Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1444/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(010)-4677/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunsuz hesablanmış 1036,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC tərəfindən qanunsuz olaraq 1036,35 manat borc hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(010)- 4677/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 940,99 manat borcun onun hesabından silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsaslandırılmışdır ki, mülki iş materiallarında İddiaçı adına olan **********V0000 nömrəli abunə haqqında məlumatın ödənişlər qrafasındakı qeydlərə əsasən iddiaçı tərəfindən 23 may 2005-ci il tarixdən 31 iyul 2021-cu il tarixədək olan müddətlərdə elektrik enerjisindən istifadəyə görə ödənişlərin olunması müəyyən olunmuş, bununla da Mülki Məcəllənin 551.2.1-ci maddəsi ilə nəzərdə tutulan 5 illik tələb müddətinin axımının kəsilməsi baş vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə öhdəliklərə xitam verilməsi üçün qanunla müəyyən edilmiş müddətin kəsilməsi nəzərə alınmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb apellyasiya şikayətinin dəlilini nəzərdən keçirərək hesab edir ki, şikayət əsassızdır. İş materiallarından göründüyü kimi İddiaçı yaşadığı mənzildə 23 iyun 2009-cu il tarixdə sayğac quraşdırılmış, bu tarixdən sonra elektrik enerjisindən istifadəyə görə borc sayğacın göstəricisinə uyğun hesablanaraq tələb edilmişdir. Sayğac quraşdırılana qədər isə müvafiq elektrik enerjisinin iş gücünə görə orta sərfiyyata uyğun hesablanmışdır. 01 yanvar 2002-ci il tarixdən 31 oktyabr 2006-cı il tarixə qədər olan dövrü əhatə edən 260,90 manat borc ödənişi tələb olunmayan borclar qrafasına keçmişdir. Lakin cavabdeh "xxxx" ASC həmin dövrdən sonrakı yığılmış 1036,15 manat borcu iddiaçıdan tələb etmiş, bu borcun tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməsə də həmin pulu sərf edilmiş, lakin dəyəri ödənilməmiş borc kimi hesablamışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi yığılmış borcu belə izah etmişdir ki, iddiaçı tərəfindən aylıq abunə ödənişi edilsə də bu ödənişlər aylıq sərfiyyatın dəyərinə uyğun olmadığından yığılmış və yekunda bu məbləğ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı isə bunu qəbul etməmiş, istifadə etdiyi elektrik enerjisinin dəyərini lazımınca ödədiyini, cavabdeh orqan tərəfindən ondan artıq məbləğdə ödəniş tələb edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və öhdəliyə xitam verilir. Hazırkı iş üzrə vaxtaşırı ödənişlərin ayda bir dəfə edildiyi nəzərə alınsa iddiaçıdan beş ildən əvvəlki dövr üçün hesablanmış borc tələb edilə bilməz. Çünki həmin illərlə bağlı iddiaçının öhdəliklərinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, 2016-cı ilin avqust ayına qədər öhdəliklərə müddətin keçməsi ilə əlaqədar xitam verildiyi halda iddiaçıdan həmin dövrə görə pul tutulmamalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Öhdəliyin icra müddətinin kəsilməsi baş vermədiyindən, bu barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(010)- 4677/2021 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 940,99 manat olmaqla 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(010)- 4677/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1444/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1444/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver