Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-151/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(003)-145/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrə əsasən torpaq sahəsi ayrılmış və Abşeron Rayon İcra Hakimiyyətinin 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamdan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikilmiş tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərin mühafizə zonasında Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və yarımçıq tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km.-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11 avqust 2023-cü il tarixli 10/3751 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasar və hasara bitişik olan evin Buzovna-Ramana Dş 250 mmlik yerüstü neft kəmərindən 22.20 metr məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar və hasara bitişik olan evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(003)- 145/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə aid edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50,0 (əlli) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Məhkəmə hazırkı tələbə münasibətdə, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikili hesab edilə bilməz. Belə ki, MM-in 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı iddia ərizəsində ümumi olaraq tikilinin yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaratmağına əsaslansa da, buna münasibətdə məhkəmə qeyd etmişdir ki, nə qədər ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanuni əsaslarla tikilmişdir, iddiaçı bu sadaladığı hallara istinad edə bilməz. İddiaçı özü bu təhlükəsizliyi təmin etməli idi, bunun üçün digər bütün imkanların tükəndiyi halda isə, Avropa İnsan Hüquqları Məhkəməsinin adı çəkilən qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə müvafiq kompensasiya yaxud, ekvivalent təminat verməklə belə bir iddia qaldırıla bilərdi. Məhz bu hal üçün kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə konkret hər hansı bir müddəa olmasa da, bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərdiyi mövqeyə əsaslanmaqla şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatından irəli gəlir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, nə qədər ki, Cavabdeh 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, xx.xx.1999cu il tarixli sərəncamı mövcuddur və qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin və sərəncamın hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.3, 43.1, 71.1, 71.2; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.1, 159, 180.1; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 22; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddələrinə, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə məxsus tikililər neft kəmərinin mühafizə zonası daxilindədir. Mübahisəli torpaq sahəsi Cavabdeh ayrılarkən torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilib və o şəkildə qəbul edib. Daha sonra Cavabdeh torpaq sahəsində tikililər inşa etmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci il tarixdə 5 saylı qarovulun 1-ci iş növbəsində saat 16:30-da 3-4 saylı postların ərazisində (Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi) Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə Cavabdeh, içərisində yaşayış olan evin ön hissəsində eyvanın qarşısında 2.5 metr enində 7 mişar daşı hündürlüyündə və 6 metr uzunluğunda, 4 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olduğu cavabdehə izah edilərək sökülməsi tələb olunsa da o mövcud tikililəri sökməkdən imtina etmiş, bununla bağlı ərazi üzrə icra nümayəndəliyinə məlumat verilmişdir. Bu da Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, əlavə olaraq inzibati məsuliyyətə səbəb olur. Lakin məhkəmə qeyd olunan normaya heç bir münasibət bildirməmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; X2rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: müdaxilənin hüquqi əsası olmalıdır; müdaxilə ictimai maraqlara cavab verməlidir; müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 3-cü km-də, kəmərdən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X25 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X25 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
Mülki Məcəllə:
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Torpaq Məcəlləsi:
9. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi kifayət qədər araşdırmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Tİnin 35 saylı komandasının qarovul rəisi X12 atıcılar X17 və X9 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 5 saylı qarovulun 1-ci iş növbəsində saat 16:30-da 3-4 saylı postların ərazisində (Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi) Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin ön hissəsində köhnədən mövcud eyvanın qarşısında 2.5 metr enində 7 mişar daşı hündürlüyündə və 6 metr uzunluğunda, 4 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olduğu ev sahibəsinə izah edilərək sökülməsi tələb olunsada o sökməkdən imtina etmiş, bununla bağlı ərazi üzrə icra nümayəndəliyinə məlumat verilmiş və vətəndaşa əlavə işlərin görülməməsi üçün yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə neft kəmərindən 30 metr aralı inşa edilmiş tikilinin qanunazidd olması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin 637 nömrəli xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,02 ha hesabı ilə 4-223 kodlu torpaq sahəsi ayrılmışdır. 4-223 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Cavabdeh 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Cavabdeh 0,02 hektar torpaq sahəsi verilməsi haqqında Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmışdır. Vətəndaşa verilmiş həyətqanı torpaq sahəsində 0,02 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, Torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozun direktoru M.Əhmədova həvalə edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, Badam bağları ünvanında olan “Azəriqaz” İstehsalat Birliyinə məxsus **********16770 sayla abonent kodu olan “Smart G-4 İTRON Gallus Pay” sayğacı qeydiyyata alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh adına "xxxx" ASC-yə məxsus **********0014 sayla abonent kodu olan “17056030M468514” nömrəli sayğac qeydiyyata alınmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11 avqust 2023-cü il tarixli 10/3751 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasar və hasara bitişik olan evin X24 250 mm-lik yerüstü neft kəmərindən 22.20 metr məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar və hasara bitişik olan evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Göründüyü kimi ekspertiza ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasar və hasara bitişik olan evin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, xx.xx.1999cu il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsi olub-olmaması müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı kollegiyaya təqdim edilmiş Buzovna-Ramana Dş 250 mm-lik yerüstü magistral neft kəməri haqqında arayışdan görünür ki, uzunluğu 12.39 km olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü magistral neft kəməri hazırda işlək vəziyyətdədir və Neft kəmərləri İdarəsinin Abşeron İstehsalat Bölümü tərəfindən istismar olunur. Neft kəmərləri 1981-ci ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir (Səbail və Yasamal rayonlarının ərazisi ) və Neft Kəmərləri İdarəsinin balansındadır. Belə olan halda apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair ekspert rəyi qərardadda qoyulmuş suallar üzrə natamam olduğundan həmin halların aradan qaldırılması üçün iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırıcısı Ayaz Naibovun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 2000 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Göstərilən 200.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən torpaq sahəsi bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir. Göründüyü kimi, qeyd olunan rəylə Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və yarımçıq tikilinin məhz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ayrıca aktı üzrə olan sahəsi daxilindədir və neft kəmərinin mühafizəsində yerləşən torpaq sahəsində olması müəyyən edilmişdir. Bununla belə kollegiya qeyd edir ki, mübahisə predmeti özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün bir növ yetərlidir. Bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər-hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Bu baxımdan apellyasiya baxışı zamanı Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş, iddiaçının iddia etdiyi tikilinin SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik daxili neft xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər-hansı texniki və ya başqa məhdudiyyət, real maneəçilik törədib-törətməməsinin müəyyən edilməsi üçün əlavə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2025-ci il tarixli məktubu ilə qərardadda qoyulmuş sualda, iddiaçının iddia etdiyi tikilinin SOCAR-İN "Neft Kəmərləri" İdarəsinin istismarında olan X24 250mm-lik daxili neft xəttinin istismarı və s. baxımdan iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət, real maneəçilik törədibtörətməməsi məsələlərinin xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilməməsi və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmaması səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir. Halbuki həmin halın müəyyən edilməsi iş üzrə əhəmiyyətli olmaqla, iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün zəruri olsa da, işin aşağıdakı hallara görə kollegiyaya hazırki mübahisənin həlli baxımından müəyyən nəticəyə gəlməyə əsas verir. Belə ki, Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş, iddiaçının iddia etdiyi tikilnin SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik daxili neft xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər-hansı texniki və ya başqa məhdudiyyət, real maneəçilik törədib-törətməməsi Fövqəladə Hallar Nazirliyinin Sənayedə X8 və X14 Agentliyinin mütəxəssisləri vasitəsi ilə müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X8 və X14 Agentliyinin 22 oktyabr 2025-ci il 3-18-3/2-10186/2025 nömrəli məktubundan görünür ki: Qərardada əsasən Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında Cavabdeh fərdi yaşayış evinin, hasar və yarımçıq tikilinin SOCAR-ın İddiaçı istismarında olan Buzovna – Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü kmdə, ona paralel 1-ci sırada, kəmərdən təqribən 25 metr məsafədə, mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1.1-ci yarımbəndinə uyğun olaraq, magistral neft kəmərlərinin və obyektlərinin təhlükəsiz istismarı üçün şərait yaratmaq və onların zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə marşrut boyunca boru kəməri oxunun hər tərəfindən minimum 50 metrlik məsafədən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 6.2.1-ci yarımbəndinə əsasən mühafizə zonasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan bina və qurğuların tikintisi qadağandır. Bu səbəbdən də Cavabdeh məxsus fərdi yaşayış evindən, hasar və yarımçıq tikililərdən Buzovna – Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinə qədər olan məsafənin kəmərin istismarı, o cümlədən təmiri, qəza vəziyyətində müdaxilələrin həyata keçirilməsi baxımından hər hansı texniki və ya digər məhdudiyyət törədib törətmədiyi məsələsinə istismarçı təşkilat tərəfindən rəyin bildirilməsini məqsədəuyğun hesab edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X8 və X14 Agentliyinin 22 oktyabr 2025-ci il məktubuna əsasən rəyin verilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin 24 noyabr 2025-ci il tarixli, 3- 15/2 4132/2025 saylı məktubu ilə istismarçı təşkilatın (SOCAR-ın) rəyi təqdim olunmuşdur. SOCAR-ın vitse prezidentinin Azərbaycan Respublikasının Energetika Nazirinin müavininə ünvanlandığı xx.xx.2025-cı il tarixli məktubunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1.1-ci yarımbəndinə istinad edilərək həmin normanın tələblərinə,həmçinin kəmərlərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə İddiaçı sözügedən iddia tələbinin irəli sürülməsi göstərilmişdir. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə məxsus tikililər neft kəmərinin mühafizə zonası daxilindədir. Bundan başqa müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrə əsasən torpaq sahəsinin ayrılmış və Abşeron Rayon İcra Hakimiyyətinin 096 saylı, xx.xx.1999-cu il tarixli sərəncamdan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin mübahisəli torpaq sahəsi Cavabdeh ayrılarkən cavabdeh torpaq sahəsinin neft kəmərinin gözlə görünən məsafədə yerləşdiyindən məlumatlı olmuş və buna baxmayaraq bu şəkildə torpaq sahəsini qəbul etməklə, fərdi yaşayış evi inşa etdirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; X2rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: müdaxilənin hüquqi əsası olmalıdır; müdaxilə ictimai maraqlara cavab verməlidir; müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Xəzər rayonu, Binə qəsəbəsi, atçılıq massivi ünvanında cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X25 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X25 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli 20/01-020 nömrəli Qərarının (xx.xx.2023-cü il tarixdə **********1020 reyestr nömrəsi verilməklə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir) 6.1-ci bəndi ilə magistral neft kəmərlərinin mühafizə zonaları müəyyənləşdirilmişdir. Belə ki, Qaydaların 6.1.1-ci bəndinin 1-ci abzasına əsasən, magistral neft kəmərinin marşrutu boyunca – boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi isə mübahisəli sahənin fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri və sərəncamı əsasında ayrılmasına və uzun illər bu əmr və sərəncam mübahisələndirilməməsinə eləcə də hal-hazırda qüvvəsində olmasına istinad etsə də, işin faktiki hallarından görünür ki, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa etməklə bu tikili yüksək təzyiqli neft kəməri, həmçinin ətrafdakılar, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşməsi müəyyən edildiyindən iddia tələbi əsaslı olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabın köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(003)- 145/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərin mühafizə zonasında Xəzər rayonu Binə qəsəbəsi atçılıq massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yarımçıq tikili Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.