Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1531/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 3868/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 5400 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kompensasiya verilmədən Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, ev 22, mənzil 21 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adı çəkilən evə dair xx.xx.2012-ci il tarixində DƏDRX tərəfindən çıxarış verilmişdir. Hazırda cavabdehlərdən olan qardaşı Cavabdeh1 onun xüsusi mülkiyyəti olan evdə yaşayaraq, onun (iddiaçının) öz mülkiyyətindən maneəsiz istifadə etməsinə maneələr yaradır və mənzildə istifadə qaydalarını pozur. Vəziyyət o yerə gəlib çatmışdır ki, artıq ona (iddiaçıya) məxsus olan evindən normal və sakit istifadə edə bilmir. Cavabdeh tərəfindən qərəzli şəkildə tez-tez yaradılan mübahisələr onun yaşayışını dözülməz etmişdir. Cavabdeh alkoqollu içki alüdəçisidir və onun bu cür həyat tərzi sürməsi demək olar ki, bütün yaşayışını pis vəziyyətə gətirmişdir. Yaşadığı evdə söyüş, təhqir eşitməkdən artıq bezmişdir və öz evində rahat yaşaya bilmir. Evində onunla yaşayan qızının yanında cavabdeh tərəfindən hər dəfə təhqir, söyüş dolu ifadələr işlətməsindən də əsəb, stress keçirir.Digər cavabdehlər Cavabdeh2 isə onun bacısıdır və o 20 ildən artıqdır ki, ona məxsus olan evdə yaşamır. Onun öz ailəsi vardır və ona məxsus olan evə gəlmirlər. Cavabdeh1 Nadir oğluna 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi ilə yanaşı çıxarılması, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 3868/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı 5400 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3868/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı rayon Məhkəməsinin (010)-3868/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur bu səbəbdən də, iş üzrə həmin qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsini əsaslandıran zaman bildirmiş ki, cavabdeh olan qardaşı Cavabdeh1 onun xüsusi mülkiyyəti olan evdə yaşayaraq, onun (iddiaçının) öz mülkiyyətindən maneəsiz istifadə etməsinə maneələr yaradır və mənzildə istifadə qaydalarını pozur, iddia ərizəsində eyni zamanda o yerə gəlib çatmışdır ki, artıq ona (iddiaçıya) məxsus olan evindən normal və sakit istifadə edə bilmir. Cavabdeh tərəfindən qərəzli şəkildə tez-tez yaradılan mübahisələr onun yaşayışını dözülməz etmişdir. Cavabdeh alkoqollu içki alüdəçisidir və onun bu cür həyat tərzi sürməsi demək olar ki, bütün yaşayışını pis vəziyyətə gətirmişdir. Yaşadığı evdə söyüş, təhqir eşitməkdən artıq bezmişdir və öz evində rahat yaşaya bilmir. Evində onunla yaşayan qızının yanında cavabdeh tərəfindən hər dəfə təhqir, söyüş dolu ifadələr işlətməsindən də əsəb, stress keçirir. Eyni zamanda bildir ki, cavabdeh olan qardaşı ailə qurmamış və subaydır. Halhazırda ona təklif edilən 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini ədalətli hesab edir. Belə ki, qeyd edilən kompensasiya cavabdehin 3 (üç) il ərzində eyni şəraitli mənzildə yaşamasına kifayt edir. Təssüf ki, işə baxan məhkəmə bu önəmli halı nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, mülkiyyətçinin mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, mülkiyyətç öz əmlakdan maneəsiz istifadə etmək hüququna malikdir. Qeyd olunanları nəzərə almadan məhkəmə belə qənaətə gəlmişdir ki, mülkiyyətçi İddiaçı tərəfindən təklif olunan 5400 manat kompensasiya müqabilində cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməz. Hesab edir ki, məhkənin gəldiyi nəticə qanunsuz və əsassızdır, qətnamə rədd edilməli, iddiam isə tam təmin edilməlidir. Göründüyü kimi iş üzrə məhkəmə tamamilə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, 22 saylı evin, 21 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X2 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın təstiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdır. İş materiallarına əlavə edilmiş ASAN2 tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2020ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh1 Nadir oğlu iddiaçının qardaşıdır, ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Birinci instansiya məhkəməsi araşdırması zamanı mülkiyyətçi cavabdehin həmin mənzilə istifadə hüququnu tanıdığını, sonuncunun mövcud olan hüququna kompensasiya vermək yolu ilə xitam olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması birinci instansiya məhkəməsi araşdırılması zamanı mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunu qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Məhkəmə kollegiyası hesab edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvü olduğundan onların həmin mənzilə istifadə hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi İddiaçı tərəfindən təklif olunan 5400 manat kompensasiya müqabilində cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 5400 manat məbləğində vəsait cavabdehə davamlı surətdə yaşaması üçün kifayət etmədiyindən və iddiaçı həmin məbləği artırmağa maddi imkanı olmadığını bildirdiyindən İddiaçı Cavabdeh1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə müəyyən etmişdir ki, cavabdehlər iddiaçının bacısı və onun oğludur. İddiaçı onların həmin mənzildə hansı vaxtdan yaşamaması, daimi yaşamaq üçün başqa ünvana köçməsi və həmin ünvandan istifadə hüquqlarını itirməsi barədə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin oluna bilməz. Odur ki, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının öz iddiasında gətirdiyi dəlillərin əsassız sayılması və iddianın bütövlüklə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 3868/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1531/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1531/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver