Məhkəmə qərarları › İş №2(103)-1462/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1462/2025

08.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1462/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ ilə mərhum babası X7 məxsus olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinin paylı mülkiyyət əsasında ona məxsus olan 1/4 pay hissəsi ilə bağlı cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 10 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-110 nömrə altında qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, (yuxarıda qeyd edilən) fərdi yaşayış evin iddiaçının xx.xx.1991-ci il tarixdə vəfat etmiş babası Mürsəl Hüseynovdan miras qalmışdır. Miras əmlak həmin evdən və həyətyanı sahədə inşa edilmiş, ümumi sahəsi 55,8 kv.metr olan tikilidən ibarət olmuşdur. xx.xx.2020-ci il tarixdə miras əmlaka dair 10 saylı Notariat Ofisi tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” üzrə miras əmlak üzərində iddiaçının bibisi olan cavabdehin payı 1/2 hissədə, (iddiaçının atası Arif Hüseynov vəfat etdiyi üçün ona çatası 1/2 hissədə payın yarısı) iddiaçının payı 1/4 hissədə, iddiaçının bacısı Yelena Hüseynovanın payı 1/4 hissədə müəyyən edilmişdir. Notariat Ofisində vərəsəlik rəsmiləşdirilən gün cavabdeh iddiaçını razılığa gətirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” evə dair bir “Çıxarış” alınsın ki, gələcəkdə evi satmaq rahat olsun. Cavabdeh iddiaçıya bildirmişdir ki, əgər ev onun adına rəsmiləşdirilsə, o evi qısa bir zamanda satan kimi iddiaçı üçün ayrıca ev alacaq və ya pul verəcək ki, iddiaçı özü üçün ev alsın. İddiaçı da bibisinə inanmışdır. Bu səbəbdən də, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilən tarixdə, yəni xx.xx.2020-ci il tarixdə 10 saylı Notariat Ofisində iddiaçı ilə cavabdeh arasında “Bağışlanma müqaviləsi” bağlanmış və iddiaçı öz miras payını cavabdehə bağışlamışdır. Lakin artıq 3 ildən çox vaxt keçməyinə baxmayaraq cavabdeh tərəfindən nə evin satılması, nə də payın iddiaçıya geri qaytarılması baş verməmişdir. İddiaçı cavabdeh ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da təəssüf ki, onunla görüşməsi mümkün olmamışdır. Hazırda isə iddiaçı məlum olmuşdur ki, cavabdeh onun bacı Yelena Hüseynova ilə razılığa gəlmək, evin onların ikisinin arasında natura bölgüsünə nail olmaq niyyətindədir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və iclaslarda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, cavabdeh özü də iddiaçıya dəfələrlə bildirmişdir ki, bu müqaviləni bağlamaqda məqsəd iddiaçının ona öz payını bağışlamaq olmamışdır. Belə ki, iclasların birində hakim cavabdehə sual vermişdir: “Niyə iddiaçı əmlakını sizə bağışladı və ya bağışlamalı idi?”. Cavabdeh cavab vermişdir: “Mən orda dedim ki, əgər biz bir yerdə yaşaya bilməyəcəyiksə gəlin o zaman əmlakı sataq. Ruslan da buna görə də payını mənə verdi”. Cavabdehin səs yazısında həmin əmlakda digər payçı olan Yelena Hüseynovaya bildirir: “Mən 3 variant təklif edirəm 1-ci biz evi birlikdə satırıq, mən Ruslanın payını verirəm (qaytarıram) hansı ki, o mənə vermişdi, bu (pay nəzərdə tutulur) mənə lazım deyil. 2-ci mən öz payımı ayırıram. 3-cü məhkəməyə müraciət edirəm və bu zaman sizin razılığınız və qərarınız lazım olmayacaq, qərar verin, sonra deməyin ki, mən sizi xəbərdar etmədim”. Cavabdehin izahatlarından, iş materiallarındakı səs yazısından da aydın olur ki, iddiaçı öz payını cavabdehə paylarını birləşdirib satmaq və iddiaçıya ev alınması, bu mümkün olmadıqda isə payının geri qaytarılması məqsədilə vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh suala cavab olaraq bildirir: “Mən bu payı ona görə qaytarmayacam ki, onu iddiaçının əlindən alacaqlar, o avaradır, əmlak ona qalmayacaq, satacaq, satıb içkiyə verəcək”. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh deyir: “Mənim oğlum da nəvədir. Mən orada ev tikmək istəyirəm”. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında qeyd olunanlar səsləndirilmişdir. Orada da cavabdehin izahatından məlum olur ki, cavabdeh özünün və mübahisəli pay sahəsində ev tikmək istəyir. Yəni göründüyü kimi cavabdeh iddiaçının payına dair müqavilə bağlananda aralarında olan razılaşmadan, niyyətdən fərqli olaraq payların birlikdə satılıb iddiaçıya ayrıca ev alınmasından açıqdan-açığa imtina edir. Cavabdeh artıq həmin sahədə ev tikdirmək niyyətini həm Nəsimi rayon məhkəməsində, həm bu işin gedişində açıq bildirmişdir. Bundan başqa məhkəmə iclaslarında dəfələrlə cavabdehə təklif olunmuşdur ki, özünün də dəfələrlə dediyi kimi iddiaçının payını satıb iddiaçıya ev almaq və ya səs yazısında bildirdiyi kimi iddiaçının payını qaytarmaq niyyətindədirsə o zaman elə məhkəmədə cavabdeh, iddiaçı və digər payın sahibi Yelena arasında bütöv əmlakın satılması və iddiaçının da payına düşən hissədə pul verilməsi, ev alınması və s. barədə Saziş bağlansın. Lakin cavabdeh buna qəti etiraz etmişdir. Cavabdeh məhkəmə iclaslarında dəfələrlə bildirib: “Mən ona dedim mən ona ev alacam”. Göründüyü kimi iddiaçının məqsədi yeganə əmlakı olan miras payını bağışlamaq və bununla da həmin payla bütün bağlılığını itirmək deyil, əksinə məhz bu payın müqabilində gələcəkdə əmlak sahibi olmaq olmuşdur. Cavabdehin özü dəfələrlə bildirdirmişdir ki, iddiaçı olduqca ağır maddi vəziyyətdədir (“Ruslan adamlardan 20 qəpik dilənir, acından ölür və s. ifadələr”). Buna görə də, “Bağışlama müqaviləsi” etibarsız hesab edilməlidir. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı qeyd edir ki, guya onu axtarırdı və tapa bilmirdi. Bu yalandır. Özü miras bölgüsünə daxil olanda, iddiaçı və iddiaçının bacısı Yelena orada idi. O, heç kimdən bunu xahiş etməmiş, lakin iddiaçıdan notariusa birlikdə getməyi xahiş etmişdir. Çünki qorxurdu ki, bacısı onu aldadacaq. Onlar birlikdə notariusa getmiş və bu sənədi imzalamışlar. Sonra o, iddiaçını müalicə etmişdir. Daha sonra iddiaçı həbs olunmuşdur. İddiaçı çox pis həyat tərzi yaşayır. 2 il həbsdə olub. Mart ayında onun həbsxanadan çıxmasının 2 ili tamam olacaq. İddiaçı həbsxanada olanda, ona pul və yemək aparırdı. İddiaçı tutulmamışdan qabaq evi ona bağışlayıb. Onlar notariusa gedəndə notarius iddiaçıdan dəfələrlə soruşdu və o, bağışlanma müqaviləsi imzaladığını başa düşdüyünü bildirdi. Həmin evi pis günə qoyublar. Özünün həmin evi saxlamağa maddi imkanı çatmır. O, dəfələrlə iddiaçıya və Yelenaya demişdir ki, gəlsinlər, birlikdə söhbət edilsin. Əgər onlar bir evdə yaşaya bilmirlərsə, evi satsınlar, hər kəs öz payını götürsün. Həbsdən çıxandan sonra iddiaçı bacısının təsiri altına düşüb. O, iddiaçı ilə əlaqə saxlaya bilmir. İddiaçı bacısından qorxur. Məcbur olub payının naturada ayırılması ilə bağlı Yelanaya qarşı iddia irəli sürsün. Həmin iddia hazırda məhkəmənin icraatındadır. O, iddiaçıya demişdir ki, gələcəkdə həmin yerdə ev tiksə də, satıb başqa ev alsa da, iddiaçı onunla qalacaq, ya da evi satdığı halda ona düşən payı verər. İstənilən halda iddiaçı çöldə qalmayacaq. Notarius onlara başa salanda, iddiaçı dedi ki, özü payını bibisinə vermək istəyir. “Mən onunla bir yerdə qalacam” demişdir. O, iddiaçını məcbur eləmədi. İddiaçı sadəcə qorxurdu ki, Yelena onun payını götürəcək və o, küçədə qalacaq.

5. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmiş Bakı Şəhəri 10 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən xəbərdar edilsələr də, məhkəmə baxışı iclaslarında nümayənədələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onların nümayəndələrinin iştirakı olmadan baxmışdır.

6. Rayon Məhkəməsi məhkəmə baxışının predmeti olan iddianın iddiaçının bacısı X4 maraq və hüquqlarına toxuna biləcəyini nəzərə alaraq onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. Yelena Hüseynova bildirmişdir ki, o, həmin vaxtı notariusa bibisi ilə gedəndə razılıq vermək istəməmişdir. Belə ki, o, torpağın satılmasını istəmirdi. İddiaçının məsələlərdən heç xəbəri yoxdur. Bağışlanma olan zaman onunla iddiaçının münasibətləri yaxşı deyildi. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Əksinə işin mübahisəsiz hallarından görünür ki, mübahisəli əmlaka dair müqavilə bağlanarkən iddiaçı özü həmin əmlakın notarial qaydada cavabdehə bağışlamışdır. İddiaçı, cavabdeh tərəfindən aldadılması nəticəsində həmin müqaviləni bağladığını bildirsə də, məhkəmə baxışı iclasında bu hal müəyyən edilmədi, cavabdeh bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

12. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

13. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, mərhum Mürsəl Hüseynov xx.xx.1947-ci il tarixdən vəfatına kimi (xx.xx.1991-ci il) Əmircan qəsəbəsi, Həmid Axundlu (keçmiş Şaumyam) küçəsi ev 1 ünvanında qeydiyyatda olub. Onunla birgə bu ünvanda onun arvadı X2 xx.xx.1950-ci il tarixdən vəfatına kimi (xx.xx.1983-cü il) qeydiyyatda olub. Onların birgə nikahdan 4 övladı olub: X5, X3, (cavabdeh) Cavabdeh və (iddiaçının atası) X8. Qalib Hüseynov xx.xx.1997-ci il tarixdə vəfat edib və qeydiyyatdan çıxarılıb. Svetlana Hüseynova xx.xx.1968-ci il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2018-ci il tarixdə vəfat edib. Cavabdeh xx.xx.1987-ci il tarixdə qeydiyyatdan çıxıb. Arif Hüseynov xx.xx.2009-cu il tarixdə vəfat edib və qeydiyyatdan çıxarılıb.

16. Bakı Şəhəri 10 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş və reyestrdə 2V-125 nömrə altında qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş Mürsəl Hüseynovun vərəsələri: övladı (cavabdeh) Cavabdeh, (övladı Arif Hüseynov vəfat etdiyi üçün sonuncunun övladları, yəni miras qoyanın) nəvələri (iddiaçı) İddiaçı və (iş üzrə üçüncü şəxs) Yelena Hüseynovadır. Miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsində yerləşən ümumi sahəsi 60,2 kv.metr olan 1 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 55,8 kv.metr olan həyətyanı tikilidən ibarətdir. Miras əmlak üzərində Cavabdeh payı 1/2 hissədə, İddiaçı payı 1/4 hissədə, Yelena Hüseynovanın payı 1/4 hissədədir.

17. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli bağlanmış və 10 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdiriilərək, reyestrdə 3M-110 nömrə altında qeydiyyata alınmış “Bağışlanma müqaviləsindən” görünür ki, iddiaçı öz miras payını cavabdehə bağışlamışdır.

18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

19. İddiaçı tərəfin mövqeyinə görə, “Bağışlanma müqaviləsi” bağlanan zaman iddiaçı bibisi olan cavabdehi zənginləşdirmək niyyətində olmamışdır. İddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, gələcəkdə evi satmaq rahat olsun deyə, ev bir şəxsin adına rəsmiləşdirilməlidir. Əgər ev onun adına rəsmiləşdirilsə, o evi qısa bir zamanda satan kimi iddiaçı üçün ayrıca ev alacaq və ya pul verəcək ki, iddiaçı özü üçün ev alsın. İddiaçı da bibisinə inanaraq həmin müqaviləni bağlamışdır. Sonradan isə cavabdeh aralarındakı şifahi razılaşmaya əməl etməmişdir.

20. İddiaçının mövqeyini nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.).

21. İddiaçı tərəfin bildirdiklərindən, iş üzrə tərəflərin miras əmlakı “bir əldən” satıb, satışdan gələn vəsaiti bölmək üçün bu əqdi bağlamağa razılaşdıqlarını, yəni iddiaçının belə bir niyyətinin olduğunu müəyyən etmək mümkün deyil. Eyni zamanda, iddiaçının nümayəndəsi cavabdehin “tərəflərin əsl niyyətinə” çatması üçün evi satmaqdan yayındığını, bununla da əsassız varlandığını əsas gətirsə də, əksinə məhkəmə prosesi gedişatında cavabdehin çıxış yolu tapmaq üçün (əmlakı naturada bölmək və sataraq payları bölmək və s.) iddiaçı və digər payçı olan iddiaçının bacısı Yelena Hüseynova ilə əlaqəyə girmək istədiyi, lakin qarşı tərəfin bundan boyun qaçırdığı müşahidə edilmişdir. İddiaçının ümumiyyətlə miras payı bağışlama müqaviləsini imzalamasından xəbərdar olmamasına, onun sənədləşmə işləri ilə bağlı etibarnamə verməsini düşünməsinə münasibətdə isə məhkəmə vurğulayır ki, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Lakin bu kimi sübutlar iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

22. Halbuki, MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.).

23. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi sübuta söykənməyən iddia tələbini əsassız hesab edərək, təmin etməməkdə haqlı olmuşdur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

24. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin bildirir ki, iddia tələbinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığı üçün iş üzrə cavabdeh və üçüncü şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. Lakin iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar