Məhkəmə qərarları › İş №2(103)-1455/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1455/2024

05.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1455/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6, Bakı şəhəri 19 saylı notariat ofisi və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X16 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X6, Bakı şəhəri 19 saylı notariat ofisi və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(004)-3718/2023 nömrəli qərardadından cavabdeh X4 şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər X6, Bakı şəhəri 19 saylı notariat ofisi və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e- 2(004)-3718/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilməsi qət edilmişdir.

3. İddiaçı tərəfindən 29 noyabr 2023-cü il tarixdə apelyasiya şikayəti, həmçinin, 01 dekabr 2023-cü il tarixdə şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizə vermişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(004)- 3718/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2(004)-3718/2023 nömrəli qətnaməsindən İddiaçı apelyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3718/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi həmin gün saat 17:01-də İddiaçı nümayəndəsi və vəkili Tükəzban Aşurovanın elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Ərizəçi prosessual müddətin bərpası barədə ərizənin əsaslandırma hissəsində qeyd etmişdir ki, qətnamə İddiaçı pasport qeydiyyatında olduğu ünvan 1 ünvanına göndərilməmişdir və xəbərnamə onun tərəfindən təsdiq edilməmişdir. Həmin ünvanda yerləşən mənzilin alqı-satqı müqaviləsi əsasında 21 oktyabr 2022-ci il tarixində X2 və iddiaçı ilə həmin şəxsin heç bir qohumluq əlaqələrinin olmaması səbəbindən müddətin ötürülməsi üzürlü səbəbdən baş vermişdir. Məhkəmə nəzərə alır ki, 1-ci instansiya məhkəməsinin icraat zamanı çıxış etmiş ərizəçinin nümayəndəsi və vəkili ilə hazırki apellyasiya şikayətini tərtib etmiş nümayəndə və vəkil ayrı-ayrı şəxslərdir. Bundan əlavə, sözügedən məhkəmə qətnaməsi İddiaçı şəxsən deyil, nümayəndəsinə rəsmi şəkildə təqdim edilmişdir. Tərəfin hazırki vəkili başqa şəxs olmaqla Nümayəndə2dır. İddiaçı əvvəlki vəkil Tükəzban Aşurova ilə münasibətlərinin pozulduğunu qeyd edir. Qeyd olunan xüsusatın hüquqi əhəmiyyəti olmasa da, faktiki tərəfini məhkəmə nəzərə alır. Vətəndaşların məhkəməyə çatımlılıq hüququnun təmin olunmasını, mülki prosessual hüququn prinsiplərinin, mahiyyətinin, fundamental qaydalarının tətbiq olunmasının zəruriliyini rəhbər tutaraq, ərizədə qeyd olunan xüsusatları məhkəmə ağlabatan hesab etməklə məhkəmə dövlət adından humanist mövqedən çıxış edərək prosessual müddətin bərpa edilməsini məqsədə müvafiq hesab edir. İddiaçının yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnu məhdudlaşdırmamaq daha məqsədə müvafiqdir. Nəzərə alaq ki, şikayət müddəti uzun müddət, yəni aylar gedil, 30 gün gecikdirilmişdir

6. Həmin qərardaddan cavabdeh şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(004)-3718/2023 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş edilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin ərizəsində göstərilən halların heç biri üzrlü sayıla bilməz. Belə ki, İddiaçı məhkəmə proseslərində hüquqlarını müdafiə edən, həmçinin onu etibarnamə üzrə təmsil edən Tükəzban Aşurovaya "Elektron Məhkəmə" Sistemində yaradılmış şəxsi kabineti vasitəsi ilə 2(004)-3718/2023 saylı qətnamə 29 sentyabr 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir və hazırda məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən artıq 2 ay keçib. Həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi saytına girib İddiaçı həm əvvəlki vəkili Tükəzban Əliyevanın və həmçinin hazırki vəkili Səadət Abdullayevanın adların axtarışa verdikdə və onların təhsil aldıqları ali təhsil ocaqları ilə tanış olduqda məlum olur ki, vəkillərin hər ikisi 2002-ci ildə X13 təhsil bitiriblər. Buradan isə şübhə yaranır ki, İddiaçı əvvəlki vəkili Tükəzban Əliyeva və həmçinin hazırki vəkili Səadət Abdullayeva bir-birlərini tanıyırlar və öz aralarında müddətin bərpa etdirmək və məhkəməni aldatmaq üçün belə qərara gəliblər ki, yeni vəkillə müqavilə bağlayıb və onun adından apellyasiya şikayəti yazılsın və müddətin bərpa etdirmək üçün əvvəlki vəkilin və eyni zamanda nümayəndənin qətnaməni iddiaçıya təqdim etmədiyini bildirsinlər. Buradan bir daha məlum olur ki, İddiaçı prossesual müddətin bərpa etdirmək xahişi bir tək onun tərəfindən məhkəmə proseslərinin boş-boş uzatmaq istəyindən irəli gəlir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(004)- 3718/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbi̇ q edi̇ lən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

11. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2(004)-3718/2023 nömrəli qətnaməsi İddiaçı nümayəndəsi və vəkili Tükəzban Aşurovanın elektron kabinetinə 29 sentyabr 2023-cü il tarixdə yerləşdirilmişdir.

12. Həmin qətnamədən iddiaçının digər nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən 29 noyabr 2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə apellyasiya şikayəti verilmişdir.

13. Bundan sonra 01 dekabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

14. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşır.

15. İddiaçı ərizədə müddətin buraxılmasının üzrlü səbəbi kimi qətnamənin İddiaçı pasport qeydiyyatında olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məmməd Hacınski küçəsi, ev 10, mənzil 12 ünvanına göndərildiyini və xəbərnamə onun tərəfindən təsdiq edilmədiyini, həmin ünvanda yerləşən mənzilin alqı-satqı müqaviləsi əsasında 21 oktyabr 2022-ci il tarixində X1 və iddiaçı ilə həmin şəxsin heç bir qohumluq əlaqələrinin olmaması səbəbindən müddətin ötürülməsinin üzürlü səbəbdən baş verdiyini qeyd etmişdir.

16. Kollegiya cavabdehin bu dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin sadaladığı hallar yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, AR MPM-nin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddənin təhlilindən belə qənaətə gəlinir ki, sözügüdən qətnamə İddiaçı nümayəndəsi və vəkili X5 elektron kabinetinə 29 sentyabr 2023-cü il tarixdə yerləşdirilməklə çatdırılmışdır. X3 birinci instansiya məhkəməsinin icraat zamanı çıxış etmiş və qətnamənin çıxarıldığı son məhkəmə iclasında iştirak etmişdir. Həmin vaxt Aşurova Tükəzban iddiaçının nümayəndəsi və vəkili olduğundan, həmçinin etibarnamə ləğv edilmədiyindən, sözügedən qətnamənin iddiaçıya 29 sentyabr 2023-cü il tarixdə çatdırılmış hesab edilməlidir.

17. Digər tərəfdən iş materiallarının 24-cü vərəqəsində olan etibarnamənin məzmunundan görünür ki, İddiaçı tərəfindən X7 digər səlahiyyətlərlə yanaşı “... məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq” səlahiyyəti də verilmişdir.

18. Birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmadan müddətin üzrlü səbəblərdən buraxılması qənaətinə gəlmişdir.

19. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, müddətin buraxılmasında üzrlü səbəblər müəyyən edilmədiyi üçün, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməli, şikayət təmin olunmalıdır.

20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(004)- 3718/2023 nömrəli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(004)- 3718/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3718 /2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar