Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1478/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" Bank ASC-yə qarşı "kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlanarkən notariat qaydasında razılıq ərizələrinin alınmadığı iddiaçıların hər birinə 18000 manat olmaqla cəmi 72000 manat məbləğində kirayə haqqıkompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" Bank ASC məhkəməyə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X9, X8, X10, İddiaçı3 Rəhim qızı, İddiaçı2, İddiaçı1, İddiaçı4, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 1 ay müddətində mülkiyyət hüququ və Banka məxsus olan ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59.7 kv.metr ümumi 37.4 kv.metr yaşayış 22.3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzildən çıxarılmalan və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq ASC "xxxx" Bankına təhvil verilməsi, 10 manat məbləğində dövlət rüsumunun və 15 manat notariat xərclərinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında “X4” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı, Xaçmaz rayon İcra və Probasiya şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 nömrəli protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən çıxarış verilmişdir. Bank mənzil üzərində mülkiyyət hüququndan istifadə edə bilməmişdir.
4. Xaçmaz Rayon Məhkəməsində prossesdə iştirak etməmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Qətnaməsini əldə edəndən sonra bütün bu olanlardan xəbəri olmuşdur. X9, X8, X10, İddiaçı3 Rəhim qızı, İddiaçı2, İddiaçı1, İddiaçı4, ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Həmin bu qeydiyyatda olan şəxslərdən bank, cəmi üç nəfərdən, yəni X9, X8, X1 ipoteka müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almışdır. Bankın bu saxtakarlığı nədən yaratdığı məlum deyildir, çünki digər ailə üzvlərinin dediyinə görə bank işlərindən onların anladığı bir şey olmadığından sənədləşmə işlərini bank öz öhdəsinə götürmüşdü.
5. İndi isə "xxxx" Bank ASC xx.xx.2013-cü il tarixli **********92013/1 savlı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, hazırki iş üzrə iddiaçılara qarsı mənzildən çıxarılma haqqında iddia qaldırmışdır. Cavabdeh hətta belə digər qeydiyyatda olan X11, X2 adlarını heç bir yerdə qeyd etməmişdir. Hal-hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsindədir. "xxxx" Bank ASC göstərilən müqavilələri bağlayarkən saxtakarlığa yol vermişdir. Halbuki, həmin evdə dünyaya gəlmişlər. Cavabdeh "xxxx" Bank ASC müqavilə bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni onlara kompensasiya ödəyərək mənzildən çıxarmalıdır. Kompensasiyanın məbləği qanunvericilikdə konkret olaraq göstərilməsə də, təcrübədə adətən həmin kompensasiya məbləğini hesablayarkən həmin ərazidə şəxs oxşar şəraitdə kirayə qaldığı kirayə haqqının 3 və ya 5 ildə olan miqdarında kompensasiya məbləği müəyyən olunur. Xaçmaz səhərində yaşadıqları evə oxşar şəraiti olan, ancaq kirayə haqqını hesablasaq hər bir iddiaçıya 18000 manat kirayə haqqı müəyyən olunmalıdır. Çünki bu vəziyyət sənədləşməni cavabdeh üzərinə götürdüyünə görə yaranmışdır. Əgər belə olmasaydı əmlakları banka girov qovulmayacaqdı.
6. Yasamal Rayon Məhkəməsinin 2(004)-5182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti vermiş və şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, iddia tələbi əsassızdır, ipoteka müqaviləsi bağlanılan vaxt həmin şəxslər mənzildə qeydiyyatda olmamış, sonradan qeydiyyata düşmüşlər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
11. Xaçmaz rayon Məhkəməsinin 2(067)-128/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək xx.xx.2013-cü il tarixli **********92013 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X6 məxsus ünvan 2 ünvanında 5-ci mərtəbədə yerləşən 3 otaqlı, 59,7 kv.m ümumi, 37,4 kv.m yaşayış, 22,3 kv.m yardımçı sahəsindən ibarət mənzilnə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi üzrə cavabdeh X3 iddiaçı "xxxx" ASC- nin qarşısında 7750 manat məbləğində əsas borcu, 2404,74 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 10 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər, iddia ərizəsinə görə 30 manat məbləğində dövlət rüsumu ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 45.000 manat, məbləğində müəyyən edilməsi qət edilmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-333/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının cavabdehlər İddiaçı3, X7, İddiaçı2, İddiaçı1, X6, İddiaçı4 və X5 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər X9, X8, X10, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 və onlarla yaşayan ailə üzvlərinin ünvan 3 ünvanındakı mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 8 manat dövlət rüsumu və 14 manat notariat xərcin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun 2 manatı və notariat xərcinin 1 manatının iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
14. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(004)-3955/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh “Xalq Bank" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsinin və 14.11,2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasını "xxxx" ASC xx.xx.2013-cü il tarixli **********92013/1 saylı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli **********92013 saylı kredit müqaviləsi bağlayarkən notariat qaydasında razılıq ərizəsi almadığı şəxslərə, yəni İddiaçı3 Rəhim qızına, İddiaçı2, İddiaçı1 və İddiaçı4 qarşı mənzildən çıxarılma haqqında iddia qaldırılması təşkil etmişdir. Qətnamə ilə iddia rədd edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(004)-3955/2021 saylı qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş şikayətlərə apellyasiya və kassasiya qaydasında baxılaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
22. Maddə 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir.
23. Maddə 154.4. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir.
24. Maddə 184.2. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
25. Maddə 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların birgə şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4cü maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında förmalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1- ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
40. Kollegiya qeyd edir ki, iddiaçılar zamanı onların razılığının alınmamasını əsas gətirərərək, "xxxx" Bank ASC tərəfindən kompensasiya ödənilməklə, onların istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırda qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin etibarlılığı mübahisələndirildiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı1 özünə aid edilməlidir.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı3 Rəhim qızı, İddiaçı2 və İddiaçı4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-5182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov