Məhkəmə qərarları › İş №2(103)-1476/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1476/2021

16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1476/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-266/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh AS-nin Xətai filialı tərəfindən onun adına rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Xətai filialı tərəfindən onun adına xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Lakin həmin kredit müqavilə üzrə «Borcalan» hissəsində olan imza ona məxsus deyildir və tərəfindən imzalanmamışdır. Kredit müqaviləsi tərəfindən imzalanmadığından həmin müqavilə üzrə hər hansı bir şərtin və ya öhdəliyin qarşılıqlı razılıq əsasında müəyyən edilməsindən, ümumiyyətlə həmin müqavilə üzrə onun sərbəst iradəsinin ifadə olunmasında söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 266/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, kredit müqaviləsinin etibarsız olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, həqiqətən Cavabdeh ASC-dən kredit götürmüş və müəyyən ödənişlər etmişdir. Lakin ölkədə baş vermiş devalivasiya nəticəsində maddi imkanı pisləşmişdir. O, həmin vaxtı kredit müqaviləsini istəsə də, bank tərəfindən ona təqdim olunmamış, bu səbəbdən də hazırki iddianı qaldırmışdır. O, hesab etmişdir ki, müqavilədəki imza ona məxsus deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, bank cavabdeh İddiaçı 30 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 19100 ABŞ dolları məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh ASC vasitəsi ilə İddiaçı hesabına 19100 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/503 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(006)-3608/2020 nömrəli mülki işin 47-49-cu vərəqələrində olan X5 və Cavabdeh ASC-nin Xətai filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfinin aşağı sağ küncündə «1-6» rəqəmləri qarşısındakı imza, 1-ci vərəqəsinin arxa tərəfinin aşağı sağ küncündə «2-6» rəqəmləri qarşısındakı imza, 2-ci vərəqəsinin üz tərəfinin aşağı sağ küncündə «3-6» rəqəmləri qarşısındakı imza, 2-ci vərəqəsinin arxa tərəfinin aşağı sağ küncündə «4-6» rəqəmləri qarşısındakı imza, 3-ci vərəqəsinidə «X1 imza» qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı kredit müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq həmin müqavilədəki imzaların ona məxsus olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı təyin edilmiş ekpertiza nəticəsində X5 və Cavabdeh ASC-nin Xətai filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin 1-ci vərəqəsinin üz tərəfinin aşağı sağ küncündə «1-6» rəqəmləri qarşısındakı imza, 1-ci vərəqəsinin arxa tərəfinin aşağı sağ küncündə «2-6» rəqəmləri qarşısındakı imza, 2-ci vərəqəsinin üz tərəfinin aşağı sağ küncündə «3-6» rəqəmləri qarşısındakı imza, 2-ci vərəqəsinin arxa tərəfinin aşağı sağ küncündə «4-6» rəqəmləri qarşısındakı imza, 3-ci vərəqəsinidə «X1 imza» qrafasındakı imzaların İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, cavabdeh Bank tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC tərəfindən X3 hesabına 19100 ABŞ dolları məbləğində pul köçürüldüyünü göstərən kassa məxaric orderi də iddiaçının sözügedən müqavilə üzrə tərəf olduğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqdi tərəflər imzaları ilə təsdiq etmişlər. İddiaçı kredit müqaviləsindən məlumatının olmamasını, onu imzalamamasını göstərsə də, ekspertiza rəyi ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/503 saylı ekspert rəyi) müəyyən olunmuşdur ki, mübahisələndirilən əqddə (kredit müqaviləsi) olan müvafiq imzalar iddiaçıya məxsusdur. İddiaçı apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Həmçinin, iddiaçı apellyasiya baxışı zamanı izahatında ona bank tərəfindən müvafiq kreditin verilməsini, kredit üzrə müəyyən ödənişləri etməsini və s. göstərmiş, bununla da bankla aralarında kredit münasibətlərinin mövcudluğunu təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etidyi halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə baxışı zamanı isə araşdırılmış sübutlarla iddiaçının irəli sürdüyü dəlillər üzrə mübahisələndirilən əqdin etibarsızlığına əsas ola biləcək hər hansı hal müəyyən olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-266/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-266/2020 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar