Məhkəmə qərarları › İş №2(103)-1526/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1526/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1526/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3475/2022 saylı 05 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İşin halları Cavabdeh İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2013-cü il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Abonent kodu **********0 olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Q.İlkin küçəsində yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qazdan istifadə ilə bağlı 4185,60 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent hesabına (abonent kodu 1003**********0) aktlar əsasında hesablanmış ümumilkdə 4143,20 manat borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Q.İlkin küçəsində yerləşən ev ona məxsus olmuş və cavabdeh Birlik ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqı müqaviləsi əsasında həmin ünvana sayğac qoyulmuş və ev təbii qazla təmin edilmişdir. Həmin evdə daimi yaşamamışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, həmin ünvana quraşdırılmış sayğac çıxarılaraq aparılmışdır. Səbəbini araşdıranda ona məlum olmuşdur ki, həmin ünvanla bağlı 2013-cü ilin dekabr ayından 2019-cu ilin yanvar ayına kimi aktlar tərtib edilmiş və onun abonent hesabına 4143,20 manat məbləğində borc hesablanmışdır. Həmçinin müəyyən etmişdir ki, hasarda yerləşdirilmiş sayğac çıxarılıb aparılandan sonra sayğacın yerləşdiyi yerdə giriş-çıxış turbaları qalmışdır və həmin vəziyyətdə sayğacın yerləşdiyi yerin şəkilləri çəkilmiş və guya qeyri-qanuni xətt olması adı ilə müəyyən aylarda aktlar tərtib edilmiş və həmin aktlar uyğun onun abonent hesabına borc yazılmışdır. O, heç vaxt sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməmiş, həmçinin ünvana cavabdehin əməkdaşları tərəfindən heç vaxt baxış keçirilməmişdir. Qonşu evlərdə məcburi köçkünlərdən ibarət ailələr yaşayır və həmin evlərə onun evinin ön hissəsində yerləşən qaz turbasında qeyri-qanuni xəttlərin çəkildiyini müəyyən etmiş və bildiyinə görə həmin xəttlər barəsində Cavabdeh əməkdaşlarının məlumatları var və həmin xəttlərin olmasına göz yumurlar. Görünən odur ki, həmin xəttlər onun tərəfindən çəkilməsi kimi qeydə alınaraq, ünvanında yaşamadığından istifadə edilərək onun abonent hesabına borclar yazılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3475/2022 saylı 05 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış (1003**********0 saylı abonent hesabına) 4143,20 manat məbləğində borc silinməsi və 61,43 manat dövlət rüsumunun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8 və 4.9-cu bəndləri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü bəndi ilə əsaslandıraraq göstərmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfə dəfələrlə məlumat verilmiş, oranın nümayəndəsinin iştirakının təmin etmək məqsədi ilə kollegiyanın iclası 3 dəfə təxirə salınmış, lakin nümayəndənin iştirakı təmin edilməmişdir Məhkəmə kollegiyasının iclasında cavabdeh öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu: 13.8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.9-cu bəndi. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2-ci bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndi. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İddiaçı sayğac quraşdırılan evdə daimi yaşamadığından həmin ünvana quraşdırılmış sayğacın çıxarılaraq aparılmasının səbəbini araşdıranda ona məlum olmuşdur ki, həmin ünvanla bağlı 2013-cü ilin dekabr ayından 2019-cu ilin yanvar ayına kimi guya qeyri-qanuni xətt olması adı ilə müəyyən aylarda aktlar tərtib edilməsini və həmin aktlar uyğun onun abonent hesabına borc yazılmasını göstərərək heç vaxt sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etmədiyi üçün yazılan cərimənin qanuniliyini mübahisələndirmişdir. Cavabdehin iddiaya etirazın əsası kimi təqdim etdiyi sənədlərə əsasən iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı xx.xx.2019-cu il tarixli ******* saylı aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə ümumilikdə 4143,20 manat borc iddiaçının abonent hesabına yazılmış və hazırda həmin məbləği iddiaçıdan tələb edilr. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin hesab edir ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallara dair iş materiallarında mötəbər sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, onun adının qarşısında «imtina» yazılmışdır. Lakin bu imtinanın həqiqətən də abonent tərəfindən edilməsinə dair cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Kollegiyanın qənaətinə görə göstərilən sübutun təqdim edilməməsi qeyd edilən aktların birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilməsinə dəlalət edir. Belə ki, aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında nə hal şahidlərinin, nə də ki dövlət, icra və digər orqanların nümayəndələrinin iştirakı təmin olunmadığından həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı tərəfin təqdim etdiyi məhkəmə qərarlarından görünür ki, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1559/2022 saylı qiyabi qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə 4185,6 manat, hüquqi yardım üçün 300 manat, dövlət rüsumuna görə 64,86 ümumilikdə 4550,46 manat tutulması qət edilmişdir. İddiasında Cavabdeh 2017-2019-cu illərdə tərtib edilmiş aktlara istinad etmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1559/2022 saylı qərardadı ilə Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1559/2022 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Xəzər rayon məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(003)-1559/2022 saylı qərardadı ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə 4185,6 manat, hüquqi yardım üçün 300 manat, dövlət rüsumuna görə 64,86 manat, ümumilikdə 4550,46 manat tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası təqdim edilmiş məhkəmə qərarları ilə bağlı qeyd etməyi zəruri sayır ki, qeyd edilən iddia təmin edildiyi və buna dair yekun məhkəmə qərarı mövcud olduğu halda hazırki iş üzrə iddianın əsassız olmasına qənaətin gəlməyə müəyən qədər əsaslar irəli sürülə bilərdi. Lakin nə qədər ki, Cavabdeh İddiaçı qaz xəttindən özbaşına qoşulmaqla qazı talaması nəticəsində vurulan ziyanın ödənilməsinə dair iddiası ilə məhkəməyə müraciət etsə də, yekun olaraq iddianın əsaslı olmasını təsdiq edən məhkəmə qərarı qəbul edilmədiyindən, həm də apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi cavabdehin sübuta söykənməyən mülahizəsini deyil, işin araşdırılmış halları ilə cavabdehin tərtib etdikləri aktların həqiqiliyi və şübhə altına alınmamasına dair heç bir mötəbər sübutlar təqdim edilməməsinə əsaslanaraq hazırki iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Hazırki mübahisə üzrə qeyd edilən aktların qanuniliyi mübahisələndirilməsə də, onların əsasında yazılmış cərimənin qanuniliyi mübahisələndirilir. Halbuki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə iddia qaldırılıb-qaldırılmamasından asılı olmayaraq həmin aktlar əsasında hesablanmış cərimələrin qanuni olub-olmamasına dair mübahisələrə baxıldıqda həmin cərimələrin hesablanmasına əsas olan aktların qəbul edilməsi üçün müəyyən edilmiş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Başqa sözlə, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması, qanunsuz istifadə hallarını artıraraq təbii qazan talan edilməsi, dövlətə külli miqdarda ziyan vuran şəxslərin qarşısının alınması və barələrində qanunvericiliyə uyğun tədbirlər görülməsi iddiaçının «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının, «Qaz istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq birbaşa vəzifəsidir. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. Sübut qismində təqdim etdiyi hesab etdiyi abonent saldosuna məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, saldo sayğac göstəricisi və aktlar əsasında formalaşır. Sübut qismində təqdim edilmiş aktlarda və fotoşəkillərdə iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qoşulma müəyyən edilmir. Hətta fotoşəkillərdə sayğacın olması belə görünmür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. İş materiallarından görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının qaz xəttinə qanunsuz müdaxiləsindən yox, aktlar üzrə hesablanmış cərimə məbləğindəndir. Ona görə də, mübahisə üzrə qaz xəttinə qanunsuz müdaxilə ilə bağlı ekspertizanın keçirilməsinə də zərurət olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3475/2022 saylı 05 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar