Məhkəmə qərarları › İş №2(103)-1457/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1457/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1457/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Fuad Qasımzadənin iştirakı ilə, İddiaçı Hümbət oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və yeni sayğacın quraşdırılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) iddiaçıya aid olan, Binəqədi rayonu, Z.Fərzəliyev küçəsi, keçid 3, ev 8 ünvanında elektrik enerjisindən istifadə ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt və cavabdehin tərəfindən iddiaçıya hesablanmış 1.625 manat borc qanunsuz hesab edilsin; 2) həmin ünvanda yeni sayğac quraşdırılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.625 manat borc silinsin və həmin ünvanda cavabdeh tərəfindən yeni sayğac quraşdırılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Fuad Qasımzadə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisələndirilən xx.xx.2019-cu il tarixli aktda qeyd olunub ki, iddiaçıya aid ünvandakı yoxlama zamanı sayğacın alt qapaq möhürünün qırıldığı müəyyən olunub, habelə sayğacın arxasında müdaxilə izləri aşkar olunub (iş v. 76). Akt qanunsuzdur. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndində göstərilib ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Həmin bənddə daha sonra qeyd olunub ki, akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. İddiaçı bildirib ki, aktın tərtib edilməsində onun və ya ailə üzvlərinin iştirakı təmin edilməyib. Akt məzmununda görünür ki, o, hal şahidlərinin və məşiət abonentinin iştirakı olmadan tərtib edilib. Belə ki, aktda qeyd olunub ki, məişət abonenti X1 (iddiaçının atası) aktı imzalamaqdan imtina edib. Lakin iddiaçının atası xx.xx.1995-ci ildə, yəni aktın tərtib edilməsindən 24 il əvvəl vəfat edib. Həmin akta əsasən cavabdeh tərəfindən qərar qəbul olunub, elektrik enerjisindən istifadə ilə bağlı borcun müəyyən edilməsi üçün günlük sərfiyyat hesabatı aparılıb və borcun məbləği 1.572,64 manat müəyyən edilib (iş v. 77). Akt tərtib edildikdən 20 gün sonra - xx.xx.2019-cu il tarixdə cavabdeh iddiaçıya xəbərdarlıq məktubu göndərib. Xəbərdarlıqda bildirilib ki, xx.xx.2019-cu il tarixə istifadə edilmiş elektrik enerjisinə görə iddiaçının 1.625 manat borcu var (iş v. 5). Akt qanunsuz olduğuna görə akta əsasən hesablanmış borc da qanunsuz sayılır. Akta əsasən hesablanmış borc ilə (1.572,64 manatla) xəbərdarlıq məktubunda göstərilən borcun (1.625 manatın) arasındakı fərq izah olunmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq 1.625 manat borcun silinməsini qət edib. Aktda qeyd olunub ki, sayğac yenisi ilə əvəz olunsun (iş v.76). O cümlədən akta əsasən qəbul olunmuş, hesabat aparılması barədə qərarda qeyd olunub ki, sayğac yenisi ilə əvəz olunsun (iş v.77). Lakin ötən müddətdə sayğac yenisi ilə əvəz edilməyib. Ona görə də birinci instnsiya məhkəməsi düzgün olaraq yeni sayğacın quraşdırılmasını qət edib. Bu nəticə Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinin tələbinə uyğundur. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar