Məhkəmə qərarları › İş №2(103)-1481/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1481/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1481/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Loft Gold– Yumşaq üçün 1389,96 manat ödənilməmiş hissə, 138,04 manat cərimə, ümumillikdə 1528 manat borc və 35,28 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2225,76 manat olan (yəni 24 ay x 92.74 manat + 0 manat ilkin ödəniş) X3 üçün ümumilikdə, 1528 manat olmaqla, ondan 1389,96 manat əsas borc, müştəriyə güzəşt olunaraq 138,04 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 835,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 1389,96 manat, cərimə borcuna görə 70 manat olmaqla, cəmi 1459,96 (min dörd yüz əlli doqquz manat, doxsan altı qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 35,28 manat pulun 33 (otuz üç) manatı tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, iddiaçı tərəfindən satılmış məhsul qüsurlu olmuş, qarantiya şərtlərinə cavab verməmiş, hətta kredit ödənilən dövrdə sıradan çıxmışdır. Bununla bağlı dəfələrlə müraciətlər edilsə də iddiaçı qüsurları aradan qaldırmaqdan imtina etmişdir. Ödənişlərlə bağlı problemlərdə buradan yaranmışdır. Çünki faktiki olaraq iddiaçı heç bir işə yaramayan qüsurlu və istifadəyə tam yararsız məhsulun pulunu ödəməyi ondan tələb etmişdir. Buna görə də iddiaçı guya xəbərdarlıq məktubu göndərdiyini bildirsə də, əslində onun yaşamadığı ünvana məlumat göndərmiş bununla da onun məlumatı olmadan məhkəməyə müraciət etmişdir. Çox maraqlı odur ki, məhkəmə də onun yaşamadığı ünvana məlumat göndərmiş və faktiki olaraq o, məhkəmə prosessindən məlumatsız olmuş, ona görə də öz hüquqlarını müdafiə edə bilməmişdir. Halbuki iddiaçı müqavilənin şərtlərinə əməl etməmiş və əlavə faizlər hesablamışdır. Belə ki, iddiaçı qüsurlu məhsula görə öz üzərinə düşən öhdəlikləri icra etmək əvəzinə məhkəməyə müraciət etməklə və ondan məlumatsız məhkəmə qərarı əldə etməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Apellyasiya Məhkəməsində icraat, tərəflərin izahatı:

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1481/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı işdə olan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) onların dinlənilməsinin zəruriliyi nəzərə alınaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3277/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır.

6. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1481/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertiza qarşısında “Loft Gold-Yumşaq-3 Yerlik-GL-R87” adlı məhsulun (divanın) Türkiyə Respublikası və ya yerli istehsal olduğu müəyyən edilməsi, həmin divanda yaranmış qüsurların istehsal xarakterli olması, yaxud divandan düzgün isifadə edilməməsi ilə bağlı olması müəyyən edilməsi, həmin qüsurlar nəticəsində divanın satış dəyərinin nə qədər aşağı düşməsi müəyyən edilməsi sualları qoyulmuşdur. Ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, o məhsulu alarkən aldadılmışdır, onu Türkiyə istehsalı olan divan əvəzinə yerli mal göndərilmişdir, onun tərəfindən 1235 manat ödəniş edilmişdir, təqdim edilmiş rəyin 2-ci bəndi ilə razı deyil, belə ki, iki nəfərin istifadə etdiyi divan, qısa müddət ərzində bu vəziyyətə düşməsi onun istismarı ilə deyil, istehsalı zamanı yol verilmiş nöqsanlardan irəli gəlməsini sübut edir. Həmçinin rəylə də müəyyən edilmişdir ki, mal satılarkən onu aldatmışlar, razılaşdırılmış divan Türkiyə istehsalı olduğu halda, ona satılmış divan yerli istehsal olmaqla, keyfiyyətsiz olmuşdur, eyni yerli divanın ən yaxşı halda qiyməti ancaq 600-800 manat ola bilər, o isə divana görə iddiaçıya hazıradək 1235 manat ödəmişdir, əlavə ödəmək niyyəti yoxdur.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Tomayev apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin olunmamasını xahiş etdi və bildirdi ki, cavabdeh divandan 10 ay müddətinə istifadə edərək yarasız hala salmışdır. Digər tərəfdən divan cavabdehə təhvil verilərkən keyfiyyət sertifikatı da olmuşdur. Həmçinin “X3-3 Yerlik-GL- R87” adlı məhsul – divan Türkiyə istehsalıdır, nümayəndə eyni zamanda cavabdeh tərəfindən onlara hazırda 1235 manat ödənildiyini təsdiq etdi. Sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 2225,68 manat olan “Loft Gold-Yumşaq-3 Yerlik-GL-R87” adlı məhsulu 24 ay müddətinə, aylıq 92,74 manat ödəmə şərtilə almışdır.

10. Mülki işin materiallarında olan “Əşyaların təhvil-təslim” aktının surətindən görünür ki, Cavabdeh ******* nömrəli müqavilə ilə ona satılan malları qüsursuz təhvil almışdır.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borca görə 835,8 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə onun 1389,96 manat əsas, 138,04 manat cərimə borcu olmaqla, cəmi borcu 1528 manat təşkil edir.

13. "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş MB17/0315 nömrəli, 15 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Loft Gold-Yumşaq-3 Yerlik-GL-R87” məhsul (divan) yerli istehsaldır. Həmin divanda yaranmış qüsurların divandan düzgün istifadə edilməməsi ilə bağlı yaranmışdır. Həmin qüsurlar nəticəsində divanın satış dəyəri 50-60 faiz aşağı düşür. Qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə

14. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

16. 580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

17. 580.2. Əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə:

18. 580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin;

19. 580.2.2. verilmiş əşyaların hamısından imtina etsin;

20. 580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin;

21. 580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin.

22. 580.3. Alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

23. 580.4. Alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.

24. 580.5. Əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir.

25. 580.6. Bu maddənin qaydaları alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

26. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

27. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə,lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:

28. 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

29. 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

30. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

31. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

32. 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

33. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

34. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər.

35. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

36. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər.

41. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

44. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

45. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

49. 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

50. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

53. Kollegiya qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı “X3-3 Yerlik-GL- R87” adlı məhsulun-divanın satılmasına dair xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə cavabdehin müqavilə şərtlərinin pozması səbəbi il hazırki iddia tələbini irəli sürmüşdür.

54. Birinci instansiya məhkəməsində hazırkı işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmışdır.

55. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən satılmış məhsul qüsurlu olmuş, qarantiya şərtlərinə cavab verməmiş, hətta kredit ödənilən dövrdə sıradan çıxmışdır. Apellyasiya baxışı zamanı isə izahatında göstərmişdir ki, iddiaçı ona Türkiyə istehsalı adı ilə yerli sexlərdə düzəldilmiş keyfiyyətsiz məhsul satmışdır.

56. Məhkəmə kollegiyası işin obyektiv həlli məqsədi ilə eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi üçün cavabdehə satılmış “X3-3 Yerlik-GL-R87” adlı məhsulundivanın istehsal mənşəyinin (Türkiyə Respublikası və ya yerli istehsal olduğu), eləcə də onda yaranmış qüsurların istehsal xarakterli və ya divandan düzgün istifadə olunmama nəticəsində yaranmasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir.

57. "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş MB17/0315 nömrəli, 15 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Loft Gold-Yumşaq-3 Yerlik-GL-R87” məhsul (divan) yerli istehsaldır. Həmin divanda yaranmış qüsurların divandan düzgün istifadə edilməməsi ilə bağlı yaranmışdır. Həmin qüsurlar nəticəsində divanın satış dəyəri 50-60 faiz aşağı düşür. Qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir.

58. Göründüyü kimi “Loft Gold-Yumşaq-3 Yerlik-GL-R87” məhsuldan - divandan düzgün istifadə edilməməsi nəticəsində məhsulda qüsurlar meydana gəlmişdir ki, bu zaman iddiaçının hər hansı təqsiri olmamışdır.

59. Bununla belə, təqdim edilmiş rəyə əsasən müəyyən edilmişdir ki, “Loft Gold- Yumşaq-3 Yerlik-GL-R87” məhsul – divan yerli istehsal olmuşdur.

60. Halbuki tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan məhsulun – Türkiyə istiehsalı olması göstərilmişdir. Təqdim edilmiş rəyə əsasən isə həmin məhsulun yerli istehsal olması müəyyən edilmişdir. Digər tərəfdən təqdim edilmiş rəyi şübhə altına alan hal isə müəyyən edilməmişdir.

61. Belə olan halda müəyyən edilir ki, tərəflər müqaviləyə əsasən Türkiyə istehsalı məhsulu satmağı razılaşdırsalar da, satıcı müqavilədə nəzərdə tutulan məhsulu alıcıya verməmişdir, bu isə alıcıya Mülki Məcəllənin 580.5-ci maddəsinin tələblərinə uyğun ödəmə etmək hüququ verir.

62. Mülki məcəllənin 580.5-ci maddəsinin tələbinə görə, əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir.

63. Hazırkı işin müəyyən olunmuş hallarından da görünür ki, bu hallar məhz qeyd olunan normanın dispozitiv şərtlərinin təsiri altına düşür. Belə ki, satıcı alıcıya Türkiyə istehsalı olan divan satmasına dair müqavilə öhdəliyi götürmüş, satılan malın qiyməti də buna müvafiq olaraq müəyyən olunmuş, lakin iddiaçı cavabdehə razılaşdırılmış divanı deyil, yerli istehsal olan divan, yəni başqa çeşiddə əşya vermişdir. Cavabdeh həmin divanı qəbul etmişdir ki, belə olan halda isə o, yerli istehsal olan divanın qiymətini ödəmək ixtiyarına malikdir. Cavabdeh eyni tipli yerli məhsulun – divanın qiymətinin ən yaxşı halda 600-800 manat olduğunu bildirmişdir, iddiaçı tərəf bu halı mübahisələndirməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya həmin əşyaya - divana görə 1235 manat ödəniş etmişdir.

64. Birinci instansiya məhkəməsi isə satıcının müqavilədə nəzərdə tutulan əşyanı alıcıya verməyə borclu olması barədə Mülki Məcəllənin tələblərinə əməl etməməsini nəzərə almamış, həmin halı yetərincə araşdırmamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

65. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf müqavilədə nəzərdə tutulan əşyanı deyil, başqa çeşidli əşyanı verdiyindən, cavabdeh isə ona verilmiş başqa çeşidli əşyanın real olan qiymətini ödədiyindən, onun hazırki iddiası təmin edilə bilməz. Nəticə:

66. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınaraq cavabehə verilməli və mütəxəssis rəyinin verilməsi verilməsi üçün 300 manat isə iddiaçıdan alınaraq "xxxx" MMC Qiymətləndirmə şirkətinə ödənilməlidir.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-dən alınaraq Cavabdeh verilsin. İddiaçı MMC-dən mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 300 (üç yüz) manat vəsait alınaraq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar