Məhkəmə qərarları › İş №2(103)-1514/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1514/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1514/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə (Ləğv prosesindədir) qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın yekunlarına dair protokolun, alqısatqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndələri X5 və Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə (Ləğv prosesindədir) qarşı xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-5299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, qətnamə birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilmişdir və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası MM-in müvafiq maddələri nəzərə alınmamışdır. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Aşağıdaklara əsasən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 5299/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mübahisə ilə bağlı bildirir ki, 2008-ci ildə Cavabdeh2 ASC-in Əhmədli Filialı ilə illik 28% olmaqla 18 ay müddətinə 62.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Xətai rayonu, Neapol küçəsi 11, 154 saylı mənzili banka girov qoymuşdu. 2008-ci ildən 2010-cu il tarixədək Banka 62.000 manat puldan 26.500 manat pul ödəmişdir. Sonradan maddi vəziyyəti pisləşdiyi ücün ödəniş edə bilmədi. Lakin 2010-2017-ci illər ərzində banka 26.500 manat puldan əlavə 53.000 manat pul ödəmişdir. Belə ki, 2010cu ildə Cavabdeh2 ASC ona qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmış və cəmi ondan 64.671 manat pul tələb etmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunduqdan sonra tələb evə yönəlmışdir. Sonradan banka olan borcunu tam bağladı. Lakin buna baxmayaraq bank ondan əsassız olaraq 3.470 manat pul tələb edir. Əslində isə borcu tam bağlanmışdır. Nəzərinizə çatdırır ki, xx.xx.2012-ci ildə №07/01 nömrəli hərracın yekunları barədə protokol tərtib edilərək mənzil 44.625 manat məbləğində qiymətləndirilmiş və elə həmin günü əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bundan sonra xx.xx.2013-cu il tarixdə Cavabdeh2 ASC-nin adına DƏDRX-dən ******* saylı çıxarış verilmişdir.

5. Hazırkı qətnamə ilə iddiası əsassız hesab edilərək rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, “Yuxarı instansiya məhkəməsinin əsas vəzifələrindən biri, işin yenidən baxılması deyil, yol verilmiş məhkəmə səhvlərinin düzəldilməsidir”. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, o, hərrac keçirilən vaxt ölkə xaricində olub. Ən əsası isə bankın borcunu tam ödəmişdir. Həmin mənzil hazırda da onun sahiblik və istifadəsindədir, bank etirazında 3.470 manat məbləğində çəkilmiş əlavə xərclərə istinad edirdi, həmin vəsaiti də artıq ödəmişdir. Hesab edir ki, borcun tamamilə ödənilməsinə, eləcə də bankın iddia etdiyi əlavə xərcləri də ödəməsinə baxmayaraq mənzilinin də bankın mülkiyyətinə keçməsi tamamilə qanunsuzdur, onda belə çıxır ki, bank onu aldatmış, ondan əsassız olaraq ödəmələri qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndələri N.İbrahimov və A.Nəcəf-zadə ayrılıqda bildirdilər ki, həqiqətən də iddiaçı tərəfindən borc tam ödənilib, eləcə də bankın çəkdiyi əlavə xərc kimi 3470 manat da ödənilib, hərraca əsasən alqı-satqı bağlansa da, mənzil bankın balansına keçməyib, bu gün də mənzil iddiaçının sahiblik və istifadəsindədir, hesab edirlər ki, borc ödəndiyi və iddiaçının əsas öhdəliyi yerinə yetirildiyindən, həm də mənzilin banka keçməsi əsassız varlanma yarada bilər. Həmçinin hərrac vaxtı iddiaçı burada olmayıb, məlumatsız olub. Bu baxımdan, Kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzili xx.xx.2013-cü il tarixdə “Zaminbank ASC”nin adına qeydiyyata alınmışdır.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4835/10 saylı, 28 dekabr 2010cu il tarixli qətnaməsinə əsasən 23 sentyabr 2010-cu il tarixə 58240 (əlli səkkiz min iki yüz qırx) manat əsas borc və 6431 (altı min dörd yüz otuz bir) manat faiz borcu- cəmi 64.67! (altmış dörd min altı yüz yetmiş bir) manat məbləğində borcun İddiaçı “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X6ma məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0.1418 ha torpaq sahəsində yerləşən 11 nömrəli. 9 mərtəbəli binada yerləşən- kv.m ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 154 nömrəli mənzilə yönəldilməsi, X2 məxsus Bakı şəhəri. Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0.1418 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 9 mərtəbəli binada yerləşən- kv.m ümunıi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 154 nömrəli mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, Bakı şəhəri. Xətai rayonu. Neapol küçəsində istifadədə olan 0.1418 ha torpaq sahəsindəki 11 nömrəli, 9 mərtabəli binada yerləşən- kv.m ümumi. 60.08 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 154 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində X4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, məhkəmə xərcləri- 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

12. X3 Yekunları barədə 07/01 saylı Protokoluna əsasən xx.xx.2012-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinin sirafişinə əsasən X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilin satılmasına dair hərrac keçirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzili 44625 manat məbləğində “Zaminbank ASC”-yə satılmışdır.

13. 29.11.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X1 «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış əmlakının açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və xx.xx.2010-cu ii tarixli Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4835/10 qətnaməsinə, icra vərəqəsinə və xx.xx.2012-ci il tarixli X3 Yekunları barədə 07/01 №li Protokoluna əsasən ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun AZ 1095, ünvan 2nda yerləşən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (xx.xx.2012-ci il tarixli 13- 21/4669 saylı etibarnaməyə əsasən Bakı şəhəri, 9 mkr, M.Cəlal küçəsi, ev 111, mənzil 6-da qeydiyyatda olan, xx.xx.1977-ci il təvəllüdlü X7 çıxış edir, ş/v AZE № 09901221, Bakı-Binəqədi RPİ xx.xx.2012) məxsus olmasını təsdiq edir. Həmin əmlak 60,08 kv.m yaşayış sahəsi, 105,38 kv.m ümumi sahəsindən, 5 (beş) otaqdan ibarətdir, əvvəllər xx.xx.2008-cı il tarixdə Azərbaycan Respublikasının DƏDRX Bakı şəhəri ərazi İdarəsi tərəfindən verilmiş 860 kitab, 80061 vərəq, **********53-05101-093034 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 məxsus olmuş və keçmiş mülkiyyətçinin əmlakın (mənzil) borcu olduğu üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçir.

14. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 1***-*******32 kodlu qəbzdən görünür ki, banka 3470 manat və xx.xx.2025-ci il tarixli, 1***-*******41 kodlu qəbzdən görünür ki, 20 manat ödənmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

16. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada)

18. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada)

19. 41.3. Hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada)

20. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.

21. 41.5. Hərrac açıq auksion formasında keçirilir.

22. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

35. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

36. 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

37. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

38. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir.

42. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, hərracın etibarsızlığı hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaların pozulması nəticəsində müəyyən oluna bilər. Lakin İddiaçı iddianın əsası kimi istinad edilən hallar, yəni hərracın keçirilməsi və alqı-satqı müqaviləsi bağlandıqdan sonra kredit müqaviləsi üzrə borcun ödənilməsi hərracın etibarsızlığına səbəb ola bilməz. Odur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir.

43. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və bildirir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin xx.xx.2012-ci il tarixdə keçirilməsinə dair bildirişin tərəflərə, xüsusən iddiaçıya göndərilməsi barədə təkzibedilməzliklə bağlı tələblərə cavab verən və biri digərini tamamlayan sübutlar təqdim edilməmişdir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. (İpoteka haqqında Qanunun 46.1-ci maddəsi).

46. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

47. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla kecirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

48. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).

49. Kollegiya onu da qeyd edir ki, hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçının əmlak mənafeyi və maraqlarını pozmuşdur.

50. Həmçinin iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsinə əsas olmuş borcu tam ödədiyini bildirmiş, bankın tələb etdiyi əlavə 3.470 manat borcun ödənilməsinə dair də qəbz təqdim etmiş, cavabdeh bankın nümayəndələri də həqiqətən iddiaçının borcu və əlavə xərcləri tam ödədiyini, mənzilin hələ də iddiaçının sahiblik və istifadəsində olmasını, bankın mənzili balansına götürmədiyini qeyd etmiş, hazırkı mübahisə ilə bağlı məhkəmənin mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etmişlər.

51. Göründüyü kimi, iddiaçının borcu tam ödəməsinə, başqa sözlə, əsas öhdəliyin icra edilməsinə baxmayaraq, hərraca əsasən iddiaçının mənzilin bankın mülkiyyətində qalması, son nəticədə bankın iddiaçının hesabına əsassız varlanmasına səbəb olmamaqla, həm də iddiaçının mülkiyyət hüququnun əhəmiyyətli şəkildə pozulmasına gətirib çıxarır.

52. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında maddi və prosessual hüquq normalarına əməl edilməmiş bu səbəbdən də düzgün olmayan nəticəyə gəlmişdir ki, bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair 07/01 saylı, xx.xx.2012-ci il tarixli protokolu, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş 860 kitab, 80061 vərəq, **********53-05101- 093034 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-5299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair 07/01 saylı, xx.xx.2012-ci il tarixli protokolu, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş 860 kitab, 80061 vərəq, **********53-05101-093034 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar