Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1552/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə ( LPO) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (sığorta ödənişinin ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3574/2024 nömrəli işi üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsinin detalı tam yararsız vəziyyətə düşdüyündən 4941 manat sığorta ödənişi və 102.15 manat rəsmi servisə verilən xidmət haqqı, 1000 manat mənəvi zərərin əvəzinin və iş üzrə ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində İddiaçı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binə qəsəbəsindən Hövsan qəsəbəsinə gedərkən “Vaz21070” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq onunla toqquşmuş, nəticədə iddiaçının idarə etdiyi avtomobilin ön sol tərəfi zədələnmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri hadisə yerinə gələrək çəkiliş aparmış, hadisə ilə bağlı məlumat veriləcəyini bildirmişlər. İddiaçı avtomobilinə dəymiş zərərin hesablanması üçün rəsmi X5 – “X6 Azərbaycan” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən zərərin məbləği ilə bağlı rəy təqdim edilmişdir. İddiaçının ekspertizaya getməsinə səbəb sığortaçının avtomobilin zərər dəymiş farasını dəyişməkdən imtina etməsi olmuşdur. Cavabdeh tərəf faranın qırılan hissəsinin yapışdırılmasını təklif etmişdir. Lakin bu avtomobilin dəyərdən düşməsinə gətirib çıxarır və plastikin sonradan yenidən qırılma təhlükəsini yaradır. Avtomobilin rəsmi servis mərkəzində orijinal detallarla təmiri 4941 manat təşkil edir və rəyin verilməsi ilə bağlı iddiaçı tərəfindən 102,15 manat xərc çəkilmişdir. Cavabdeh tərəf isə bu məbləği ödəməkdən imtina edir.
2. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinə dair etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, 1530 manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixində Binə qəsəbəsi ərazisində İddiaçı məxsus “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz21070” markalı 90-HR057 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalandığından İddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Müstəqil ekspert Əhməd Talıblının 160501ADS nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən 2016-cı il buraxılışlı “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1530 manat məbləğində müəyyən edilmişdir. Müstəqil ekspertə iddiaçı müraciət etmişdir. İddiaçı tərəfindən Qanunun müddəları pozulmuşdur. Belə ki, müstəqil ekspert tələbi irəli sürülmədən əvvəl avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün iddiaçı “X7 Azerbaijan” MMC-yə müraciət etmiş və xx.xx.2024cü il tarixində tərtib olunmuş qiymətləndirilmə aktına əsasən avtomobilə dəyən zərər 4941 manat məbləğində müəyyənləşdirilmişdir. Həmin MMC sığorta sahəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müstəqil ekspertlərin reyestrinə daxil edilməmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3574/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1530 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 21 manat hissəsi nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pulun 13 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 37 manat hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 925.1, 925.2, 925-1, 926, 1096, 1097.1, 1097.5; İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunun 16.2, 16.3; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 76.1, 76.2, 77.1, 80, 88, 103.1, 106.3-106.4, 106.1,115.0.1, 119.1, 191.3, 217.3-217.4, 220.4-ci maddələrinə istinadən qeyd etmişdir ki, Məhkəmə iddia tələbinin “4941 manat məbləğində sığorta ödənişinin ödənilməsi” hissəsi və cavabdehin tələbin bu hissəsini qismən – 1530 manat hissədə etiraf etməsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Buna görə də iddiaçının dəymiş zərərlə bağlı sığorta ödənişini tələb etməyə hüququ olmuşdur. Lakin zərərin qiymətləndirilməsi, yəni sığorta ödənişinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olmuş, belə ki, iddiaçı sığorta hadisəsindən sonra "xxxx" markalı avtomobillərin rəsmi servis mərkəzi kimi fəaliyyət göstərən MMC-yə müraciət etmiş və MMC tərəfindən tərtib edilmiş aktda fara onun istəyinə əsasən dəyişiləcəyi təqdirdə, maşının təmir-bərpası üçün tələb olunan xərcin məbləğinin 4941 manat, fara dəyişilməyəcəyi təqdirdə isə 728 manat olacağı iddiaçıya bildirilmişdir. Yalnız bundan sonra iddiaçı ona təqdim olunmuş siyahıda göstərilən, rəsmi reyestrdə qeydə alınan müstəqil ekspertlərdən birinə müraciət edilməsinə razılıq vermiş və həmin ekspert tərəfindən tərtib edilmiş aktda maşının ön sol farasına görə 1250 manat, işçiliyə görə 280 manat olmaqla, cəmi 1530 manat zərər dəyməsi müəyyən edilmişdir. Lakin iddiaçı bu məbləğlə razı olmamış, buna görə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən, onun maşınına 1430 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı həmin məbləğlərlə razı olmayıb, maşının ön sol farasının yararsız hala düşdüyünü və dəyişilməli olduğunu iddia edərək, rəsmi servis mərkəzi tərəfindən verilmiş aktda göstərilən məbləğin sığorta ödənişi kimi ona ödənilməsini tələb etsə də, sübutetmə vəzifəsi öz üzərində olmasına baxmayaraq, faranın yararsız hala düşməsinə və hökmən yenisi ilə dəyişilməli olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi rəsmi servis mərkəzinin aktında da faranın yararsız olması və mütləq dəyişilməli olması qeyd edilməmiş, yalnız iddiaçının istəyi əsasında dəyişilərsə, bunun üçün tələb olunan məbləğ qeyd edilmişdir. Buna görə də həmin akt iddiaçının istinad etdiyi halın mövcudluğunu təsdiq edən sübut sayılmır. Həmçinin, qanunla Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmiş səlahiyyət əsasında onun tərəfindən aparılan rəsmi reyestrdə həmin aktı tərtib edən rəsmi servis mərkəzi müstəqil sığorta eksperti kimi qeydə alınmamışdır. Ən əsası qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə iddiaçı sığorta şirkətinin özü tərəfindən müəyyən edilmiş 220 manat zərər məbləği ilə razı olmadığına görə (özü izahatında bu halı göstərmişdir) müstəqil ekspert seçərək, ona müraciət etdiyindən və zərərin məbləği həmin ekspert tərəfindən 1530 manat məbləğində müəyyən edildiyindən, cavabdeh 1530 manat sığorta ödənişini ödəməyə razı olduğundan, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyində zərər kimi həmin məbləğə yaxın məbləğ müəyyən edildiyindən, rəsmi servis mərkəzi tərəfindən iddiaçıya verilmiş aktda isə daha aşağı (fara dəyişilmədən 728 manat) məbləğ göstərildiyindən, cavabdehin bu hissədə qismən etirafı məhkəmə tərəfindən qəbul edilir. Belə ki, işin göstərilən faktiki hallarını nəzərə alan məhkəmə cavabdehin bu hissədə qismən etirafını tədqiq edərək hesab edir ki, həmin etiraf qanuna müvafiqdir. Qeyd olunanlara əsasən, tələb bu hissədə qismən təmin edilməli, 1530 manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin “102,15 manat rəsmi servisə verilən xidmət haqqı və 1000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı öz təşəbbüsü ilə rəsmi servisə müraciət edərək, avtomobili barədə akt tərtib olunması ilə bağlı ödənişli xidmətdən istifadə etmişdir. Yəni bu xərc məhz iddiaçının öz iradəsi əsasında, hər hansı zərurət olmadan və cavabdehin heç bir təqsirli hərəkəti olmadan çəkilmiş, zəruri xərc olmamışdır. Həmçinin, tərəflər arasında olan mübahisədə cavabdeh sığorta şirkətinin hər hansı təqsirli hərəkəti (delikt törətməsi) və həmin hərəkət nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi halı müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bu məbləğləri cavabdehdən tələb etməsinə əsas olmadığından, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə bu tələblərlə bağlı qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
4. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəlqiyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan və cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış 2016-cı il buraxılışlı “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə zərər dəymişdir;- İddiaçı öz təşəbbüsü ilə "xxxx" markalı avtomobillərin rəsmi servis mərkəzi olan “X7 Azərbaycan” MMC-yə müraciət edərək, nəqliyyat vasitəsinin qabaq bamperinin təmiri və rəngsaz yoxlanışına görə, 102,15 manat məbləğində pul ödəmiş, həmin MMC tərəfindən yazılı şəkildə verilmiş məsləhətdə iddiaçıya məxsus nəqliyyat vasitəsinin təmir xərcinin 728 manat, fara dəyişilərsə, təmir xərcinin 4.941 manat olacağı qeyd edilmişdir;- İddiaçının seçimi əsasında müraciət edilmiş, müstəqil sığorta eksperti kimi fəaliyyət göstərən Talıblı Əhməd tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla isə həmin nəqliyyat vasitəsinin ön sol farasına görə 1250 manat, işçiliyə görə 280 manat olmaqla, cəmi 1530 manat zərər dəyməsi müəyyən edilmişdir;- İddiaçı müstəqil ekspert tərəfindən tərtib edilmiş aktda göstərilən məbləğlə razılaşmadığından, "xxxx" markalı avtomobillərin rəsmi servis mərkəzi olan “X7 Azərbaycan” MMC tərəfindən tərtib edilmiş sənədlərə istinadən avtomobilin ön sol farasının yararsız olduğundan dəyişilməli olduğunu bildirərək, 4941 (dörd min doqquz yüz qırx bir) manat sığorta ödənişinin və 102.15 manat rəsmi servisə verilən xidmət haqqının, 1000 mənəvi zərərin əvəzinin və iş üzrə ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq ona ödənilməsini; cavabdeh isə iddiaçının öz seçimi əsasında müraciət edilmiş müstəqil ekspert tərəfindən tərtib edilmiş aktda göstərilən 1530 manat məbləğində sığorta ödənişinin ödənilməsinə razı olduqlarını bildirərək, iddianın yalnız həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişlər; - . Nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyinə əsasən, iddiaçıya məxsus maşının dəyişilməli hissələrinin qiyməti hadisə baş verən tarixə 1150 manat, təmir-bərpa işlərinin qiyməti isə 280 manat olmaqla, avtomobilə dəymiş ziyanın cəmi məbləğinin 1430 manat olması müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti vermiş, şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 925-1.1,1096.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə Binə qəsəbəsindən Hövsan qəsəbəsinə gələrkən 90- HR-057 dövlət qeydiyyat nişanlı VAZ21070 markalı avtomobil yol hərəkəti qaydalarını pozaraq avtomobili ilə toqquşmuşdur. Nəticədə avtomobilimin ön sol tərəfi zədələnmişdir. Azərsığorta şirkəti ilə əlaqə saxlamışıq gəlib hadisə yerində çəkiliş edib və əlaqə saxlanılacaq deyiblər. Avtomobilimi dəymiş zərərin hesablanması üçün X8 Mərkəzinə (X6 Azərbaycan MMC) apardım. Servis Mərkəzinin rəyi qoşmaya əlavə olunur. Qoşmada əlavə olaraq ekspertiza üçün çəkdiyi xərc də əlavə olunur. Ekspertizaya getməyinə səbəb sığortaçının avtomobilin zərər dəymiş farasının dəyişməkdən imtina etməsidir. Cavabdeh tərəf faranın qırılan hissəsinin yapışdırılmasını təklif edir. Bu isə avtomobilin dəyərdən düşməsinə gətirib çıxardır və plastikin sonradan yenidən qırılma təhlükəsini yaradır. Avtomobilin rəsmi servis mərkəzində original detallarla təmiri 4941 manat təşkil edir və əlavə olaraq bu rəyin alınması üçün 102,15 manat xərc çəkilmişdir. Cavabdeh isə bu məbləği ödəməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən, yol nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsinin detalı tam yararsız vəziyyətə düşdüyündən 4941 sığorta ödənişi və 102,15 manat rəsmi servisə verilən xidmət haqqı və 1000 manat mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “ Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti” LPO-nun nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının ona təqdim edilmiş siyahıdan özünün seçdiyi müstəqil ekspert tərəfindən avtomobilə baxış keçirildiyini və 1500 manat zərərin müəyyən edildiyini, iddiaçı bu məbləğlə razı olmadığından mülki iş məhkəmə baxışında olarkən məhkəmə əmətəəşünaslıq ekspertizasının keçirildiyini, həmin ekspert rəyində müstəqil ekspertin müəyyənləşdiridiyi zərərin məbləğindən də daha aşağı məbləğin məüyyən edildiyini,iddiaçının özünün şəxsi müraciəti əsasında verilmiş rəsmi servisin rəyinə münasibətdə isə, həmin rəydə avtomobilə dəymiş zərər üçün müəyyən edilmiş məbləğin şişirdilmiş olduğunu qeyd etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır. 2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir.
10. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 22.1.7. sığortalının, sığortaçının sığorta ödənişindən imtina barədə qərarından və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda, Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüquqları vardır.
11. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 95.3. Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.925-1.2. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir.925-1.3. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir.925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər.925-1.5. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir.925-1.6. Zərərin qiymətləndirilməsinə çəkilən xərc aşağıdakı şəxslər tərəfindən ödənilir:925-1.6.1. müstəqil ekspert bu Məcəllənin 925-1.2-ci və 925-1.3-cü maddələrinə uyğun olaraq təyin edildikdə - sığortaçı;925-1.6.2. müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə - təkrar qiymətləndirməni tələb edən şəxs.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 216-220, 227, 372, 385-390-cı maddələrinə, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 12-25, 58, 63, 77; Sığorta haqqında Azərbaycan Respublikası Qanunun 1-5, 15-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı dəymiş zərərin məbləğindən narazı olduğunu, onun avtomobilinə daha yüksək məbləğdə zərər dəydiyini iddia etsə zərər məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə cavabdeh tərəfindən qəbul edilən məbləğdən də az müəyyən edilmişdir. İddiaçı tərəfəfindən təqdim edilmiş rəsmi servis rəyinə münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Belə ki, cavabdehin vəzifəsinə zərər dəymiş əmlakın təmiri və ya bərpasından ibarət olmuş. Əmlaka dəyən zərərin məbləği isə zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərinin sığortaçı və ya qanunvericiliklə müvafiq səlahiyyətə malik qiymətləndirici tərəfindən qiymətləndirilmiş məbləğidir. Bundan əlavə qeyd edilməlidir ki, nəqliyyat vasitəsinin dəyərinin düşməsindən irəli gələn (avtomobilin farasına) dəymiş zərəri iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə zərər yetirmiş avtomobilin sahibinə (istifadəçisinə) qarşı ayrıca iddia tələbi ilə müraciət etmək hüququna malikdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
15. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (əsassız şikayəti verən) onu ödəyən şəxsə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3574/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.