Məhkəmə qərarları › İş №2(103)-1546/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1546/2022

22.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1546/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh1 nümayəndəsi (əri) X1, Cavabdeh3 özünün, bu cavabdehlərin hər ikisinin birgə vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında “X4 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı ilə bağlı bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4792/17 saylı mülki iş üzrə qəbul etdiyi 05.07.2017-ci il tarixli qətnamə ilə (hazırki iş üzrə cavabdehlərdən biri olan) Cavabdeh2 14.303,42 ABŞ dolları məbləğində pulun (hazırki iş üzrə tərəf olmayan) "xxxx" ASC-nin xeyrinə, 4.546 ABŞ dolları məbləğində pulun isə (hazırki iş üzrə iddiaçı olan) İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Həmin qətnamə əsasında verilmiş və icra edilməsi üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş icra vərəqəsində qüsura yol verilmiş, icra vərəqəsində borclu kimi Cavabdeh2, tələbkar kimi "xxxx" ASC göstərilsə də, ikinci tələbkar kimi İddiaçı göstərilməmişdir. Bununla bağlı İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və onunla bağlı hissədə 27.05.2021-ci il tarixdə qətnamə yenidən icraya yönəldilmişdir. İcra məmuru tərəfindən 10.06.2021-ci il tarixdə “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmiş və eyni tarixdə “daşınar əmlak üzərinə həbs qoyulması haqqında” təqdimat Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı (İş № 8(002)- 111/2021) ilə təqdimat təmin olunmuş və borclu Cavabdeh2 məxsus “X4 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət versə də, şikayət təmin olunmamışdır. Eyni zamanda icra məmuru borclu Cavabdeh2 axtarılması barədə 06.07.2021-ci il tarixdə qərar qəbul etmiş, Bakı Apellyasiya Məhkəməsinə məlumat verməklə həmin qərarı icra olunması üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş və Qaradağ RPİ-də Cavabdeh2 barəsində axtarış işi açılmışdır. Cavabdeh2 yaranmış vəziyyəti öz lehinə çevirmək üçün əvvəlcə Banka olan borcunu tam olaraq ödəmiş və bununla bağlı olaraq Bank tərəfindən Cavabdeh2 avtomobilin girovdan azad edilməsi üçün məktub və borcun ödənilməsi barədə arayış verilmişdir. Cavabdeh2 həmin sənədlərdən istifadə edərək avtomobili girovdan azad edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən həbs götürülmüşdür. Bütün bunlardan İddiaçı xəbərsiz olmuşdur. İddiaçı ilə bağlı hissədə yeni icra vərəqəsi verildikdən sonra müvafiq icra tədbirləri görüldüyü dövrdə, borclu Cavabdeh2 avtomobili özgəninkiləşdirməsin deyə icra məmuru tərəfindən 11.06.2021-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq məktub göndərilmiş, lakin buna və avtomobilin üzərində həbs ola-ola, özü axtarışda olan Cavabdeh2 avtomobili 15.07.2021-ci il tarixdə Cavabdeh3, sonuncu isə 31.07.2021-ci il tarixdə avtomobili Cavabdeh1 satmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.12.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, alıcılar vicdanlı əldə edən şəxslər olmamışdır. Çünki alğı-satqı müqaviləsi bağlanan zaman avtomobilin üzərində həbs olmuş, avtomobilin özgəninkiləşdirilməsində məqsəd qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmaq olmuşdur. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia əsaslı hesab edilməlidir, çünki avtomobilin özgəninkiləşdirildiyi hər iki tarixdə avtomobilin üzərində Qaradağ Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərardadına əsasən həbs olmuşdur. Bu hal da “Alğı-satqı müqavilələrinin” etibarsızlığına dəlalət edir. Cavabdeh1 nümayəndəsi (əri) Ə.Quluzadə, Cavabdeh3 özü, bu cavabdehlərin hər ikisinin birgə vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh3 bildirdi ki, Cavabdeh2 ilə avtomobilin alqı-satqısnına dair razılıq əldə olunduğu vaxt avtomobil ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü olmuşdur. Lakin Cavabdeh2 Banka olan borcunu avtomobilin dəyərinin bir qisminin əvəzi kimi ödəmiş və bununla da Cavabdeh2 bank qarşısında olan öhdəliyinə xitam verilmişdir. Bunun nəticəsi olaraq da Bank avtomobilin girovdan azad olunmasına dair Baş Dövlət Yol Polis İdarəsinə məktub göndərmişdir. Avtomobil üzərində yüklülük götürülümüş və o da avtomobili Cavabdeh1 satmışdır. Həmin vaxt avtomobilin üzərində həbs olmamışdır, əks halda Baş Dövlət Yol Polis İdarəsi alğı-satqını rəsmiləşdirməzdi. Cavabdeh1 nümayəndəsi (əri) bildirdi ki, onlar avtomobili Cavabdeh3 almışlar və həmin vaxt avtomobilin üzərində həbs olmasından heç bir məlumatları olmamışdır. İş üzrə digər Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.01.2017-ci il tarixli qətnaməsindən (İş № 2(002)-83/2017) görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" ASCnin iddiasının qismən təmin edilməsi, kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 14.303,42 ABŞ dolları məbləğində pulun Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh2 məxsus “X3 Prado” markalı, **- EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, Bankın iddiasının qalan hissədə təmin edilməməsi; müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının tam təmin edilməsi, İddiaçı Cavabdeh2 əvəzində "xxxx" ASC-yə etdiyi ödənişin əvəzinin ödənilməsi məqsədi ilə 4.546 ABŞ dollarının Cavabdeh2 müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı xeyrinə tutulması, borcun “X3 Prado” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hesabına ödənilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli qətnaməsindən (İş № 2(103)-4792/2017) görünür ki, həmin qətnamə ilə Qaradağ Rayon Məhkəməsinin 09.01.2017-ci il tarixli qətnaməsinin bir hissəsi, yəni Cavabdeh2 müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı olan borcunun “X3 Prado” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hesabına ödənilməsi barədə hissəsinin ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı avtomobillə bağlı tələbinin təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2017-ci il tarixli qətnaməsi əsasında 23.10.2017-ci il tarixdə icra sənədi verilmiş və icra edilməsi üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsində borclu kimi Cavabdeh2, tələbkar kimi "xxxx" ASC göstərilmişdir. Həmin qətnamə əsasında ikinci dəfə, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı aid hissədə 27.05.2021-ci il tarixdə icra sənədi verilmişdir. Bu arada, Cavabdeh2 onunla "xxxx" ASC arasında 16.05.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə Banka yaranmış kredit borcunu ödəmiş və Bank 1342 saylı, 19.05.2021-ci il tarixli məktubla BDYPİ-yə müraciət edərək avtomobilin girovdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan sənədlərdən daha sonra görünür ki, icra məmuru tərəfindən 10.06.2021-ci il tarixdə “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərar qəbul edilmişdir. İcra məmuru 11.06.2021-ci il tarixli 17/65-144833/5 nömrəli məktubla BDYPİ-yə müraciət edərək avtomobillə bağlı icra hərəkətlərinin olması barədə məlumat vermişdir. BDYP-nin Qaradağ Rayon İcra Şöbəsinə ünvanlandığı 06.08.2021-ci il tarixli, 30704-1221 saylı məktubundan görünür ki, İdarə, icra məmurunun 11.06.2021-ci il tarixli məktubunu nəzərə alaraq avtomobilin üzərinə məhdudiyyət qoymuş və bu barədə mərkəzi informasiya sistemində müvafiq qeydiyyat aparmışıdr. Qaradağ Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadından (İş № 8(002)- 111/2021) görünür ki, həmin qərardadla icra məmurunun “daşınar əmlak üzərinə həbs qoyulması haqqında” təqdimat təmin edilmiş və borclu (cavabdeh) Cavabdeh2 məxsus “X4 Prado” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. BDYP-dən Məhkəməyə təqdim edilmiş materialdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı icra olunması üçün BDYPİ-yə 3 aydan sonra, yəni 16.09.2021-ci il tarixdə göndərilmiş və 21.09.2021-ci il tarixdə BDYPİ-yə daxil olmuşdur. Eyni zamanda müəyyən edilir ki, Qaradağ Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qərardadından (İş № 2(002)-83/2017) görünür ki, mülki işin baxılması zamanı iddianın təmini tədbiri olaraq avtomobilin üzərinə qoyulmuş həbs həmin qərardadla ləğv edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, 08.07.2021-ci il tarixdən 21.09.2021-ci il tarixədək olan müddət ərzində avtomobilin üzərində həbsin olması barədə BDYPİ-də məlumat olmamışdır. Başqa sözlə, avtomobil Cavabdeh2 tərəfindən 15.07.2021-ci il tarixdə Cavabdeh3, sonuncu tərəfindən isə 31.07.2021-ci il tarixdə Cavabdeh1 satılması zamanı avtomobilin satılmasına mane ola biləcək məhkəmə qərarı BDYP-də olmamışdır. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə iddia tələbinin və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsaslı olub-olmamasına qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, 15.07.2021 və 31.07.2021-ci il tarixlərdə avtomobilin üzərində həbsin olması ilə bağlı məhkəmə qərarı BDYP-də olmamasını nəzərə almış Rayon Məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vicdanlı əldə edən şəxs hesab edərək iddianı rədd etməkdə haqlı olmuşdur; Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar