Məhkəmə qərarları › İş №2(103)-1460/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1460/2022

25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1460/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçünçü şəxs DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) “müqavilənin etibarsız hesab edilməsi, əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın yüklülükdən azad edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı “iddianın təmini tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov kuç. 31A ünvanda yerləşən 37 saylı 2 otaqlı mənzilin özgəninkiləşdirilməsi ilə bağli DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində qadağa qoyulması və üçüncü şəxslərə hər hansı hərəkətlərin edilməsinin qadağanın qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayətlə müraciət edərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank tərəfindən onun evinə gəlirlər, həmçinin digər şəxslər tərəfindən evə dair iddialar vardır. Bu səbəbdən ərizənin tam təmin edilməsini xahiş etmişdir. İddianın predmeti göründüyü kimi ipoteka müqaviləsidir və ev bank qarşısında yüklü edilib. İndi bank hərracla evi satmaq istəyir. İddiaçının isə buna razılığı olmayıb. Həmin əmlakın yarısı ona çatır. Əmlak satıldığı halda iddiaçı öz payından olacaqdır. Həmçinin, əmlak satılsa artıq vicdanlı alıcı əmələ gələcək və o əmlakını onunla mübahisələndirə bilməyəcəkdir. Bu səbəbdən də ərizəsi təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iş üzrə çıxarılacaq yekun qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən hallar aşkar olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Kollegiya qeyd edir ki, iddiaçı “Nikoyl” İKB-nin cavabdeh X1 qarşı “borcun ödənilməsi və ipotekaya yönəldilməsi” tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2(049)-57/019 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə əsasında 12.11.2019-cu il tarixdə icra vərəqəsi verilmişdir. Hazırkı iş üzrə iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra hərəkətlərinin aparılmasına, dövlətin adından qəbul edilmiş məhkəmə qərarının icra edilmədən saxlanılmasına səbəb olacaqdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4064/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar