Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1448/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1465/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, 299-699-1221 nömrəli arayışında göstərilib ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşadığı və Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 58-ci küçə, 1008 saylı fərdi yaşayış evinin qaz sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Faktla bağlı Səbail RPİ-nin 41-ci PB-də araşdırma aparılır.
2. İddiaçı tərəfindən Cavabdeh Bakı X2 Departamentinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə ona məxsus ünvanda sayğac oğurlandığı üçün yeni sayğacın quraşdırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
3. Səbail RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndənin xx.xx.2023-cü il tarixli, 698 saylı arayışında göstərilib ki, Lalayev X1 qəsəbəsi, 3-cü yaşayış massivi ö/t ev ünvanında qeydiyyatsız yaşayır.
4. Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, ünvan 3 ünvanda sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir: 1. 081234 nömrəli, xx.xx.2014-cü il tarixli akt üzrə 153 manat; 2. ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 806,4 manat; 3. ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt üzrə 302,4 manat; 4. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 5. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 6. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 302,4 manat; 7. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 8. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 9. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 10. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 11. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 12. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 13. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 14. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 15. ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə 233,28 manat; 16. ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 233,28 manat olmaqla Cavabdeh İB-yə ümumilikdə 4501,8 manat maddi zərərin dəydiyi göstərilib.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3 fərdi yaşayış evi ünvana olan 4561,2 manat məbləğində cərimənin ləğv etməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərilib ki, yaşadığı ünvan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 58-ci küçə, 1008 saylı fərdi yaşayış evinin qaz sayğacı xx.xx.2021-ci il tarixində naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu barədə o, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə şikayət etmiş, 41-ci bölmədən xx.xx.2021-ci ildə ***-******* nömrəli rəsmi arayış almışdır. Arayışda faktla bağlı Səbail rayonunun 41-ci Polis Bölməsində araşdırma aparılması barədə ona rəsmi cavab verilmişdir. xx.xx.2021-ci ildə o, Cavabdeh Bakı X2 Departamentinə müraciət edərək, yeni qaz sayğacının quraşdırılmasını xahiş etmişdir. Cavabdeh göstərişi əsasında səhərisi günü Səbail rayon Qaz İdarəsinin Kənan adlı mühəndisi onlara gələrək söz verdi ki, bir neçə günə evə təzə sayğac quraşdıracaqlar. Bir neçə gün sonra Səbail rayon qaz idarəsinin rəisi Rəşad adlı şəxs bir neçə nəfər işçilər ilə onlara gələrək məsələni araşdıraraq ona söz verdilər ki, tezliklə sayğac quraşdırılacaq. Çox uzun müddət keçməsinə baxmayaraq, sayğacı quraşdırmadılar. xx.xx.2023-cü ildə qaz idarəsinin kuryeri vasitəsi ilə ona üç ədəd cərimə haqqında aktlar eyni zamanda təqdim ediblər. Halbuki onun bu aktlardan heç bir xəbəri olmadığı halda 4561.2 manat cərimə yazılmışdır. Onun evinə sayğacı quraşdırmayaraq Cavabdeh necə ona belə böyük məbləğdə hansı ölçülərə əsasən cərimə təqdim olunmuşdur. Onun çox sayda şikayətlərindən sonra nəhayət xx.xx.2023-cü ildə onun ünvanına qaz sayğacı quraşdırdılar. İşlətdiyi qazın məbləği hər ay 30-40 manat arasındadırsa, 4561.2 manat cərimə hansı hesabdan götürülmüşdür.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1465/2024 saylı, 02 dekabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 23 saylı fərdi yaşayış evi üzrə **********00230 saylı abonent hesabına hesablanmış 4561,2 (dörd min beş yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi; ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatın Cavabdehndən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarında olan əksər aktlardakı fotoşəkillərin eyni olması, fotoşəkillərin çəkilmə tarixinin göstərilməməsi, bununla da hansı aktları əsaslandırdığını müəyyənləşdirməyin qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1524 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Beləliklə, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 23 saylı fərdi yaşayış evi üzrə **********00230 saylı abonent hesabına hesablanmış 4561,2 (dörd min beş yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş edib şikayətində göstərir ki, İddiaçı qaz xətti üzərində qanunsuz qoşulub fərdi yaşayış evinə quraşdırılmış və daha sonra polis orqanları tərəfindən oğurlandığı barədə arayış verilən sayğacın yerinə özbaşına rezin boru vasitəsi ilə qoşularaq uzun illər qazdan istifadə etmiş və cavabdehə dəyəri ödənilməyən maddi zərər vurmuşdur. Lakin məhkəmə vurulan zərərin ödənilməmiş qalması nəticəsinə gəlmişdir. İddiaçı tərəfindən dəfələrlə qaz xəttinə qanunsuz qoşulma halı aşkar edilmiş və Birliyin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Eyni zamanda iddiaçının 2021-ci il tarixdə sayğacın oğurlanmasıilə bağlı Cavabdehİstehsalat Birliyinə müraciətinə gəldikdə isə xx.xx.2017-ci il tarixdən abonentlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə siyahısı müəyyən edilən bir sıra xidmətlərin icrası yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə həvalə olunmuşdur. Sayğacın oğurlanması ilə bağlı müraciətlər bir qayda olaraq “Asan Kommunal” Mərkəzinə edilir. İddiaçı isə xx.xx.2021-ci il tarixdə “Asan Kommunal” Mərkəzinə müraciət etməli olduğu halda Cavabdehnə müraciət etmiş və həmin müddətdə də Birlik tərəfindən “Asan Kommunal” Mərkəzinə müraciət etməli olduğu bildirilmişdir. Yalnız 2023-cü ildə “Asan Kommunal” Mərkəzinə polis idarəsindən təqdim olunmuş arayışla birgə müraciət etmiş iddiaçı həmin müddət ərzində qaz xəttinə rezin boru vasitəsi ilə qoşularaq qazdan qeydiyyatsız istifadə etmişdir. Məhkəmə Birliyin əməkdaşları tərəfindən qaz təchizatının dayandırılmaması və digər tədbirlərin görülməməsini əsas gətirərək iddianı təmin etmişdir. Lakin məhkəmə tərtib olunan aktalara, xüsusilə 2022- ci ilin may ayına kimi tərtib olunan aktlara münasibətdə qazın dayandırılmamasının səbəblərini nəzərə almamışdır. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, bir neçə istehlakçının qaz xətti qazın dayandırılmasının mümkün olduğu küçə qaz xəttinə birləşir və bu halda “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.2-ci bəndinə uyğun olaraq qazın dayandırılması digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməsi üçün qazın verilməsi dayandırılmır. Bununla belə qaz paylayıcının əməkdaşlarının səhlənkarlıqları və ya qəsdləri ucbatından bu hallar baş vermiş olsa belə, uzun müddət qazdan istifadə etmiş iddiaçını qaz paylayıcıya dəyən zərərin əvəzinin ödənilməsindən azad edilməsi özü-özlüyündə aşkar şəkildə qazın gələcəkdə də talanmasına, vəzifəsindən sui-istifadə edən işçilər tərəfindən qazın talanmasına şərait yaradılmasına, qaz paylayıcıya dəyən zərərin ödənilməmiş qalmasına səbəb olur. Hazırki işdə məhkəmə hər şeydən əvvəl iddiaçının bu müddət ərzində istilik və məişət ehtiyacını hansı qaydada ödədiyini araşdırmalı, sübut kimi qiymətləndirməli idi. Ümumiyyətlə iddiaçının saldosuna baxdıqda 2016-cı ildən sərfiyyatın qeydə alınmadığı görünür. Halbuki iddiaçı məhkəmə iclasında 2016-cı il tarixdən qazdan istifadə edib ödəniş etdiyini, 2021-ci ildə sayğacının oğurlandığını bildirmişdir. Qeyd olunanlar iddiaçının uzun müddət ərzində qeydiyyatsız qazdan istifadə etdiyini göstərir və hazırda iddiaçının etdiyi əməlinin nəticəsiz qalması gələcəkdə sui-istifadə hallarının davam etməsinə zəmin yaradır. Məhkəmə iclasında iddiaçı gah qaz balonundan istifadə etdiyini, gah elektrik enerjisindən istifadə etdiyini, gah da odundan istifadə etdiyini bildirirərək ziddiyyətli izahatlar vermişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə qaz doldurulma məntəqələrindən qaz alarkən verilən qəbz təqdim edilməmiş, eyni zamanda təqdim olunmuş elektrik enerjisindən aydın görünür ki, iddiaçının qaz sayğacı qoşulduqdan əvvəl və sonrakı dövrlərdə elektrik enerjisi göstəriciləri eyni olmuş və bununla da qazdan istifadə edilən qurğuları elektrik enerjisi ilə əvəz etməsi istina olunur. Odundan istifadəyə gəldikdə isə ucqar kəndlərin belə qaz, su və elektrik enerjisi ilə təmin edildiyi dövrdə iddiaçının izahatının həqiqətə uyğun olmadığı aşkardır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
15. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
24. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt, dəymiş ziyanın bərpasına dair tələbnamə və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə aktlar işdə mövcud olmuşdur. İşdə olan bu aktlar üzrə cəmi silinməsi tələb edilən məbləğ hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da cavabdehin əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair akt tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma cavabdeh tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
25. Bundan əlavə, cavabdehin tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddia tələbinə etirazı əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz iddiaçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Birinci aktın 2014-cü ildə, digərlərinin isə 2021-2023-cü illərdə tərtib edilməsinə baxmayaraq abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən 4561,2(dörd min beş yüz altmış manat, iyirmi qəpik) manat zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.
26. Bundan başqa, ekspertiza rəyi ilə də qaz sayğacından kənar qazdan istifadə edilməsi təkzib olunur. Ona görə də cavabdeh məhkəmənin konkret hansı sübutu nəzərə almalı olduğunu göstərməli və həmin sübutu təqdim etməli idi. Göründüyü kimi, cavabdehin bu cür dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1465/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1465/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.