Məhkəmə qərarları › İş №2(103)-1453/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1453/2022

22.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1453/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və həmçinin digər cavabdeh X2 nümayəndəsi Cavabdeh, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “özbaşına tikintinin sökülməsi tələbinə dair” 2(004)-357/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “özbaşına tikintinin sökülməsi tələbinə dair” iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında aparılmış özbaşına tikilinin sökülməsinin cavabdehlərin üzərinə öhdəlik qoyulmasına və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.02.2018-ci il tarixli, Seriya RX ******* saylı çıxarışı əsasında mülkiyyətçisidir. Lakin, artıq iki aydır ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində mənzil üzərində istifadə hüququnu tam həyata keçirə bilmir, yaşayış şəraiti xeyli pisləşmişdir. Belə ki, cavabdeh yaşadığı yaşayış binasının birinci mərtəbəsində yaşayan qonşusudur və öz mənzilinin qarşısında qanunsuz eyvan inşa etmişdir. Həmin qanunsuz eyvanın hündürlüyü onun pəncərəsinin səviyyəsindən hündürdür. Bu özbaşına tikilinin damı onun eyvanı və pəncərəsinin üzərində yerləşir. Cavabdeh onun pəncərəsində və eyvanında kərpic hörmüşdür, betonlaşdırmışdır və üzərindən 30 kv.metr sahədə şifer qoymuşdur. Bu özbaşına tikintinin nəticəsində indi onun pəncərəsi açılmır, evinə işiq və havanın girişi məhdudlaşdırılmışdır. Beləliklə, onun mənzilməişət şəraiti pisləşmiş, onun və ailəsinin sağlamlığı təhlükə altına atılmışdır. Bu formada inşa edilmiş tikili onun mülkiyyət hüququnu pozur və özbaşına tikili hesab olunaraq sökülməlidir. Qoşmadakı fotoşəkillərdən bu aydın görsənir. Artırma eyvanlar həm də texniki cəhətdən binaya mənfi təsir göstərir. Cavabdehə dəfələrlə bu məsələnin həll edilməsi üçün müraciət etsə də, o, özbaşına tikilini sökməkdən imtina edir, hətta dava edərək onu təhqir etməkdə davam edir. Cavabdeh bu özbaşına tikintini o karantin zamanı qızının evində qısa müddətdə qaldığı zaman onun eyvanına qanunsuz daxil olaraq həyata keçirmişdir. Bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Yasamal Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmişdir. Yasamal Rayon İcra Hakimiyyətindən aldığı cavaba (qoşmada) əsasən özbaşına tikililər yalnız məhkəmə qərarı ilə sökülə bilərlər. Belə ki, İcra hakimiyyəti də bu tikilinin qanunsuz olduğunu təsdiq edir. Həmçinin, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən məsələnin araşdırılması üçün mənzilə əməkdaşlar göndərilmişdir. Həmin əməkdaşlar da cavabdehin qanunsuz olaraq inşa etdiyi tikilinin özbaşına tikinti olmasını təsdiq etmiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi hazırkı işə baxarkən bir sıra səhvliklərə yol vermiş və maddi hüquq normalarını pozmuşdur. Hesab edir ki, həmin qətnamə ləğv edilərək iddia tələbi təmin olunmalıdır. Belə ki, cavabdeh ona məxsus ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən mənzilinə qeyri-qanuni özbaşına tikili apararaq 2-ci mərtəbədə yerləşən ona məxsus mənzilin səviyyəsinin bir hissəsinə qədər müdaxilə etmişdir. O, dəfələrlə İcra Hakimiyyətinə, Prezident Adminstrasiyasına və Azərbaycan Respublikası Vitseprezidentinə bu hüquq pozuntusu ilə bağlı müraciət etsə də, eyni cavab almışdır. Belə ki, İcra hakimiyyəti bu özbaşına tikilinin heç bir qanuni sənədləşməsinin olmaması təsdiqləyir, lakin tikilinin sökülməsinin yalnız məhkəmə qərarı ilə mümkün olduğunu bildirir. Bu səbəbdən o, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddia qaldırmışdır. Bir ildən artıq davam edən proses ərzində məhkəmənin təyin etdiyi bütün iclaslarda iştirak etmişdir. Halbuki, cavabdeh tərəf iki iclasdan başqa hamısını buraxmış, iştirak etdiyi iclaslarda da, bir sübut belə təqdim etməmiş, iclaslardan sonra ona hədə-qorxu gələrək təhqir etmişdir. Lakin, bütün bunlara baxmayaraq, Yasamal Rayon Məhkəməsinin hakimi bitərəfllilik prinsipini pozaraq, heç bir sübuta istinad etmədən cavabdehin lehinə əsassız qətnamə çıxarmışdır. Məhkəmə öz qətnaməsində ekspert rəylərinə istinad etmişdir. Keçirilən iki ekspertiza cavabdehin tikilisinin heç bir layihə və icazə sənədinin olmamasını və belə tikilinin şəhərsalma haqqında qanunvericiliyin pozmasını təsdiq etmişdir. Lakin, məhkəmə öz qətnaməsində bütün bunları qeyd etsə də, çıxardığı nəticədə əks etdirməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh və həmçinin digər cavabdehin nümayəndəsi Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 27 nömrəli, 2 mərtəbəli binada yerləşən 7 nömrəli mənzil onun anası X5 adına qeydiyyatda omaqla valideyninə məxsusdur. İddiaçının sökülməsini tələb etdiyi tikili 30 ildən artıq olar ki, inşa edilib, hazırda o, ailəsi ilə birlikdə həmin tikilidə yaşayır. 2020-ci ilin may-iyun aylarında həmin tikilinin yalnız dam örtüyünü təzələmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilində yaşamır, onun başqa daimi yaşayış yeri vardır. Mübahisələndirilən tikili iddiaçıya heç vaxt hər hansı bir maneə yaratmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində istifadədə olan 0.04414 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 2 mərtəbəli binada yerləşən 62.55 kv.m ümumi, 30,3 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 28.07.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq lazımi icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmə qərarı əsasında sökülə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.03.2021-ci il tarixli, 10/2992 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Cavabdeh sahibliyində və istifadəsində olan ünvan 5, 10 saylı mənzilin qarşısında tikilmiş tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə əsasən aparılmış tikinti işlərinə dair müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən inşa edilən tikilinin hər hansı bir hissəsinin İddiaçı məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Cavabdeh tərəfindən artırılmış tikili giriş qapısı tərəfdən deyil, özünəməxsus balkon tərəfdən inşa edilmişdir. Həmin tikilinin inşa olunması iddiaçının mənafeyinə toxunub-toxunmaması məsələsi hüquqi xarakter daşıdığından məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Mübahisəli tikilinin eni 5 metr, uzunluğu 6 metr olmaqla sahəsi 30 kv.metr təşkil edir. Tikilinin xarici hündürlüyü 3 metrdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.08.2021-ci il tarixli, 10/2264 saylı əlavə ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Cavabdeh sahibliyində və istifadəsində olan ünvan 5 ünvanında yerləşən 10 saylı mənzilin qarşısında tikilimiş tikili iddiaçıya məxsus mənzilə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli yerli baxış iclasının protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllə, ev 27, mənzil 7 və mənzil 10-a baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 5, 10 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla binanın ikinci mərtəbəsində yerləşir. Cavabdeh sahibliyində və istifadəsində olan ünvan 5, 7 saylı mənzil isə binanın 1-ci mərtəbəsindəyerləşir. Cavabdeh tərəfindən mənzilin qarşısında özünə məxsus balkon tərəfdən əlavə tikili inşa edilmişdir. Daha sonra iddiaçının mənzilinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının eyvanı cavabdehə məxsus əlavə tikilinin tavanı ilə 1m. 20 sm. təqribi məsafə ilə aralıdır. Daha sonra cavabdehin sahibliyində olan həm mənzilə həm də əlavə tikiliyə baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 5, 7 saylı mənzildə cavabdehin valideynləri yaşayır, özü isə ailəsi ilə birlikdə əlavə tikilidə yaşayır. Bundan əlavə cavabdehin anası X6 baxış zamanı ünvan 5, 7 saylı mənzilin ona məxsus olduğunu (mənzilə dair sənədləri göstərməklə) və müvafiq sənədlərə istinad edərək əlavə tikilinin bir hissəsinin mənzilə dair çıxarışda və ona əlavə edilən texniki pasportda əks olunduğunu bildirmişdir. Həmçinin əlavə tikilinin mənzil kimi tam və keyfiyyətli təmir olunduğu və yaşayış üçün yararlı olduğu müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. ünvan 5, 10 saylı mənzil İddiaçı mülkiyyətində olmaqla binanın ikinci mərtəbəsində yerləşir. Cavabdeh X2 tam mülkiyyətində olan ünvan 5, 7 saylı mənzil isə binanın 1-ci mərtəbəsində yerləşir. Həmin mənzilin qarşısında özünə məxsus balkon tərəfdən əlavə tikili inşa edilmişdir. Daha sonra həmin mənzilə, həm də əlavə tikiliyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mənzildə cavabdeh X6 həyat yoldaşı ilə yaşayır, digər Cavabdeh isə ailəsi ilə birlikdə əlavə tikilidə yaşayır. Həmçinin təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh X4 məxsus mənzilə aid inşa edilən əlavə tikilinin bir hissəsi mənzilə dair çıxarışda və ona əlavə edilən texniki pasportda əks olunmuşdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən ünvan 5, 10 saylı mənzilin qarşısında tikilmiş tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Lakin buna baxmayaraq inşa edilən tikilinin hər hansı bir hissəsinin İddiaçı məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Cavabdeh tərəfindən artırılmış tikili giriş qapısı tərəfdən deyil, özünəməxsus balkon tərəfdən inşa edilmişdir. Həmçinin məhkəmə tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 18.08.2021-ci il tarixli 10/2264 saylı ekspert rəyindən də görünür ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən ünvan 6 ünvanında yerləşən 10 saylı mənzilin qarşısında tikilimiş tikili iddiaçıya məxsus mənzilə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə keçirilmiş həm əsas həm də əlavə ekspertiza nəticəsində mübahisəli tikiliyə dair hər hansı icazə və layihə sənədlərinin olmamasına baxmayaraq, inşa edilən həmin tikilinin iddiaçıya heç bir maneə törətmədiyi, onun evinə işığın, hava axımının, o cümlədən görüntünün qarşısını alan məhdudiyyətlər yaratmadığı və ümumiyyətlə onun maraqlarına toxunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadanvə ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrəqəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların rəyi ilə ünvan 5, 10 saylı mənzilin qarşısında inşa edilmiş tikilinin İddiaçı öz mənzilindən istifadə etməsinə hər hansı maneə və məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(004)- 357/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar