pulun və müqavilə öhdəşiliyinin yerinə yetirilməməsinə görə 10.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə B02/730 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə görə Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında MTK tərəfindən inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış kompleksində 2-ci bina, 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 98 kv.m. olan 2 otaqdan ibarət 138 saylı mənzili sifarişçiyə-iddiaçıya təhvil verilməyi, bunun qarşılığında isə MTKya razılaşdırılmış pul vəsaitini ödənilməyi öhdəliyə götürülmüşdür. Həmin müqavilə əsasında 1 kv.m üzrə 1166 manat hesablanmaqla 114277 manat pul ödənilmişdir. Ona təqdim olunan maliyyə arayışında isə göstərilmişdir ki, yaşayış binasının 2-ci girişinin 21-ci mərtəbəsində ümumi sahəsi 73,81 kv.m olan 2 otaqlı 138 saylı mənzil İddiaçı məxsusdur və Cavabdeh MTK-ya borcu yoxdur. Bununla da iddiaçıdan 98 kv.m sahənin pulu alınmış, lakin maliyyə arayışında 73, 81 kv.m göstərilməklə müqavilə şərtlərinin pozulduğu və ondan 24.19 kv.m sahənin pulu- təxminən 28207 manat artıq alınmışdır. Habelə müqavilə üzrə tikinti işləri 2017-ci il tarixdə başa çatdırılmalı və kompleks üzrə mənzillərin təmiri təmin edilməli olmasına baxmayaraq kompleksin təhvil verilməsi gecikməklə müqavilə şərtləri pozulmuş olur. Buna görə iddiaçı hesab edir ki, 28207 manat artıq ödənilmiş pulun və müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsinə görə 10.000 manat cavabdeh təşkilatdan onun xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Sonradan İddiaçı Azərbaycan Respublikası iddia həcminin artırılması barədə iddia ərizəsinə iki əlavə ilə məhkəməyə müraciət etmiş və tərəflər arasında bağlanılmış müqavilənin 2.2.5 və 2.4.7-ci maddələrinin müqavilədən xaric edilməklə etibarsız sayılmasını və MTK-ya üzv qəbul edilməsi barədə qərarın və həmçinin verilən sahənin təsdiq olunmuş plan cizgisinin ona təqdim edilməsi və binanın qeyri-yaşayış sahəsi olan qarajların yaşayış binasının təkib hissəsi olmaqla MTK-nın ümumi mülkiyyəti hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavələri onunla əsaslandırmışdır ki, cavabdeh şirkətlə bağlanılmış müqavilənin 2.2.5-ci maddəsində icraçının vəziflərindən biri kimi çoxmərtəbəli yaşayış kompleksinin təhvilindən sonra yaşayış kompleksinə (o cümlədən mənzillərə) xidmət göstərəcək şirkəti müəyyən edib sifarişçiyə bildirəcəyi, müqavilənin 2.4.7-ci maddəsində isə sifarişçinin vəzifələrindən biri kimi müqavilənin müvafiq qaydada rəsmiləşdirilməsindən sonra mənzilin yerləşdiyi yaşayış kompleksinə xidmət göstərən (icraçının müəyyən etdiyi və bildirdiyi) şirkətlə dərhal mənzilə dair xidmət müqaviləsinin bağlanılaraq həmin müqavilə üzrə öhdəlikləri lazımi şəkildə icra edəcəyi göstərilmişdir, hansıki həmin şərtlər Mənzil Məcəlləsinin 43-45- ci maddələrinin və 119-cu maddəsinin, ümumiyyətlə Mənzil Məcəlləsinin bütün tələblərinə ziddir. Habelə qeyd edilmişdir ki, MTK tərəfindən iddiaçıya mənzil satılmasına baxmayaraq, onun MTK-ya üzvlülüyə qəbul edilmə haqqında qərar və verilən sahənin təsdiq olunmuş plan cizgisi təqdim edilməmişdir. Həmin iddia ərizəsində əlavədə bildirilmişdir ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərtexniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur, ona görə də binanın qarajları kooperativin ümumi əmlakı hesab olunduğu üçün MTK tərəfindən hədiyyə edilə bilinməz. Ayrıca iddia ərizəsində irəli sürülən 10000 manat zərər ilə bağlı qeyd olunmuşdur ki, 2017-ci ildə təhvil veriləcəyi təqdirdə mənzil təmir edilib kirayə verilə bilərdi, habelə 2015-ci il tarixdən 3 dəfə devalvasiya olduğundan mənzilin dəyəri banka qoyulub faiz və digər müxtəlif gəlir əldə etmək imkanından məhrum olduğundan əldən çıxmış gəlirlərin əvəzi kimi faizlər hesablanmalıdır.Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı və onun səlahiyyətli nümayəndəsi X1 rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan xx.xx.2015-ci il tarixli B 02/730 saylı müqaviləsindən (surətindən) görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanılmış, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən İcraçı (cavabdeh) Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa etdiyi Cavabdeh çoxmərtəbəli yaşayış kompleksində 2-ci bina, 21-ci mərtəbəsindəki yerləşən ümumi sahəsi 98 kv.m olan 2 otaqdan ibarət 138 saylı mənzili sifarişçiyə (iddiaçıya) verməyi, bunun qarşılığında isə İcraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, mənzilin ümimi sahəsi dedikdə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri daxildir. İşdə olan xx xxxxxxx 2015-ci il tarixli 90 saylı arayışa əsasən, yaşayış binasının 2-ci giriş 21-ci mərtəbəsində ümumi sahəsi 73.81 olan 2 otaqlı 138 saylı mənzil ona məxsusdur və borcu yoxdur. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən, yaşayış kompleksində müqavilə şərtlərinə uyğun olaraq müvafiq ardıcıllıqla 10 blok üzrə mənzillərdə təmir işlərinin aparılması üçün təhvil veriləcəyi barədə müvafiq məlumat MTK-nın ictimaiyyətə açıq internet resurslarında məlumat verilmişdir və iddiaçının mənzilinin yerləşdiyi ikinci blok da 2018-ci ilin mart ayında təmir üçün təhvili planlaşdırılır. O cümlədən 2014 və 2015-ci illərdə bağlanılmış müqavilələrdə yazılmış “bina” ifadəsi ünvanların reyerstri barədə müvafiq kargüzarlıq tələbinə əsasən “blok” ifadəsi ilə dəyişdirilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa yüksəkmərtəbəli yaşayış kompleksində 2-ci blok, 21-ci mərtəbəsindəki yerləşən ümumi sahəsi 99,06 kv.m olan, istifadə üçün faydalı sahə 93.36 kv.m olan 2 otaqdan ibarət 138 saylı mənzilə görə İddiaçı borcu yoxdur. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış kompleksində 2-ci blok, 21-ci mərtəbəsindəki yerləşən 2 otaqlı 138 saylı mənzilə dair sxemdəki məlumatlar belə izah olunur ki, “brut sahə” dedikdə müqavilənin məzmununa əsasən mənzilin ümumi sahəsi (yaşayış, yardımçı, eyvan/balkon sahələri və sxemə uyğun divaraltı sahələrin məcmusu) və net sahə dedikdə divaraltı sahələrin nəzərə alınmadığı-istifadə üçün faydalı sahə başa düşülür. İşə əlavə olunmuş xx.xx.2018-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisinə 2014-cü ilin may ayında başlanılmışdır. Binanın qeyri-adi memari üsluba sahib layihəsinin mürəkkəbliyi və tikinti həcminin həddindən artıq böyük olması əsası ilə tikinti işlərinin yekunlaşdırılma vaxtını müəyyən edilməsi texniki və iqtisadi cəhətdən mümkün olmadığından bu barədə hər hansı məzmunda hüquq müəyyən edici sənəd mövcud deyil. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksində müştərilərin stimullaşdırılması üçün qaraj hədiyyəsini ehtiva edən və hazırda da davam edən kampaniyanın keçirilməsinə xx.xx.2016-cı il tarixdə başlanılmışdır, hansıki iddiaçı ilə müqavilə bu kampaniyanın başlanmasından uzun müddət əvvəl qarşılıqlı razılıq ilə bağlanılmışdır. Buna görə də, müqavilə bağlanılarkən qüvvədə olmayan həmin kampaniyanı hazırda iddiaçıya məxsus müqaviləyə tətbiq edilməsi mümkün deyil. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında yuxarıda eyniləşdirici məlumatları qeyd edilmiş mənzilə dair xx.xx.2015-ci il tarixdə müqavilə bağlanılmışdır və həmin müqavilə ümumilikdə mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cu maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin artıq ödənişlə bağlı hissəsi ilə haqlı olaraq qeyd etmişdir ki, məhkəmə işinin gedişatında müqavilə üzrə tikilib təhvil veriləcək mənzil sahəsinin ümumi sahəsinin (müqavilə üzrə razılaşdırılmış sahədən artıq olmaqla) 99.06 kv.m olduğu müəyyən edilmişdir, hansıki müqavilənin mübahisələndirilməyən 1.2-ci maddəsinə əsasən mənzilin ümumi sahəsinə yaşayış sahəsi, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri daxildir. Məhkəməyə təqdim olunan mənzilin sxeminə əsasən də, bu hesablama metodu ilə, mənzilin ümumi sahəsi 99.06 kv.m.təşkil etməkdədir. Habelə müqavilənin 2.4.3-cü maddəsindən aydın olur ki, mənzillərin sifarişçilər tərəfindən tam təmir olunması üçün müvafiq vahid müddət 2017-ci il tarixdə müəyyən edilməlidir. Cavabdeh təşkilatın məhkəmə ünvanladığı məktubla müəyyən olunmuşdur ki, həmin müddət ictimaiyyətə açıq resurslarda açıqlanmışdır, o cümlədən iddiaçının mənzilinin yerləşdiyi blok üzrə təmir üçün təhvil müddəti 2018-ci ilin mart ayı təsdiqlənmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4242 nömrəli xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Tbilisi prospekti 1054cü məhəllədə inşa edilən “xxxxxxxxxxx” MTK-nın 2-ci binasının 21-ci mərtəbəsində yerləşən 138 saylı mənzilinin tikinti altı sahəsi nəzərə alınmaqla 99,06 kv.m., tikinti altı nəzərə alınmadan 92,36 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllədə inşa edilən “xxxxxxxxxxx” MTK-nın 2-ci binasının 21-ci mərtəbəsində yerləşən 138 saylı mənzilə aid balkon yardımçı sahə kimi nəzərdə tutulmuş və balkon tikilisinin sahəsi mənzilin ümumi sahəsinə daxildir. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllədə inşa edilən “xxxxxxxxxxx” MTK-nın 2-ci binasının 21-ci mərtəbəsində yerləşən 138 saylı mənzilə aid müqavilənin 1.2 bəndindən görünür ki, mənzilin ümumi sahəsinə, yaşayış, yardımçı, balkon və sxemə uyğun divar altı sahələr daxil olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı ona vurulmuş maddi ziyanın məbləği, bu ziyanın cavabdeh təşkilat tərəfindən vurulmasını təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki kollegiyanın iclasında təqdim etməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə, İddiaçı maddi zərərin əvəzini 10.000 manat qiymətləndirsə də, əsaslandığı hal müqavilə üzrə mənzilin təmir üçün təhvilinin gecikməsi halı baş vermədiyindən qeyd edilən məbləğdə maddi ziyanın vurulmasının nə ilə təsdiq edildiyini sübut etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Lakin mülki dövriyyənin təmin edilməsi və üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək üçün pozulmuş hüquqların bərpası üçün qanunvericikdə bunun irəli sürülmə müddətləri müəyyən edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən etibarsız əqdlər üzrə 1 illik müddət nəzərdə tutulmuşdur. Həmin müddətlər müvafiq olaraq əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində və ya zərərçəkmişin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən olunmuş həmin müddətdə iddianın verilməməsi həmin əqdlərin (müvafiq maddələrinin) hüquqi nəticələrinin təsdiq edilməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Cavabdeh üzv qəbul olunması” barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, əqdin etibarlılığı üçün vacib sayılan (yuxarıda qeyd olunmuş) elementləri əsas götürməklə iddiaçı ilə cavabdeh təşkilat arasındakı hüquqi qüvvədə olan müqavilədən irəli gələn münasibətin xarakterini müəyyən etmək əhəmiyyət daşıyır. Müqavilənin şərtlərindən açıq aydın olur ki, tərəflər arasındakı müqavilə əsasən mənzilin tikintisi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair şərtləri ehtiva edən podrat müqaviləsinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu baxımdan tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış və hazırda ümumilikdə mübahisələndirilməyən müqavilədə iddiaçının MTK-nın üzvlüyünə əsas verən pay alğı-satqısı barədə hər hansı bir şərt ümumiyyətlə tənzimlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquqi qüvvədə olan müqavilədə iddiaçının MTKya üzv olması barəsində hər hansı bir şərt olmadığından, MTK üzərində belə bir öhdəliyin qoyulması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin yeni redaksiyada təsdiq olunan 178.8-ci maddəsinə əsasən də, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. “Verilən sahənin təsdiq olunmuş plan cizgisinin ona təqdim olunması” barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin 11.2-ci maddəsinə əsasən “mənzilin” struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, koridor, pəncərələr, köməkçi sahələr və s.) və mərtəbənin təsvir olunduğu sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Həmin sxem-layihənin cavabdeh təşkilat tərəfindən verilməməsi və ya verilməsindən imtina olunması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. “Binanın qeyri-yaşayış sahəsi olan qarajların yaşayış binasının təkib hissəsi olmaqla MTK-nın ümumi mülkiyyəti hesab edilməsi” barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququna və onun müdafiə olunmasına ali insani dəyər kimi həm beynəlxalq konvensiyalarda, həm də milli qanunvericilikdə xüsusi yer verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu baxımdan qeyri-yaşayış sahəsi olan qarajların (avtodayanacaq) sahələri binanın ayrı və müstəqil struktur bölməsi sayıldığından “mühəndis qurğuları olan zirzəmilər” ilə eyniləşdirmək olmaz. Qanun maddəsindən açıq göründüyü kimi, ümumi paylı mülkiyyətin predmeti “həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan”- yəni, təklikdə heç kəsə məxsus olmayan obyektlər təşkil edir. Halbuki binanın ayrı struktur bölməsi olan və gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüquqi ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərin adına qeydə alına bilən qeyri-yaşayış sahəsi olan avtodayanaq sahəsinin ümumi paylı mülkiyyətinin obyekti kimi qəbul edilməsi MTK-nın mülkiyyət hüquqlarına qəsd mahiyyətində olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və onun səlahiyyətli nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar