Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-149/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(002)-1638/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə X7 qeyri-rəsmi nikah münasibətlərində olmuş, faktiki nikah münasibətlərindən 05 iyul 2014-cü il təvəllüdlü X8 doğulmuşdur.
2. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən 10 yanvar 2015-ci il tarixli çıxarışa əsasən X4 mülkiyyətində olmuşdur.
3. 09 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 həmin mənzili bacısı İddiaçı bağışlamışdır.
4. Daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2017-ci il tarixli çıxarışa əsasən həmin mənzil İddiaçı mülkiyyətindədir.
5. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2(103)-3318/2018 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(002)- 818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilmiş, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2014-cü il təvəllüdlü azyaşlı övladı X8 ilə birlkdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilindən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququ vardır. Hal-hazırda cavabdeh azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşadığına görə iddiaçı öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Buna görə də Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq cavabdehə kompensasiya ödəməklə onun mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
8. İddia tələbi Mülki Məcəllənin 152.1 və 228.2-ci maddələri ilə əsaslandırılmışdır.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1638/2020 saylı iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X2)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği cavabdehin mənzildən istifadə hüququnun itirilməsi müqabilində yetərli olmadığından, iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq ona 6000 manat məbləğində kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğdə kompensasiya cavabdehin azı iki il ərzində mənzil ehtiyaclarını qarşılamaq üçün yetərlidir. Buna görə də məhkəmədən qətnamənin ləğv edilib həmin məbləğdə kompensasiya müqabilində cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
16. Cavabdeh izahatında həmin mənzilin əldə olunmasına xeyli miqdarda vəsait sərf etdiyinə görə mənzilin ona məxsus olduğunu, həmin mənzilin Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Xəzər dənizi ilə üzbəüz yerləşdiyini və mənzilin onun yeganə yaşayış yeri olduğunu bildirərək iddiaçı tərəfindən ona 50000 manat məbləğində kompensasiya ödəniləcəyi təqdirdə mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirdi və məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları :
«R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və dəyişdirilməsinə əsas yoxdur.
20. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili İddiaçı mülkiyyətində olmaqla, Cavabdeh həmin mənzildən istifadə hüququ vardır.
21. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın qiymətləndirilməsi barədə 19 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilin həmin tarixə bazar dəyəri 78000 manat, aylıq icarə dəyəri isə 200-250 manat təşkil edir.
22. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 21 sentyabr 2022-ci il tarixli mütəxəssis arayışına əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Leninqrad layihəli 3 otaqlı mənzilin kirayə haqqı 400-450 manat təşkil edir.
23. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində oxşar şəraitli mənzillərin kirayə qiymətlərinin yerindən, təmirindən və şəraitindən asılı olaraq 250-450 manat məbləğində olması barədə internet məlumatlarını nəzərə alaraq, məhkəmə kollegiyası Cavabdeh 3 il ərzində oxşar şəraitdə mənzil ehtiyaclarını ödəmək üçün ayda 400 manat, 3 ildə isə təxminən yuvarlaq olaraq 15000 manat (400x12)x3=14400) məbləğində pul tələb olunması qənaətinə gəlmiş və cavabdehə 15000 manat məbləğində kompensasiya ödəməyi iddiaçıya təklif etmişdir. İddiaçı tərəf təklif olunan kompensasiya məbləğinin ağlabatan olmadığını bildirərək cavabdehə bu məbləğdə kompensasiya verilməsinə razı olmadığını bildirmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh həmin mənzilə istifadə hüququnun müvafiq məhkəmə qətnaməsi əsasında tanınmasını, cavabdehin həmin mənzildə 2014-cü ildən hal-hazırkı dövrə qədər fasiləsiz olaraq azyaşlı uşağı ilə birlikdə yaşamasını, həmin mənzilin cavabdehin yeganə yaşayış yeri olmasını, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərli olmamasını, məhkəmə tərəfindən təklif olunan ağlabatan məbləğdə---15000 manat kompensasiyanı ödəməyə iddiaçının ödəməyə razı olmadığını nəzərə alaraq, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1638/2020 saylı mülki iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apelyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.