Məhkəmə qərarları › İş №2(103)-1445/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1445/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1445/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı “İcbai Sığorta Bürosu” X3 Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 450 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 480 (dörd yüz səksən) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-5381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Günel Əkbərli) ilə iddiaçı “İcbai Sığorta Bürosu” X1 Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmış, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “İcbai Sığorta Bürosu” X2 (“İcbai Sığorta Bürosu” X3, VÖEN **********, "xxxx" ASC, kod 501026, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.W.İ.F.T. HAJCAZ22XXX) qaytarılması qərara alınmışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

7. İddia ərizəsinin baxılmamış saxlayan rayon məhkəməsi öz mövqeyini əsaslandırmamış, yalnız qeyd etmişdir ki, hazırkı mübahisə sığorta hüquq münasibətlərindən irəli gələn mübahisədir. İddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması barədə iddiası vardır, lakin iddiaçı mübahisənin məhkəməyə qədər həlli məqsədilə cavabdehə müraciət etməmişdir.

8. MPM-in 4.3-cü maddəsinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.

9. Kollegiya qeyd edir ki, hazırkı mübahisə kommersiya yox, mülki mübahisə olmaqla, eyni zamanda, subroqosiya hüququnun realizə edilməsi ilə bağlıdır, qanunda subroqasiya ilə bağlı mübahisədə (pretenziya) qaydası müəyyən olunmamışdır. Həmçinin iddiaçı şikayətində qeyd edir ki, onunla qarşı tərəf arasında mübahisənin məhkəməyə qədər həl edilməsi ilə bağlı razılaşma (müqavilə) də yoxdur.

10. Bundan başqa, məhkəmə mübahisələndirilən qərardadı qəbul edərkən yalnız iddiaçının mübahisənin məhkəməyə qədər həlli məqsədilə cavabdehə müraciət etməməsini qeyd etmiş, bu mövqeyini əsaslandırmamışdır.

11. Məhkəmə kollegiyasının qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir.

12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır.

13. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur. (Maddə 217.3)

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aklarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində təzərdə tutulmuş tələblərə cavab vermir.

15. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.

16. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir.

18. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, rayon məhkəməsi prosessual pozuntulara yol verməklə iddia ərizəsinin baxılmamış saxlanılması barədə düzgün olmayan qənaətə gəldiyindən, iddiaçının şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı “İcbai Sığorta Bürosu” X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-5381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar