Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1472/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (direktoru) Ayxan Qocayevin, həmin MMC-nin vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikası FHN X1 Xidməti 3-cü ərazi X1 İdarəsinin nümayəndəsi Mikayıl Xəlilzadənin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qanunsuz tikilinin sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə özbaşına tikinti ilə bağlıdır. Onun uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv.metr təşkil edir. O, iddiaçıya aid olan, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35A-da yerləşən 7A №-li mənzilin divarına bitişik, habelə mənzilin pəncərəsinin qarşısında inşa edilib. İddiaçı “7A №-li mənzil” adlandırılan sahəni xx.xx.2014-cü il tarixli 107 №-li müqaviləyə (iş v. 32) əsasən "xxxx" MMC-dən əldə edib. Müqavilədə onun ölçüsü 51 kv.m qeyd olunub. Sahə üzərində iddiaçının hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. İddiaçı həmin sahədən faktiki olaraq mənzil kimi istifadə edir. “7A №-li mənzil” adlandırılan sahənin yerləşdiyi, Gəncə prospekti, 29/35A №-li bina 12 mərtəbəlidir. Binaya dair sənədlər cavabdeh "xxxx" MMC-yə aiddir. Belə ki, binanın tikintisinin layihələndirilməsinə icazə cavabdehə aiddir (iş v. 129, Bakı ŞİHB-nın sərəncamı). Bundan başqa, binanın eskiz layihəsi cavabdehə aiddir (iş v. 164). İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iki dəfə - ilkin və əlavə tikintitexniki ekspertiza keçirilib. İş v. 153-də olan ilkin ekspert rəyinə, yəni xx.xx.2022-ci il tarixli 10/5340 №-li rəyə görə, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35A-da yerləşən 7 “a” №-li mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikiliyə dair müvafiq icazəverici sənədlər olmadığı nəzərə alınaraq, həmin tikilinin inşası zamanı Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Həmin ekspert rəyində daha sonra qeyd olunub ki, tədqiq olunan mənzilin (yəni “7A №-li mənzil” adlandırılan sahənin) faktiki olaraq yaşayış və yardımçı otaqlardan ibarət olduğu, su, kanalizasiya xətləri ilə təchiz olunduğu, tikililərdə təyinatı üzrə müvafiq avadanlıqlar quraşdırıldığı, həmçinin tikililərin təmirli vəziyyətdə olduğu nəzərə alınaraq həmin mənzilin texniki cəhətdən yaşayış üçün yararlı vəziyyətdə yerləşdiyi müəyyən olunmuşdur. Lakin mənzilin qonaq otağının pəncərəsinin qarşısında, iddiaçıya məxsus mənzilin divarına bitişik şəkildə, uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv.metr təşkil edən əlavə bir tikili inşa edildiyindən, həmin mənzilə düşən təbii işığın və havalandırmanın qarşısının tamamilə kəsildiyi müəyyən edilmişdir. Həmin ekspert rəyində daha sonra qeyd olunub ki, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35A-da yerləşən 7A №-li mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikili hazırkı vəziyyətdə, həmçinin onun istifadəyə veriləcəyi təqdirdə, həmin mənzilə təbii işığın düşməsinə və hava axının keçməsinə maneələr yaratdığı müəyyən edilir. İş v. 175-də olan əlavə ekspert rəyinə, yəni xx.xx.2022-ci il tarixli 10/3642 №-li rəyə görə, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35A-da yerləşən 7A №-li mənzilin yerləşdiyi sahənin iş materiallarında olan, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsində nəzərdə tutulduğu müəyyən olunmuşdur. Lakin layihədə sahəsi 74,28 kv.metr kimi göstərilən tikilinin təyinatı qeyd olunmadığından, həmin sahənin təyinatını müəyyən etmək mümkün olmamışdır. Həmin ekspert rəyində daha sonra qeyd olunub ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihədə Xətai rayonu, Gəncə prospekti, ev № 29/35A-da yerləşən 7A №-li sahənin giriş qapısının nəzərdə tutulmadığı, lakin binanın ön fasad tərəfə olan hissəsində pəncərəsinin nəzərdə tutulduğu və həmin 7A №-li sahənin, həmçinin pəncərənin layihə üzrə sahəsi 74,28 kv.metr kimi göstərilən tikilinin yerləşdiyi sahəyə düşdüyü müəyyən olunmuşdur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçının yaşadığı, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35A-da yerləşən 7A №-li mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikili cavabdehin hesabına sökülərək ilkin vəziyyətə gətirilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu bilirdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (direktoru) Ayxan Qocayev, həmin MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası FHN X1 Xidməti 3-cü ərazi X1 İdarəsinin nümayəndəsi Mikayıl Xəlilzadə bildirdi ki, sökülməsi tələb olunan tikili layihədə qeyd olunmayıb, mübahisə üzrə qanunvericiliyə uyğun qərar qəbul olunmalıdır. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Birinci, sökülməsi tələb olunan tikilinin uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv.metrdir. Həmin tikili özbaşına tikinti hesab olunur. Belə ki, tikiliyə dair müvafiq icazəverici sənədlər yoxdur. Həmin tikilinin inşası zamanı Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmayib. Bu, ilkin ekspertizanın rəyində müəyyən olunub (iş v. 153). İkinci, iddiaçı özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. İşdə olan sübutlar iddiaçının “maraqlı tərəf” sayılmasına əsas verir. Çünki özbaşına tikinti iddiaçıya aid olan sahənin (faktiki mənzil kimi istifadə olunan sahənin) divarına bitişik şəkildə inşa edilib. Bu, ilkin ekspertizanın rəyində müəyyən olunub (iş v. 153). Özbaşına tikintinin iddiaçıya aid sahənin divarına birişik olması faktı kifayətdir ki, o, özbaşına tikintinin sökülməsini tələb etsin. Üçüncü, özbaşına tikinti iddiaçıya aid olan sahənin (faktiki mənzil kimi istifadə olunan sahənin) pəncərəsinin qarşısında inşa olunub, həmin sahəyə düşən təbii işığın və havalandırmanın qarşısını tamamilə kəsir. Bu, ilkin ekspertizanın rəyində müəyyən olunub (iş v. 153). Bu hal isə bir daha iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsinin məqsədi baxımından “maraqlı tərəf” sayılmasına əsas verir. Həmin pəncərənin qanuni olub-olmadığı isə hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, çünki cavabdeh pəncərənin qanuniliyini mübahisələndirmək hüququna malik deyil. Pəncərinin qanuniliyini 2 subyekt mübahisələndirə bilər: 1) müvafiq icra hakimiyyəti orqanı; 2) pəncərinin mövcudluğu nəticəsində hüququ və ya qanuni maraqları pozulan şəxs. Əgər özbaşına tikintiyə cavabdehin hüququ və qanuni marağı olsayıdı, o, pəncərənin qanuni olmadığına (layihədə nəzərdə tutulmadığına) etirazının əsası kimi istinad edə bilərdi. Dördüncü, iddiaçıya aid olan, “7A №-li mənzil” adlandırılan sahə qeyri-qanuni deyil. Belə ki, həmin sahə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş, Xətai rayonu, Gəncə prospektində yerləşən 29/35A №-li evin eskiz layihəsində nəzərdə tutulub. Bu, əlavə ekspertizanın rəyində müəyyən olunub (iş v. 175). Odur ki, iddiaçı ona aid olan sahənin divarına bitişik inşa olunmuş, habelə həmin sahənin pəncərəsinin qarşısını kəsən özbaşına tikintinin sökülməsini tələb edə bilər. Beşinci, “7A №-li mənzil” adlandırılan sahəyə dair iddiaçının adına müqavilə var (iş v. 32). Yəni iddiaçı həmin sahəni zəbt etməyib, dəyərini ödəməklə müqavilə əsasında əldə edib. Həmin müqavilənin etibarsız sayılması barədə məhkəmə qətnaməsi yoxdur. Odur ki, iddiaçı dəyərini ödəməklə əldə etdiyi sahənin divarına bitişik inşa olunmuş, habelə həmin sahənin pəncərəsinin qarşısını kəsən özbaşına tikintinin sökülməsini tələb edə bilər. Altıncı, iddiaçıya aid olan, “7A №-li mənzil” adlandırılan sahə faktiki olaraq yaşayış və yardımçı otaqlardan ibarətdir, su və kanalizasiya xətləri ilə təchiz olunub, orada təyinatı üzrə müvafiq avadanlıqlar quraşdırılıb, həmçinin sahə təmirli vəziyyətdədir, odur ki, texniki cəhətdən yaşayış üçün yararlı hesab olunur. O cümlədən layihəyə əsasən həmin tikilinin (iddiaçıya aid sahənin) təyinatını müəyyən etmək mümkün deyil, çünki lahiyədə tikilinin təyinatı qeyd olunmayıb. Bu hallar ilkin ekspertizanın rəyində müəyyən olunub (iş v. 153). Odur ki, iddiaçının həmin sahədən yaşayış sahəsi kimi istifadə etməsi hazırkı mübahisənin həlli baxımından qanuna zidd hesab olunmur. İddiaçı yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin divarına bitişik inşa olunmuş, habelə həmin sahənin pəncərəsinin qarşısını kəsən özbaşına tikintinin sökülməsini tələb edə bilər. Yeddinci, sökülməsi tələb olunan özbaşına tikinti cavabdehə aiddir. Belə ki, tikintinin başqa şəxsə aid olduğunu təsdiq edən hər hansı sübut (müqavilə və s.) məhkəməyə təqdim olunmadı. Özbaşına tikintinin bitişik olduğu binaya (Gəncə prospektidən yerləşən 29/35A №-li 12 mərtəbəli çoxmənzilli evə) dair mövcud olan sənədlər cavabdehə aiddir. Belə ki, həmin binanın tikintisinin layihələndiriməsinə icazə cavabdehə aiddir (iş v. 129, Bakı ŞİHB-nın sərəncamı), o cümlədən binanın eskiz layihəsi də cavabdehə aiddir (iş v. 164). Başqa sübutlar olmadığına görə hesab olunur ki, həmin binaya bitişik inşa olunmuş özbaşına tikinti də cavabdehə aiddir. Odur ki, hazırkı iddia düzgün olaraq cavabdeh "xxxx" MMC-yə qarşı irəli sürülüb. Beləliklə, məhkəmə Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinin göstərişlərinə istinad edərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. İddiaçı aid olan, Xətai rayonu, Gəncə prospekti, ev № 29/35“A” ünvanında yerləşən, mənzil kimi istifadə olunan 7 “a” №-li sahənin pəncərəsinin qarşısında, həmin sahənin divarına bitişik şəkildə inşa edilmiş, uzunluğu 11,7 metr, eni 5,7 metr, ümumi sahəsi 66,7 kv.m təşkil edən özbaşına tikinti "xxxx" MMC-nin hesabına sökülsün və ərazi tikinti materiallarından təmizlənsin Ekspertiza xərci olan 200 (iki yüz) manat "xxxx" MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 80 (səksən) manat "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1472/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1472/2023
03.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver