Məhkəmə qərarları › İş №2(103)-1461/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1461/2023

13.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1461/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə,iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4088/2022 saylı işi üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı SOCAR-ın "Neft Kəmərləri” İdarəsi Cavabdeh qarşı "neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ- 500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr aralı məsafədə, 39T0402033;4477582 saylı koordinantlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonası daxilində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 264F ünvanında Cavabdeh tərəfindən inşa edilmiş iaşə obyektinin cavabdehin hesabına sökülərək, ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4088/2022 saylı işi üzrə 06 dekabr 2022ci il tarixli iddiaçı SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı "neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29, 127-ci maddəsinin İİ hissəsinə, "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1 -ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 180.1, 180.2, 180.3, 180.4, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir.SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr aralı məsafədə, 39T0402033;4477582 saylı koordinantlar üzrə, kəmərə paralel olmaqla 1 -ci sırada, neft kəmərinin mühafizə zonası daxilində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 264F ünvanında Cavabdeh tərəfindən iaşə obyektinin inşa edildiyini bildirsə də, həmin hallara dair dair hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 264F ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətində, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətində olmaqla, cavabdehin istifadəsinə verilmişdir. Bütün bunlar isə onu göstərir ki, cavabdehə məxsus daşınmaz əmlak özbaşına tikili deyildir və iddiaçının iddiasının əsassız olduğunu göstərməklə onun təmin olunmasını mümkünsüz edir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Neft Kəmərləri” İdarəsinin 35 saylı komandasının qarovulun rəisi əvəzi X6, atıcılar X2 və X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2022ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixdə 6 saylı qarovulun 1-ci iş növbəsində saat 10:40-da 1314 saylı postların ərazisində (Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi) Şirvan Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, 39 T0402033,4477582 saylı koordinatlar üzrə, kəmərdən təqribən 10 metr aralı məsafədə, kəmərə paralel 1-ci sırada, vətəndaş Cavabdeh məxsus iaşə obyektinin iş icraçısı X4 tərəfindən obyektin dam örtüyünün sökülərək beton verilməsi üçün quraşdırma işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək, görülən işlərin dayandırılması tələb olunmuş, lakin o, sözügedən ünvana dair ******* saylı çıxarış təqdim edərək, görülən işi dayandırmaqdan imtina etmişdir. Qeyd olunan çıxarışın sözügedən ünvana aid olduğunun araşdırılması məqsədilə NKİ-ə müraciət olunacaq.Faktla bağlı Binəqədi rayon icra nümayəndəliyinə məlumat verildi;- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı ******* №-li Çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 264 F ünvanda yerləşən ümumi sahəsi 437.3 kv.m olan qeyri yaşayış binası Cavabdeh xüsusi mülkiyyətində və onun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7592 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın yerləşdiyi 0.05044 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir.(iş səh.4, 9, 40). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4088/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 22.5; Torpaq islahatı haqqında qanunun” 6, Mülki Prosessual Məcəllənin 13.7, 217-ci maddələrinə; “Texniki təhlükəszlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununa, Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2021-ci il tarixli 94 nömrəli qərarına istinadən qeyd edilmişdir ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, sırada Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosessi ünvanında Cavabdeh tərəfindən, Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 121.6-cı km-də, kəmərdən 10 metr məsafədə hasar qeyri yaşayış sahəsi inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1 -ci bəndinə əsasən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təziqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Çıxarışla Cavabdeh istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir. Cavabdeh həmin torpaq sahəsini icarəyə götürərəkən onun sənayə təyinatlı torpaq sahəsi olduğunu bilib və o şəkildə qəbul edib, torpaq sahəsindən təyinatına uyğun istifadə etməmiş, torpaq sahəsində qeyri yaşayış inşa etmişdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Birinci İnstasniya Məhkəməsi mübahisəli qanunsuz tikilini yerləşdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyünü aydınlaşdırmamış, cavabdehə məxsus çıxarışın mübahisəli qanunsuz tikiliyə aid olması hər hansı mötəbər sübutla təsdiq edilmir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. . Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı və 141-ci maddələrinin tələblərinə əsasən: 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

8. Məcəllənin 146.8-ci maddəsinin tələblərinə əsasən: Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.

9. Məcəllənin 149.2-ci maddəsinin tələblərinə əsasən: Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

10. Məcəllənin 243-cü maddəsinin tələblərinə əsasən: 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.

11. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun ( Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanıadlanan) 7-ci maddəsinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

12. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, prosessual hüquqi cəhətdən hazırki mülki icraat həddində (tələbdən kənar olaraq) iş üzrə əmlaka dair çıxarışın və onun əsasında daşınmaz əmlakın yerləşməsi müzakirəsi yolverilməzdir və səlahiyyətlər baxımından mülki mühakimə predmeti ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış cavabdehin əmlak hüquqları ilə şərtləndiyindən apellyasiyanın bu dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur və ayrılan torpaq sahəsinin məhz mübahisə edilən torpaq sahə ilə eyni olduğunu iddia edən şəxs sübut etməlidir. Bu sübut iddianın əsasını təşkil edir və iddiaçı bunu inzibati icraat (inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş) qaydada dövlət reyestrininin məzmunun həqiqiliyinə etiraz növündə və ya sair formada mübahisələndirdiyindən sonra (zərurət yarandığı təqdirdə) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada sübutların təmin edilməsi proseduru çərçivəsində həyata keçirə bilər. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, xüsusi vasitələrdən istifadə edilmədən, yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilməlidir ki, bu halda cavabdehə məxsus əmlakın məhz mübahisə edilən əraziyə aidiyyəti iddiaçıya məlum olmuş olsun. Hazırki halda isə iddiaçı bunları dəqiqləşdirmədən, özünə belə şübhəli gələn halların araşdırılmasını məhkəmənin üzərinə qoymağı cəhd etmişdir. Bununla belə diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertizanın keçirilməsi, ekspertin imtinası əsasında mümkün olmamışdır. Yəni iddiaçının öz vəzifələrinin həyata keçirilməsinə və sübutların təmin edilməsinə dair məhkəmənin prosessual hərəkətləri nəticə verməmişdir.

13. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı SOCAR-ın İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4088/2022 saylı işi üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar