Məhkəmə qərarları › İş №2(103)-1547/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1547/2023

21.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1547/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İqoreviçin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İqoreviç cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(009)-79/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışlardan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı ev İddiaçı İqoreviç, Cavabdeh1 və Cavabdeh2 Alövsat oğlunun paylı mülkiyyətindədir.

2. “B” tikilisi Cavabdeh1, “A” tikilisinin 1/3 hissəsi Cavabdeh2 Alövsat oğlunun, “A” tikilisinin 2/3 hissəsi İddiaçı İqoreviçin adına qeydiyyata alınmışdır.

3. İş materiallarında Cavabdeh2 atasının adı Əlövsət kimi qeyd edilmiş, sözügedən çıxarışlarda isə Alövsat kimi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin A və B tikililərində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və ümumi istifadədə olan yaşayış və qeyri-yaşayış sahələrinin cavabdehlər tərəfindən əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı ev onun və cavabdehlərin birgə mülkiyyətindədir, ümumi həyətdə «A» və «B» tikililəri yerləşir, «A» tikilisinin 2/3 hissəsi onun, 1/3 hissəsi Cavabdeh2, «B» tikilisi isə tamamilə digər cavabdehin mülkiyyətindədir. Lakin, cavabdehlər birgə mülkiyyətdə olan əmlakı digər payçının hüquqlarını kobud surətdə pozaraq əmlaklarını istədikləri kimi idarə edirlər. Cavabdeh1 mülkiyyətində olan «B» tikilisini lazımi icazələr almadan, özbaşına şəkildə 3 mərtəbə ucaltmış, texniki pasport şərtlərindən çıxaraq, artırtığı mərtəbə ilə iddiaçının evinin damını dağıtmışdır. İddiaçının soba borusunun üstündə qanunsuz tikili inşa etmiş, borudan çıxan tüstü geri qayıdır və onun ailəsi üçün həyati təhlükə yaradır. Habelə onun həyətinin üstündə və həyətinin içinə baxan yeni pəncərələr açmış, daim evində olanları sanki televizora baxmış kimi izləyir. Bundan başqa Cavabdeh1 küçəyə 2 çıxışının olmasına baxmayaraq ümumi həyətdən istifadə edir, müxtəlif vaxtlarda evə girib-çıxmağı narahatlıq yaradır. Bundan başqa Cavabdeh1 öz evini qanunsuz inşa edərkən onun pilləkənini sökmüş, daha sonra pilləkəni öz vəsaiti hesabına bərpa edildikdən sonra bir daha sökməyə cəhd etmiş, o, məcbur olub evinin içində öz pilləkənini hasara almışdır. Cavabdeh1 inşa etdiyi 3 mərtəbəli evini hər hansı təhlükəsizlik qaydalarına riayət etmədən, məsafə gözləmədən onun evinə “bitişdirmişdir”. Binalar arasında 1 santimetr belə məsafə yoxdur. Heç bir yanğın təhlükəsizliyi qaydalarına məhəl qoyulmamışdır. Cavabdeh2 qanunsuz tikililəri ilə onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh2 öz evini təmir edərkən (daha doğrusu yeni tikili inşa edərkən), onun ümumi həyətə çıxan qapısını bağlamışdır, onun damında öz su çənini quraşdırmışdır. Damları birləşdirmişdir. Ümumi həyətdə qanunsuz tikililər inşa etmişdir. Qanunsuz tikililəri inşa edərkən, şəhər tabeliyində olan əsas çirkab su xəttini (ana xətt) və ona əlçatımlılığı bağlamışdır, əsas xətti zədələmişdir, elə zədəli vəziyyətdə də üstünü örtmüşdür. Üfunət iyi xüsusən də yay aylarında yaşayışı dözülməz edir. Bundan başqa onun həyətində gül-çiçək üçün nəzərdə tutulmuş qazon hissəsini zəbt etmiş, orada tikilini davam etmiş, hətta tikilisini əsas küçəyə qədər davam etdirmişdir. İnşa işləri zamanı şəhər tabeliyində olan əsas elektrik kabellərini zədələmişdir, ustalar bir neçə gün kabelin zədəli yerinə çata bilmirdilər. Elektrik və çirkab su kanallarının təkrar sıradan çıxacağı halda onların təmiri qeyrimümkün olacaqdır. Cavabdeh2 da həmçinin qanunsuz inşa etdiyi tikilidə pəncərələrini onun evinə yönəltmişdir. Tikdiyi qanunsuz tikilini icarəyə verir və beləliklə onun həyətində tanımadığı-bilmədiyi kənar şəxslər yaşayır. İş materialına əlavə edilən fotolardan görünür ki, Cavabdeh2 mülkiyyətində «A» tikilisinin 1/3 hissəsi olmasına baxmayaraq, faktiki həmin ərazinin 4/5 hissəsi onun istifadəsindədir.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli 07/4748 saylı rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin “A” tikilisinin 1/3 hissəsinin DƏDRX tərəfindən qeydə alınmış ilkin texniki pasporta uyğun olduğu, lakin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə texniki pasport üzrə qeyd olunan “A” və “B” tikililərindən kənarda 2 mərtəbəli yaşayış evi inşa edildiyi müəyyən olunmuşdur. Qeyd olunan yaşayış evinin inşası ilə əlaqədar hər hansı sənəd təqdim edilməmişdir.

7. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin “B” tikilisinin 1-ci mərtəbəsində yerləşən tikililərin DƏDRX tərəfindən qeydə alınmış ilkin texniki pasporta uyğun olduğu, 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin texniki pasportda əks olunmadığı müəyyən olunmuşdur. Texniki pasportda əks olunmayan tikililərin inşası ilə əlaqədar hər hansı sənəd təqdim edilməmişdir.

8. Tətbiq olunan ünvanda inşa edilmiş əlavə tikililərə dair hər hansı bir icazəverici sənədlər olmadığı təqdirdə, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı iş üzrə 27 aprel 2022ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evi və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsi, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən təhlükəsiz və sərbəst qaydada istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına, Mülki Məcəllənin 180, Torpaq Məcəlləsinin 111, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli tikililərin uzun müddətdir mövcud olmasına baxmayaraq məhkəmə kim tərəfindən və nə vaxt həyata keçirilməsini araşdırmamışdır. Məhkəmə istinad etdiyi Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydaların təsir dairəsinə mübahisəli evin düşüb-düşmədiyini araşdırmamışdır. Nə məhkəməyə təqdim edilən sənədlərdə, nə də ki, ekspertiza rəyində sözügedən tiklililərin nə vaxt tikildiyi müəyyən edilməmişdir. Məhkəmə cavabdehlərin üzərinə tikililərin sökülməsi öhdəliyini qoymuş, lakin hansı tikilinin kim tərəfindən inşa edilməsini müəyyən etmədən hər iki cavabdehin üzərinə qeyri-müəyyən həcmdə öhdəliklər qoymuşdur. Sökülməsi tələb olunan tikili onlar tərəfindən inşa edilməmiş, həmin mənzilin əvvəlki sahibləri tərəfindən inşa edilmiş və iddiaçının buna hər hansı etirazı olmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə mübahisələndirilən hissədə, yəni Cavabdeh1 münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

30. Göründüyü kimi ekspert rəyi ilə Cavabdeh1 mülkiyyətində olan “B” tikilisinin 1-ci mərtəbəsində yerləşən tikililərin DƏDRX tərəfindən qeydə alınmış ilkin texniki pasporta uyğun olduğu, 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin texniki pasportda əks olunmadığı müəyyən olunmuşdur.

31. Texniki pasportda əks olunmayan tikililərin inşası ilə əlaqədar hər hansı sənəd təqdim edilməmişdir.

32. Həmin əlavə tikililərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir.

33. İşin müəyyən edilmiş hallarına əsasən həmin qanunsuz tikililər iddiaçının hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnir, belə tikililərin mövcudluğu iddiaçının özünün və ailəsinin rahat yaşayışına mane olur.

34. Cavabdeh1 apelyasiya şikayətində göstərmişdir ki, sökülməsi tələb olunan tikili onlar tərəfindən inşa edilməmiş, həmin mənzilin əvvəlki sahibləri tərəfindən inşa edilmişdir. Birinci instansiya məhkəməsində isə iddia ərizəsinə ünvanladığı etirazda göstərmişdir ki, ailə üzvlərinin 13 nəfərdən ibarət olduğunu və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq ona aid mülkiyyətində 2004-cü ildə ikinci mərtəbəni artırmışdır. Bu günədək heç bir qonşu tərəfindən narazılıq olmamışdır, çünki tikili heç bir qonşuya problem yaratmamışdır, nəzərə alsaq ki, ailə üzvləri 13 nəfərdən ibarətdir, belə olan halda o, həmin mərtəbəni tikmək məcburiyyətində olmuşdur.

35. Göründüyü kimi Cavabdeh1 apelyasiya şikayətinin bu dəlili özünün etirazında qeyd etdikləri ilə ziddiyyət təşkil etməklə təkzib edilir.

36. Qətnamənin hansı cavadeh tərəfindən hansı hissədə icra olunması ilə bağlı da mübahisəli hal müəyyən edilmir, çünki hansı cavabdehin hansı qanunsuz tikililər inşa etməsi işin halları ilə tam aydınlaşdırılmışdır.

37. Məhkəmə haqlı olaraq sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən təhlükəsiz və sərbəst qaydada istifadə, sahiblik və sərəncam hüquqlarını pozması qənaətinə gəlmişdir.

38. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla dəlilləri ona aid hissədə qətnamənin ləğvi üçün əsas deyildir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1340/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar