Məhkəmə qərarları › İş №2(103)-1442/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1442/2023

14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1442/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3266/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı məxsus ünvan 1ünvan şərtidir) dair (abonent kodu: **********00351) Cavabdeh tərəfindən 29 noyabr 2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 2ünvan şərtidir) mənzilinə (abonent kodu: **********00351) əsassız olaraq hesablanmış 1645,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, Cavabdeh əməkdaşları məlumatı olmadan ona məxsus ünvan 3 ünvanına gəlmiş, qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmiş, buna görə də ayrıayrı vaxtlarda akt tərtib edərək, itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ümumilikdə 1645,20 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Sözügedən ünvanda əsasən yay aylarında fasilələrlə qısa müddət yaşadığı üçün həmin ünvanda istilik cihazlarından istifadə etmək üçün zərurət yoxdur. Cavabdeh tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli tələbnamələrdə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin və Kombi isitmə sisteminin olmasını, xx.xx.2020-ci il tarxli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli tələbnamələrdə isə həmin ünvanda PQ-4 tipli qaz plitəsinin, QSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədə PQ-4 tipli qaz cihazınının maksimal saatlıq sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, kombinin maksimal saatlıq sərfiyyatı 2,6 kub metr, orta günlük iş rejimi 4 saat olmaqla hər iki cihaz üçün hesabat müddəti 90 gün götürülmüşdür. xx.xx.2019-cu il tarixli tələbnamədə PQ-4 tipli qaz cihazınının saatlıq sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat, Kombinin saatlıq sərfiyyatı 2,6 kub metr, orta iş rejimi 24 saat olmaqla hər iki cihaz üçün hesabat müddəti 30 gün götürülmüşdür. xx.xx.2020-ci il tarxli, xx.xx.2020-ci il tarixli və 30 mart 2020-ci il tarixli tələbnamələrdə kombi deyil, guya başqa iki qaz cihazının (dəmir sobanını və QSQ-nin) olması qeyd edilmişdir. PQ-4 tipli qaz cihazının maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, QSQ-nin maksimal saatlı qaz sərfıyyatı 1,5 kub metr, dəmir sobanın maksimal saatlıq qaz sərfıyyatı 1,4 kub metr olmaqla hər üç cihaz üçün orta günlük iş rejimi 24 saat götürülmüş, hesabat müddəti 30 gün qəbul olunmuşdur. Həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadığı üçün istilik cihazı quraşdırılmamışdır. Təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Cavabdeh Birlik mövcud olmayan cihaza görə sərfıyyat hesablamış və əsassız borc yükləmişdir. Tələbnamələrdə göstərilən qaz sərfiyyatının, bu sərfiyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. 90 günlük müddət üçün yalnız PQ-4 tipli qaz cihazına görə 2592 kub metr sərfiyyatın, bu sərfiyyata görə 259,20 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 2,88 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfiyyatının 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. xx.xx.2019-cu il tarixli tələbnamədə hesabalama da düzgün aparılmamışdır. Belə ki, PQ-4 tipli qaz cihazına görə (maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 648 kub metr, Kombiyə (maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 4212 kub metr sərfiyyat hesablamışdır. Komissiyanın rəyində qeyd olanları adi riyazi hesablamar ilə hesablayanda hesablamanın düzgün aparılmaması açıq-aydın görünür. Belə ki, komissiyanın rəyində göstərilən rəqəmlərlə hesablama aparılarkən PQ-4-də görə hesablamanın nəticəsi 432 kub metr (1,2x4x90=432) olmasına baxmayaraq rəydə bu nəticə 648 kub metr kimi, Kombiyə görə hesablamanın nəticəsi 936 kub metr (2,6x4x90=936) olduğu halda rəydə bu nəticə 4212 kub metr kimi qeyd olunmuşdur. Yalnız buna görə Birlik 3492 kub metr artıq sərfıyyat hesablamışdır ki, bunu özünün tərtib etdiyi sənədlərlə belə əsaslandıra bilməmişdir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfıyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3266/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) hesablanmış 1159,20 (bir min bir yüz əlli doqquz manat 20 qəpik) manat borcun silinməsinin cavabdeh X3 həvalə edilməsi; iddianın qalan hissədə təmin edilməməsi; X1 dövlət rüsumuna görə 31,59 (otuz bir manat 59 qəpik) manatın tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi; ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatın cavabdeh X1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (cavabdeh X4) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər dəfə yeni akt tərtib etməklə kifayətlənmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 486 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 1159,20 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını, eləcə də məhkəmə xərclərinin iddiaçıya aid edilməsini xahiş edərək göstərir ki, Xətai Rayon Məhkəməsi iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin 1159,20 manat hissəsini qanunsuz olaraq silmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə borclu şəxsin təqsirli və qanunazidd davranışı nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin böyük bir qismini (1159,20 manat hissəsini) silməklə iddiaçı tərəfi hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmiş, iddiaçı şəxsdə növbəti illər üçün təkrar olaraq qazpaylayıcı xəttə qanunsuz qoşulmaq kimi həvəs, istək, arzu, niyyət, stimul, motivasiya yaratmışdır. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində CavabdehİB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

12. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Cavabdeh iddiaçının ona zərər vurduğunu göstərsə də, təmin edilən məbləğdən artıq miqdarda zərər vurulmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

21. Tərtib olunmuş aktlar da zərərin daha artıq miqdarda olmasını təsdiq etmir. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil.

22. Ona görə də iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini tam əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz.

23. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

24. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.

25. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz.

26. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3266/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3266/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar