Məhkəmə qərarları › İş №2(103)-1503/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1503/2025

19.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1503/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) QƏTNAMƏ İş № 2(103)-1503/2025 (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 2 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2298/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 7200 manat kompensasiya ödənilməklə xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 138A, mənzil 68 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvanda yerləşən mənzil ona müharibə əlili olduğu üçün verilmişdir. Həmin mənzili müvəqqəti olaraq cavabdehə vermiş, cavabdehlə aralarında məhkəmə mübahisələri olmuş və iş üzrə cavabdeh məhkəmə qətnaməsinə əsasən həmin otaqdan istifadə hüququ əldə etmişdir. Hazırda cavabdeh qeyd edilən mənzildə uzun illərdir ki, yaşamır. O, məcburiyyət qarşısında qalaraq kompensasiya ödənilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsini istəyir. Həmin ərazidə yataqxana tipli, 60-70 ilin binası, 1 otaqlı təmirsiz mənzillərin kirayə haqqı 200 manat təşkil edir. Cavabdehə qanunla müəyyən edilmiş 36 ay müddətində aylığı 200 manat olan cəmi 7200 manat ödənilməklə istifadə hüququna xitam verilməlidir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2298/2024 saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, tərəflər arasında mübahisənin mövcud olduğu vaxtda qüvvədə olan Mənzil Məcəlləsinin 48, 51, 54-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 4.1, 82.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmçinin əlavə olaraq apelyator tərəfindən qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetmə vasitələrinə düzgün qiymət verilməmişdir. Order, balanssaxlayıcının məktubları 2007-ci il tarixli qətnamənin və digər sübutlar təqdim edilməsinə baxmayaraq, hakim qətnaməni qəbul edərkən sübutlara əsaslanmamışdır. İş üçün əhəmiyyətli olan hallardan biri də 2007-ci ildə qəbul edilmiş qətnamədir, orada bütün hallar öz əksini tapmışdır, belə ki, 2007-ci ilin qətnaməsinə mənzilə istifadə hüququnun bilavasitə orderə əsaslanması, Mənzil Kommunal Təsərrüfatı Departamentinin mövqeyi açıq-aşkar olmuşdur, ancaq hazırki iş üzrə məhkəmə faktiki halları aydınlaşdırmamışdır. Hətta cavabdehə ödəniləcək kirayə haqqının ekspertiza ilə 290 manat olmasına baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olmuşdur, buna görə də iddia təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 13. İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

16. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi

19. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

20. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.

21. Maddə 54. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, Nərimanov Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 2- 696/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı ilkin iddiası qismən təmin edilərək İddiaçı Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı evin 68 saylı otağına köçürülməsi qət edilmiş, ilk iddianın Cavabdeh otaqdan istifadə hüququnun itirilməsi və çıxarılması tələbinə dair hissəsi, eləcə də Cavabdeh İddiaçı qarşı cavabdehin Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı evin (yataqxananın) 68 saylı otağından istifadə hüququnun itirilməsi, faktiki alğı-satqının bağlanmış hesab edilməsi, həmin mənzilə dair mənzil kirayə müqaviləsinin Cavabdeh ilə bağlanmasının 134 saylı MKİS-ə həvalə olunmasına və İddiaçı həmin otaqdan pasport qeydiyyatından çıxarılmasına dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin olunmamışdır.

32. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh İddiaçı qarşı “İddiaçı Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı yataqxananın 68 saylı mənzilinə kənar şəxslərin dəvət olunmasına qadağa qoyulması, X2 həmin otaqdan çıxarılması, Leyli və Roza adlı şəxslərin mənzilə istifadə hüquqlarının olmaması və özünün mənzilinə köçürülməsi” barədə ilkin və İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 2 ünvanda olan qeydiyyatının ləğv edilməsi və ona aid əşyaların mənzildən çıxarılması” barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(005)-1198/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 “a” saylı yataqxananın 68 saylı mənzilinə köçürülməsi, X2 həmin mənzildən (otaqdan) çıxarılması, Leyli və Roza adlı şəxslərin həmin mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi qət olunmuş, ilkin iddia qalan hissədə və qarşılıqlı iddia isə təmin edilməmişdir.

33. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilir ki, Bakı Şin zavodunun HİK-in xx.xx.2000-ci il tarixli 01 saylı protokoluna əsasən Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 a saylı evin 68 saylı otağına (mənzilinə) dair İddiaçı adına order verilmiş, o, xx.xx.1992-ci il tarixdən Bakı şəhəri, F.X.Xoyski küçəsi 138 a saylı evə (yataqxanaya), xx.xx.2004-cü ildən isə həmin evin 68 saylı otağına (mənzilinə) qeydiyyata alınmışdır. xx.xx.1990-cı il tarixindən Bakı Şin zavodunda işləyən Cavabdeh isə xx.xx.1991-ci ildə həmin evin 76 saylı otağına (mənzilinə) qeydiyyata düşmüş, xx.xx.1999-cu il tarixdə onun adına həmin mənzilə dair order verilmiş, o, 2000-ci ilədək həmin otaqda, 2004-cü ilin avqust ayınadək 72 saylı otaqda yaşamış, xx.xx.2006-cı il tarixdə isə İddiaçı razılığı ilə sözügedən evin 68 saylı otağına qeydiyyata alınmışdır.

34. Qətnamələrlə həmçinin müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2003-cü il tarixli 263 saylı sərəncamı ilə Bakı Şin zavoduna məxsus olan mənzil fondu və digər sosial obyektlər, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 138 a saylı ev (yataqxana) Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.

35. "xxxx" MMC ilə İddiaçı (“Sakin”) arasında bağlanmış 138a-60 saylı, xx.xx.2022ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, “Sakin” xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 198A ünvanda köhnə tikilidə (yataqxana) yerləşən 14 kv.m ümumi sahəsi olan 68 saylı 1 otaqlı mənzili “MMC”-yə təhvil verməyi, “MMC” isə həmin mənzilin əvəznin müqavilə bağlandığı gündən tikinti işləri başa çatdıqdan sonra 37 kv.m ümumi sahəsi olan 1 otaqlı tam təmirli mənzili “Sakinə” təhvil verməyi öz öhdəsinə götürmüşdür.

36. Kollegiya ilk növbədə qeyd edir iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli, iddiaçının subyektiv hüququnun mövcudluğu ilə mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli, əgər bu hüququnun mövcudluğu öz təsdiqini taparsa, kompensasiyanın verilməsi ilə bağlı məsələlərə artıq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun baxılmalıdır.

38. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2003-cü il tarixli 263 saylı sərəncamı ilə Bakı Şin zavoduna məxsus olan mənzil fondu və digər sosial obyektlər, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 138 a saylı ev (yataqxana) Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.

39. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 54-cü maddəyə görə isə, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

40. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi yaşayış sahəsinə köçürülmüş şəxslər həmin yaşayış sahəsində olan digər şəxslərlə birgə və onlarla bərabər hüquqlara sahib olmaqla orada yaşaya bilərlər.

41. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı ilə yanaşı, cavabdehin də mübahisəli mənzilə köçürülməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuş və nəticədə tərəflərin hər birinin sözügedən mənzildən bərabər surətdə istifadə etmək hüquqları öz təsbitini tapmışdır.

42. Bu zaman məhkəmə tərəfindən aydınlaşdırılmalı növbəti məsələ iddiaçının hazırki, yəni cavabdehin istifadə hüquqlarına xitam verilməsinə dair tələblə çıxış etməsinə dair subyektiv hüququnun olmaması ilə bağlıdır.

43. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının muvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfındən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

45. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

46. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

47. “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.

48. Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.

49. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

50. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.

51. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi verilməsi hüququ məhz həmin əmlakın mülkiyyətçisinə tanınmış hüquqdur.

52. Hazırkı iş üzrə yuxarıda adı çəkilən iş materiallarına əsasən isə mübahisəli mənzilin (68 saylı otağın) İddiaçı mülkiyyətində olmadığı, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2003-cü il tarixli 263 saylı sərəncamı ilə həmin otaq da daxil olmaqla 138 a saylı yataqxana binasının Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyi tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir.

53. Bundan əlavə kollegiya iddiaçının mübahisəli mənzilə dair orderinin olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, köhnə Mənzil Məcəlləsinin yuxarıda adı çəkilən normalarından da göründüyü kimi sözügedən order dövlət və ya ictimai mənzil fondu evinə köçmək və ondan istifadə etmək hüququnu verən sənəd olmaqla, mülkiyyəti təsdiq edən sənəd kimi çıxış etmir

54. Beləliklə, qeyd olunanlara münasibətdə kollegiya qeyd edir ki, iddiaçının hazırki iddianı irəli sürməkdə subyektiv hüququ olmamaqla onun iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

55. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2298/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar