Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-152/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdeh qarşı “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək, kollektorun mühafizə zonasının boşaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək, kollektorun mühafizə zonasının boşaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı ASC (hüquq varisi: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) Cavabdeh qarşı “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək kollektorun mühafizə zonasının boşaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə formalaşan yağıntı sularının kollektorlar vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Yağış sularının düzgün və fasiləsiz idarə edilməsi üçün şəhərə xidmət göstərən kollektorların mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Belə ki, iddiaçı tərəfindən yağış kollektorlarına (xətlərə) texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları” haqqında, “Hidrotexniki qurğuların təhlükəsizliyi” haqqında Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 800 mm olan dəmir beton konstruksiyadan ibarət, Xətai rayonun bir hissəsində formalaşan yağıntı sularının ərazilərdən kənarlaşdırılması üçün istifadə edilən “Sadıqcan” yağış kollektorunun (xəttinin) ünvan 1 ünvanının yaxınlığından keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsində qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinın 62-ci maddəsində qeyd olunmuşdur ki elektrik, rabitə nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktların tələblərindən də görünür ki, yağış kollektorunun üzərində və ya onların mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Qanunvericiliyın tələblərinə uyğun olaraq iddiaçı hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan yağış kollektorunun mühafizə zonalarında inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-ci maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, magistral su xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilməmişdir.
4. İddiaçı apellyasiya şikayəti vermişdir.
5. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır.
6. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquq varisi kimi cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikyətində iddia tələbində göstərilənlərlə yanaşı, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsi, həmçinin kollektorun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin həmin kollektora nəzarət edilməsini, eləcə də orada qəza baş verərsə, bununla bağlı qəza-bərpa işlərinin aparılmasına maneə olması hallarının araşdırılmaması göstərilmiş, odur ki, qətnamənin ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin qurumda gedən təşkilati dəyişikliklərlə əlaqədar olaraq ekspertə lazımi sənədləri təqdim edə bilmədiklərini qeyd etmiş, qurumdakı dəyişikliklərin başa çatdığını, ekspertiza aparılması üçün zəruri sənədləri 10 gün ərzində təqdim edəcəklərini qeyd etmiş, odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini xahiş etmişdir. Qərardad yenidən icra edilməsi üçün Mərkəzə təkrar göndərilmiş, bundan sonra Cavabdeh adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etməyin mümkün olmaması barədə rəy daxil olduqdan sonrakı məhkəmə iclasında iddiaçının nümayəndəsi ekspertiza aparılması üçün zəruri sənədləri baxışın təyin edildiyi gün bələdiyyə seçkilərinə düşdüyü üçün təqdim edə bilmədiyini bildirmişdir.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçının zəruri sənədləri və sübutları təqdim etmək üçün birinci instansiya məhkəməsində kifayət qədər imkanı olduğu halda, bütün bu müddət ərzində bunu etməmişdir. İddiaçının ekspertiza qərardadının icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə dair vəsatətin təmin edilməsinə baxmayaraq onlar yenə də sənədləri müxtəlif bəhanələrlə təqdim etməmişlər. Həmçinin qətnamə təqdim edərək qeyd etdi ki, iddiaçı eyni ünvanda cavabdeh S.Rəsulova qarşı da eyni iddia tələbi ilə müraciət etmiş, iddiası Xətai Rayon Məhkəməsinin 2(011)-448/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti də verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
10. 03 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən məntəqənin istismarına dair icazə verilmiş və tikilinin parametrləri müəyyən edilmiş, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 10 iyul 2018-ci il tarixli sərəncamından çıxarış ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən məntəqə X2 müraciətinə əsasən Cavabdeh adına sənədləşdirilmişdir.
11. İddiaçı Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında yerləşməsinə istinad edərək tikilinin sökülməsini və kollektorun mühafizə zonasının boşaldılmasını tələb etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli rəydən görünür ki, İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində və ya mühafizə zonasında yerləşibyerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən bir mərtəbəli tikilinin (məntəqə) müvafiq icra hakimiyyəti orqanının tikinti ilə bağlı icazə sənədində qeyd olunan parametrlərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. Cavabdeh məxsus tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında yerləşib-yerləşməməsi müəyyən edilsin. 2. Həmin ünvanda iddiaçıya məxsus kollektorun mövcud olub-olmaması, onun yerləşmə yeri və istiqaməti barədə zəruri məlumatların (layihə və yerləşmə xəritəsinin) ekspertlərə təqdim olunması iddiaçıya həvalə edilsin.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən məlum olur ki, İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətini müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
15. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən məlum olur ki, İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətini müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
17. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən Xətai Rayon Məhkəməsinin 2(011)-448/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı ASC-nin cavabdeh X3 qarşı ““Sadıqcan” yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək kollektorun mühafizə zonasının boşaldılması” barədə tələbi üzrə iddia ərizəsi təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
20. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
21. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
25. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında yerləşməsinə istinad edərək tikilinin sökülməsini və kollektorun mühafizə zonasının boşaldılmasını tələb etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı kollektorun onun balansında olmasına, sözügedən tikilinin həmin kollektorun mühafizə zonasının üzərində yerləşməsinə aid sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən aparılan araşdırma zamanı kollektorun inşa xətləri barədə plan-sxem, o cümlədən həmin plansxemin müvafiq göstərişlərə uyğun olmasına dəlalət edən sənədlər iddiaçıdan tələb edilsə də bu sənədlər də məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və ekspertin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus məntəqə tipli tikili müvafiq icra hakimiyyəti orqanının tikinti ilə bağlı icazə sənədində qeyd olunan parametrlərlə eynilik təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli ekspert rəyini sübut kimi qəbul edərək və iddiaçının təqdim etdiyi sübutları iddianın təmin edilməsi üçün kifayət hesab etməyərək qeyd edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində cavabdehin inşa etdiyi özbaşına tikilinin kollektorun mühafizə zonasında olmasına istinad edilir. Belə olan halda, bu halı, yəni cavabdehin tikilisinin kollektorun mühafizə zonasında yerləşməsini MPM-in 77.1-ci maddəsinə görə sübutetmə yükünün bölüşdürülməsi baxımından iddiaçı sübut etməlidir.
39. MPM-in 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
40. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmətikinti ekspertizası təyin edilmişdir.
41. Həmin kollektorun tikilinin altında yerləşməsi səbəbindən kollektorların yerləşməsi ilə bağlı zəruri sənədlər məhz iddiaçı tərəfindən təqdim edilməli idi, həmin sənədlərin isə iddiaçı tərəfindən təqdim edilməməsi səbəbindən ekspert tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən cavabdehin adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
42. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1667/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin iclasda iştirak edən iddiaçının nümayəndəsi tədqiqatın aparılması üçün zəruri sənədləri təqdim edəcəyini bildirsə də, yenə də həmin sənədlər təqdim edilmədiyindən, ekspert tərəfindən eyniməzmunlu məlumat verilmişdir ki, cavabdehə məxsus tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
43. Göründüyü kimi, məhkəmə iddia tələbi ilə bağlı prosessual qanunun verdiyi imkanlardan istifadə edərək, iddiaçıya iddia tələbi ilə bağlı zəruri sübutları təqdim etməsi üçün kifayət qədər şərait yaradılmış, lakin iddiaçı hər dəfə həmin zəruri sənədləri təqdim etməmiş, nəticədə müvafiq ekspert tədqiqatı aparılmamışdır.
44. Kollegiya iddiaçının nümayəndəsinin sənədlərin təqdim edilməməsi ilə bağlı gah qurumda gedən dəyişiklik, gah tədqiqatın bələdiyyə seçkiləri gününə təsadüf etməsi barədə dəlillərini isə uydurma və əsassız hesab edir.
45. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).
46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
47. MPM-in 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
48. MPM-in 106.2-ci maddəsinə görə, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
49. MPM-in 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
51. Beləliklə, iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə bağlı sübutları təqdim etmədiyindən, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəaları nəzərə alınaraq qeyd edilir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə:
52. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
53. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi (50+50=100) 100 (yüz) manat şikayəti vermiş iddiaçıdan tutulmalıdır.
55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi (50+50=100) 100 (yüz) manat pul vəsaiti iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən tutularaq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.