Məhkəmə qərarları › İş №2(103)-150/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-150/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-150/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-827/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat kontorunun müdiri Cavabdeh2 Loğman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu 6 saylı notariat kontorunun notariusu Cavabdeh2 tərəfindən vətəndaş X5 ilə iddiaçının arasında 300.000 manat borc pulun alınmasına dair 05 dekabr 2012-ci il tarixli 3m/1611 nömrəli borc müqaviləsinin dublikatı əsasında verilmiş 04 iyul 2014-cü il tarixli 7E/40553 nömrəli icra qeydinin qanunsuz olduğundan ləğv olunması, həmin icra qeydinin Nəsimi Rayon İcra və Probasiya şöbəsindən geri tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-827/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-827/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya icraatında üçüncü şəxs qismində cəlb edilən X3 məhkəməyə 05 mart 2021-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh X1 qarşı “borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1100/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2756/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh X1 qarşı “borc müqaviləsinə və öhdəliyə icra edildiyindən xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1867/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Ə.Əhmədov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, şikayət əsassızdır, belə ki, tərəf bundan əvvəl də hazırkı “icra qeydinin etibarsızlığı” barədə iddia tələbi irəli sürmüş, lakin onun bu tələbi təmin edilməmişdir. Hazırkı tələb də “icra qeydinin ləğvi” barədə olsa da, mahiyyət etibarı ilə eyni tələbdir. Tərəf dəfələrlə bu icra qeydinin verilməsinə səbəb olmuş borc müqaviləsini də mübahisələndirmiş, lakin məhkəmə aktları ilə tələbi təmin edilməmişdir. Bu səbəbdən şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən R.Səlimov məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1352/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı “borc müqaviləsinin və öhdəliyin icra ediliyindən xitam verilməsi” barədə iddia tələbi təmin edilməmişdir (1-ci cild, i/v 33). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3547/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1352/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, i/v 29). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin 2(102)-2756/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1867/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-266/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir (1-ci cild, i/v 38) . Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-625/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-266/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, i/v 42). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-4757/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-625/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, i/v 46). Xətai Rayon Məhkəməsinin 2(011)-226/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı, “04 iyul 2014-cü il tarixli 40553 nömrəli icra qeydinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir (1-ci cild, i/v 52). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-826/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-226/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, i/v 57). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-786/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-826/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, i/v 63). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilən məhkəmə aktlarından məlum olur ki, eyni tərəflər arasında eyni predmetlə bağlı, yəni hazırkı icra qeydinin verilməsinə əsas olmuş əqdin etibrasızlığına dair iddia tələbi, həmçının hazırkı icra qeydinin etibarsızlığına dair tələb məhkəmə qaydasında yoxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam əsasları nəzərdə tutulmuşdur: tərəflər eyni olduqda; predmet eyni olduqda; əsaslar eyni olduqda. Kollegiya qeyd edir ki, analoji işlərlə bağlı Ali Məhkəmənin mövqeyi də əhəmiyyətlidir (2(102)- 4223/2021saylı, xx.xx.2021-ci il tarixli qərar). Həmin qərarında Ali Məhkəmə oxşar vəziyyətdə işin hallarından asılı olaraq ərizənin baxılmamış saxlanması və ya iş üzrə icraata xitam verilməli olmasına dair göstəriş vermişdir. Nəticə: Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia tələbi mübahisələndirilən icra qeydinə dair əvəllər məhkəmə qaydasında baxılmış “icra qeydinin etibarsızlığı” barədə iddia tələbləri ilə mahiyyət etibarı ilə eyniyyət təşkil edir, iddiaçı hazırkı iddia tələbində də həmin işdəki eyni dəlilləri irəli sürür və onlara istinad edir, belə olan halda onun hazırkı iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il Qərardadının və MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-827/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar