Məhkəmə qərarları › İş №2(103)-1465/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1465/2020

28.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1465/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin şəxsi əşyaları ilə birlikdə məcburi boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsinin məcburi boşaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ç ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin şəxsi əşyalarla birlikdə məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(106)-63/2014 saylı icra vərəqəsinə əsasən, Cavabdeh məxsus ünvan 1 ç ünvanında yerləşən fərdi yaşayış evi xx xxxxxx 2016-cı il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx xxxxxx 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh qanunun tələbinə əsasən 1 ay ərzində mənzili boşaltmalı olduğu halda bu günədək mənzili boşaltmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-62/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehapelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzillə bağlı hərrac düzgün keçirilməmişdir. Mənzilə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yanlışlıq var. Həmin çıxarışda qeyd edilən sahə ilə evin sahəsi üst-üstə düşmür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Arif Əliyev və vəkili Sehran Əkbərov apelyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi Faiq Manafov isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-62/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, Lerik Rayon Məhkəməsinin x xxxx 2013-cü il tarixli qətnaməsinə və həmin qətnaməni qismən dəyişdirən Şirvan Apelyasiya Məhkəməsinin x xxx 2014-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh, X5 və X4 ilə İddiaçı ASC arasında bağlanmış x xxx 2007-ci il tarixli 191 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 25808,54 manat kredit borcu, 739,30 manat faiz borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat, cəmi 26577,84 manat pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ç ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, xx.xx.2016-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləyə əsasən Cavabdeh məxsus ünvan 1ç ünvanında yerləşən fərdi yaşayış evi hərrac vasitəsi ilə satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 40000 manat olmuş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən həmin əmlak 25500 manata İddiaçı ASC-yə satılmışdır. ünvan 1ç ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Həmin evdə heç kim qeydiyyatda deyildir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi olan iddiaçı bank cavabdehin həmin evdən çıxarılması tələbində haqlıdır. Cavabdeh ünvan 1ç ünvanında yerləşən fərdi yaşayış evə hər cür əmlak hüquqlarını itirdiyindən mübahisəli mənzil boşaldılmalıdır. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-62/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-62/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar