Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1549/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndələri X11, Nümayəndə2, Cavabdeh1 nümayəndələri Nümayəndə1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Notariat ofisinə və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınaraq miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(003)- 3972/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbdülhüseyn qızı, Cavabdeh4, Bakı şəhəri 7 saylı Notariat ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin evə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 02 noyabr 2013-cü il tarixli çıxarışın ləğv edlməsi, onun Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması və tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbini Cavabdeh1, Bakı şəhəri 7 saylı Notariat ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hissədə müdafiə edərək, Bakı şəhəri 7 saylı DNK tərəfindən verilmiş 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evin ½ hissəsi üzərində İddiaçı vərəsəlik hüququnun tanınaraq miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,01197 ha olan torpaq sahəsindəki ev onun mərhum nənəsi X9 məxsus olmuşdur. İddiaçının mərhum anası X5 anası X16, yəni evin mülkiyyətçisi 18 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum nənəsi X16 mərhum babası X12 ilə rəsmi nikahda olmuş və onların birgə nikahından 2 övladları dünyaya gəlmişdir. Onların nikahından olan mərhum anası X13 09 noyabr 1939-cu ildə, xalası Cavabdeh1 xx xxxxxx 1941-ci ildə anadan olmuşlar. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı evin mülkiyyətçisi nənəsi Suriyə Ağaverdi qızı olmuş və nənəsinin yeganə vərəsələri 2 qızı olmuşdur. O, 09.02.2008-ci il tarixdə X20 ilə rəsmi nikaha daxil olmuş və ərizəsində qeyd edilən Buzovna qəsəbəsi M.Əliyev küçəsi 59 saylı evə gəlin gəlmişdir. O qeyd edilən evə gəlin gəldiyi zaman anası Nailə Hüseynqulu qızı onunla birlikdə gəlmiş, onunla bir yerdə yaşamış və 30 iyul 2020-ci il tarixdə xəstələnərək vəfat etmişdir. Mərhum anası X13 vəfatından əvvəl ona bildirmişdir ki, mərhum nənəsi X6 qalan Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı ev nənələrinin vəsiyyətinə görə X13 ilə Cavabdeh1 arasında bölünmüşdür. O da anası sağ ikən buna inanmış, həmçinin Cavabdeh1 ilə münasibətləri yaxşı olmuş və elə hesab etmişdir ki, mərhum nənəsi Suriyə Əliyeva sağlığında 2 övladı arasında miras qalmış mülkü onlara vəsiyyət etmişdir. Həmçinin, mərhum anası son günlərə kimi yataq xəstəsi olduğu halda ona bildirmişdir ki, anasından qalan miras mülkün bir hissəsi vəsiyyətnamə əsasında ona verilmişdir. Buna görə də hesab etmişdir ki, nənəsi Suriyə Əliyeva sağlığında xüsusi mülkiyyətində olan Buzovna qəsəbəsi 8 Mart küçəsi,12 saylı evi qızları arasında payları müəyyən edilməklə vəsiyyətnamə vermişdir. Bütün bu qeyd etdiklərini nəzərə almaqla, mərhum anası Nailə Əliyevanın vəfatından sonra bir vərəsə kimi xalası Cavabdeh1 müraciət edərək nənəsinin xüsusi mülkiyyətində olan miras mülklə bağlı vərəsəlik payını istəmişdir. Lakin cavabdeh və qızları ona bildirmişlər ki, ona bu miras mülkdən heç bir pay düşmür. Bundan sonra o, qanunları lazımi qədər bilmədiyinə görə bütün bunlara əhəmiyyət verməmişdir. Nəticədə ona məlum olmuşdur ki, mərhum nənəsi Suriyə Əliyevanın vəfatından sonra Cavabdeh1 hələ bacısı sağ ikən onlardan xəbərsiz Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və vərəsəlik şəhadətnaməsini aldığı zaman notariat kontorunda yalan ifadə verməklə mərhum nənəsi X8 yeganə varisi olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh saxta vərəsəlik haqqında şəhadətnaməni əldə etdikdən sonra bunun əsasında nənəsindən qalan miras mülkə 02 noyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.Hal-hazırda cavabdeh mübahisəli miras mülkdə özü və qızları ilə birgə yaşayır. Cavabdeh1 iddia tələbinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı ev ilkin olaraq ev kitabı ilə X8 adına olmuş, Suriyə Əliyeva 2000-ci ildə vəfat etmişdir. Mərhumun 2 övladı olmuşdur: 1939-cu il təvəllüdlü X13 və 1941-ci il təvəllüdlü Cavabdeh1. X13 ailə qurandan sonra həmin evdən köçüb ərinə məxsus Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən evə getmiş və heç vaxt həmin evdə yaşamamışdır. Cavabdeh1 ailə qursa da, daimi olaraq mübahisəli evdə qalıb yaşamışdır. 2000-ci ildə X16 vəfat etmiş və onun bütün dəfn və yas mərasimləri Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Belə ki, o zaman iddiaçının anası Nailə başqa evdə öz ailəsi ilə birlikdə yaşamışdır. Əliyeva Suriyənin vəfatından sonra Əliyeva Nailə heç vaxt bacısının evinə iddiasının olmayacağını bildirmişdir. Həmçinin o zaman mülki ev kitabı ilə qeydiyyatdan keçdiyindən bir müddət mübahisəli evə dair heç bir rəsmiləşdirmə aparılmamışdır. Sonradan Cavabdeh1 evin sənədləşdirilməsini bildirmiş və o zaman Nailə bacısı Naibəyə “get evi öz adına sənədləşdir ” demişdir. Çünki o zaman Nailənin özünün yaxşı evi olmuş və qızı Gülçin Fərziyeva anasının yığıb topladığı 8000 manat pulu ondan gizli apardığı üçün X19 heç vaxt etibar etməmişdir. 2012-ci ildə Nailənin təşəbbüsü ilə Cavabdeh1 kürəkəni Poladla birlikdə notariat kontoruna müraciət edərək babadan qalmış miras evə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. O zaman Cavabdeh1 bacısına bu barədə bildirmiş, lakin bacısı evə heç bir iddiasının olmadığını bildirmişdir. Ona görə də o zaman Cavabdeh1 miras əmlaka vərəsəlik şəhadətnaməsi almış və həmin evə 02 noyabr 2013cü ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin bir müddət sonra Naibənin qızı Həmidova (Babayeva) Elnarə Əbdülhüseyn qızı İddiaçı tapşırığı ilə guya anasına dəymək adı ilə mübahisəli evə gəlmiş və gizli yolla evin çıxarışını apararaq İddiaçı əri Rzaya vermişdir. Sonradan evin sənədinin evdən aparıldığını öyrənən ev sahibi Nailə Əliyeva sənədin qaytarılmasını tələb etsə də, Elnarə sənədi qaytarmadığı üçün Nailə şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. İlkin polis araşdırmasında evin sənədinin oğurlanması adı ilə cinayət işi qaldırılmasından qorxuya düşən Həmidova (Babayeva) Elnarə Əbdülhüseyn qızı evin sənədini İddiaçı əri Rzadan alaraq geri qaytarmışdır. Hazırda iddiaçının mübahisəli evə Cavabdeh1 adına vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini tələb etməsi qanunsuzdur. İddiaçının anası Nailə Əliyeva sağlığında bu iddianı qaldırmamış və həmin evə iddialı olmamışdır. İddiaçı anasının sağlığında evə iddia edə bilməzdi. Çünki o yaxşı bilirdi ki, anasının bu evə iddiası yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(003)- 3972/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının anası Nailə Əliyeva miras qoyan Suriyə Əliyevanın 2000-ci ildə ölümündən sonra 20 il müddətində yaşamış və 2020-ci ildə vəfat etmişdir. Nailə Əliyeva anasından miras qalmış əmlak olmasını və özünün birinci dərəcəli vərəsə olmasını bildiyi halda, 20 il müddətində mirasdan payının müəyyən edilməsi ilə bağlı notariat və yaxud məhkəmə qaydasında tələb irəli sürməmişdir. Belə olan halda mirasın irsi transmissiya və yaxud digər hüquqi əsaslarla keçməsi halları mövcud olmadığı halda, hazırkı iddia tələbi ilə bağlı İddiaçı nənəsindən miras qalmış əmlakdan payının müəyyən edilməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Lakin birinci instansiya məhkəməsi İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını yoxlamadan iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Nailə Əliyevanın mirası faktiki qəbul etməsi ilə bağlı isə işdə mötəbər sübutlar mövcud deyildir. Digər tərəfdən iddiaçı özü də etiraf edir ki, 2008-ci ildən anası onunla birlikdə başqa ünvanda yaşamışdır. Belə olan halda, Cavabdeh1 4 ildən sonra 2012-ci ildə notariat kontoruna müraciət edərkən digər vərəsələrin olmamasını göstərməsi, onun adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən cavabdeh tərəf olaraq hesab edirlər ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, maddi hüquq normaları pozulmuş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndələri Nümayəndə1 və Cavabdeh4 apellyasiya şikayətinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndələri Nümayəndə2 və X20 isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. X20 izahatında əlavə olaraq bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır, onlar qonşuluqda yaşamışlar və elçiləri qonşuluqda yerləşən və hazırda mübahisə obyekti olan evə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı ev 06 aprel 1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mərhum X8 mülkiyyətində olmuşdur. Suriyə Əliyeva 18 iyul 2000-ci il tarixdə vəfat etmişdir. Onun 2 vərəsəsi olmuşdur: 1939-cu il təvəllüdlü X13 və 1941-ci il təvəllüdlü Cavabdeh1. X13 06 iyul 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum Nailə Əliyevanın övladıdır. Cavabdeh1 mərhum anasından miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, 29 oktyabr 2012-ci il tarixdə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 02 noyabr 2013-cü il tarixdə isə həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras qoyan X13 06 iyul 2020-ci il tarixdə vəfat etdiyindən, miras həmin gün açılmış, buna görə də mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Yenə həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, iş materiallarında olan videodisklərdə və fotoşəkillərdə iddiaçının toy şənliyinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evdə keçirilməsi, iddiaçının və anasının həmin ünvanda yaşaması əks olunmuşdur. Bundan əlavə, Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 23 oktyabr 2012-ci il tarixdə 7 saylı notariat kontoruna müraciət edərkən X8 ondan başqa vərəsəsinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X14 ifadəsində iddiaçının qohumu olduğunu, aralarında gediş-gəliş olduğunu, Nailə Əliyevanın anasının dəfn mərasimində iştirak etdiyini, Nailə Əliyevanın həmişə bacısı Cavabdeh1 evi öz adına keçirməsini, həmin evdən pay istəmədiyini bildirməsini göstərmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Cavabdeh1 qızı X7 ifadəsində nənəsinin sağlığında evi Nailə və Naibəyə verəcəyini, anası isə öz payını ona verəcəyini bildirməsini, 2013-cü ilə kimi həmin evdə yaşadığını, xalası Nailənin 2008-ci ilədək orada yaşadığını göstərmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi sübutlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan videodisklərə və fotoşəkillərə kollegiya iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülərdə iddiaçının toy şənliyinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evdə keçirilməsi əks olunsa da, iddiaçının və anasının həmin ünvanda yaşaması əks olunmamışdır. X26 ifadəsindən görünür ki, Nailə Əliyeva sağlığında evin bacısı Cavabdeh1 adına keçirilməsini istəmişdir. Digər şahid Elnarə Həmidovanın ifadəsi ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından Elnarə Həmidovanın anası və bacıları ilə qərəzli münasibətdə olması, həmin evdən pay almağa çalışması görünür. Münasibətlərin normal səviyyədə olmamasını Cavabdeh1 X2 qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma tələbinə dair 2021-ci ildə Bakı İnzibati Məhkəməsində iddia qaldırılması da təsdiq edir. Buna görə də məhkəmə kollegiyası Elnarə Həmidovanın ifadəsini iddia tələbinin əsaslılığını təsdiq edən sübut kimi qəbul etmir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 23 oktyabr 2012-ci il tarixdə 7 saylı notariat kontoruna müraciət edərkən X8 ondan başqa vərəsəsinin olmadığını bildirməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə digər mötəbər sübutlar olmadığı təqdirdə yeganə dəlil kimi şəhadətnamənin etibarsız hesab edilməsinə əsas ola bilməz. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı müraciətinin təmin olunmasından imtina edən Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 22 sentyabr 2021-ci il tarixli məktubunda imtinanın əsası kimi İddiaçı mərhum anası Nailə Əliyevanın mübahisəli evdə qeydiyyatda olmadığı və mirası faktiki qəbul etmədiyi göstərilmişdir. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X27, X1 və X7 ifadələrində mübahisəli mənzildə həm Cavabdeh1, həm də Nailə Əliyevanın yaşadığını, X15 Feyziyevanın isə 2008-ci ildə ailə həyatı qurandan sonra həmin evdən köçdüyünü göstərmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 vəsatəti əsasında şahid qismində dindirilmiş Zeynalova Hicran Hüseynağa qızı və Cavabdeh3 Əbdülhüseyn qızı isə ifadələrində mübahisəli mənzildə Cavabdeh1 anası ilə birgə yaşadığını, Nailə Əliyevanın isə arada anasına baş çəkməyə gəldiyini, qızı İddiaçı atasının evində yaşadığını göstərmişlər. Yuxarıda qeyd olunduğu kimi, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının anası X3 anasından miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evi nə formal, nə də qeyri-formal yolla qəbul etməsi, miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi sübuta yetirilməmişdir. İş materiallarında olan X3 30.01.2007-ci ildə Abşeron RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi N5 RPŞ-də, yəni Abşeron Rayon Polis Şöbəsinin inzibati binasında pasport qeydiyyatında olmuşdur. Ağlabatan mühakimə əsasında belə fikir söyləmək olar ki, Nailə Əliyeva anasından miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evdə yaşayırdısa, onun həmin evə pasport qeydiyyatına düşməsinə heç bir maneə olmamalı idi. Cavabdeh1 nümayəndəsi (qızı) Cavabdeh4 izahatından görünür ki, xalası Nailə Əliyeva 1977-ci ildə ailə həyatı qurandan sonra həyat yoldaşının yaşadığı Bakı şəhəri 6-cı mikrorayonda yerləşən evə köçmüş, 2006-cı ildə həmin evi satdıqdan sonra Xırdalan şəhərində ev alıb oraya köçmüş, 2008-ci ildə isə Xırdalanda yaşadıqları evi satıb başqa bir ev almışlar. Bundan əlavə, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evə dair Ev kitabından görünür ki, X10 həmin evdə pasport qeydiyyatında olmamışdır. Bakı şəhəri 246 saylı məktəb-lisey tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli 53 saylı arayışdan görünür ki, İddiaçı 1988-ci ildə Bakı şəhəri 246 saylı məktəb-liseyin üçüncü sinfinə qəbul olunmuş, 1996/1997-ci tədris ilində məktəb-liseyin Xİ sinfini müvəffəqiyyətlə bitirmiş və A 193183 nömrəli tam orta təhsil haqqında attestat almışdır. Məktəbdə olan arxiv sənədlərinə əsasən onun yaşayış yeri Bakı şəhəri 6-cı mikrorayon Masazır (indiki İlqar Cümşüdov) küçəsi bina 1/7 mənzil 43 olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı tərəf X15 Feyziyeva ilə birlikdə əvvəllər Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən 12 saylı evdə yaşamasını, Cavabdeh1 nümayəndələri isə onların həmin evdə yaşamamasını təsdiq edən şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələrini və birgə tərtib olunmuş aktı təqdim etmişdir. Kollegiya hesab edir ki, həmin ərizələrin və aktların məzmunu bir-birinə zidd olduğundan, habelə ərizədə və aktda adları göstərilən şəxslər məhkəmə iclasında mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə şahid qismində dindirilmədiyindən, həmin akt və ərizələr sübut kimi qəbul olunmamalıdır. Apellyasiya icraatı zamanı hər iki tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ilə bağlı kollegiya qeyd edir ki, bu ifadələr bir-birinə ziddir və şahid ifadələri əsasında yekun nəticəyə gəlmək mümkün deyil. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi ev 12 mərhum X8 mülkiyyətində olmuş, sonuncu 2000-ci ildə vəfat etdikdən sonra həmin miras əmlaka dair Cavabdeh1 ərizəsi əsasında notariat işi açılmış, mərhumun yeganə vərəsəsi kimi Cavabdeh1 göstərilməklə, Nailə Əliyeva haqqında məlumat göstərilmədən, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı anası X5 barəsində isə həmin notariat işində qeyd olunmamış, o, qanun üzrə vərəsə kimi tanınmamışdır. Nailə Əliyeva vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməsə də, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Qeyd edilən əsasla məhkəmə hesab etmişdir ki, mərhum Nailə Əliyeva anası Suriyə Əliyevaya münasibətdə miras əmlakı faktiki olaraq qəbul etdiyindən, Nailə Əliyevanın qızı olan İddiaçı da mübahisəli evə münasibətdə vərəsəlik hüquqları tanınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının anası Nailə Əliyeva miras qoyan Suriyə Əliyevanın 2000-ci ildə ölümündən sonra 20 il müddətində yaşamış və 2020-ci ildə vəfat etmişdir. Nailə Əliyeva anasından miras qalmış əmlak olmasını və özünün birinci dərəcəli vərəsə olmasını bildiyi halda, 20 il müddətində mirasdan payının müəyyən edilməsi ilə bağlı notariat və yaxud məhkəmə qaydasında tələb irəli sürməmişdir. Cavabdeh1 isə anası vəfat etdikdən sonra ailə üzvləri ilə birgə həmin mənzildə yaşamağa davam etmişlər. Mübahisəli evə dair vərəsə kimi Cavabdeh1 2012-ci ildə notariat kontoruna müraciət edərək, miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almış və 2013-cü ildə həmin evə dair mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hazırki iş üzrə iddiaçı miras qoyanın ölümündən 21 il keçdikdən sonra, vərəsə Cavabdeh1 mülkiyyət hüququna dair çıxarış almasından 9 il keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı anasının miras əmlakı faktiki qəbul etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfin məhkəmədə verdikləri ifadələr qarşı tərəfin məhkəməyə təqdim etdikləri şahid ifadələri və digər sübutlarla təkzib olunmuş, birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi videodisk və fotoşəkillərdə olan görüntülər isə iddiaçının anasının mübahisəli evdə yaşamasını və miras əmlakı idarə etməklə və ya ona faktiki yiyələnməklə miras əmlakı faktiki qəbul etdiyini təsdiq etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2 və 385.1.3-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(003)-3972/2021 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(003)- 3972/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddia tələbi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi İddiaçı Cavabdeh1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1549/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1549/2022
19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver