Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1553/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mərhum əri X8 məxsus olmuş **-RR-*** dövlət qeydiyyat nişanlı “Toyota Highlander” markalı avtomobilin sonuncunun sağlığında cavabdehə satılması ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” və mülkiyyətçinin dəyişməsi ilə bağlı nəqliyyat vasitəsinin şəxsə təhvil verilməsinə dair ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Rauf Abbasov xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar. İddia ərizəsində qeyd edilən avtomobil onların birgə nikahları dövründə əldə olunmuşdur. Rauf Abbasov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Rauf Abbasov həmin avtomobili iddiaçının razılığı olmadan xx.xx.2022-ci il tarixdə cavabdehə satmış. İddiaçı hesab edir ki, avtomobilin satılması ilə əlaqədar DİN BDYPİ tərəfindən rəsmiləşdirilmiş həmin “Alğı-satqı müqaviləsi” və mülkiyyətçinin dəyişməsi ilə bağlı nəqliyyat vasitəsinin şəxsə təhvil verilməsinə dair ərizə etibarsız hesab edilməlidir, çünki o, birgə nikah dövründə əldə olunmuş avtomobilin satılmasına razılıq verməmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. b) üçüncü şəxslərin cəlb edilməsi və onların iddia tələbinə münasibəti barədə məlumat
3. İşə baxılan zaman Rayon Məhkəməsi tərəfindən X1 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər. c) iş üzrə tərəflərin Rayon Məhkəməsinə verdikləri izahatlar barədə məlumat
4. İddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələrin məzmununa uyğun izahat vermişdir.
5. Cavabdehin nümayəndəsi (qardaşı) X7 Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbinin əsassız olduğunu, avtomobilin əvvəlki mülkiyyətçisini əvvəllər tanımadığını qeyd edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Üçüncü şəxs (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməzdən əvvəl cavabdeh olmuş) Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, onunla Rauf Abbasov arasında həmin avtomobilin alğı-satqısına dair 2022-ci ilin iyul ayında müqavilə bağlanmışdır. **-BB-*** dövlət qeydiyyat nişanı ona (Cavabdeh) aid “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra avtomobilə quraşdırılmış və hazırda başqa avtomobilin qeydiyyat nişanıdır. Rauf Abbasov xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı ilə Rauf Abbasov daha 2 ay ərzində birgə əmlak rejimi ilə yaşamağa davam etmiş, müqavilə bağlandıqdan 9 ay sonra isə iddiaçı məhkəmədə iddia qaldırılmışdır. Avtomobil satılana qədər iddiaçı ilə Rauf Abbasovun birgə əmlakına daxil olduğu kimi, onun satılması nəticəsində onun tərəfindən həmin avtomobilin müqabilində ödənilmiş pul vəsaiti də iddiaçı ilə Rauf Abbasovun birgə əmlakına daxil olmuşdur. İddiaçı sözügedən əqdin bağlanmasına öz razılığını hərəkəti ilə bildirdikdən sonra həmin razılığın geriyə dönüşü yolverilməzdir. Bu zaman ifadə olunmuş iradənin mütləq yazılı qaydada olmasına da ehtiyac yoxdur. Vəsiyyətnamələr xaricində digər əqdlər baxımından (həmçinin arvadın ərin əqd bağlamasına razılıq verməsi baxımından) əsasən həqiqi iradə deyil, ehtimal olunan iradələr əsas götürülür. Başqa sözlə bir əməl üçüncü şəxslər baxımından iradə ifadəsi şəklində başa düşülürsə, onda iradə ifadəsi hüquqi baxımdan mövcud hesab olunur. Bu cür yanaşmaya hüquqda etimad prinsipi deyilir. Bu prinsipə görə iradə ifadəsi iradənin ifadə edildiyi mühitdə onun başqaları tərəfindən necə başa düşülməsinə görə hüquqi nəticə əmələ gətirir. İddiaçı birgə əmlakına daxil olmuş pul vəsaitindən və avtomobilin satılmasından xəbərsizliyi barədə sübut təqdim etməmişdir. Bu müddət ərzində iddiaçının mövcudluğundan xəbərdar olduğu, kifayət qədər yüksək bazar dəyəri olan və itkisinin hiss edilməsi mümkün olmayan avtomobilin satıldığından xəbərsiz olması məntiqli və ağlabatan deyil. Bundan başqa, iddiaçıda avtomobilin Rauf Abbasov tərəfindən ona satılması barədə rəsmi məlumat və sənəd olmaması da iddiaçının avtomobilin satılmasından daha əvvəl qeyri-rəsmi olaraq məlumatının olmasını göstərir (ola bilsin ki, Rauf Abbasov iddiaçıya bu barədə məlumat vermişdir). İddiaçı, bu barədə məlumatlı olduqdan dərhal sonra ya bu əqdi bəyənməli, ya da etirazını bildirməli idi. İddiaçının susması əqdi bəyənməsi deməkdir.
7. Digər üçüncü şəxslər işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə baxışı iclasında iştirak etməmiş və iddiaya dair yazılı münasibətlərini Rayon Məhkəməsinə göndərməmişər. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi barəsində bağlanmış “Alğı-satqı müqavilələri” üzrə avtomobil cavabdehdə və sonra üçüncü şəxslərə satıldığından, həmçinin “Alğı-satqı müqavilələrinin” Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən müqavilələr etibarsız sayıla bilməz. Belə ki, müxtəlif vaxtlarda bağlanmış həmin müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələrin yaratdığı hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. e) apellyasiya şikayəti barədə məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin qardaşı Həbib Məmmədov məhkəməyə verdiyi izahatında avtomobili özünün Rauf Abbasovdan aldığını, avtomobilin Şirxan Məmmədovun adına qeydiyyata alınmasının formal xarakter daşıdığını, avtomobilə görə Rauf Abbasova 102.000 manat verdiyini bildirmişdir. Lakin “Alğı-satqı müqaviləsində” avtomobilin qiymətinin 63.000 manat məbləğində göstərilməsini izah edə bilməmişdir. Bundan əlavə 102.000 manatın Rauf Abbasova verilməsinə dair sübut da təqdim edə bilməmişdir. Rauf Abbasovun 2022-ci ilin iyun-iyul aylarında iddiaçı ilə aralarında münasibətlər pozulmuş və o, həmin avtomobillə evi tərk etmişdir. Rauf Abbasov nikahın pozulması üçün mediasiya xidmətindən sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Lakin nikah müddətində əldə edilmiş avtomobilin bölünməməsi üçün onu satmışdır. Avtomobilin satılması üçün iddiaçının razı olmayacağını qabaqcadan bilərək, onun xəbəri olmadan avtomobili 63.000 manata bazar dəyərindən aşağı qiymətə satmışdır. xx.xx.2022-ci il tarixdə Rauf Abbasovun vəfatından sonra qanun üzrə vərəsəsi olaraq birgə nikah müddətində əldə edilmiş əmlak üzərində qanunla müəyyən edilmiş hüquqlarının olduğunu, qanunla müəyyən edilmiş müddət çərçivəsində hazırki iddia tələbi ilə çıxış etməsi onun həmin daşınar əmlak üzərində hüquqlarının olmadığına və ya həmin hüquqlardan məhrum edilməsi kimi qiymətləndirilə bilməz və eyni zamanda pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etməsinin istisna edilməsi kimi başa düşülməməlidir. Lakin Rayon Məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmadan, yəni tərəflər arasında bağlanmış müqavilənin etibarlılığı, arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasının vacibliyinə əhəmiyyət verməmişdir. İddiaçının birgə nikah müddətində əldə edilmiş avtomobil üzərində bərabər pay nisbətində mülkiyyət hüququnun olması, onun razılığı olmadan və iradə ifadəsinə zidd, dəyərindən aşağı qiymətə özgəninkiləşdirilməsi faktına Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yaratmaqdadır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
13. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri barədə lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, mübahisəli avtomobil iddiaçı ilə Rauf Abbasovun birgə nikah dövründə, yəni xx.xx.2021-ci il tarixdə “X9” MMC-dən 106.250 manata əldə olunmuş və reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlak kimi Rauf Abbasovun adına qeydiyyata alınmışdır.
16. Rauf Abbasov ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən” görünür ki, Rauf Abbasov həmin avtomobili 63.000 manata cavabdehə satmışdır.
17. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 279740 №-li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Rauf Abbasov xx.xx.2022-ci il tarixdə ölmüşdür.
18. İşdə olan sənədlərdən görünür ki, həmin avtomobil xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən Miryusif Novruzova, xx.xx.2022-ci il tarixdə isə sonuncu tərəfindən Rövşən Qəribova satılmışdır. Avtomobil hazırda Rövşən Qəribovun mülkiyyətindədir.
19. İddiaçı bildirir ki, mübahisəli avtomobil onun xəbəri və razılığı olmadan cavabdehə satıldığı üçün etibarsızdır.
20. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının razılığının olub-olmamasından məlumatı olmadığını, avtomobili mülkiyyətçisindən dəyərini ödəməklə vicdanla əldə etdiyi üçün iddianın əsassız olduğunu bildirir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2.). Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1.).
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (maddə 324.5.). Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1.). Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2.). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.1.).
23. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, etibarsızlıq üçün şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması və ya hazırki halda əqd bağlandığı zaman əmlak üzərində ümumi birgə mülkiyyətçi olan iddiaçının razılığının olmaması şərtidir.
24. Bu şərtin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əks təqdirdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən iddiaçının əqdin bağlanmasına razılığının olması ehtimalı əsas götürülməlidir. Çünki Mülki Məcəllənin 222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
25. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən avtomobilin satılması zamanı razılığının olmamasını təsdiq edə biləcək hər hansı sübut təqdim edilməmişdir.
26. Məhkəmə apellyasiya şikayətində irəli sürülmüş yeni dəlillərlə bağlı bildirir ki, mübahisəli avtomobilin satılmasından əvvəl iddiaçı ilə Rauf Abbasov arasında münasibətlərin pozulması, bununla bağlı mediasiya təklifinin göndərilməsi və nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması ilə bağlı dəlillər birinci instansiya məhkəməsində işin məhkəmə baxışına hazırlanması mərhələsində irəli sürülməmiş, apellyasiya şikayətinə isə bununla bağlı sübutlar əlavə edilməmişdir.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
28. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
29. Eyni zamanda qeyd edilməlidir ki, avtomobilin dəyərinin cavabdehlə bağlanmış müqavilədə real dəyərindən aşağı göstərilməsi, cavabdehlə bağlanmış müqavilənin formal olaraq onun adına bağlanması, əslində isə avtomobilin alıcısının cavabdehin qardaşının olması ilə bağlı dəlillər hazırki mübahisənin həlli üçün o halda əhəmiyyət kəsb edə bilər ki, iddiaçı əvvəlcə əmlakın satılmasına razılığının olmamasını sübuta yetirmiş olsun. Bununla belə həmin hallarla bağlı da iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
30. Cavabdehin vicdanlı alıcı olması məsələsinə gəldikdə isə müqavilənin etibarsızlığı tələbi əsassız olduğundan Məhkəmə həmin məsələyə geniş münasibət bildirməyə lüzum görməyərək qeyd edir ki, cavabdehin əmlakı əldə edərkən vicdanlılığını istisna edən hər hansı hal iş materialları ilə müəyyən edilməmişdir. h) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçının özünə aid edilməlidir.
35. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabdeh və üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
36. İddiası təmin edilməmiş iddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2023-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh və üçüncü şəxslər tərəfindən kassasiya şikayəti verilə bilməz.