Məhkəmə qərarları › İş №2(103)-14585/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14585/2019

16.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14585/2019 16.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 5432/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,sonuncu ilə aralarında xx.xx.2010-cu il tarixdə bağlanmış öhdəliyin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaxın rəfiqəsi Sevinc adlı şəxslə cavabdeh arasında 2010-cu ildə borc mübahisələri olmuş, cavabdeh həmin qadından borcunu tələb etmiş və bu səbəbdən aralarında dəfələrlə anlaşılmazlıqlar yaşanmışdır. Bunun qarşısını almaq üçün o, cavabdehlə danışaraq borcun ödənilməsi üçün vaxt verməsini xahiş etmişdir. Cavabdeh onunla razılaşmış, lakin sonuncu Sevinc ilə borcla bağlı müqavilə bağlamaq istədiyini bildirmiş və həmin ərəfədə Sevincdə şəxsiyyət vəsiqəsi olmadığına görə əvəzinə o, cavabdehlə müqavilə bağlamışdır. Hazırda da cavabdeh həmin müqavilədən istifadə edərək Sevincin ödəməli olduğu borcu ondan tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 5432/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, nəzərə alınmamışdır. Məhkəmənin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Öhdəliyi yalnız formal olaraq bağlamış və ona görə cavabdeh qarşısında hər hansı məsuliyyət daşımadığına görə onun etibarsızlığını mübahisələndirməmişdir, cavabdeh ona qarşı pul tələbi ilə iddia qaldırdıqdan sonra bilmişdir ki, cavabdeh həmin öhdəlik sənədindən istifadə edərək əsassız olaraq ondan pul tələb etmişdir. Cavabdeh ona qarşı pul tələbi ilə 2019-cu ildə iddia qaldırdığından onun üçün də iddia müddətinin axımı 2019-cu ildən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli öhdəliyin surətindən görünür ki, İddiaçı Cavabdeh 15.000 ABŞ dolları pul məbləğini almış və bu pul məbləğini xx.xx.2010-cu il tarixinədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd etmişdir ki, götürdüyü öhdəliyi yerinə yetirməsə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qanun qarşısında məsuliyyət daşıyacaq. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 2859/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, cavabdeh İddiaçı 14.600 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8774/2019 saylı qərardadı ilə hazırki - İddiaçı Cavabdeh qarşı “öhdəliyin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə baxılıb qurtaranadək həmin işin icraatı dayandırılmışdır. İddiaçı sözügedən öhdəliyi başqa şəxsin əvəzinə öz üzərinə götürdüyünü iddia edərək, xx.xx.2010-cu il tarixli əqdin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçı nə birinci instansiya məhkəməsi zamanı, nə də apellyasiya baxışı zamanı qeyd etdiyi halları təsdiq edən, sözügedən əqdin etibarsız hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək mübahisələndirilən əqdin xx.xx.2010-cu ildə bağlandığını, İddiaçı isə həmin borcu xx.xx.2010-cu il tarixədək qaytaracağını nəzərə alaraq hazırki tələblə bağlı bir illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının öhdəliyin etibarsız hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etmədiyini, həmçinin iddia müddətinin keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. İddiaçı isə apellyasiya şikayətində öhdəliyin formal olaraq bağlanıldığını, cavabdehin ona qarşı pul tələbi ilə 2019-cu ildə iddia qaldırdığından onun üçün də iddia müddətinin axımının 2019-cu ildən hesablanmalı olmasını göstərmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, Kollegiya qeyd edir ki, iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etmək yükünü daşıyır, lakin, o, bu halları əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Kollegiya müddətlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və xüsusilə vurğulayır ki, iddianın dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq iddiaçı üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz və ya etibarsız əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Hazırkı işdən isə aşkar şəkildə görünür ki, iddiaçı mübahisələndirdiyi öhdəliyi özü şəxsən imzalamış və həmin öhdəlik notariat qaydada təsdiq olunmuşdur. Buna baxmayaraq iddiaçı həmin əqdi (öhdəliyi) 1 il müddətində mübahisələndirməmiş, bununla da məhkəmə müdafiə hüququnu itirmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5432/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar