Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-150/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və ‘’Aqana Servis‘’ Məhdud Məsuliyyətli Cəmiyyətində qarşı ‘’müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2019-cu il tarixli qətnamədən iş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Mərkəzi Bankının və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxslər olan Mərkəzi Bankının nümayəndəsi X1 və üçüncü şəxs olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış 02.12.2011-ci il tarixli “Mənzil tikintisi və alğı-satqısına dair müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında 15.01.2010-cu il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı, cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, L.İmanov küçəsi ünvanında yerləşən və inşa etdiyi 5 nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini 4.500.000 manata MMC-dən almışdır. Müqavilənin dəyərini hissə-hissə olmaqla 31.03.2011-ci il tarixədək ödəyib və bundan sonra həmin əmlaka görə şirkətə hər hansı borcunun olmaması barədə MMC tərəfindən iddiaçıya 02/04 nömrəli “Maliyyə arayışı” verilmişdir. Qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə əlaqədar bütün danışıqlar MMC-nin direktoru (iş üzrə cavabdeh) Cavabdeh1 ilə iddiaçı arasında aparılmış, sənədləşmə işləri Cavabdeh1 tərəfindən həyata keçirilmiş, müqaviləni və maliyyə arayışını MMC-nin adından Cavabdeh1 imzalayaraq ödənişləri iddiaçıdan qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi qeyri-yaşayış sahəsi iddiaçının sahibliyində olmuşdur. 2016-cı ilin yay aylarından etibarən iddiaçı həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağa başlamışdır. Təmir işləri 2017-ci ilin dekabr ayında başa çatmış və iddiaçı obyektin təmirinə külli miqdarda vəsait xərcləmişdir. Obyekt istifadəyə verildiyi gündən bu günə kimi restoran kimi fəaliyyət göstərmişdir. MMC ilə iddiaçının arasında olan razılaşmalara əsasən qeyri-yaşayış sahəsinin sənədləşmə işləri cavabdeh MMC tərəfindən həyata keçirilməli, bina istismara qəbul edildikdən sonra bu barədə iddiaçıya müvafiq sənədlər təqdim edilməli və bundan sonra iddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq “Çıxarış” almalı idi. İddiaçı bununla əlaqədar olaraq Cavabdeh1lə dəfələrlə əlaqə saxlasa da Cavabdeh1 MMC-nin kifayət qədər pul vəsaitinin olmadığı və bu səbəbdən binanın istismara qəbul edilməsinin hələki mümkün olmadığını iddiaçıya bildirmiş və söz vermişdir ki, bu məsələ tezliklə həll ediləcək. 2018-ci ilin aprel ayında (hazırki iş üzrə üçüncü şəxs olan) Cavabdeh2 ASC-nin (bundan sonra – Bank) əməkdaşları sözügedən qeyri-yaşayış sahəsinə gələrək obyektə baxış keçirmək istədiklərini bildirmişdir. İddiaçı isə əmlakın ona məxsus olduğunu onlara bildirmiş, buna görə də obyektə baxış keçirilməsinə etiraz etmişdir. Həmin şəxslər isə iddiaçıya bildirmişlər ki, onların əlində olan sənədlərə əsasən bu əmlak iddiaçıya yox, Cavabdeh1 məxsusdur və Cavabdeh1 tərəfindən bu əmlak Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə iddiaçı dərhal bu məsələyə aydınlıq gətirmək üçün MMC-nin direktoru Cavabdeh1 ilə əlaqə saxlamış, Cavabdeh1 hər şeyi iddiaçıya etiraf edərək bildirmişdir ki, onun yüksək məbləğdə pula ehtiyacı olub və o, məcburiyyət qarşısında qalaraq qeyri-yaşayış sahəsini öz adına rəsmiləşdirərək qeyri-yaşayış sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və Bankdan yüksək məbləğdə kredit götürməyə nail olmuşdur. Bu danışıqların sonunda isə Cavabdeh1 iddiaçıya söz vermişdir ki, qısa müddət ərzində krediti Banka ödəyib borcu bağlayacaq və obyekti girovdan çıxaracaq. Lakin 2018ci ilin noyabr ayında yenidən Qiymətləndirmə Şirkətinin əməkdaşları obyektə gələrək əmlaka baxış keçirmək istəmişlər. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 Banka olan borcu hələ də ödəməmiş, hətta Bank buna görə məhkəməyə də müraciət etmişdir. Cavabdeh1 tərəfindən bu qanunsuzluqlar aradan qaldırılmadığına görə iddiaçı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. MMC ilə Cavabdeh1 arasında mübahisəli qeyri-yaşayış sahəsində dair bağlanmış 02.12.2011-ci il tarixli “Alğı-satqı müqavilə” etibarsız əqddir. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli müqavilənin etibarsız əqd olmasını təsdiq edən hallardan biri də həmin müqaviləni formal olaraq hər iki tərəfdən eyni şəxsin (Cavabdeh1) imzalaması və real bazar dəyəri 4.500.000 manat olan əmlakın qiymətinin mübahisələndirilən müqavilədə 367.000 manat göstərilməsidir. Göstərilənlər ilə yanaşı nəzərə alınmalıdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 02.10.2013-cü il tarixli, ******* seriya nömrəli “Çıxarışın” alınmasına əsas olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2013cü il tarixli (İş № 2-1(82)-2370/2013) qərarı (hazırki iş üzrə iddiaçı) İddiaçı şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2018-ci il tarixli qərarı (İş № 2-1(102)-2688/2018) ilə ləğv edilmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 22.05.2019-cu il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməsini qət etmişdir. İş üzrə üçüncü şəxslər qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. İş üzrə üçüncü şəxs olan Cavabdeh2 ASC-nin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 ASC ilə (hazırki iş üzrə tərəf olmayan) X5 arasında bağlanmış 11.10.2013-cü il tarixli, 161/MB-KM-0013 saylı “Kredit müqaviləsinə” əsasən, ona illik 6.25%-lə, 24 ay müddətinə, 2.500.000 manat məbləğində kredit verilmiş, təminatı olaraq 11.10.2013-cü il tarixli, 161/MB- SİM1-0013 saylı Sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Yasamal r-nu, 558- 566-cı məhəllə, X7 küçəsi 5 ünvanında olan binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 835.7 kv.m. olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir (Çıxarış: seriya RX, nömrə 0277095). Qeyd olunan qeyri-yaşayış sahəsi Bank tərəfindən yüklü edilməmişdən əvvəl 10.10.2013-cü il tarixli İB013-1545/2 saylı ipoteka müqaviləsi əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbindən Azad Nağıyev tərəfindən Cavabdeh2 ASC-yə qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyriyaşayış sahələrinin boşaldılması tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. İşə Rayon Məhkəməsində baxılan zaman 29.09.2016-cı il tarixli monitorinq aktı təqdim edilmiş və iddiaçının əqdin mübahisələndirilməsi hüququnun həmin andan tanınması və Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin hesablanmasını məhkəmədən xahiş edilmişdir. Belə ki, həmin tarixdə əmlakın monitorinqi aparılmış, foto şəkillər çəkilmişdir. Həmin vaxtı aparılmış monitorinqdən, foto çəkilişlərdən iddiaçının məlumatsız olması inandırıcı deyil. Buna görə də hesab edilməlidir ki, iddiaçı 29.09.2016-cı il tarixdən iddia etdiyi hüquqlarının pozulmasından məlumatlı olmuş, lakin uzun müddət məhkəməyə müraciət etməmişdir. İş üzrə üçüncü şəxs olan Mərkəzi Bankının iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 07.10.2013-cü il tarixli, KB013-1545 nömrəli “Kredit müqaviləsi” üzrə Mərkəzi Bank tərəfindən “X14” ASC-yə (hazırki Cavabdeh2 ASC) 718 gün müddətinə, illik 5.25% ödəməklə 2.500.000 manat məbləğində kredit verilmişdir. Əsas borcun 25.09.2015-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. 24.09.2015-ci il tarixdə “Kredit müqaviləsinə” əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi 19.09.2016cı il tarixədək uzadılmış, kreditdən istifadəyə görə illik faiz 3.7% müəyyən edilmiş, kredit üzrə əsas borcun 2015-cı ilin aprel ayının sonundan başlayaraq hər ay bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmin “Kredit müqaviləsinin” təminatı qismində Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus mübahisəli qeyri-yaşayış sahəsi barəsində 10.10.2013-cü il tarixli, İB013-1545/2 nömrəli “İpoteka müqaviləsi” bağlanmışdır. Müqavilə qanunvericiliyə müvafiq qaydada notarius tərəfindən təsdiq edilmiş və ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır (İpoteka yüklülüyünə dair Çıxarış: Seriya RX, nömrə 0268630). Həmin əmlak üzrə Cavabdeh2 ASC ipoteka saxlayan olduğundan Bank iddiaçı olaraq cavabdehlər Cavabdeh1 və qeydlərinə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın sonrakı ipoteka predmetlərinə yönəldilməsi və qeyri-yaşayış sahələrinin boşaldılması” tələbi barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, Mərkəzi Bank isə ipoteka predmetləri barədə ilkin ipoteka saxlayan olduğundan müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmuşdur. İş hazırda həmin məhkəmənin icraatındadır və hazırda icraat dayandırılmışdır. Bundan başqa, üçüncü şəxslərin vicdanlı əldə edən olması nəzərə alınmalı və onların hüquqları qorunmalıdır. Çünki üçüncü şəxslər mübahisəli əmlakla bağlı dövlət reyestrindəki qeydə əsaslanaraq hərəkət etmişlər. Üçüncü şəxs olan Mərkəzi Bankının və Cavabdeh2 ASC-nin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətlərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, 1 illik müddətinin keçməsi barədə Cavabdeh2 ASC-nin dəlili əsassızdır. Belə ki, Bank həmin dəlili onunla əsaslandırır ki, Bankın əməkdaşları 2016-cı ildə həmin əmlaka baxış keçoirmiş, monitorinqini aparmış, fotoşəkillər çəkmişdir. Bu hərəkətlərdən iddiaçının məlumatsız olmaması mümkün deyil. Lakin bununla bağlı bildirir ki, iddiaçı həmin əmlakı təmirsiz vəziyyətdə almış və uzun müddət də həmin əmlak təmirsiz qalmışdır. Həmin tarixlərdə də iddiaçı ora gəlib-getməmişdir. Bankın əməkdaşlarının baxış keçirməsindən heç bir məlumatı olmayıb. Ümumiyyətlə Bank iddiaçının məlumatlı olmasına dair heç bir sübut da təqdim etmir. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 15.01.2010-cu il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, L.İmanov küçəsi ünvanında inşa edilən, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 864 m2 qeyri –yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği MMC-yə vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı qeyri–yaşayış sahəsinin ümumi qiymətinin 30% məbləğində ilkin ödənişini müqavilə bağlandığı tarixdə həyata keçirib. Məbləğin qalan hissəsini isə iddiaçı həmin ayın 20-30 arasında bərabər hissələrlə MMCyə ödəməyi öhdəsinə götürüb. Son haqq-hesab tikintinin son mərhələsinin başa çatdıqdan sonra 10 gündən gec olmadan həyata keçirilməlidir. Cavabdeh MMC tərəfindən verilmiş 31.03.2011-ci il tarixli "xxxx" görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə görə iddiaçının cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Cavabdeh1 ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış 02.12.2011-ci il tarixli müqavilədən görünür ki, MMC (mübahisəli) qeyri–yaşayış sahəsini Cavabdeh1 verməyi, Cavabdeh1 isə həmin sahəni qəbul etməyi və şərtləşdirilmiş 367.000 manat məbləği MMC-yə vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı qeyri–yaşayış sahəsinin ümumi qiymətinin 30% məbləğində ilkin ödənişini müqavilə bağlandığı tarixdə həyata keçirib. Məbləğin qalan hissəsini isə iddiaçı həmin ayın 20-30 arasında bərabər hissələrlə MMC-yə ödəməyi öhdəsinə götürüb. Son haqq-hesab tikintinin son mərhələsinin başa çatdıqdan sonra 10 gündən gec olmadan həyata keçirilməlidir. MMC tərəfindən verilmiş 27.11.2012-ci il tarixli "xxxx" görünür ki, mübahisəli qeyriyaşayış sahəsinə görə Cavabdeh1 MMC-yə borcu yoxdur. Rəsmi sənədlərə bilə-bilə saxta məlumatlar daxil etmək və xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlüklər əldə edilməsi faktı və digər faktlar ilə bağlı X5 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X3 isə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair tərtib edilmiş, 30.05.2019-cu il tarixdə müvafiq prokuror tərəfindən təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2. 308.2 və 313cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2019-cu ilin fevral ayının 1-dək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Həmin MMC-nin təsisçiləri özü və qaynı Azad Nağıyev olmuşlar. "xxxx" MMC-nin ünvan 2 ünvanında çoxmənzilli yaşayış binası var. Azad Nağıyev eyni zamanda "xxxx" MTK-nın təsisçisi və faktiki sahibidir. 2011-ci ildə "xxxx" MMC tərəfindən tikilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 864 m2 sahəli qeyriyaşayış sahəsini satışa çıxarmışlar. Rasim Kərimov adlı şəxs qeyd edilən 864 m2 sahəli qeyri-yaşayış sahəsini satmaq barədə Rasimə fikirlərini bildirdikdə sonuncu həmin obyekti almaq istədiyini bildirmişdir. Elə həmin ildə əmlakın Rasimin qardaşı İddiaçı satılmasına dair müqavilə bağlamışlar. Obyekti 4.500.000 manata satmışdır. Rasim həmin pulu hissəhissə ödəyib qurtarmışdır. 2013-cü ildə Azad Nağıyev 5.000.000 manat pul lazım olduğunu, həmin məbləğdə pulu bankdan kredit olaraq götürülməsi üçün girov qoymaq lazım olduğunu bildirmişdir. Təxminən 2013-cü ilin sentyabr-oktyabr ayları ərzində “Silk Way” X6 adına 2.500.000 manzat, "Deka” Bankdan isə 2.500.000 manat kredit pul götürmüşlər və həmin ildə aldıqları 864 m2sahəli qeyri-yaşayış sahəsini hər iki banka girov qismində qoymuşlar. Qeyri-yaşayış sahəsini banklara girov qoyarkən bu barədə Rasim və onun qardaşı Nazimə məlumat verməmişlər. Nə özü, nə də ki, Azad Nağıyev yuxarıda qeyd olunan məbləğləri bankdan götürməmişlər. Sadəcə sənədlərə imza etmişlər, bildiyinə görə isə həmin pullar Azadın şərikinin qohumunun hesabına köçürülmüşdür. Elman Rüstəmov söz vermişdi ki, 1 il müddətinə kredit pulu bağlayıb qeyri-yaşayış sahəsini girovdan azad edəcək. Lakin indiyədək həmin kredit borcunu ödəməmişdir. Buna görə “Silk Way” girovun öz adlarına keçirilməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İttiham aktından görünür ki, şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 558/566-cı məhəllə, H.Cavid prospekti, 54D ünvanında yerləşən 1 girişli, 16 mərtəbəli 3-cü yaşayış binasının 1-ci mərtəbəsində olan 485 m2 sahəli qeyri-yaşayış sahəsini 2010-cu ildə aldıqdan sonra 5 il ərzində həmin obyekt boş vəziyyətdə qalmışdır. 2015-ci ildə həmin obyektdə rəhbərlik etdiyi şirkətin kabellərini, kommunikasiya şkafları və sair avadanlıqları yerləşdirmişdir. Həmin obyekt gündəlik olaraq fəaliyyət göstərmişdir. Həmin dövrlərdə kimsə, o cümlədən Məhəmməd adlı şəxs obyektə gəlməmişlər və heç bir müdaxilə olmamışdır. Yalnız 04.02.2019-cu il tarixdə obyektdəki mebelləri çıxarıb çölə qoyanda Məhəmməd və bir neçə nəfər gəlib bildirmişlər ki, həmin obyekt Azad tərəfindən onlara satılıb. Dava düşəcəyindən ehtiyat edərək DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Eyni zamanda Azad da onların yanına gəlmişdir. Orada toplaşan şəxslərin yanında Azada sual verib soruşmuşdur ki, bu nə məsələdir. Azad isə bildirmişdir ki, “obyekti sənə satmışam, sənindir”. Bundan sonra 27-ci polis bölməsinə gedib ərizə yazmışdır. Daha sonra Azad və Məhəmmədlə “Green park” adlı kafedə görüşüb onlara demişdir ki, obyekti satır. Həmin obyekti almağı onlara təklif etmiş və hətta bildirmişdir ki, ona təcili olaraq 200.000 manat pul lazımdır, həmin pulu ödəsinlər, notarial qaydada rəsmi müqavilə bağlansın, qalan məbləği isə hissə-hissə ödəsinlər. Lakin həmin şəxslər təkliflə razılaşmamışlar. Bundan sonra onlara obyekti satacağını bildirərək çıxıb getmişdir. Bundan sonra həmin şəxsləri bir daha görməmişdir. İttiham aktından görünür ki, şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Rasim Kərimov onun doğma qardaşıdır. Qardaşı Rasim 2010-cu ildə ünvan 4 ünvanında yerləşən 864 m2 sahəli qeyri-yaşayış sahəsini almaq qərarına gəlmişdir. Buna görə də həmin obyekti tikmiş "xxxx" MMC-nin direktoru Cavabdeh1lə danışıqlara başlamışdır. Dediyinə görə həmin MMC-nin faktiki sahibi Azad Nağıyevdir. 15.01.2010-cu il tarixdə qeyri-yaşayış sahəsini almışdır. Həmin qeyri-yaşayış sahəsini 4.500.000 manat pula almışlar. Pulu qardaşı X13 Əliyevə hissə-hissə tam ödəmişdir. Bununla bağlı MMC tərəfindən onlara 15.01.2010-cu il tarixli müqavilə və 31.03.2011-ci il tarixdə borcu tam olaraq ödədikləri üçün həmin tarixli, 02/04 nömrəli maliyyə arayışı verilmişdir. "xxxx" MMC tərəfindən inşa edilmiş həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina təhvil verilmədiyi üçün həmin sahə üçün çıxarış ala bilməmişlər. 2014-cü ildə həmin sahədə təmir işləri aparmağa başlamışlar. 2017-ci ilin dekabr ayında həmin qeyri- yaşayış sahəsində “Metropol KN” restoranı fəaliyyətə başlamışdır. 2018-ci ilin aprel ayında restoranda olan zaman bir neçə nəfər restorana daxil olaraq “Silk Way” bankın əməkdaşları olduqlarını, obyektin yerləşdiyi sahənin onlara məxsus olduğunu, çəkiliş aparacaqlarını bildirmişlər. Lakin onlara obyektin özlərinə məxsus olduğunu bildirib çəkiliş aparmalarına icazə verməmişdir. Sonradan qardaşı Rasimlə birlikdə həmin məsələni aydınlaşdıranda məlum olmuşdur ki, Azad Nağıyev dələduzluq edərək qeyri-yaşayış sahəsini onlara satmış olduğu halda, 2013-cü ildə çıxarış alaraq həmin sahəni onlardan xəbərsiz “Silk Way’’ banka girov qoymaqla kredit pul götürüb. Bu barədə Azad Nağıyev və Cavabdeh1 bildirdikdə, onlar öz səhvlərini etiraf etməklə yanaşı tezliklə bankın pulunu ödəyəcəklərini və sahəni girovluqdan çıxaracaqlarını bildirərək möhlət istəmişlər. Həmin şəxslərə inanmışlar. Lakin 2018-ci ilin noyabr ayında bankın nümayəndələri yenidən restorana gələrək Azadın ödəniş etmədiyini bildirmişlər. Həmçinin əlavə etmişlər ki, həmin girovu bank öz adına keçirmək qərarına gəlib və tələb etmişlər ki, qeyd edilən qeyriyaşayış sahəsini boşaltsınlar. Bunu bildikdən sonra qardaşı və özü məhkəməyə iddia ilə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsini Cinayət Kollegiyasının 07.05.2021-ci il tarixli (İş № 1(103)-300/2021) qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.10.2020ci il tarixli hökmü (İş № 1(101)-91/2020) ilə X5 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək müəyyən müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşlar. Qeyd edilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, mübahisəli qeyriyaşayış sahəsinin alğı-satqısına dair iddiaçı ilə cavabdeh MMC arasında 15.01.2010-cu il tarixdə müqavilə bağlamış, müqavilə üzrə iddiaçı əmlakın dəyərini MMC-yə tam ödəmiş, onun həmin müqavilə üzrə MMC-yə heç bir borcu qalmamışdır. Bundan sonra isə cavabdeh MMC ilə Cavabdeh1 arasında həmin qeyri-yaşayış sahəsinə dair 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 02.12.2011-ci il tarixli müqavilə qanunsuz olaraq bağlanmışdır; həmin müqavilə etibarlı hesab oluna bilməz. Yuxarıda qeyd edilən ittiham aktının və hökmün surətindən görünür ki, Cavabdeh1 özü də etiraf etmişdir ki, 02.12.2011-ci il tarixli müqaviləni, o, MMC ilə formal olaraq bağlamışdır. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2.). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı ilə bağlanmış müqavilə əsasında yalnız iddiaçıya məxsus olmuşdur. İddiaçıya məxsus əmlaka dair bağlanmış həmin müqavilə ləğv edilmədən MMC ilə digər şəxslər arasında həmin qeyri-yaşayış sahəsinə dair müqavilə bağlana bilməzdi. Belə olan halda, Məhkəmə hesab edir ki, mübahisəli sahəyə dair MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Üçüncü şəxs Cavabdeh2 ASC-nin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, 2016-cı il tarixdə mübahisəli qeyri-yaşayış sahəsində monitorinq keçirilmiş, sahənin fotoşəkilləri çəkilmiş, bankın əməkdaşları həmin sahəyə baxış keçirmişlər. Belə olduğu halda hesab edilməlidir ki, iddiaçı əmlakla bağlı hüquqlarının pozulmasından həmin tarixdən məlumatlı olmuş, lakin 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin bu dəlilinin araşdırılması ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı bildirir ki, əmlakla bağlı mübahisənin olduğunu 2018-ci ilin aprel ayından bilmişdir. Belə ki, qeyri-yaşayış sahəsi alındıqdan sonra bir müddət təmirsiz qalmış, 2014-cü ildə təmir işləri aparmağa başlamışlar. 2017-ci ilin dekabr ayından isə həmin qeyri-yaşayış sahəsində “Metropol KN” restoranı fəaliyyətə başlamışdır. 2018-ci ilin aprel ayında “Silk Way” bankın əməkdaşları obyektə daxil olaraq bildirmişlər ki, obyektin yerləşdiyi sahə onlara məxsudur və çəkiliş aparmağa gəlmişlər. 1 illik müddətin tətbiq edilməsini xahiş edən Bank dəlilini onunla əsalandırır ki, qeyri-yaşayış sahəsinə 29.09.2016-cı il tarixdə baxış keçirən zaman iddiaçı bundan məlumatlı olmuşdur. Lakin Bank iddiaçının məlumatlı olmasına dair sübutları məhkəmələrə təqdim etmir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd olunur ki, “.... əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.” Həmin qərarda həmçinin qeyd olunur ki, “Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.” Hazırki iş üzrə etibarsızlığı tələb olunan müqavilə üzrə icra olunmuş heç bir nəticə yoxdur, həmin əqd əhəmiyyətsiz əqddir. Cavabdeh1 müqaviləni formal bağlamış, müqavilə üzrə hüquq və öhdəliklər yaranmamışdır. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilənlərə əsaslanaraq bildirir ki, iddiaçı bankın əməkdaşlarının qeyri-yaşayış sahəsinə 2016-cı ildə baxış keçirməsindən məlumatlı olsa belə 1 illik kəsici müddətin tətbiq edilməsi üçün əsaslar yenə də yarana bilməzdi. Çünki həmin müqavilə üzrə icra olunmuş heç bir nəticə mövcud deyil. Beləliklə, hesab edilməlidir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mübahisə olduğundan məlumatlı olması barədə apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, üçüncü şəxslər vicdanlı əldə edəndir və Mərkəzi Bank Cavabdeh2 ASC ilə 07.10.2013-cü il tarixdə və Mərkəzi Bankın 10.10.2013-cü il tarixdə ipoteka saxlayan kimi hüquqları rəsmiləşdirilərkən digər şəxslərin həmin sahəyə hüquqlarının olmasından məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən ipoteka müqavilələri etibarsız hesab olunan 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında bağlanmışdır. Alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi təqdirdə sonrakı əqdlərin hamısı etibarsız sayılır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə; maddə 337.4.). Həmin ipoteka müqavilələri 02.12.2011-ci il tarixli alğı-satqı müqaviləsinin nəticəsi kimi çıxış edir. Alğı-satqı müqaviləsi etibarsız olduğuna görə onun heç bir qanuni nəticələri ola bilməz. Məhkəmə, üçüncü şəxs olan Bankın vicdanlı əldə edən olması ilə bağlı dəlilinə əsasən qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (alğı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişmir. Çünki iddiaçının hüququ daha əvvəl pozulduğuna görə ilk əvvəl onun hüquqları qorunmalıdır. Bank bu vəziyyətin yaranmasında təqsirkar olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətlərinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün üçüncü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İş üzrə üçüncü şəxslər olan “Premium Bank“ ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün üçüncü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-150/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-150/2021
25.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver