Məhkəmə qərarları › İş №2(103)-1527/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1527/2023

17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1527/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(003)-2838/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında ünvan 1 ünvanı üzrə aktlar əsasında borc hesablanmışdır. 2.İddiaçı həmin aktlar üzrə borcun qanınsız hesablanmasını bildirərək, borcun silinməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (abonent kodu **********00070) əsassız hesablanmış 9243 manat borcun 8963 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 2 ünvanında yerləşən ona məxsus qaz sayğacına aktlar tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktdan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Həmin mənzildə ümumiyyətlə qaz sayğacı olmamışdır və yalnız 28 iyun 2022-ci il tarixdə həmin ünvana qaz sayğacı quraşdırılmış və həmin sayğaca 9243,36 manat məbləğində qaz borcu hesablanmışdır. O, həmin mənzildə cəmi 2 ildir ara-sıra yaşayır. Daimi yaşayış yeri Mərdəkan qəsəbəsi Ramin Cəfərov küçəsi ev 1 ünvanında yaşamışdır. Qaz borcu hesablanan mənzildə yalnız dördgöz qaz peçi var, isitmə sistemi elektrik və odun peçi ilə aparılmışdır. Yəni həmin evdə il ərzində 2 ay yaşayış olduğunu və hər ay üçün ən çoxu 70 manat qaz sərfiyyatı aparıldığını nəzərə alsaq bu da ümumilikdə 280 manat məbləğ edir. Özü çətinlikdə dolanır və belə vaxtda bu qədər cərimə borcunun hesablanması onun üçün olduqca ağırdır. Onun həmin qaz sayğacına sözügedən məbləğdə müdaxilə etmək imkanı olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. 5.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 oktyabr 2022-ci il tarixli, 2(003)-2838/2022 saylı qətnaməsi ilə (hakim-Zaur Tağıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********00070 saylı abonent koduna hesablanmış 7292,16 manat məbləğində borcun silinməsi, Cavabdehndən 109,63 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.İş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. 7.İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanına xx.xx.2022-ci ildə Zenner G4T Smart tipli abonent kodu **********00070 olan sayğac quraşdırılmışdır. 8.İş materiallarında olan abonent saldosundən görünür ki, ünvan 4 ünvanına 2020-ci il üzrə 1951,20 manat, 2021-ci il tarixə 3844,80 manat, 2022-ci il tarixə 3447,36 manat borc hesablanmışdır. 9.Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında tərəfin vermiş olduğu izahatından da göründüyü kimi iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyini qismən olaraq etiraf edərək, ünvana sayğac quraşdırılmamış olan 2021-ci ilədək sayğac olmadığınıdan təbii qazdan qeyriqanuni istifadə etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2020-ci ildə sayğacdan kənar təbii qazdan istifadəsi ilə bağlı 1951,20 manat borc hesablanmışdır. 10.Məhkəmə hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsaslı hesab edilə bilməz. 11.İddiaçının iddia tələbinin (9243,36-1951,20=7292,16) 7292,16 manat borcun silinməsi hissəsində məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və qeyd edilən məbləğ Cavabdeh tərəfindən silinməlidir. 12.Belə ki, qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd edilən borc məbləği ilə bağlı tərtib edilmiş aktlar iddiaçının iştiakı ilə tərtib edilməmiş və həmçinin həmin aktlar abonentə təqdim edilməmişdir. 13.Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. 14.Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi qismən təmin edilməli, iddiaçının abonent hesabına təbii qazdan “qeyri-qanuni” istifadə etməsinə əsasən tərtib edilmiş aktlar əsasında hesablanmış 7292,16 manat məbləğində borc silinməli, qalan məbləğ isə təbii qazdan istifadə etdiyinə əsasən hesablanmış borc olduğundan həmin borcun silinməsi hissəsində iddia təmin edilməməlidir. 15.Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 1000 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 109,63 manat məbləğində dövlət rüsumu alınmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.7, 4.2, 4.8, 4.9, 5.2, 5.4, 5.5-ci; “Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndi; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 14.2, 124.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edlməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim olunan sübutlara–yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim cavbdehin təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçılmazdır. Bildirir ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədə müvafiqdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək izahatında qeyd etdi ki, yaşadığı ünvan 2 ünvanında o, 2020-ci ilə kimi ara-sıra yaşayıb, qazdan qanunsuz istifadə edib. Həmin evdə 1 ədəd dördgöz qaz peçi (PQ-4) və suisidici (QSSC) olub. Evin isidilməsi üçün odun peçi olub. O, daimi olaraq Mərdəkan qəsəbəsi Ramin Cəfərov küçəsi ev 1 ünvanında yaşamışdır. Tərtib olunmuş aktlardan onun xəbəri yoxdur. Onun qazı kəsilməmiş, aktlarla tanış olmamışdır. 22 iyun 2022-ci il tarixdən isə həmin evə qaz sayğacı quraşdırılmışdır. O, imkansızdır. Hansı müddətdə qazdan istifadə edibsə, onu etiraf edir. Lakin qalan borcun ona aidiyyatı yoxdur. 21.İş üzrə Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 22.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 23.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 24.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 25.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 26.Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 27.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri yaşıyırlar. 28.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 29.Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 30.Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 31.Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 32.Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 33.“Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 34.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 37.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(003)- 2838/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borc məbləği ilə bağlı tərtib edilmiş aktlar iddiaçının iştiakı ilə tərtib edilməmiş və həmçinin həmin aktlar ona təqdim edilməmişdir. Buna görə də kollegiya qeyd edir ki, borcun qanunsuz hesablanması ilə bağlı məhkəmənin mövqeyi əsaslı hesab edilməlidir. 43.Məhkəmə iddiaçının özünün etirafı əsasında 2020-ci ildə qazdan istifadə ilə bağlı aktlar əsasında hesablanmış 1951,20 manat borcu nəzərə almışdır. 44.Buna görə də, məhkəmə hesablanmış ümumi borc məbləğindən iddiaçının faktiki istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış borcu çıxaraq (9243,36-1951,20=7292,16) 7292,16 manat məbləğində borcun cavabdeh tərəfindən silinməli olması qənaətinə gəlmişdir. 45.Məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertisazı təyin edilərək ekspert rəyi alınmışdır. 46.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin №9/1701 saylı, 05 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 5 ünvanı üzrə iş materiallarında olan 2020-ci ildən başlayaraq, xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən aktlara (cədvəldə qeyd edilən aktlar üzrə) əsasən 1 ədəd PQ-4 və yalnız QSSQ istifadə edilməsi hallarında 3.857,76 manat məbləğində borc qalığının olması müəyyən olunur. 47.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 48.Ekspert rəyinin tədqiqat hissəsinə əsasən müəyyən edilir ki, təqdim edilmiş abonent saldosuna əsasən 2021-ci ilədək olan olan qaz sərfiyyatına görə 1749,6 manat məbləğində borc yaranmışdır (583,20+194,40+388,80+194,40+194,40+194,40=1749,6). 48.Kollegiya, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş aktlar özlüyündə sual doğurmaqla, aktların mötəbərliyinə birmənalı yanaşmanı inkar edir. 49.Belə ki, ekspert rəyinin tədqiqat hissəsinə və iş materiallarında olan abonent saldosuna əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli akt üzrə qış ayına qaz sərfiyyatına görə 86,40 manat borc hesablandığı halda, 2021-ci ilin iyun, iyul, avqust aylarında hər birində 194,40 manat məbləğində borc hesablanmışdır. Yəni, yay ayında qazdan istifadə qış ayından çox olmuşdur. Bu hal özü-özlüyündə inandırıcı görünmür. 50.Hətta, rəyin tədqiqat hissəsində göstərilən, borc hesablanmış hər bir ay üzrə (17 ay) qaz sərfiyyatına görə 86,40 manat borc (qış ayı qazdan istifadənin ən çox olan vəziyyəti) hesablandığını nəzərə alsaq belə, ümumi borc 1468,8 manat (17x86,40=1468,8) edir ki, bu məbləğ belə 1951,20 manatdan- məhkəmənin müəyyən etdiyi iddiaçının 2020-ci il üçün faktiki istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış borc məbləğindən azdır. 51.Məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il ərizində yaranmış borc məbləğinin ekspertiza rəyi ilə daha az müəyyən edilməsinə baxmayaraq, iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyindən, kollegiya qeyd olunan hissədə qətnaməni yoxlamır. 52.Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 53.Kollegiya “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qeyd edir ki, əgər iddiaçı tərəfindən 2020-2022-ci il tarixədək bir neçə dəfə sayğacdan kənar qazdan istifadə halları olmuşdursa, cavabdeh tərəfindən birinci akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar da müəyyən olunmur. 54.Bu hal bir daha kollegiyaya birinci aktdan sonra digər aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. Lakin məhkəmə 2020-ci illər üzrə iddiaçının etirafı qaydasında olan aktları nəzərə aldığından, qeyd olunan hissədə kollegiya məhkəmənin mövqeyi ilə razılaşır. 55.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının abonent hesabına təbii qazdan “qeyri-qanuni” istifadə etməsinə əsasən tərtib edilmiş aktlar əsasında hesablanmış 7292,16 manat məbləğində borc silinməlidir. 56.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(003)-2838/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 59.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 60.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 61.Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 41 manatı cavabdehdən, 9 manatı iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(003)-2838/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 41 (qırx bir) manatı Cavabdeh İB-dən, 9 (doqquz) manatı İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar