Məhkəmə qərarları › İş №2(103)-1525/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1525/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1525/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: Qazdan istifadə Qaydalarının pozulması,borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)- 2575/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçının həyat yoldaşı X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bilidirir ki, istifadə etdiyi qaza görə həmişə ödənişlər etmişdir. Həyuat yoldaşı vəfat edəndən sonra ona məlum olmuşdur ki, qaza görə borc hesablanmışdır

2. Cavabdeh İB-nə müraciət etdikdə ona bildirdilər ki, sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə əməkdaşlar tərəfindən akt tərtib edilmiş və həmin akt əsasında ona cərimə hesablanmışdır. Halbuki o kənar xətdən istifadə etməmişdir. Ona təqdim olunan abonentin saldolarından görünür ki, 2015-ci ildə 749.30 manat, 2016-cı ildə 940.50 manat, 2017-ci ildə 1228 manat, 2018-ci ildə 2845.60 manat, 2019-cu ildə 1200.60 manat, 2020ci ildə 2937.60 manat borc hesablanmış, aktlar tərtib edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız (**********20000 saylı abonent hesabına) hesablanmış 9901,60 (doqquz min doqquz bir manat 60 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona təqdim olunan abonentin saldolarından görünür ki, 2015-ci ildə 749.30 manat, 2016-cı ildə 940.50 manat, 2017-ci ildə 1228 manat, 2018-ci ildə 2845.60 manat, 2019-cu ildə 1200.60 manat, 2020-ci ildə 2937.60 manat borc hesablanmış, aktlar tərtib edilmişdir. Həmin aktlardan onun xəbəri olmamışdır. Aktlar tərtib edilərkən nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır, bu barədə onlara məlumat da verilməmişdir. Göründüyü kimi, həmin aktlar formal olaraq tərtib olunmuş və əsassız yerə ona 9901,60 manat məbləğində yüksək cərimə borcu yazılmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq yazılmışdır.

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2022-ci il tarixli, 2(003)-2575/2022 saylı qətnaməsi ilə (hakim Tağıyev Zaur) iddia təmin ediliş, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********20000 saylı abonent hesabına) hesablanmış 9901,60 (doqquz min doqquz bir manat 60 qəpik) manat məbləğində borc silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflərindən təqdim olunmuş sübutlara,yəni aktlara hərtərəfli, tam baxılmayıb və məhkəmə təqdim sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmək istənilsə də, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq araşdıra bilərdi. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəfimizdən heç bir səhvə yol verilməmişdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

10. 4.2-ci bənd. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

11. 4.3-4.7 bənd. Qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

12. 4.8-ci bənd. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

13. 4.9-cu bənd. , istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

15. 6.6-cı bənd. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

16. 6.7-ci bən. qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 13.8. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, qeyd etmək istəyirəm ki, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarındatam bildirməmişdir.

18. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmamaqla aşağıdakıları qeyd edir.

29. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2018-ci ilin iyun ayından 2020-ci ilin dekabr ayına qədər təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan görünür ki, **********20000 saylı obonent sayğacdan kənar xətt vadsitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Belə ki, bunu təqdim edilmiş aktalara əlavə edilmiş fotoşəkillərdən müəyyən etmək mümkün olur. Eyni zamanda işdə olan abonent saldosundan müəyyən edilir və tərtib edilmiş aktlarla bağlı illər üzrə iddiaçı (abonent) tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Bu müddətlər ərzində evdə yaşayışın olması nəzərə alınaraq qazdan istifadə edilməməsi qənaətinə gəlmək mümkün deyil. İddiaçı tərəfindən də həmin dövrlərdə evdə yaşamadığına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda qazdan istifadəyə görə vurulmuş zərər abonent tərəfindən ödənilməlidir.

30. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin zərər abonent saldosunda göstərilən və məhkəməyə təqdim edilən aktlarda olan məbləğdə müəyyən edilə bilməz. Belə ki, əvvəla abonent saldosunda göstərilən və iddia tələbnində qeyd edilən məbləğdə borcun hesablanmasına əsas olmuş 2015, 2016, 2017 və 2018-ci ilin 5 ayı arzində tərtib edilmiş aklar məhkəməyə təqdim edilməmiş və bununla da həmin aktlar üzrə hesablanmış borcun abnent hesabında saxlanması qanuni və əsaslı hesab edilə bilməz.

31. Eyni zamanda cavabdeh təşkilat tərəfindən 2018-ci ilin iyun ayından 2020-ci ilin dekabr ayıda daxil olmaqla tərtib edilən aktlarda qazla işləyən avadanlıqlar soyuq aylarda 3 sayda, dəmir soba, QP-4, QSSQ kimi, isti aylarda isə 2 sayda QP-4, QSSQ kimi düzgün olaraq qeyd edilmişdir. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən aparılan hesablamalar işlədilən avadanlıqlara münasibətdə işləmə saatlarına görə düzgün hesablanmamışdır. Belə ki, 2018-ci ilin iyun ayından götürülməklə son aktın tərtib edilməsinə 31 ay müddəti keçmişdir və həmin keçən müddətin təxmini 17 ayı isti aylara təsadüf edir. Buna baxmayaraq QSSQ-nin isti aylarda işləmə saatlarının soyuq aylarda işləmə saatlarının arasında hər hansı fərq qoyulmamaqla standart qeyd edilmişdir. Halbuki, isti aylarda həmin avadanlığın işləmə saatları aktlarda qeyd edilən müddətə ola bilməz. Eyni zamanda soyuq aylarda dəmir sobanın işləmə saatlarının standart olaraq gunun cox boyük hissəsində hesablanmasını da kollegiya ağlabatan və ədalətli hesab etmir.

32. Bunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin aktlar üzrə zərərin hesablanması aparılarkən dəmir soba ilə bağlı hissə 14 (soyuq aylar) ay götürülməklə dəymiş zərərin məbləği də bu həddə və qeyd edilən qaydada hesablanmaqla nəzərə alınmalıdır. (1.4 m3/saat x 8 saat iş rejimi x 30 gün=336 m3, 336 m3 x 14 ay (4704 m3) x 0.10=470.4 manat).

33. Bununla yanaşı aktlarda göstərilən digər qaz işlədiciləri kimi göstərilən QP-4, QSSQyə münasibətdə də gündəlik iş rejimi müddətində düzgün hesablama aparılmamışdır ki, kollegiya bunu da mümkün hesab etməməklə həqiqəti əks etdirməməsi qənaətinə gəlir. Belə ki, 4 gözlü qazın təyinatı nəzərə alındığından 6 saat istifadə edilməsi ağlabatan deyil. Eyni zamanda su qızdırıcısı funksiyasını yerinə yetirən qaz işlədicisinin də gündəlik 12 saat işlədilməsi ağlabatan görünmür. Belə olan halda həmin işlədicilər üzrə 31 ay ərzində aylıq işləmə saatları və maximal saatlıq qaz sərfi ağlabatan saat götürülməklə hesablanmalı və dəymiş zərərin məbləği də bu həddə nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, bu iki işlədiciyə münasibətdə fəsil nəzərə alınmadan 31 ay müddətində hesablanma qeyd edilən qaydada aparılmalıdır (QP-4 (1.2 m3/saat x 3 saat iş rejimi x 30 gün=108 m3, 108 m3 x 31 ay (3348 m3) x 0.10=334.8 manat). (QSSQ (1.5 m3/saat x 6 saat iş rejimi x 30 gün=270 m3, 270 m3 x 31 ay (8370 m3) x 0.10=837 manat).

34. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)-2575/2022 saylı qətnaməsi ləğv edilərək, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********20000 saylı abonent hesabına) hesablanmış 8259,4 manat (470.4+334.8+837=1642,2; 9901,6-1642,2=8259.4) məbləğində borc silinməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(003)- 2575/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent koduna (**********20000 saylı abonent hesabına) hesablanmış 8259,4 manat (səkkiz min iki yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar