Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-151/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapali Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Qapali Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1093/2020-016 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsi bağlanmışdır.
2. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 15 avqust 2012-ci il tarixli, 3883 №li kredit müqaviləsinə əsasən borc verən borc alana 36 ay müddətinə 1.000.000 manat məbləğində kredit xəttinin açılmasını, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
3. Hazırda iddiaçı həmin kredit müqaviləsinin aldadılmanın nəticəsində bağlanmasına istinad edərək etibarsız hesab olunmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış, hazırda tələb hüququ Cavabdeh2 QSC-yə güzəşt edilmiş 3883 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və bütün nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o mühafizəçidir. Bu günə kimi bir çox yerlərdə bu peşədə çalışmışdır və aylıq maaşı hər zaman 1000 manata qədər olmuşdur. Hazırki iş üzrə kredit müqaviləsinin imzalandığı vaxt o, “X4 Dəstək” İctimai birliyində işləmişdir, həmin müəssisədə təhlükəsizlik üzrə mütəxəssis olmuşdur. “X4 Dəstək” İctimai Birliyi 2012-2013-cü illərdə ölkə prezidentinin tapşırığı ilə Oğuz və Şəki rayonlarında tikilən X5 sifarişçi təşkilatı olmuşdur. 2012-ci ilin avqust ayında birliyin rəhbəri və onun müdiri Dünyamin Xəlilov onu kabinetinə dəvət edərək bildirmişdir ki, hazırda Oğuzda yeni bir dövlət layihəsinə başlayıblar və X5 Oğuzda tikintisini həyata keçirəcəklər. Bu tikintinin davamı üçün pul ayrılması lazımdır. Ona görə İctimai Birliyin üzvü kimi onun adına fiziki şəxs olaraq Beynəlxalq Bankda formal olaraq kredit rəsmiləşdirmək istəyirlər. Dünyamin Xəlilov ona söz vermişdir ki, pul kredit formasında 3 ilə rəsmiləşsə də, onlar krediti 1 ilə qaytarıb onun borcunun olmaması ilə bağlı arayış alıb verəcəklər. Onu əmin etmişdir ki, onsuz da bankın rəhbərliyi bilir ki, kredit Dünyamin Xəlilov tərəfindən götürülür və pulu da o, qaytaracaq. Kredit şöbəsinin müdiri ondan maaşını soruşmuş və o, 400 manat aldığını demişdir. O, bütün sənədlərə qol çəksə də, bütün bu sənədlərin onu öhdəlik altına salan 1 milyon manatlıq kredit olduğunu bilməmişdir. Çünki ona heç kim həmin müqavilə üzrə bank tərəfindən 1 manat belə, ödəniş etməmişdir. 2014-cü il tarixdə o, yaşadığı Xırdalan şəhərində “FİNCA” bankdan şəxsi işi üçün 1000 manat kredit almaq istəmişdir. Ona bildirilmişdir ki, adına 1 milyon manat kredit olduğundan ona başqa bir məbləğ ayrıla bilməz. O, Dünyamin Xəlilova xatırlatmışdır ki, aradan iki il ötüb, ancaq kredit bağlanmayıb. Dünyamin Xəlilov ona narahat olmamasını demiş və əmin etmişdir ki, bu ona heç bir problem yaratmayacaq, krediti də bağlayacaq. 2015-ci ilin yanvar ayına kimi o, müntəzəm olaraq Dünyamin Xəlilova bunu xatırlatsa da, ona deyilmişdir ki, bankın bundan xəbəri var, narahat olmasın. Dünyamin Xəlilov digər bank kreditləri üzrə məsuliyyətə cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə (hakim Əhməd Quliyev) 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 1(103)-1496/2017 saylı qərarı ilə (sərdlik edən hakim: Qail Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işi ilə də müəyyən olunmuşdur ki, pulu o deyil, Dünyamin Xəlilov almışdır. O, düşünmüşdür ki, əgər bu fakt cinayət işi ilə müəyyən olunubsa və onsuz da bank rəhbərliyi də bunu bilirsə, ondan heç kim heç nə tələb etməyəcək. Cavabdeh tərəf əsas və faiz borcunun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək ondan müqavilə üzrə götürdüyü krediti əsas və faiz borcu birgə olmaqla 1.500.000 manat krediti qaytarmağı tələb edir. O, hər nə qədər 3883 saylı kredit müqaviləsinə qol çəksə də, heç kimdən faktiki olaraq bu məbləği götürməmişdir. Kredit müqaviləsinə imzanı işindən uzaqlaşmamaq üçün atmışdır. Heç bir təminat göstərilmədən, 400 manat maaş alan bir şəxsin 1.000.000 manatlıq krediti götürməsi mümkün deyildir. Adi mühafizəçi vəzifəsində çalışan bir işçi heç vaxt qaytara bilməyəcəyi 1.000.000 manat məbləğində pulu 8 dəfəyə çəkib ya xərcləməli, ya da hər hansı investisiya etməli idi. Hər iki variantın onun üçün keçərli olmadığı faktı sübut edir ki, cavabdehlə onun arasında belə bir müqavilə ümumiyyətlə, mövcud olmayıb. Nəticədə həmin əqd etibarsız hesab edilməlidir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1093/2020- 016 nömrəli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia rədd edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 15 avqust 2012-ci il tarixli, 3883 tarixli müqavilənin onun etibarından sui-istifadə yolu ilə bağlanmasına istinad etsə də, adı çəkilən müqavilənin bağlanması ilə bağlı özünün etibarından sui-istifadə edilməsi, aldadılması, sözügedən müqavilənin məhz bu hərəkət nəticəsində bağlanıldığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İndiki halda kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanması və iş materiallarına əlavə edilmiş məxaric orderləri bunu ehtimal etməyə əsas verir ki, müqavilələrdə qeyd olunan məbləğlər iddiaçıya təqdim edilmişdir. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.2, 390.1, 337.1, 339.2, 339.3, 354.1, 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni onunla əsaslandırmağa çalışmışdır ki, iddiaçı müqavilənin aldadılmaqla bağlanmasını sübut etməmiş və iddia müddətini ötürmüşdür. Məhkəmə zamanı iddiaçı Dünyamin Xəlilovun şahid qismində məhkəməyə gətirilməsi, pulların çıxarılması barədə qəbzlərdəki imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün vəsatətlər qaldırsa da, məhkəmə bu vəsatətləri heç bir qanuni əsas gətirmədən təmin etməmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçıya həmin kredit lazım olmayıb, cinayət işi ilə müəyyən olunub ki, həmin pulu Dünyamin Xəlilov götürmüşdür, iddiaçının heç bir biznesi olmayıb, iddiaçı ilə həmin kredit müqaviləsinin bağlanması formal xarakter daşıyıb. Belə ki, həmin kreditin iddiaçı tərəfindən qaytarılmasının qeyri-mümkünlüyü ilk gündən cavabdehə də bəlli olub və bu mübahisə doğuran hal deyildir. iddiaçı kredit müqaviləsini və pulların çıxarılması barədə məxaric qəbzlərini Abşeron Rayon Məhkəməsindən 2019-cu ildə əldə edib və əldə edən kimi məhkəməyə müraciət edib. İddiaçı məhz hazırki işdə cavabdeh olan hüquqi şəxslərin iddiaçıya qarşı iddia qaldırmasından sonra müəyyən edib ki, o, aldadılıb. Ona görə də, həmin tarixdə iddiaçının iddia vermək hüququ yaranıb. Lakin məhkəmə bu halların heç birinə diqqət etməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
13. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
14. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh "xxxx" Qapali Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndələri X2 və X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
15. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 6. Mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
25. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
26. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
27. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin mübahisəsiz halıdır ki, iddiaçı kredit müqaviləsinin onun tərəfindən imzaladığını mübahisələndirmir. İddiaçı kredit müqaviləsini imzalasa da, pulun ona verilmədiyini bildirir və müqavilənin etibarsız hesab olunmasını xahiş edir.
32. Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli, 4/297 nömrəli ekspert rəyi ilə kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar və həmin müqavilə əsasında tərtib edilmiş 2012.10.03 tarixli, 2012.08.27 tarixli, 2012.08.16 tarixli, 2012.09.03 tarixli, 2012.09.05 tarixli, 2012.08.15 tarixli, 2012.09.21 tarixli və 2012.12.29 tarixli məxaric orderlərində “Müştərinin imzası” qrafalarındakı imzaların İddiaçı tərəfindən icra olunması, məxaric orderlərində “Müştərinin imzası” qrafalarındakı imzalar ilə fərdi uçot kartoçkasında “Vəsiqə sahibinin şəxsi imzası” qrafasındakı imza, 07 dekabr 2018-ci il tarixli nizamnamə paylarının alqı-satqı müqaviləsində “İddiaçı” yazıları qarşısındakı imzanın eyni şəxs tərəfindən icra olunması müəyyən edilmişdir.
33. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 4/1025 nömrəli ekspert rəyi ilə kredit müqaviləsinin “Borcalan” qrafalarındakı imzalar, həmin müqavilə əsasında tərtib edilmiş 2012.10.03 tarixli, 2012.08.27 tarixli, 2012.08.16 tarixli, 2012.09.03 tarixli, 2012.09.05 tarixli, 2012.08.15 tarixli, 2012.09.21 tarixli və 2012.12.29 tarixli məxaric orderlərində “Müştərinin imzası” qrafalarındakı imzaların İddiaçı tərəfindən icra olunması, kredit müqaviləsinin “Borcalan” qrafalarındakı imzaların həmin müqavilə əsasında tərtib edilmiş məxaric orderlərində “Müştərinin imzası” qrafalarındakı imzalar ilə fərdi uçot kartoçkasında Vəsiqə sahibinin şəxsi imzası qrafasındakı imza, nizamnamə paylarının alqı-satqı müqaviləsində “İddiaçı” oğlu yazıları qarşısındakı imzanın eyni şəxs tərəfindən icra olunması müəyyən edilmişdir.
34. Beləliklə, apellyasiya şikayətinin həmin dəlilinin yoxlanılması məqsədi ilə iş üzrə iki ekspertiza keçirilmiş, ekspert rəyləri ilə kredit müqaviləsinin və pulun alınmasını təsdiq edən kassa məxaric orderlərinin iddiaçı tərəfindən imzalandığı təsdiq olunmuşdur.
35. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı müqavilənin etibarsızlığının dəlili kimi onun əvvəlki iş yeri üzrə müdiri olmuş Dünyamin Xəlilov tərəfindən aldadılaraq kreditin onun adına rəsmiləşdirildiyinə, D.Xəlilovun krediti 1 il ərzində özünün qaytaracağına söz versə də, sonradan bunu etmədiyinə istinad etmişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər (Bax: N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərar). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
37. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
38. Konstitusiya Məhkəməsi həmçinin qeyd edir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı bu hüquqi mövqedən yanaşmaqla kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əqdin formasına və məzmununa və subyekt tərkibinə dair şərtlərlə bağlı mübahisə mövcud deyil və bu şərtlər qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
40. İddiaçı yalnız mübahisələndirilən kredit müqaviləsinin onun iradəsinə uyğun bağlanmadığını bildirmişdir.
41. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının özünün də etiraf etdiyi kimi, həmin müqavilənin onunla bağlanmasından, müqavilə üzrə götürüləcək kreditin məbləğindən, müqavilə öhdəliklərini onun daşıyacağından məlumatlı olmuş, kredit müqaviləsini şəxsən imzalayaraq kredit məbləğini də bankdan şəxsən qəbul etmişdir.
42. Başqa sözlə o, həmin müqaviləni imzalamaqla və kredit məbləğini qəbul etməklə bank qarşısında həmin kredit müqaviləsi üzrə öhdəlik götürdüyünü dərk etmiş və bunu şüurlu surətdə arzulamışdır.
43. Belə olan halda, iddiaçının götürmüş olduğu kredit məbləğini sonradan 3-cü şəxsə verməsi və həmin şəxs tərəfindən aldadılması onun bank qarşısında götürmüş olduğu öhdəliklərin icrasından azad etmir və özü-özlüyündə bağlanmış həmin müqavilənin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilə bilməz.
44. Belə ki, mülki qanunvericliyin aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığını nəzərdə tutan normasının dispozisiya şərtinə əsasən iddiaçının üçüncü şəxs tərəfindən aldadılması nəticəsində bağlanmış əqd yalnız o halda etibarsız hesab edilə bilər ki, bu əqddən fayda götürən şəxs (hazırkı halda bank) aldatmadan xəbərdar olmuşdur və ya olmalı idi.
45. Göründüyü kimi, əqdin həmin əsasla etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər bir yerdə mövcud olmalıdır: əqdi bağlamış tərəf üçüncü şəxs tərəfindən aldadılmalıdır; belə aldatma olmadan əqdin bağlana bilməyəcəyi aşkar olmalıdır; əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idi və ya xəbərdar olmalı idi.
46. İddiaçı onun üçüncü şəxs tərəfindən aldadıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Onun sübut qismində istinad etdiyi X1 və digərlərinin cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün məzmunundan da İddiaçı Dünyamin Xəlilov tərəfindən aldadılaraq Azərbaycan Beynəlxalq Bankından kredit götürməyə məcbur edildiyi müəyyən edilmir. Bundan başqa, kollegiya qeyd edir ki, belə bir aldatmanın mövcud olduğu halda belə, müqavilənin etibarsız hesab edilməsi üçün kredit müqaviləsinin tərəfi olan bankın bu müqavilənin aldatma ilə bağlanmasından xəbərdar olması aşkar olmalıdır. Lakin hazırkı işin hallarından bu hal da mübahisəsiz qaydada müəyyən edilmir.
47. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, məhkəmədə hazırkı tələbi irəli sürmək üçün məhkəməyə müraciət etmə müddəti (bir il) iddiaçı tərəfindən ötürülmüşdür.
48. Belə ki, iddiaçı öz iddia ərizəsində mübahisələndirilən müqavilənin 2012-ci ildə 3 il müddətinə bağlandığını, lakin onun keçmiş iş yerində müdiri olmuş Dünyamin Xəlilovun müqavilə üzrə öhdəliklərin 1 il ərzində icra ediləcəyinə söz verdiyini, 2014-cü ildə 1000 manat kredit götürmək istəyən zaman onun adında 1.000.000 manat kredit olduğunu, kreditin ödənilmədiyini, aldadıldığını bilib bu barədə Dünyamin Xəlilova müraciət etdiyini, 2015-ci ilin yanvar ayına kimi bu barədə Dünyamin Xəlilova dəfələrlə xatırlatdığını, lakin onun narahat olmamasını, bankın bundan xəbəri olduğunu göstərmişdir.
49. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının dəlillərinin həqiqiliyi halında belə, o, aldadıldığını bildikdən sonra qanunvericliklə müəyyən edilmiş 1 illik müddət ərzində kredit müqaviləsini mübahisələndirməmiş, bu barədə məhkəməyə yalnız 2019-cu ildə müraciət etmişdir.
50. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2).
51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
52. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
53. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
54. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
55. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarıni düzgün tətbiq etmiş və iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
56. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Kollegiya həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizalarının dəyəri olan cəmi 248 manat məhkəmə xərci iddiaçıya aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1093/2020- 016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizalarının dəyəri olan cəmi 248 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.