Məhkəmə qərarları › İş №2(103)-1533/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1533/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1533/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: aktların etibarsız sayılaraq borcun silinməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh tərəfindən iddiaçının abonent hesabına limitdən artıq sərfiyyata, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına və s. səbəblərə görə müxtəlif tarixli aktlar əsasında borclar hesablanmışdır. İddiaçı hesablanmış borcları məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, tərtib olunmuş aktların bir hissəssinin etibarsız hesab edilməsi və həmin aktlara əsasən iddiaçının abonent hesabına yazılmış elektrik enerjisi borcunun silinməsi barədə qətnamə çıxarmış, iddia tələbini müddətin ötürülməsi əsası ilə qalan hissədə təmin etməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək elektrik cərəyanı verilişinin dayandırılması və ondan 5.600 manat pul tələb edilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. 11.10.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, Rİ264728 nömrəli, xx.xx.2023-cü il tarixli, Rİ284380 nömrəli, xx.xx.2023-cü il tarixli, Rİ284781 nömrəli, xx.xx.2023-cü il tarixli, Rİ295296 nömrəli, xx.xx.2023-cü il tarixli, Rİ295499 nömrəli aktların etibarsız sayılması və həmin aktlar əsasında hesablanmış 526,50 manat məbləğində borcun silinməsi, eyni zamanda öncəki illər ərzində hesablanmış 5224,10 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları iddiaçının evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsmiş, onun iştirakı olmadan R seriyalı 284781 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Həmin aktda göstərilmişdir ki, guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırmışdır. O, cavabdehin tərtib etdiyi həmin aktla razı deyil. Belə ki, sayğac küçədədir, ona heç bir müdaxilə etməmişdir. O, bir müddətdir ki, Nəsimi rayonundakı ata evində ailəsi ilə birlikdə yaşayır. Buna səbəb uşaqlarının ali məktəbdə təhsil almaları ilə bağlıdır ki, yol yaxın olsun. Evinin işığı sönəndə video kamera göstərmədiyi üçün evində işığın söndüyünü anlamışdır. O, Maştağa qəsəbəsində olan işıq idarəsinə getmişdir. Ona bildirmişlər ki, 5600 manat borcu var. O, buna etiraz edərək, heç bir borcunun olmadığını, sayğacdan smart kart vasitəsi ilə istifadə etdiyini bildirib, elektrik xəttini qoşmağı təklif etmişdir. Bundan sonra kompüterlə kodu açmışlar, evinin işığı yanmışdır. Ona demişlər ki, mart ayının axırı borcundan 100 manat ödəyər, əks halda elektrik cərəyanı verilişi dayandırılacaq. Cavabdeh bu hərəkəti ilə onu incidir, ona qarşı əsassız tələb irəli sürür. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nı pozmuşdur. Cavabdeh heç bir əsas olmadan ondan 5600 manat borc tələb etdiyindən və evinə elektrik enerjisi verilməsini dayandırdığından onun hərəkəti qanunsuz hesab edilməlidir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə, 2(006)-3266/2023 nömrəli iş üzrə) iddia tələbi qismən təmin edilərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktların etibarsız hesab edilməsi, həmin aktlara əsasən iddiaçının adına olan **********10001 saylı abunə koduna hesablanmış ümumilikdə 526,50 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, sayğaca iddiaçının müdaxilə etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac ümumiyyətlə iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmamışdır, sayğac iddiaçının yaşadığı ünvandan kənarda yerləşir. Bu səbəbdən xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar etibarlı hesab edilə bilməz. Həmin aktlar üzrə iddiaçıya hər hansı borc məbləğinin hesablanması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qeyd olunan aktlar üzrə iddiaçının abunə koduna ümumilikdə 526,50 manat əlavə sərfiyyat hesablanmışdır və iddia tələbi həmin 5 akta münasibətdə təmin edilməli, aktlar etibarsız hesab edilməli və iddiaçının abunə koduna yazılmış ümumilikdə 526,50 manat əlavə sərfiyyat (borc) silinməlidir. İddiaçının mübahisələndirdiyi digər aktların mübahisələndirilməsi üçün isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə olan halda, iddia müddəti tətbiq edilməklə, iddia digər aktlarla bağlı hissədə rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdeh 2007-ci ildən iddiaçının borcu olduğunu bildirərək evinə elektrik cərəyanı verilişini dayandırmışdır. Cavabdeh iddiaçının evinə elektrik cərəyanı verilişini dayandırmaqla keçmiş dövrə görə qanunsuz hesabladığı pulları ondan zorla almağa çalışır. Əgər borcu varsa cavabdeh ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir, cərəyan verliməsini dayandırmamalıdır. Cavabdeh iddiaçının evinə elektrik cərəyanı verlişini dayandırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nı pozmuşdur. Bununla yanaşı, əgər iddiaçı 2007-ci ildən ödəniş etməsəydi elektrik enerjisindən istifadə edə bilməzdi, buna imkan verməzdilər. Cavabdeh heç bir əsas olmadan iddiaçıdan 5600 manat borc tələb etdiyindən və evinə elektrik enerjisi verilməsini dayandırdığından onun hərəkəti qanunsuz hesab edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi aktların yalnız dördü ilə əlaqədar iddia müddəti ötürülməmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, dörd aktdan başqa digər aktların mövcudluğu, onların tarixləri, nömrələri barədə iddia ərizəsində heç bir məlumat yazılmadığı, digər aktlar iş materiallarında olmadığı və araşdırılmadığı halda məhkəmənin belə bir nəticəyə gəlməsi əsassız olmuşdur. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə uyğun deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

13. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

14. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq müəyyən etmişdir ki, iddiaçının qətnamədən apellyasiya şikayəti verməsinə səbəb onun tələbinin “öncəki illər ərzində hesablanmış 5224,10 manat məbləğində borcun silinməsi” hissəsində təmin edilməməsi olmuşdur.

24. Birinci instansiya məhkəməsi isə tələbi həmin hisssədə “iddia müddətinin ötürülməsi” əsası ilə rədd etmişdir.

25. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyanın 60cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

26. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).

27. Bununla belə, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı).

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).

29. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.

30. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).

31. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 03 iyun tarixli Qərarı).

32. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir.

33. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur.

34. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

35. Qeyd olunanlara uyğun olaraq məhkəmə kollegiyası iş üzrə araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçı tələbin “öncəki illər ərzində hesablanmış 5224,10 manat məbləğində borcun silinməsi” hissəsinə dair iddia müddətini həqiqətəndə ötürmüşdür.

36. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından, habelə abunə haqqında çıxarışlardan aydın olur ki, cavabdeh tərəfindən 2007-ci il tarixdən başlayaraq müxtəlif tarixlərdə, müxəlif səbələr (limitdən artıq sərfiyyata, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə və s.) əsasında aktlar tərtib edilərək iddiaçıya məxsus **********10001 nömrəli abunə hesabına fərqli məbləğlərdə borclar hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi qalıq borc məbləğləri isə 2017-ci il və ondan əvvəlki dövr üçün hesblanmış məbləğlərdir (2018-2021-ci il tarixləri üzrə qalıq borc qalmamışdır).

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra mətndə - MM) müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi).

38. İddiaçının cavabdehdən müqavilə əsasında elektrik enerjisi satın alan fiziki şəxs olduğu və tələbinin həmin müqavilə əsasında yaranmış öhdəliklər (hesablanmış borcların ödənilməsi) ilə bağlı olması nəzərə alındıqda hazırkı tələbə dair müddət məsələsinə 3 illik müddət şamil edilməlidir.

39. Həmçinin qeyd olunmalıdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 03 iyun tarixli Qərarı).

40. İddiaçının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatdan da müəyyən edilir ki, o, 2016-cı ildən borcunun yaranması barədə məlumatlı olmuş, habelə qeyd edilən borcları vaxtilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mübahisələndirmiş, lakin həmin vaxt azadlıqda olmadığı üçün məhkəmə iclaslarına gedə bilməmişdir.

41. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi borclar barədə 2016-cı ildən məlumatlı olsa da (müddət axımı həmin tarixdən başlamışdır), o, məhkəməyə pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

42. Belə olan halda, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüş və birinci instansiya məhkəməsi araşdırma apardıqdan sonra həmin əsasla haqlı olaraq iddia tələbini rədd etmişdir.

43. İddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir.

44. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(006)- 3266/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar