Məhkəmə qərarları › İş №2(103)-14838/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14838/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14838/2019 24.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Mehman Dursunovun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair 2(011)-4325/2019 saylı işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Satıcı İddiaçı (bundan sonra – iddiaçı) ilə alıcı Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, SUM6443 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı ümumi dəyəri 2250 manat olan əşyaları alıcıya verməyi, alıcı isə ilkin ödəniş etməyi və qalan məbləği 23 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə və onun tərkib hissəsi olan ödəniş cədvəlində malların dəyəri 2203 ABŞ dolları, ilkin ödəniş 189 ABŞ dolları, aylıq ödəniş 83 ABŞ dolları, sonuncu ödəniş isə 105 ABŞ dolları göstərilmişdir. Əşyaların cavabdehə təhvil verilməsi barədə qaimədə əşyaların ümumi dəyəri 2250 manat göstərilmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə hər dəfə 50 manat olmaqla cəmi 250 manat, xx.xx.2016-cı ildə 220 manat ödəniş edilmiş, iddiaçı tərəfindən həmin ödənişlər müvafiq günün kursuna uyğun olaraq ABŞ dolları ilə hesablanmaqla bütövlükdə cərimə borcuna silinmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014 ABŞ dolları əsas borc və 302 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2316 ABŞ dolları borcun və 20 manat dolları dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyib və tələb olunan məbləğdə borcu yaranıb. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2014 ABŞ dolları əsas və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2034 ABŞ dolları borcun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun 16,5 manatı iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icraya yönəldikdən sonra qətnamə barədə məlumatı olub. İddiaçı əsassız olaraq ona borc hesablayıb. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək və maliyyə arayışı təqdim edərək bildirdi ki, cavabdeh xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə hər dəfə 50 manat ödəyib, xx.xx.2016-cı ildə məhkəmə əmrinin icrası qaydasında əmək haqqında 220 manat tutulub. Həmin ödənişlər müvafiq günün kursuna uyğun olaraq ABŞ dolları ilə hesablanaraq cərimə borcuna silinib. Cavabdeh ötən dövr ərzində başqa heç bir ödəniş etməyib, halbuki iddiaçıya ünvanlandığı ərizəsində borcunu etiraf edib və ödəyəcəyinə söz verib. Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamış, məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar iştirak edə bilməyəcəyini qeyd etmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin hallarını, cavabdehin həqiqətən üzrlü səbəblərdən iştirak etmədiyi barədə sübutlar təqdim etmədiyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən tələb edilən 2014 ABŞ dolları əsas borc və azaldılmış 20 ABŞ dolları cərimə borcu manata uyğun məzənnə nəzərə alınmaqla iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). İddiaçı cavabdehdən ona nisyə satdığı malın qalıq dəyərini və dəbbə pulu tələb edir. Cavabdeh isə malın dəyərini tam ödədiyini bildirir. Tərəflər arasında bağlanmış müqavilədə və ödəniş cədvəlində satılan əşyaların qiyməti və aylıq ödənişlər ABŞ dolları ilə göstərilmişdir. Kollegiya hesab edir ki, iddiaçının cavabdehdən borcunu ABŞ dolları ilə tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Baxılan iş üzrə iddiaçı xarici hüquqi şəxs deyil və onunla bağlanmış alqı-satqı müqaviləsi üzrə borclunun pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Beləliklə, alqı-satqı müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlinin ABŞ dolları ilə bağlı müddəaları özü-özlüyündə etibarsız şərtlərdir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd olunanlara əsasən tərəflər arasında alqı-satqı münasibətləri üzrə əşyanın qalıq dəyəri və cərimə məbləği manatla qəbul edilməli və borc məbləği də manatla hesablanmalıdır. Yaranmış borcun məbləğinə münasibətdə, həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında alğı-satqı predmeti olmuş əşyaların təhvil verilməsi barədə qaimədə əşyaların qiymətlə manatla – ümumilikdə 2250 manat göstərilmişdir. Cavabdeh iddiaçıya 189 ABŞ dolları ilkin ödəniş etmiş, həmin məbləğ ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq (189x1,0487=198,20) 198,20 manat təşkil etmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi arayışa və nümayəndənin izahatına əsasən xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə hər dəfə 50 manat olmaqla cəmi 250 manat ödəniş etmiş, xx.xx.2016-cı ildə iddiaçının əmək haqqından 220 manat tutulmuşdur. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, cavabdeh müqavilə üzrə (198,20+250+220=668,20) cəmi 668,20 manat ödəniş etmişdir. Kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qanun normasının mətnindən göründüyü kimi, həmin maddədə ödənilmiş pul məbləğinin ilk növbədə dəbbə puluna hesablanması qaydası nəzərdə tutulmamışdır. Eyni zamanda həmin normada nəzərdə tutulan “xərclər” anlayışına dəbbə pulunun da daxil edilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə tərəflər arasında müqavilə üzrə faizlərin ödənilməsi şərtləşdirilmədiyindən bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əsas öhdəliyin hesabına daxil edilməli, nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya qalıq borcu (2250-668,2=1581,8) 1581,8 manat müəyyən edilməlidir. Eyni zamanda Məhkəmə kollegiyası tələb olunan dəbbə pulunu tənasübsüz surətdə yüksək qiymətləndirir və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmin məbləğin 20 manat azaldılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə əsasən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı və rüsumun çatmayan 10 manat hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4325/2019 saylı iş üzrə xx xxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1581,80 manat qalıq borcu, 20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, cəmi 1611 (min altı yüz on bir) manat 80 (səksən) qəpik pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun çatışmayan 10 (on) manat hissəsi Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar