Məhkəmə qərarları › İş №2(103)-1493/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1493/2023

12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1493/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmişdir. İddiaçı adına açılmış **********00135 saylı abonent saldosundan abonentin 5784,88 manat məbləğində borcun hesablandığı görünür.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanda yerləşən evinə (kod: **********0135) hesablanmış 5.784,88 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və arada o, ailəsi ilə birlikdə yaşayır. Həmin evdə daimi yaşayış olmamışdır. 2022-ci ilin aprel ayında evinə gəldikdə qapıda təbii qazdan istifadəyə görə 5.900,58 manat borcun olmasına dair bildirişi görmüşdür. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirmişlər ki, guya iddiaçı tərəfindən 2019-cu ilin mart ayından 2022-ci ilin aprel ayınadək, təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunmuşdur və bu səbəbdən ona ümumilikdə 5.7844,88 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmişdir. Yazılmış cərimələrlə bağlı sənədləri istəsə də, ona yalnız ilk və sonuncu aktlar verilmişdir. Abonent saldosuna baxdıqda müəyyən olunur ki, ona 29 ay ərzində aktlar tərtib edilərək cərimələr hesablanmışdır. Cavabdehin saxtakarlığını hesablanan cərimələrin məbləğlərindən də rahatlıqla görmək olar. Belə ki, abonent saldosundan da göründüyü kimi cavabdeh 2019-cu il ərzində aylıq 32,40 manat hesablamış, lakin növbəti ildə həmin aylar üzrə hər ay üçün 194,40 manat məbləğində cərimə hesablamaq qərarına gəlmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları iddiaçının bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş saxta aktlar kim tərəfindən və nə zaman tərtib edildiyindən məlumatları olmamışdır. Digər tərəfdən aktın özünə baxdıqda belə məlum olur ki, cavabdeh saxtakarlığa yol vermiş və həqiqətə uyğun olmayan halı əsas gətirərək iddiaçıya cərimə hesablamışdır. Digər tərəfdən aktda qeyd edilən hesablama qaydası hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Cavabdeh təşkilat öz mülahizəsinə uyğun heç bir qanuna əsaslanmadan əsassız borc hesablamışdır. Aktlara baxdıqda artıq saxtakarlığı açıq görmək olur. Bu cür aktlar tərtib edilərkən iddiaçı və ya hər-hansı hal şahidinin iştirakı təmin edilməli idi. Göründüyü kimi cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini gizlətmək üçün iddiaçıya və ya digər ailə üzvlərinə məlumat vermədən saxta aktlar tərtib etmişlər.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 5.784,88 manat məbləğində borc silinməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla qanunsuz qoşulmaqla yaşadığı Yasamal rayonu, Qanlı göl qəsəbəsi, Qərb sahili, yaşayış massivi ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, təbii qazdan ayrı-ayrı vaxtlarda qanunsuz istifadə etməklə Cavabdeh İB-yə maddi zərər vurmuşdur. Qazpaylayıcı Cavabdeh İB-yə maddi zərər vurmuş borclu İddiaçı təqsirli hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyır, bu səbəbdən də cavabdeh təşkilat olan qazpaylayıcı Cavabdeh İB-yə vurmuş olduğu maddi zərərin əvəzini ödəməyə borcludur. Qaydaların 6.5-ci maddəsinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı (Azəriqaz) 1)qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla 2)qazın verilməsini dayandırmalı və 3)dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Xətai Rayon Məhkəməsi iddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən kənarda saxlamış, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulmaq kimi onda motivasiya və stimul yaratmışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, qeyd etdiyi ünvanda daimi yaşayış olmamışdır və 2022ci ilin aprel ayında evinə gəldikdə təbii qazdan istifadəyə görə 5900,58 manat bocununun olmasına dair bildiriş görmüşdür. QEYD: İddiaçının adına qeydiyyata alınmış abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəf 2020-ci ilin aprel ayından öncə həmin evdə yaşamış və hətta 05/2020-ci il tarixindən 11/2020-ci il tarixinə kimi qaz sayğacı üzrə istifadə etdiyi təbii qaz sərfiyyatına görə 205,70 manat məbləği həcmində təbii qaz istehlak etmiş, bunun müqabilində 10/2020-ci il tarixində 90 manat ödəniş etmişdir. İddiaçı tərəfin ona məxsus fərdi yaşayış evinin giriş qapısı yaxınlığından təbii qaz xəttinə küstar üsulla özbaşına qoşulması faktı Cavabdeh İB əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərlə lentə alınmışdır. İddiaçı tərəf mülki işə əlavə olunmuş həmin fotoşəkillərin ona məxsus olmasını təkzib və inkar etməmiş, fotoşəkillərdə göstərilən fərdi yaşayış evinin ona məxsus olmasını qəbul etmişdir. İddiaçıya məxsus ünvana qaz sayğacı xx.xx.2020-ci il tarixində quraşdırılmışdır. xx.xx.2020-ci il tarixə qədər iddiaçı tərəf, ona məxsus fərdi yaşayış evinin yaxınlığından keçən ümumi qazpaylayıcı küçə qaz xəttinə küstar üsulla qoşulmaqla fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, qaz sayğacı olmadan qazdan qanunsuz istifadə etmişdir və barəsində 14 ədəd akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçıya məxsus ünvana qaz sayğacı quraşdırıldıqdan sonra isə, 05/2020-ci il tarixindən 11/2020-ci il tarixinə kimi iddiaçı tərəf ona məxsus ünvanda qaz sayğacından istifadə etməklə təbii qaz istehlak etmişdir. 01/2021-ci il tarixindən sonra isə iddiaçı tərəf 03/2022-ci il tarixinə kimi ünvanında yenidən qazdan qanunsuz istifadə etmiş, həmin müddətdə qaz sayğacından istifadə etməmiş və qazdan qanunsuz istifadəsinə görə barəsində 15 ədəd akt tərtib edilmişdir. Nəzərə alsaq ki, iddiaçının qaz xəttinə sonuncu dəfə qanunsuz qoşulması 03/2022-ci il tarixində Cavabdeh İB tərəfindən tam aradan qaldırılmış və 03/2022-ci il tarixindən sonra iddiaçı qazdan qanunsuz istifadə etməmişdir, iddiaçının məhkəməyə müraciət etdiyi 06/2022-ci il tarixindən sonra məhkəmənin həmin ünvanda iddiaçının qazdan qanunsuz istifadə etməməsini müəyyən etməsi mümkün haldır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, iddia tələbini müdafiə edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi çoxdan alıb, ailəsi Bərdədə yaşayır, özü də çox vaxt dənizdə olur; dənizdə işləyir, orda vaqonda yaşayır; evdə yaşamır, arada gəlib baş çəkirmiş; evi söküntü zonasında yerləşdiyi üçün 2022-ci ildə sökülüb; evə baş çəkəndə görüb ki, sayğac yoxdur, polisə məlumat verib; polis gəlib baxış keçirib lakin bununla bağlı heç bir akt tərtib edilməyib.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş edir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun

17. 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

“Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun

18.13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 19.Həmin maddənin 9-cu bəndinə görə, fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.6, 4.7 və 4.8-ci bəndlərinə görə, Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 22.X1, X6, X7 və X4 tərəfindən imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı təxminən 2020-ci ilin ortalarından 2022-ci ilin yanvar ayına (söküntüyə) qədər ailə vəziyyəti ilə əlaqədar göstərilən ünvanda yaşamayıb, yalnəz ara-sıra gəlib getmişdir. Evində qaz sayğacının həmin yaşamadığı müddət ərzində oğurlandığını onlar bildirmişlər. İddiaçı öz evində yaşamadığını və sayğacın oğurlanmasını təsdiq edirlər

23. İş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktı müvafiq aktlarla rəsmiləşdirilmiş, İddiaçı adına açılmış **********00135 saylı abonent kodu üzrə 5784,88 manat məbləğində borc hesablanmışdır.

24. İddiaçının məhkəmədə verdiyi izahatdan və təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktdan göründüyü kimi, o, iddia ərizəsində qeyd edilən ünvanda daimi yaşamadığına, quraşdırılmış qaz sayğacının oğurlandığına, bununla bağlı polisə müraciət etdiyinə, hazırda isə evin söküldüyünə istinad edir.

25. Birinci instansiya məhkəməsi tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulmanın mövcud olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. Lakin iddiaçıya məxsus ev söküldüyündən təyin edilmiş ekspertizalar üzrə tədqiqatların aparılması mümkün olmamışdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndində fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

27. Bu mənada kollegiya hesab edir ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma faktını sübut etmək yükünü cavabdeh daşıyır. Aparılmış araşdırmalarla da cavabdeh tərəfindən 2019-2022-ci illər üzrə hesablanmış borcun təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində yaranması öz təsdiqini tapmamışdır.

28. Belə ki, cavabdeh tərəf iddiaya etirazın və apellyasiya şikayətində qeyd edilən dəlillərin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə 2019-cu ildən 2022-ci ilədək keçən müddət ərzində iddiaçıya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulmağa görə mütəmadi olaraq tərtib edilən aktları (cavabdeh ünvan üzrə 14 aktın tərtib olunmasına istinad etsə də məhkəməyə cəmi 7 aktı təqdim etmişdir) təqdim etməklə kifayətlənmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmuş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması təsdiq edilmədiyindən, bununla da cavabdeh tərəfindən iddiaçıya bu əsasla 5784,88 manat borc hesablaması qanunsuz olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4230/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar