Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1538/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru olmaqla “hüquq müəyyənedici sənədin eyni şəxsə məxsus olması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 doğum haqqında qeydiyyat kitabında atası qrafasında qeyd edilən “X1” qeydinin, xx.xx.1972-ci il tarixdə vəfat etmiş mərhum babası X2 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Rüstəmov, iş № e-2(003)-4130/23) iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, babasının ölüm haqqında akt qeydində soyadı QULİYEV kimi yazılmış, atasının doğum haqqında qeydiyyat kitabında ata qrafasında atasının soyadı HƏZRƏTQULİYEV yazılmışdır, deməli soyadın əvvəlinə HƏZRƏT sözünün yazılması bu problemə yol açmışdır. Babası və atası artıq çoxdan dünyasını dəyişmişlər, həmin sənədlərdə olan uyğunsuzluğun digər üsul və vasitələrlə aradan qaldırılması mümkün deyil. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd olunur ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Ərizənin məzmunundan görünür ki, ərizəçi atasının doğum haqqında akt qeydində babasının soyadı ilə bağlı yol verilmiş yanlışlığın aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarı ilə vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin babasının soyadının düzgün yazılmamasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bildiyi və həmin ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi kimi baxıla bilmədiyi barədə qənaətə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1538/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1538/2024
31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver