Məhkəmə qərarları › İş №2(103)-1502/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1502/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1502/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X11 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsi əsasında paylı mülkiyyətə keçmiş əmlak, paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X11 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (qanuni nümayəndənin vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X7 ilə X15 ilə xx.xx.1990-cı il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra qadına “Qurbanova” soyadı verilmişdir.

2. X15 və İddiaçı nikahda olduqları dövrdə Adil Qurbanovun adına qeydiyyata alınmış “Mersedes Benz S430” minik markalı **-XV-*** qeydiyyat nişanlı avtomobil əldə etmişlər.

3. X15 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

4. X8 Cavabdeh ilə qeyri-rəsmi ər-arvad münasibətindən xx.xx.2013-cü il tarixdə Aqil adını verdikləri uşaqları dünyaya gəlmişdir.

5. Teliyeva X5 Aqil Adil oğlunun qanuni nümayəndəsidir.

6. Bakı şəhəri 9 sayı notariat ofisinin notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmiş, şəhadətnamədə, “Mersedes Benz S430” minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət, nikah müddətində əldə edilmiş ümumi birgə əmlakın 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun olduğu, əmlakın 5/10 payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi göstərilmişdir.

7. Bakı şəhəri 9 sayı notariat ofisinin notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçı “Mersedes Benz S430” minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 3/10 pay irs almalıdır.

8. Bakı şəhəri 9 sayı notariat ofisinin notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsələri – anası X6 və oğlu X16, hər biri “Mersedes Benz S430” minik markalı **-XV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1/10 pay irs almalıdır.

9. X3 və Cavabdeh İddiaçı və Bakı şəhəri 9 sayı notariat ofisinə qarşı “vərəsəlik hüququndan məhrum etmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması” tələbləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı (iddiaçı) X9 (cavabdeh) qanuni nümayəndəsi Cavabdeh qarşı (iddia ərizəsində cavabdeh kimi qanuni nümayəndə göstərilsə də, kollegiya cavabdehin Aqil Qurbanov olduğunu qəbul edir) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə vəya birinci instansiya məhkəməsi) müraciət edərək, miras əmlak olan “Mersedes Benz S430” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılması, əldə olunan pul vəsaitinin vərəsələr arasında paylar üzrə bölüşdürülməsi, yəni 8/10 hissəsinin dəyərinin ona, qalan hissənin digər vərəsələrə - X4 və X11 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X15 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Adil Qurbanov xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mərhum ərindən “Mersedes Benz S430” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mərhumun vərəsələri o, oğlu X17, qızı X10, anası X6 və faktiki nikahdan olan oğlu X16 olmuşdur. Cavabdeh mərhum əri ilə qeyri-rəsmi nikahından doğulan uşaq - X16 - da miras üzrə vərəsə olduğu üçün həmin miras əmlakda payı vardır. xx.xx.2021-ci il tarixdə vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən 2000-ci il buraxılışlı, “Mersedes Benz S430” minik markalı 90- XV-930 dövlət qeydiyyat nişanlı avtomobilin 8/10 hissəsinə onun adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, “Mersedes Benz S430” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə alındığına görə 1/2 payı və 5 vərəsə olduğuna görə qalan hissə 5 yerə bölünməklə oğlu ilə qızı vərəsəlikdən оnun xeyrinə imtina etdiyinə görə cəmi 3/10 pay, ümumilikdə 8/10 pay оna verilmişdir. Miras əmlakın bölünməsi və satılaraq əldə olunan vəsaitin paylara üyğun bölünməsi barədə mediasiyaya müraciət olunmuş, lakin iş üzrə cavabdeh (qanuni nümayəndə) mirasın paylar üzrə bölünməsindən imtina etmişdir. Tərəflər mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Miras əmlak daşınar əmlak olduğundan hesab edir ki, avtomobil satılaraq əldə olunan pul vəsaiti vərəsələrin paylarına üyğun bölünməlidir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, “Mersedes Benz S430” minik markalı **-XV-*** qeydiyyat nişanlı avtomobilin tərəflərin paylı mülkiyyətinə qeydə alınması, nə onun, nə də digər vərəsələrin zəruri hesab etdikləri an həmin avtomobildən istifadə etmək, faydalanmaq hüquqlarını təmin etmir. Bir avtomobildən vərəsələrin eyni anda istifadə etmələri mümkünsüzdür. Avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin kimə aid olacağı, vərəsələrdən hansının avtomobilə dair mülki məsuliyyətinin sığortalanacağı və ya bir avtomobil üzrə bir neçə mülkiyyətçinin sığortalı olacağı da bəlli deyil. Avtomobilin fiziki olaraq bölünməsi mümkün deyil. Bütün bunlara görə vərəsələrə müraciət edərək öz payının dəyərinin ona ödənilməsini xahiş etmiş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq digər vərəsələr kompensasiya vermək istəməmişlər.

13. Cavabdehin qanuni nümayəndəsinin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, əmlakın ardıcıllıq olmadan birbaşa hərracda satılması yolverilməzdir. Digər tərəfdən, vərəsəlik hüquqları reyesterdə qeydiyyatdan keçirilməmişdir, avtomobil hazırda da mərhumun adındadır.

14. İddiaçı hakimin ona verdiyi suala cavab olaraq “payının dəyərinin ona verilməsinə, yaxud digər vərəsələrinin 2/10 paylarının dəyərini onlara verməyə də razı olduğunu” bildirmiş, lakin cavabdehin (qanuni nümayəndənin) nümayəndəsi (vəkili) bu təklifə heç bir münasibət bildirməmişdir.

15. Birinci instansiya məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220.6-cı, 1255-ci və 1276-cı maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. Qanunverici paylı mülkiyyətin mülkiyyətçisinə olduğu kimi, vərəsəyə də öz payının ayrılmasını tələb etmək hüququ tanımışdır, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun. “Mersedes Benz S430” minik markalı **-XV-*** qeydiyyat nişanlı avtomobildən iddiaçının payının ayrılması isə mümkün deyil. Payın ayrılmasının əmlakın təyinatının itirilməsinə səbəb olacağı aşkardır və avtomobilin paylı mülkiyyətə qeydə alınması ondan payın naturada ayrılmasını mümkün etməyəcək. Digər vərəsələr miras əmlakdakı 8/10 hissə payına görə iddiaçıya kompensasiya vermirlər. 16.2. Məhkəmə “Mersedes Benz S430” minik markalı **-XV-*** qeydiyyat nişanlı avtomobildən iddiaçının payının ayrılması mümkün olmadığını, avtomobilin paylı mülkiyyətə qeydə alınmasının ondan payın naturada ayrılmasına səbəb olmayacağının aşkar olduğunu, digər vərəsələrin isə miras əmlakdakı payına görə iddiaçıya kompensasiya vermədiklərini, iddiaçının bu hüququnu həyata keçirməsini qeydiyyatla bağlı nə vaxt aidiyyəti üzrə müraciət edəcəkləri bəlli olmayan digər vərəsələrin iradələrindən asılı etmək xarakteri daşıdığını nəzərə alaraq hesab edir ki, miras əmlakdan payının naturada ayrılmasını tələb etmək hüququ olan iddiaçının payının naturada ayrılması mümkün olmadığından və digər vərəsələr miras əmlakdakı 8/10 hissə payına görə ona kompensasiya vermədiklərindən o, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur.

17. Qətnamədən cavabdehin qanuni nümayəndəsinin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, iddiaçının qanunla müəyyənləşdirilmiş ardıcıllığa riayət etmədiyini nəzərə almadığını, reyestrdə vərəsələrin adına qeydə alınmamış əmlakın hərracda satılmasının mümkün olmadığını, iddiaçının mülkiyyət hüququ qeydə alınmadığı üçün onun müvafiq iddia tələbini qaldırmağa subyektiv hüququnun olmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin qanuni nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

20. Mübahisəsi gedən əmlakla bağlı tərəflərin arasında hər hansı digər razılaşmanın (kompensasiya ödənilməsi, digər əmlakla əvəz olunma və s.) əldə edildiyi müəyyən olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

24. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

25. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

29. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

30. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

31. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

34. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

35. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

45. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.

46. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (§ 28).

47. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin, mübahisəsi gedən avtomobilin tərəflər arasında naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olmaması barədə gəlmiş olduğu nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir – çünkü bu, hər kəsə məlum olan haldır.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.

49. İşin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; əmlakın tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı da işin mübahisəsiz halıdır, tərəflər əmlakla bağlı biribirlərinə kompensasiya ödəmək niyyətində də deyildirlər.

50. Apellyatorun digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəddir – qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından (§ 33), vərəsə həmin miras əmlakla bağlı sərəncam hüququna, o cümlədən əmlakın hərracdan satılması ilə bağlı iddia qaldırmaq hüququna sahibdir.

51. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etmişdir.

52. Kollegiya onu da qeyd edir ki, hərraca çıxarılmalı olan əmlakın satış qiymətinin müəyyənləşdirilməsi zəruri deyildir. Belə ki, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin həm də əmlakın hərracdan satış qiymətini müəyyənləşdirməli olması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 414.4-cü maddəsində hərracın auksion və ya müsabiqə formasında keçirildiyi, ən yüksək qiymət təklif etmiş şəxsin auksionda hərracı udmuş sayılacağı, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxsin isə müsabiqə üzrə hərracı udmuş sayılacağı müəyyənləşdirilmiş, beləliklə də əmlakın hətta real dəyərindən də yüksək qiymətə satılması üçün imkan yaradılmışdır. Hərracdan satılmalı olan əmlakın qiymətinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi mexanizmini nəzərdə tutan “İpoteka haqqında” Qanun isə hazırkı mübahisəyə tətbiq edilə bilməz; çünkü həmin qanunun 39.3cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Hazırkı mübahisə isə eyni hüquqlu şəxslər arasında yaranmaqla onlar, açıq hərraca çıxarılacaq əmlaklarının ilkin satış qiymətini qarşılıqlı razılıq əsasında, razılıq əldə etmədikdə isə, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət etməklə müəyyən edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

53. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4645/2023 saylı iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. X1 qanuni nümayəndəsi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar