Məhkəmə qərarları › İş №2(103)-1524/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1524/2023

10.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1524/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X15 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbi barədə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2022ci il tarixli, e-2(003)-747/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron İB-nin rəis müavini X5, NBKXS-nin rəisi X11 və istismar üzrə böyük mühəndisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus torpaq sahəsi və 6x4 ölçüdə tikili Abşeron İB-nin istismarında olan Buzovna-Ramana Dş250 yerüstü neft kəmərinin 1 km hissəsində kəmərdən 26.20 m təşkil edir.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 alınaraq iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İdarənin X10nin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Cavabdeh Məmmədiyə qızına fərdi mənzil tikintisi üçün 0.03 ha hesabı ilə 5-596 nömrəli həyətyanı torpaq sahəsi ayrılmışdır və X10 tərəfindən Cavabdeh 07 iyul 2021-ci il tarixli 297 nömrəli arayış və torpaq sahəsinin sxemi verilmişdir.

3. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 096 nömrəli 15 aprel 1999-cu il tarixli sərəncamdan çıxarışdan görünür ki, Cavabdeh ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşdiyindən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının qeydiyyyata alınmasından imtina edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2888 nömrəli rəyindən aydın olur ki, ekspertə təqdim edilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ünvandakı ərazidən İddiaçı İstismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri keçir və təzyiqi 24 atmosferdir. Həmin ünvandan keçən İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri ilə fərdi yaşayış evinin mişar daşından inşa edilmiş hasarı arasında olan məsafə 20 m, kəmərlə fərdi yaşayış evi arasında olan məsafə isə 27 m təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və fərdi yaşayış evi, ərazidən keçən İddiaçı istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 1.0-ci km-də, kəmərin mühafizə zonasında, kəmərdən 26,20 metr aralı məsafədə, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 5-596 ünvanında (koordinatlar: 39T 420986.31; 4482762.83, 39T 421002.62; 4482767.97, 39T 420996.24; 4482745.16, 39T 421007.98; 4482750.44, 39T 421004.27; 4482723.63, 39T 421016.82; 4482726.07) Cavabdeh tərəfindən inşa olunmuş 6x4 metr ölçüdə qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci km-də, kəmərdən 26,20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 5-596 ərazisində Cavabdeh tərəfindən elə həmin ünvanda 6x4 metr ölçüdə qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(003)- 747/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 102 manat məbləğdə pulun iddiaçıdan tutulması qət edilmişdir.

9. Qətnamə onunla əsaslandırlmışdır ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ilə yaxın müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Eyni zamanda cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10nin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) əmri mövcud olmaqla hazırda qüvvədədir. Sözügedən əmrin qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri əsasında ayrılmış, uzun illər bu qərar mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Belə olan halda torpaq sahəsinin ayrılmasına əsas olmuş əmr mübahisələndirilməməklə qüvvədə olduğu halda orada əmrdə göstərilən qaydada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsasılı hesab edilə bilməməklə hazırkı iddia tələbi bu baxımından da təmin edilə bilməz.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx.xx.2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X8 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması - 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; - 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; - 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ - 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; - 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarı: “- 41. Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub- olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X9rşı, № 66610/10, § 30, 14 mart 2017). ... - 46. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs - həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq - Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). - 47. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. İşdən müəyyən olunur ki, iddiaçı istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 1.0-ci km-də, kəmərin mühafizə zonasında, kəmərdən 26,20 metr aralı məsafədə cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbini irəli sürür.

25. Məhkəmə kollegiyası hazırkı tələbə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikili hesab edilə bilməz. Belə ki, MM-in 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

26. İddiaçı apellyasiya şikayətində ümumi olaraq tikilinin yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaratmağına əsaslansa da, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanuni əsaslarla tikilmişdir, iddiaçı bu sadaladığı hallara istinad edə bilməz. İddiaçı özü bu təhlükəsizliyi təmin etməli idi, bunun üçün digər bütün imkanların tükəndiyi halda isə, Avropa İnsan Hüquqları Məhkəməsinin adıçəkilən qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə müvafiq kompensasiya yaxud, ekvivalent təminat verməklə belə bir iddia qaldırıla bilərdi. Məhz bu hal üçün kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə konkret hər hansı bir müddəa olmasa da, bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsaslanmaqla şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatından irəli gəlir.

26. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(003)- 747/2022 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, e-2(003)- 747/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar