Məhkəmə qərarları › İş №2(103)-1557/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1557/2023

28.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1557/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məhəmməd Əli oğlu Rüstəmli və Sabit Xanlar oğlu Bəhrəmzadədən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-276/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 4647/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X2, X1 və Cavabdeh1 müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-4647/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır.

3. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-4647/2018 saylı icra sənədində göstərilən tələbin dərhal icra edilməsi borcludan xahiş olunmuşdur.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 016-110265-1221 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətlərindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus 10- FT-601 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S350 minik” markalı, 1995-ci il buraxılışlı, WDB1401341A289629 ban nömrəli nəqliyyat vasitəsini 5000 manat məbləğə alıcıya satmışdır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 016-110265-1221 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətlərindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus 99- XX-687 dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı, 2013-cü il buraxılışlı, KMHDH4AE2DU850640 ban nömrəli nəqliyyat vasitəsini 13.000 manat məbləğə alıcıya satmışdır.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(007)- 175/2021 saylı qərardadından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-4647/2018 saylı icra sənədi üzrə borclu Cavabdeh1 məxsus əmlakların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatının təmin edilməməsi qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11852/2021 saylı qərardadından görünür ki, Cavabdeh1 şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı tərəfindən verilmiş “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 350” minik markalı avtomobillərin üzərinə həbs qoyulması barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır.

8. AE seriyalı, 099952 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-XX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, 2013-cü il buraxılışlı, KMHDH4AE2DU850640 ban nömrəli nəqliyyat vasitəsi alqısatqı müqaviləsi əsasında Cavabdeh5 adına qeydiyyata alınmışdır, şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 276/2022 saylı qərardadına əsasən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “borc məbləğinin konkret müəyyən edilməsi və həmin məbləğ həddində əmlaka həbs qoyulması” tələbinə dair qarşılıqlı iddiasının icraata qəbul edilərək ayrıca icraata ayrılması və ayrılmış icraat məhkəmənin dəftərxanasında yeni nömrə altında qeydiyyata alınaraq, ayrıca icraatda baxılması, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası üzrə mülki işdə 2(007)- 276/2022 nömrəsinin saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iş üzrə borclular Cavabdeh1, X1 və X2 müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qətnamə qanuni qüvvəyə minmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018- ci il tarixli icra sənədi Nizami Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu olan şəxslərin ünvanına göndərilmişdir. Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün, borclu şəxs Cavabdeh1 əmlak vəziyyətinin yoxlanılması vəziyyəti ilə əlaqəli müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışına əsasən X5 mülkiyyətində “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə borcun həcmi miqdarında sözügedən avtomobillərin üzərinə həbsin qoyulması üçün təqdimatla müracət olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində təqdimata baxılan zaman məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə sorğular verilmiş və məlum olmuşdur ki “Hyundai Elentra” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2021-ci il tarixdə yəni qəbul olunmuş qətnamənin Ali Məhkəmə tərəfindən qanuni qüvvəyə minməsinə dair qəbul etdiyi qərardan 1.5 (ay yarım) sonra Cavabdeh1 adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Beləliklə də gələcəkdə borcun avtomobillərə yönəlməsi mümkün olmamışdır. Daxili işlər Nazirliyi Baş X13ndən əldə olunan alqı-satqı müqaviləsi və qeydiyyat hərəkəti barədə məlumatlara əsasən Cavabdeh1 mülkiyyətində olan “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı, qeydiyyat şəhədətnaməsi AD 984040 olan avtomobilin xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirildiyi görünür. Cavabdeh2 isə “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə digər Cavabdeh3 adına, Cavabdeh3 isə öz növbəsində xx.xx.2021-ci il tarixdə “Hyundai Elentra” minik markalı 99- XX-687 dövlət qeydiyyat nişanlı avtomobili iş üzrə Cavabdeh4 adına, Cavabdeh4 isə avtomobili digər Cavabdeh5 adına özgəninkiləşdirmişdir. Cavabdeh1 digər “Mercedes-350” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, qeydiyyat şəhadətnaməsi AD984041 olan avtomobilini xx.xx.2021-ci il tarixdə, yəni “Hyundai Elentra” minik markalı avtomobili öz adından çıxardığı gün yenə də oğlu Cavabdeh2 adına alqı- satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək, rəsmiləşdirilmişdir. Bu maşınlar formal olaraq başqa adamların adına keçirilsə də faktiki olaraq Cavabdeh1 sahibliyində və istifadəsindədirlər. Daxili İşlər Nazirliyi Baş X13ndən əldə olunan məlumatları buna sübut olaraq göstərmək olar. Belə ki, “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 adına qeydiyyat şəhadətnaməsi alındıqdan sonra sonuncu tərəfindən Cavabdeh1 (atasına) xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 1 il müddətinə olmaqla etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə isə bitmə tarixi xx.xx.2023-cü il tarixə qədər müəyyən olunan daha bir nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə verilmişdir. Ümumilikdə Cavabdeh1 avtomobili oğlunun adına rəsmiləşdirdikdən sonra öz adına 2 dəfə sözügedən nəqliyyat vasitəsini sürmək üçün etibarnamə götürmüşdür. İşdə olan sübütlar və tərəflərin qohumluq münasibətlərinə əsasən alqı-satqı müqavilələrinin görünüş üçün bağlandığı qənaətinə gələ bilərlər. Buna görə də, “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alqı-satqı müqavilələrini etibarsız hesab edib, onların əsasında verilən qeydiyyat şəhadətnamələrini ləğv edib, 11000 ABŞ dolları 5030 manat məbləğində pul vəsaitinin tutulmasının sözügedən avtomobillərə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-276/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 331.1, 337.1, 567.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və “Hyundai Elentra” minik markalı 99- XX-687 dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair cavabdehlərin hər biri arasında ardıcıllıqla bağlanılmış alqı-satqı müqavilələrini etibarsız hesab edib, onların əsasında verilən qeydiyyat şəhadətnamələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsi tərəfindən qətnamənin qəbul olunmasına dair qeyd olunan əsaslar (alqı-satqı müqavilələri bağlanan zaman nəqliyyat vasitələrinin üzərində həbsin və özgəninkiləşdirməyə qadağanın olmaması) tərəfindən mübahisə predmeti deyil. Nizami Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018- ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün, borclu şəxs Cavabdeh1 əmlak vəziyyətinin yoxlanılması vəziyyəti ilə əlaqəli müvafiq orqanlara sorğular edilmişdir və texniki yanışlığa əsasən icra şöbəsinin elektron portal çıxarışlarında X5 mülkiyyətində “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə borcun həcmi miqdarında sözügedən avtomobillərin üzərinə həbsin qoyulması üçün təqdimatla müracət olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində təqdimata baxılan zaman məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə sorğular verilmiş və məlum olmuşdur ki, “Hyundai Elentra” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adından çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən əldə olunan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə əsasən müəyyən olunur ki, Cavabdeh1 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaitinin ondan və X1 və X2 müştərək qaydada tutulmasına dair Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qəbul olunmuş qətnaməsinin qanuni qüvvəyə minməsindən 1.5 ay sonra eyni gündə (xx.xx.2021-ci il tarixdə) mülkiyyətində olan “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilləri bilərəkdən iş üzrə digər Cavabdeh2 (doğma oğlunun) adına özgəninkiləşdirmişdir. Daha sonra Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsindən əldə olunan məlumatlara nəzər yetirdikdə görünür ki, Cavabdeh1 “Mercedes-350” minik markalı **-FT- *** dövlət qeydiyyat nişanlı avtomobili doğma oğlu Cavabdeh2 “satdıqdan” sonra sonuncu tərəfindən özünə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixində 2 dəfə olmaqla nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə götürmüşdür. xx.xx.2021-ci il tarixində verilən etibarnamənin müddəti 1 olmaqla baş etibarnamə formasında verilib. «Baş Etibarnamə» adlanan bu cür etibarnamə avtomobilə dair sərəncam hüququnu da özündə ehtiva edir. Bu cür etibarnaməsi olan şəxs nəinki hamin avtomobili sürmək üçün başqasına verə bilər, hətta həmin avtomobili sata, bağışlaya, girov qoya da bilər. xx.xx.2021 tarixdə verilən digər etibarnamənin müddəti isə xx.xx.2023-cu ilə qədər müəyyən olunub. Hörmətli hakim, Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin bir növü kimi yalan əqd anlayışı var. Yalan əqd onu bağlayan tərəflərin həqiqətən bağlamaq istədikləri digər bir əqdi pərdələyir, yəni görünüş üçün bağlanır. Cavabdeh1 ilə Cavabdeh2 Yayca oğlu arasında alqı-satqı müqavilələri bağlandıqan sonra sonuncu tərəfindən ona verilən etibarnamələr (xüsusilə baş etibarnamə) və tərəflərin qohumluq münasibəti bu əqdin görünüş üçün məhkəmə qərarının icrasından yayınmaq üçün, daha dəqiq desək Cavabdeh1 digər bir qətnaməyə əsasən borclu olduğu pul məbləğinin mülkiyyətində olan avtomobillərə yönəldilməsinin qarşısını almaq üçün bağlanılıb. Nizami Rayon Məhkəməsi tərəfindən qətnamənin qəbul olunmasına dair qeyd olunan dəlillər (alqı-satqı müqavilələri bağlanan zaman nəqliyyat vasitələrinin üzərində həbsin və özgəninkiləşdirməyə qadağanın olmaması) tərəfindən mübahisə predmeti deyil. Mübahisələndirilən məsələ mülki iş üzrə iddia tələbinin məhz həmin alqı-satqı müqavilələrinin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməməsidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edənİddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə kollegiyasının iclaslarına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 329.2 əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 331.1 yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

24. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 567.1 alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, iddiaçı tərəf apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-276/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1, X1 və X2 müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qətnamə qanuni qüvvəyə minmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018- ci il tarixli icra sənədi Nizami Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxslərin ünvanına göndərilmişdir. Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün, borclu şəxs Cavabdeh1 əmlak vəziyyətinin yoxlanılması vəziyyəti ilə əlaqəli müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışına əsasən X5 mülkiyyətində “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə borcun həcmi miqdarında sözügedən avtomobillərin üzərinə həbsin qoyulması üçün təqdimatla müracət olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində təqdimata baxılan zaman məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə sorğular verilmiş və məlum olmuşdur ki “Hyundai Elentra” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adından çıxarılaraq özgəninkiləşdirilmişdir.

36. Hazırda iddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

37. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Məhkəmə araşdırması zamanı sözügedən “Hyundai Elentra” minik markalı 99- XX-687 dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir.

39. Kollegiya qeyd edir ki, sözügedən alqı-satqı müqavilələri bağlanan zaman həmin nəqliyyat vasitələrinin üzərində hər hansı həbs və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair qadağa olmamış, tərəflər sərbəst surətdə qarşılıqlı iradə ifadəsi əks etdirərək alqısatqı müqavilələri bağlamışlar. Belə olan halda, iddiaçının tələb etdiyi qaydada həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur

40. Belə ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.

41. İddiaçı tərəf apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra təxminən 1.5 ay sonra Cavabdeh1 mülkiyyətində olan “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilləri bilərəkdən özgəninkiləşdirmiş, burada onun məqsədi isə borcun həmin avtomobillərə yönəldilməsinin qarşısını almaq olmuşdur. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçının qeyd etdiyi hal sübut kimi, həqiqətən də cavabdeh qətnamənin icrasından yayınmaq məqsədi ilə avtomobilləri özgəninkiləşdirmiş olsa belə bu hal mübahisələndirilən müqavilənin etibarsızlığına dəlalət edən hal deyil. Nəzərə alınmalıdır ki, qanunvericilik fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlamaq hüququ vermiş, hazırık iddia üzrə Cavabdeh1 də həmin hüquqdan istifadə edərək özünə məxsus əmlakı iş üzrə digər cavabdehlərə satmışdır. Mübahisələndirilən alqı-satqı müqavilələri bağlanan zaman həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsini istisna edən hər hansı hal olmamışdır.

42. İddiaçı həmçinin qeyd edir ki, “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə digər Cavabdeh2 (doğma oğlunun) adına özgəninkiləşdirilsə də faktiki olaraq həmin avtomobil Cavabdeh1 istifadəsindədir. Kollegiya iddiaçının qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, qanunvericilik əmlakın yaxın qohumlar arasında özgəninkiləşdirməsini istisna etmir. Eyni zamanda qeyd edilən avtomobilə münasibətdə müqavilə yalan əqd olmuş olsa belə, həmin müqavilənin hazırkı iddia üzrə iddiaçının mübahisələndirməyə subyektiv hüququ yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-276/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar