Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1477/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi, ekspert rəyi, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən, sahəsi 36,50 kv.m olan 9 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bununla bağlı ona daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli çıxarış verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 oktyabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ev 36, 6 otaqlı 9 saylı mənzil ilkin olaraq 06 sentyabr 1997-ci il tarixdə X14 adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 21 saylı DNK-nın 06 sentyabr 1997-ci il tarixli 3MA-572 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 3 otağı X1 adına qeydiyyatda alınmış, Bakı şəhəri 42 saylı DNK-nın 05 noyabr 1997-ci il tarixli 3MA-144 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X20 özünə məxsus 3 otağı X6 bağışlamış, Nərimanov Rayon İcra Hakimiyyətinin 114 nömrəli 12 mart 2003-cü il tarixli sərəncamına və 700 nömrəli 08 noyabr 2004-cü il tarixli sərəncamına əsasən A.V.Ələkbərovaya məxsus mənzil yaşayış sahəsi 96,9 kv.m, köməkçi sahəsi 107,55 kv.m olmaqla 7 otaqlı hesab edilmiş, həmin sərəncamlara, eyni zamanda ailə üzvlərinin razılıq ərizələrinə və Forma-2 arayışına əsasən 04 yanvar 2005-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 11 oktyabr 2008-ci il tarixli 2V-1-156 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən 3 otaq (36,5 kv.m) X4 adına qeydiyyatdan keçmiş, daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 547 nömrəli 29 dekabr 2017-ci il tarixli sərəncamına əsasən 7 otaqlı olan mənzilin təyinatı dəyişdirilmiş və qeyri-yaşayış sahəsinə keçirilmiş, 17 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı DNK-da 8İ-6325 reyestr nömrəsi ilə təsdiqlənmiş bölgü sxeminə əsasən 3 otaqlı mənzil X7 və qeyri-yaşayış sahəsi X6 bölünmüş, Bakı şəhəri 54 saylı DNK-nın 2V-49 reyestr nömrəli 10 oktyabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən sözügedən qeyriyaşayış sahəsi X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, Bakı şəhəri 54 saylı DNK-nın 4Ə-28 reyestr nömrəli 17 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X11 3 otaqlı (36,5 kv.m) mənzili Cavabdeh bağışlamışdır və 06 fevral 2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda da sonuncunun mülkiyyətindədir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10 yanvar 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ev 36, 9 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) arxiv qovluğunda aşkar edilməmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinin (MTK) istifadəsinə verilmiş, sərəncamda nəzərdə tutulmuşdur ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilsin.
5. Həmin sərəncamla, ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin və Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək, sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək MTKya tapşırılmışdır.
6. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 14/243 nömrəli ayrıc aktı ilə, MTK-ya Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı əsasında Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə cizgidə göstərilən sərhədlər daxilində 1,2509 hektar torpaq sahəsi verilmişdir.
7. İddiaçı Mənzil-Tikinti Kooperativi 22 fevral 2006-cı il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır.
8. MTK tərəfindən 09 iyul 2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin və Nərimanov rayon İcra Hakimiyyətinin başçılarına eyni məzmunlu müraciətlər (məktublar) ünvanlanmış, məktublarda Eldəniz adlı sakinin (Cavabdeh həyat yoldaşı) piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsini zəbt edərək orada iaşə obyekti (kafe-restoran) inşa etdiyi, apardığı qanunsuz tikinti işləri ilə bağlı edilən xəbərdarlıqlara məhəl qoymadığı bildirilməklə, zəbt olunmuş torpaq sahələrinin, səki və yolun boşaldılması, orada aparılan özbaşına tikililərin sökülüb ərazinin ilkin vəziyyətinin bərpa edilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
9. MTK-nın Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı şikayət ərizəsinə həmin qurumun verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vətəndaş X12 barəsində müraciət qanunvericiliyə müvafiq olaraq araşdırılmış, müraciətin mülki xarakterli olduğu müəyyən olunmuşdur.
10. Həmin müraciət əsasında aparılmış araşdırma zamanı X12 izahatında bildirmişdir ki, o və ailə üzvləri tərəfindən Nərimanov rayonu, Xan Şuşinski küçəsində hər hansı qanunsuz tikinti aparılmamış, piyada üçün nəzərdə tutulmuş yola heç bir müdaxilə olunmamış, sadəcə olaraq abadlaşdırma işləri aparılmış, onlara məxsus ərazidə səliqəsəhman yaradılmışdır. Onlara məxsus yaşayış sahəsində ailənin dolanışığı ilə bağlı kafe fəaliyyətini bərpa etmişdir. Hal-hazırda ailənin maddi durumunu həmin obyektlə tənzimləyir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Mənzil-Tikinti Kooperativi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafenin) cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması MTK-ya həvalə edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən olunmuşdur. MTK tərəfindən hazırkı vaxta kimi qeyd olunan ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış obyektləri hüquqmüəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alınaraq sökülmüş, onların yerində yeni və müasir yüksəkmərtəbəli binalar inşa edilmiş, ərazi abadlaşdırılmışdır. Hazırda MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamının icrası ilə bağlı görülən işlər çərçivəsində həmin ərazidə yerləşən və sahiblərindən satın alınmış digər yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və həmin sahələrin kommunal təchizatlarının kəsilməsi istiqamətində işlər aparılır. Son vaxtlar Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamı ilə əhatə olunan ərazidə yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinin qanunsuz hərəkətləri nəticəsində MTK-nın apardığı işlərə maneələr yaradılmağa başlanmış, bəzi sakinlər tərəfindən özbaşına tikinti işlərinin aparılması, piyadalar üçün nəzərdə tutulmuş yolların zəbt edilməsi, evlərin təyinatının özbaşına dəyişdirilməsi və s. bu kimi hallar ciddi qanun pozuntusuna səbəb olmaqla yanaşı, qanuni fəaliyyətlərinə problemlər yaratmışdır. Cavabdeh Quliyeva X13 rayonu, Xan Şuşinski küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsini zəbt edərək orada özbaşına iaşə obyekti (kafe-restoran) inşa etmişdir. Dəfələrlə cavabdehin həyat yoldaşı X5 qanunsuz hərəkətlərinə son qoyulması, özbaşına tikilini sökərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. MTK tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə dair şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmiş, Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, şikayətlə əlaqədar sənədlər əldə edilmiş, X5 izahat alınmışdır. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən ümumi sahəsi 36,50 kv.metr olan 9 saylı mənzil mülkiyyət hüququ ilə 06 fevral 2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Xan Şuşinski küçəsinin piyada yolunun bir hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd və ya həmin qeyri-yaşayış sahəsinin tikintisinə aidiyyəti orqanların icazə sənədi təqdim olunmamışdır. Cavabdehin həyat yoldaşı X12 izahatında həmin qeyri-yaşayış sahəsinin (obyektin) həyat yoldaşına məxsus olduğunu, qeyri-yaşayış sahəsinin kafe kimi fəaliyyət göstərdiyini bildirmişdir. Beləliklə müəyyən olunur ki, cavabdeh ona məxsus olmayan torpaq sahəsini zəbt edərək orada qanunvericiliklə tələb olunan icazə sənədləri olmadan özbaşına tikili inşa etmişdir.
13. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirmiş, izahatında göstərmişdir ki, iddiaçı MTK-nın müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinki küçəsində yerləşən daşınmaz əmlakların sökülməsi ilə bağlı iddiaçıya hər hansı səlahiyyət verilməmişdir.
14. Məhkəmə 04 noyabr 2021-ci il tarixində mübahisəsi gedən ərazidə yerində müayinə həyata keçirmiş, müayinə (yerli baxış) zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərir, evin qarşısında artırma vardır və sahəyə daxil olduqdan sonra evdən həyətə qapı açılır.
15. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın aparılması “X10” MMC-nə tapşırılmış, adı çəkilən MMC-nin verdiyi xx.xx.2021-ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir.
- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi olduğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportu ekspertiza tədqiqatına təqdim olunmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün olmadı. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları ilə toqquşduğu müəyyən edilir. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir.
16. Həmin rəy məhkəmə iclasında tədqiqatı həyata keçirmiş tikinti-texniki eksperti X9 iştirakı ilə tədqiq olunarkən adı çəkilən mütəxəssis bildirmişdir ki, cavabdehə faktiki sahəsi 169,18 kv.m təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 36, mənzil 9 məxsusdur. Həmin sahənin 129,46 kv.m sahəsi iddiaçı MTK-ya məxsus olan qeyri-yaşayış sahəsinin hüdudları ilə toqquşur. Qərardadda sual olaraq toqquşubtoqquşmaması qoyulduğundan o, "xxxx" kimi qeyd etmək məcburiyyətində qalmışdır. "xxxx" dedikdə, həmin hissənin MTK-nın hüdudları daxilinə düşdüyünü nəzərdə tutmuşdur. Eyni zamanda, mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşür.
17. Məhkəmənin 13 yanvar 2022-ci il tarixli qərardadına əsasən əlavə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "X10” MMC-nə tapşırılmışdır.
18. “X10” MMC-nin 30 iyun 2022-ci il tarixli rəyində aşağıdakılar göstərilmişdir:
- Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi olduğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportun tədqiq edilməsi mümkün olmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün deyildir. - Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil- Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin (ayrıc aktı əsasında "Zirvə-A” Mənzil-Tikinti Kooperativinə verilmiş 1.2509 ha torpaq sahəsi şimaldan səki və M.Sənani küçəsi ilə, şərqdən elektrik yarımstansiyası, 9 mərtəbəli yaşayış binaları və Azadlıq prospekti ilə, cənubdan səki və N.Yusifbəyli küçəsi ilə, qərbdən isə səki, X.Şuşinski küçəsi və 7 mərtəbəli bina ilə həmsərhəddir) hüdudları ilə üst-üstə düşdüyü müəyyən edilir. - Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir.
19. Birinci instansiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və “X10” MMC-nin bank hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərcinin Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1-ci, 180.2-ci, 180.3-cü, 180.4-cü, Mənzil Məcəlləsinin 24.1-ci, 27.5-ci, Mülki-Prosessual Məcəllənin 88-ci və 101.7-ci maddələrinə, habelə Nazirlər Kabinetinin 160 nömrəli 04 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
20.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən 9 nömrəli mənzilin ümumi sahəsi 06 fevral 2020-ci il tarixli çıxarışa əsasən 36,50 kv.m, faktiki-naturada isə 169,18 kv.m-dir. Qeyd olunan daşınmaz əmlakın 132,68 kv.m hissəsində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikili inşa edilmiş və yeməkxana kimi fəaliyyət göstərir. 20.2. Mübahisəli tikili özbaşına tikinti sayılır, belə ki, o, müvafiq sənədləşmə olmadan tikilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 nömrəli 30 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsi 169,18 kv.m təşkil etməklə, həmin əmlakın sahəsi sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıqdır. Bundan başqa, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq 129,46 kv.m hissəsi faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan daşınmaz əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq 39,72 kv.m hissəsi isə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənarda yerləşir. Beləliklə müəyyən edilir ki, cavabdehə məxsus həm sənəd üzrə, həm də sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan sahənin cəmi ölçüsü 129,46 kv.metr təşkil edir. Belə olan təqdirdə iddiaçının sökülməsini tələb etdiyi qanunsuz tikilinin 92,96 kv.m sahəsi İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarında yerləşir. (129,46-36,5=92,96) 20.3. Mütəxəssisin gəldiyi nəticələr əsas götürülməklə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi qanuni və əsaslıdır. 20.4. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 132,68 kv.m olan qanunsuz tikintinin 39,72 kv.m (132,68-92,96) hissəsi İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənarda yerləşdiyindən, iddiaçının həmin qanunsuz tikintinin 39,72 kv.m hissəsinin cavabdehin hesabına sökülməsini və ərazinin ilkin vəziyyətinin bərpa edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.
21. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını nəzərə almadığı, iddiaçı MTK-ya sərəncam əsasında ayrılmış torpaq sahəsinin MTK tərəfindən qəbul edilməməsinə və sahənin sərhədlərinin müəyyən olunmamasına əhəmiyyət vermədiyi, cavabdehin əmlakının texniki pasportunu əldə edib onu tədqiq etmədiyi, cavabdehin tikinti apardığı sahənin M. Sənani küçəsi istiqamətində olmaqla iddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar, alınan ekspert rəyi
23. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 və digər nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçı MTK-nın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
24. Apellyasiya baxışı zamanı аpеllyаsiyа şikаyətinin dəlilləri nəzərə alınaraq iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuş və müvafiq rəy alınmışdır.
25. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli həmin ekspert rəyində göstərilmişdir ki; 1) ünvan 6 ünvanında yerləşən 9 saylı mənzil Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə İddiaçı MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 2) Cavabdeh faktiki (naturada) istifadəsində olan əmlakın (“Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyini nəzərə alaraq, tədqiq olunan əmlakın sənəd üzrə 36,5 kv.m sahədən 132,68 kv.m (169,18 – 36,5) artıq olduğu müəyyən edilir. 3) ünvan 6 ünvanında yerləşən 9 saylı mənzilin dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli çıxarışında göstərilən 36,5 m2 sahəsinə edilmiş artırmaların inşa edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 №-li Qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. 4) Aparılmış tədqiqat nəticəsində, tədqiq olunan 9 saylı mənzil kimi qeydiyyata alınmış, hal-hazırda isə vahid əmlak kimi daşınmaz obyekt olaraq təyinatı üzrə yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 129,46 kv.m olan hissəsinin faktiki olaraq Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün, 14/243 nömrəli ayrıc aktı ilə İddiaçı MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən ümumi sahəsi 39,72 kv.m olan sahənin (28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı) İddiaçı Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir.
26. Ekspert rəyi alındıqdan sonra icraat davam etdirilmiş, keçirilən növbəti məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) rəyin hərtərəfli əsaslandırıldığını və qətnamənin qanuni olduğunun rəylə təsdiq edildiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Cavabdehin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 ərizə göndərərək işə yeni vəkilin qoşulması və özünün səhəttində olan problemlə bağlı; cavabdehlə yeni müqavilə bağladığını bildirən Vəkil4 da ərizə göndərərək başqa prosesdə iştirak etməli olması və işlə tanış ola bilməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər.
28. İşin halları, cavabdehin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsinin (vəkilinin) şikayət üzrə mövqeyini artıq bildirdiyi və ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, digər vəkilin işə yeni qoşulmasının isə işin baxılmasının təxirə salınmasına əsas təşkil etmədiyi, eləcə də şikayətin dəlillərinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə qiymət verilməsinin mümkünlüyü nəzərə alınaraq, məhkəmə iclasının davam etdirilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
29. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
33. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
38. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
40. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
42. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır.
43. Maddə 111. Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
44. Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
47. Maddə 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
55. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
59. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
61. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir; cavabdeh isə şikayətində qətnamənin ləğvini istəsə də, onun iradə ifadəsi qətnamənin məhz iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
62. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin (§ 29) müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
63. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi (§ 34,44) daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.
64. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt (§ 44) özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır (§ 32). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139- 1-ci maddəsində əks olunmuşdur.
65. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir.
66. Mülki Məcəllənin 180.3-cü maddəsində (§ 40) qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir (§ 36). Bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.
67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X16rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).
68. Avropa Məhkəməsi “Əhmədova Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021ci il tarixli qərarında qeyd etmişdir ki, “...Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o vaxt iddia edə bilərdi ki, mübahisə edilən qərarlar bu maddə ilə təmin edilən “mülkiyyət” anlayışı daxilindədir. “Mülkiyyət” anlayışı təkcə “mövcud mülkiyyət”lə məhdudlaşmır, həmçinin, ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə bilməyə ən azından məqbul və “qanuni gözləntisi” olduğu əmlakları, tələbləri də əhatə edə bilər. “Gözlənti” əgər, qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanırsa “qanuni”dir. Hər bir işdə yoxlanılmalı olan məsələ, bütövlüklə nəzərə alındıqda, işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əsl marağı verib-verməməsidir. ...Məhkəmə diqqət yetirir ki, sözügedən evin ərizəçinin hesabına sökülməsi qərara alınmışdır. Ərizəçinin üzərinə qoyulan bu cür öhdəlik onun əmlaklarından dinc istifadə hüququna müdaxilə təşkil etmişdir. 1 saylı Protokolun 1ci maddəsi söküntü qərarının bu hissəsinə münasibətdə tətbiq edilə bilər”.
69. Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
70. İşin müəyyən olunan halıdır ki, cavabdehin mülkiyyətində olan mənzilə bitişik inşa olunmuş, hazırda vahid əmlak kimi daşınmaz obyekt olaraq yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 92,96 kv.m olan hissəsi İddiaçı MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
71. Bu səbəblə kollegiya hesab edir ki, həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.
72. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas təşkil edir.
73. İddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin mənasına görə (§ 41), lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili maraqlı şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə, həmin şəxslər də tikilinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Hazırda yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 92,96 kv.m olan hissəsi İddiaçı MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi üçün isə, həmin MTK tikilinin sökülməsində maraqlı şəxs kimi qəbul olunmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-222/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X8, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə