Məhkəmə qərarları › İş №2(103)-1478/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1478/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1478/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, 23 sentyabr 2021-ci il tarixli qətnamə 08.10.2021-ci il tarixdə Cavabdeh göndərilmiş, özünün bildirməsinə görə 18.10.2021-ci il tarixdə o, qətnaməni almış, onun 19.11.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə geri qaytarılmış, Cavabdeh qeyd olunan çatışmazlığı aradan qaldıraraq 22.12.2021-ci il tarixdə növbəti dəfə şikayət vermişdir. Göründüyü kimi, Cavabdeh ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş, məhkəmə isə bu halı nəzərə almadan, onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət vermədən, müddət ötürülməmişdirsə buna münasibət bildirmədən şikayəti apellyasiya instansiyasına göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Digər tərəfdən qeyd olunmalıdır ki, Cavabdeh apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir; Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmədiyi əsasları, eləcə də hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini ümumiyyətlə göstərməmiş, qeyri-müəyyən xahiş edərək “işin yeni araşdırılmış hallarına uyğun dəyişiklik edilməsi”ni istəmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3772/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar