Məhkəmə qərarları › İş №2(103)-1529/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1529/2023

13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1529/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (aktın etibarsız hesab edilməsi və borcun silinməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2957/2022 saylı işi üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı"xxxx" ASC tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və ünvanında yerləşən **********10080 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1898,50 manat məbləğində borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)-2957/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028532 nömrəli aktın etibarsız edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə hesabına (abonent kodu **********10080) hesablanmış 1898,50 manat məbləğində borcun silinməsi, "xxxx" ASC-dən 38,98 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmiş və «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6, 7.7, 7.10, 7.11, 8.2, 8.4, 8.17, 8.17-1, 8.17-2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 124.1, 217.4, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının abonent hesabına borcun yazılmasına əsas olmuş xx.xx.2022-ci il tarixli NDM seriyalı 028532 nömrəli akt tərtib edilən zaman istehlakıçının iştirakı təmin olunmadan onun ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və onun iştirakı olmadan (istehlakçıya öz mülahizəsini bildirməyə imkan yaradılmadan) akt tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sayğaca müdaxilə halının aşkar olunması ilə bağlı qeydə alınmış videoçəkilişdən də görünür ki, həmin zaman cavabdehin əməkdaşı tərəfindən abonentin (iddiaçının) iştirakının təmin edilməsi üçün hər hansı bir cəhd edilməmişdir. Eyni zamanda aşkar edilmiş hallarla bağlı sayğac müvafiq qaydada laboratoriya şəraitində yoxlanılmadan ona müdaxilə edilməsi qərarına gəlinmişdir. Belə ki, iddiaçının adına olan **********10080 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdən 2022-ci ilin avqust ayınadək ünvanına quraşdırılmış sayğac tərəfindən istifadə edilmiş elektrik enerjisinin göstəriciləri hər ay qeydə alınmış və uzun müddət təxminən eyni həcmdə sərfiyyat qeydə alınmaqla onun tərəfindən təxminən hər ay müvafiq həcmdə elektrik enerjisindən istifadə etməsi öz əksini tapmışdır. Odur ki, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmamaqla həmin halların mövcudluğu da məhkəmə tərəfindən də işin araşdırılması zamanı müəyyən edilmir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçının adına olan **********10080 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışa əsasən xx.xx.2022-ci il tarixli NDM 028532 nömrəli akt əsasında ümumilikdə 2004,28 manat borc yazılmışdır; - xx.xx.2022-cı il tarixli NDM 028532 nömrəli aktın surətinə əsasən iddiaçının ünvanına quraşdırılmış sayğacın yoxlaması zamanı aşkar edilmişdir ki, sayğac dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğac quraşdırılmış qutunun daxilində giriş faza xətinə xüsusi cihaz vasitəsilə sayğacın çıxış avtomaşınına birləşdirilmişdir; - "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən xx.xx.2022ci il tarixdə NDM 028532 nömrəli akt əsasında 2004,28 manat məbləğində dəymiş ziyan hesablanmışdır; - cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş DVD diskdə əks olunmuş videogörüntü məhkəmə iclasında tədqiq edilmiş və həmin video görüntüyə əsasən iddiaçının ünvanına quraşdırılmış sayğaca bir nəfər şəxs tərəfindən bir ədəd kiçik ölçülü aparat vasitəsilə baxış keçirilir, həmin şəxs baxış vaxtının xx.xx.2022-ci il tarixdə olmasını bildirərək sayğac məlumatlarını yoxlayır, daha sonra sayğac üzərində olan plombları (möhürləri) yoxlayır və cihaz vasitəsilə sayğacın dövriyyədən kənarlaşdırıldığını, sayğacdan çıxış xəttinin kənarlaşdırıldığını bildirir (iş.səh.4, 25- 27, ) Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)- 2957/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18, 7.19, 8.17-1, 8.17-2, 10.18.9-1-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən 28 iyul 2022ci il tarixində aparılan baxış zamanı fərdi yaşayış evinə sayğacına müdaxilə olunduğu aşkar olunmuş və aşkar olunmuş faktla bağlı müvafiq akt tərtib olunmuşdur. 28 iyul 2022-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********10080) baxış keçirmiş, baxış zamanı sayğac quraşdırılan qutunun daxilində giriş faza xəttinə xüsusi sıxac vasitəsilə ilə sayğacın çıxış avtomatına birləşdirilməklə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəfimizdən NDM № 028532 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. “Azərişıq" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 2004.28 manat məbləğində müəyyən edilməklə abonentin **********10080 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Akt tərtib olunarkən aşkar olunmuş kənar xəttin videogörüntülərini özündə əks etdirən disk sübut qismində tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq videodiskdə qeyd edilən hallar məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, sayğaca müdaxilə olunduğunu, bununla bağlı akt tərtib edildiyini, 2004.28 manat borc hesablandığını, akt hesablandığı dövr üçün qanunvericiliyə uyğun sonuncu baxış tarixindən 365 gün əvvələ götürüldüyünü, akt yazılarkən abonentə məlumat verildiyini, lakin onun iştirak etmədiyini, bunun aktda da öz əksinin tapdığını, qanunvericiliyə uyğun olaraq video çəkiliş aparıldığını, lakin məhkəmənin həmin sübuta dair kifayət qədər qiymətləndirmə aparmadığını bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – “Qaydalar”) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi: “10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 10.18.9-1.Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə; 10.18.9-2. bu bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə; 10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə

9. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli 14 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 560, 1096-1097, 1131; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80-82, 106.2, 119, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

11. İddia edilən borcun əsaslı olması sübutetmə yükü aktı və borcu müəyyən edən cavabdehə mənsub olsa da, borcun yaranma əsaslarının qanunsuz müdaxilə ilə bağlı olduğunu qeyd etsə də, bunun səbəblərini sübut edə bilməmiş, araşdırılmanın istehlakçıya məlumat verilmədən aparılması təsdiq edilmişdir.Elektrik enerjisinin qənaətedici olmayan sərfiyyatı əsaslarını dövlət əmlakının talanması təşkil edir və bu hallara nəzarət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjitəchizatı müəssisəsi iddiaçıdan müvafiq borcun ödənilməsi üçün vaxtında zəruri tədbirlər həyata keçirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının və ya digər şəxsin müvafiq cinayət təqibi, və ya ya inzibati xəta haqqında icraatlar həddində hərəkətsizliyi mülki icraat çərçivəsində araşdırmanın xüsususiyyətlərinə və prosessual məhdudiyyətlərə müvafiq iddia edilən halların tam araşdırılmasına imkan vermir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad etdiyi dəlillər və sübutlar arasında ziddiyyətlər müəyyən edilir, onların mötəbərliyi təmin olunmur. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2957/2022 saylı işi üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar