Məhkəmə qərarları › İş №2(103)-1492/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1492/2023

01.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1492/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X5 və Axundov Yusif Abbas oğlu cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1492/2023 (Açar sözlər: miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Bakı şəhəri 01 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin oğlu və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X6, onların nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X5 və X10 cəlb edilməklə) qarşı “miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli e-2(011)-4851/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X10 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzili xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 miras əmlak olaraq vərəsələri İddiaçı, X5, X9 və X8 qalmışdır. Onlardan İddiaçı anası X2 vəsiyyətnamə üzrə vərəsəsi olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixli vəsiyyətnamə ilə X7 ölən günədək bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən mübahisəli Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilinin 5/8 hissəsinə dair İddiaçı həm vəsiyyətnamə üzrə, həm də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X3 isə 1/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mənzilin qalan 2/8 hissəsinə dair digər vərəsələr tərəfindən notariat ofisinə müraciət edilmədiyindən, həmin paylar açıq qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilin vərəsəlik üzrə qəbul edilməmiş 2/8 hissəsinə aid hissədə miras əmlakın ona (İddiaçı) verilməsi üçün 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX № ******* saylı çıxarışına əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin 5/8 hissəsi iddiaçıya məxsusdur. Belə ki, iddiaçının mərhum anası (X7) Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzili iddiaçıya (İddiaçı) vəsiyyət etmişdir. Vəsiyyətnaməyə əsasən 2016-cı ildə 2 saylı Bakı Cavabdeh2 Notariat Ofisində vərəsəlik işi açılmış və miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin 5/8 hissəsi iddiaçıya paylı mülkiyyət olaraq verilmişdir. 1/8 hissə iddiaçının qardaşı X3 və 2/8 hissə isə qəbul edilməmiş qalmışdır. Qəbul edilməmiş 2/8 hissə üzrə heç kim miras payını qəbul etməmişdir. X10 və X9 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilində qeydiyyatda olmaqlarına baxmayaraq uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Yəni onların qeydiyyatı formal xarakter daşıyır belə ki, onların faktiki yaşayış yeri başqa ünvandır. X10 və X9 miras payın qəbul edilməsi müddətini ötürmüşdür. Belə ki, onlar miras payın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Bundan başqa, onların miras əmlaka sahibliyindən isə ümumiyyətlə söhbət getmir. İddiaçı 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilinin qəbul edilməmiş 2/8 hissəsinin qəbul edilməsini və buna uyğun olaraq vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinin məktubuna əsasən açıq qalmış vərəsəlik payının iddiaçıya verilməsindən imtina edilmişdir.

4. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilə dair açıq qalmış 2/8 hissəsinə aid hissəsinə vərəsəlik hüququnun tanınması və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamənin qəbul edilməsinin xahiş etmişdir

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4851/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilin 2/8 hissəsinə dair İddiaçı vərəsəlik hüququnun tanınması və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilinin 2/8 hissəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1, 1166, 1193, 102.2, 1243.1, 1243.2, 1246, 1248.1, 1273-1, 1262-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X10 birgə apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Apellyasiya onunla əsaslandırılmışlar ki, onlar mübahisə predmeti olan mənzildə faktiki olaraq yaşayırlar və bu hal da təsdiq edir ki, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Əlavə olaraq kommunal və digər xərclər də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X9 və X10 tərəfindən müştərək olaraq qarşılanmışdır. Məhkəmə iclasında bu halı şifahi olaraq bildirsələr də, məhkəmə bununla bağlı sənədləri tələb etməmişdir. Məhkəmə öz qətnaməsində göstərir ki, üçüncü şəxslər həmin ünvanda yaşamamışdır. Lakin bu faktı təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Əlavə olaraq şəxslərin miras əmlakında qeydiyyatda olması faktı da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq iş üzrə məhkəmə aidiyyəti qaydaları pozulmuş, işə inzibati məhkəmə icraatında baxılmalıdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq göstərdi ki, o, mübahisəli evin bir otağı uzun müddədir ki, yəni anaları rəhmətə getməmişdən qabaq indiyə kimi onun sahibliyində və istifadəsindədir, otağının açarı yalnız ondadır, əvvəldən indiyə kimi mütəmadi olaraq ora gedir-gəlir, hərdən qalır və istədiyi kimi istifadə edir.

11. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq o da göstərdi ki, o, mübahisəli evin digər bir otağı uzun müddədir ki, yəni anaları rəhmətə getməmişdən qabaq indiyə kimi onun sahibliyində və istifadəsindədir, onun otağının açarı yalnız ondadır, əvvəldən indiyə kimi mütəmadi olaraq ora gedir-gəlir, hərdən qalır və istədiyi kimi istifadə edir.

12. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yusif Axundov və Fətəli Axundovun nümayəndəsi-vəkili müdafiə etdiyi şəxslərin izahatlarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin qeyd etdi ki, işin hallarından aydın şəkildə müəyyən olunur ki, apelyatorlar miras əmlakı faktiki qəbul etmişlər.

13. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər. Eyni zamanda iddiaçı etiraf etmişdir ki, mənzilin bir otağı əvvəldən indiyə kimi Axundov Yusifin, digər bir otağı isə Axundov Fətəlinin sahibliyində və istifadələrindədir, otaqların açarları əvvəldən indiyə kimi ancaq özlərindədir, mənzilin açarı isə hər birisində var.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası prosesə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

16. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

17. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

18. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

19. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

20. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər

21. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

22. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

30. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilə dair miras qoyan Əminə Axundova tərəfindən hələ sağlığında, 2009-cu ildə vəsiyyətnamə tərtib edilərək, ölən günədək ona məxsus olan daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etdiyindən, digər vərəsələr olan mərhumun uşaqları X9 və X6 miras əmlakda məcburi payları Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə əsasən, hər birinin 1/8 hissədə açıq saxlanılmışdır. Məcburi pay hüququ olan vərəsələrdən yalnız Musacəlil Axundov qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş və ona müvafiq şəhadətnamə verilmişdir. Əmlakın 5/8 hissəsinə dair isə iddiaçıya vərəsəlik hüququnun müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Miras əmlakın açıq qalan 2/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Əminə Axundovanın digər vərəsələri olan uşaqları X9 və X10 qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət edilməmişlər, həmin müddəti ötürmüşlər və həmçinin belə müddətin ötürülməsi məhkəmə tərəfindən üzrlü sayılmamışdır. Bundan başqa, onların mənzilin 2/8 hissəsinə faktiki sahiblik etmələri, əmlakı idarə etmələri və mirası qəbul etdiklərini şəksiz nümayiş etmələri işin hər hansı halı və mötəbər sübutu ilə müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında üçüncü şəxslər X9 və X10 öz izahatlarında bildirmişdirlər ki, onların anaları vəfat etməmişdən əvvəl və miras açıldığdan sonra onlar faktiki digər ünvanlarda öz ailələri ilə birlikdə yaşamışdırlar və onlar miras əmlakdan hər hansı bir əmlakı qəbul etməmişdirlər.

31. Aşağıdakı səbəblərdən kollegiya birinci instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, göstərilən vərəsələr (qardaşları) miras əmlak olan ünvanda qeydiyyatda olduqları üçün faktiki mirası qəbul etmişdir. İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

33. X7 ilə İddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gününədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı vəsiyyət etmişdir.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 nömrəli mənzilin 5/8 hissəsi üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışdan görünür ki, mənzilin 1/8 hissəsi X3 məxsusdur və 2/8 hissəsi isə açıq qalmışdır.

35. Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X10 və X9 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilində qeydiyyatdadırlar.

36. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

39. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

40. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X2 digər vərəsələri X9 və X10, ondan miras qalmış Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilin (mənzil 5 otaqlıdır) 2 otağından, yəni ayrılıqda hərəsi bir otaqdan uzun müddətdir - anaları rəhmətə getməmişdən qabaq indiyə kimi istifadə edir, otaqlar müvafiq olaraq onların sahibliyində və istifadəsindədir, mənzilin və otaqların açarları onlardadır, əvvəldən indiyə kimi mütəmadi olaraq ora gedib-gəlirlər, qalırlar və istədiyi kimi istifadə edirlər.

41. Başqa sözlə, işin hallarından müəyyən olunur ki, X9 və X10 analarından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər.

42. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin, 16 saylı mənzilin 2/8 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması əsassızdır.

43. Bununla yanaşı işə inzibati icraatda baxılması ilə bağlı apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir və qeyd edir ki, hazırki mübahisəyə inzibati icraat qaydasında baxılması üçün hər hansı bir əsas mövcud deyil.

43. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4851/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar