Məhkəmə qərarları › İş №2(103)-1558/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1558/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1558/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5949/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış 22 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC Samsung Galaxy A12 (SM-A125) 64GB model, **********09794 İMEİ kodu olan telefonu Cavabdeh satmış, cavabdeh həmin əşyanın dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ayda 37.30 manat olmaqla, 6 ay ərzində ödəməyi, bu şərtləri pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəməyi (müqaviləyə əlavənin 2-ci bəndi) barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilənin predmeti olan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində cəmi 189 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun müqavilə üzrə borcu yaranmışdır.

2. İddiaçı cavabdehə müvafiq məktub göndərməklə yaranmış borc məbləğinin qısa bir zaman ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09794 olan “Samsung Galaxy A12” markalı telefon üçün 298,60 manat ödənilməmiş hissə, 29,40 manat cərimə olmaqla, cəmi 328 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********09794 olan SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 328 (üç yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 487.6 (dörd yüz səksən yeddi manat altmış qəpik) manat (12 ay x 37.3 manat + 40 manat ilkin ödəniş) olan İMEİ **********09794 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə 328 (üç yüz iyirmi səkkiz) manat olmaqla, ondan 298.6 (iki yüz doxsan səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.4 (iyirmi doqquz manat qırx qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 189 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sadələşdirilmiş qaydada qəbul etdiyi xx.xx.2022-ci il tarixli, e-2(004)-5949/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09794 olan “Samsung Galaxy A12” markalı telefon üçün 298,60 manat ödənilməmiş hissə, 29,40 manat cərimə olmaqla, cəmi 328 (üç yüz iyirmi səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09794 olan “Samsung Galaxy A12” markalı telefon almış və nəticədə 328 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 189 manat təşkil edir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5949/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442 və sаir mаddələrini əsаs tutаrаq "xxxx" MMC-nin iddiа tələbin təmin etmişdir. Lаkin bu hаldа məhkəmə onun iştirаkının vаcib оlduğun nəzərə аlmаmışdır. Belə ki, məlum müqаvilənin nə vаxt, hаnsı vəziyyətdə bаğlаnmаsı onu məlum deyil. Ruhi xəstə оlаrаq o hərəkətlərinə nəzаrət etmir, mаhiyyətini bаşа düşmür. Məlum hаldа onun fikirləri аpellyаsiyа şikаyətində yаxınlаrı tərəfindən tərtib edilmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 442-ci mаddəsi – yəni öhdəçiliklərin vаxtındа yerinə yetirilməməsini əsаs gətirir. Hаnsı müqаvilə əsаsındа, nə öhdəçilik оlduğu məlum deyil, belə ki, onda belə bir müqаvilə yоxdur. Bu səbəbdən аdı çəkilən xx.xx.2021-ci il tаrixli müqаvilədə onun imzаsının оlmаsı ona məlum deyil. Məhkəmə Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 119.1-ci mаddəsinə istinаd etsə də Аzərbаycаn Respublikаsı Mülki Prossesual Məcəlləsinin 14.1-ci mаddəsinin prinsiplərinə əməl etməmişdir. İşin hərtərəfli, оbyektiv və tаm аrаşdırılmаsı üçün məhkəmə işə onu cəlb etməli idi. Lаkin o məhkəmə bildirişi аlmаyıb və bu səbəbdən yаxınlаrının köməyi ilə məhkəmə prоsesində iştirаk edə bilməli оlsа dа bunа şərаit yаrаdılmаmışdır. Аzərbаycаn Respublikаsı Mülki Prossesual Məcəlləsinin 77-ci mаddəsinə istinаd edən məhkəmə аdı çəkilən mаddənin prinsiplərini pоzmuşdur, belə ki, yuxаrıdа qeyd etdiyi kimi məhkəmə prоsesində iştirаkı təmin оlunmаdığı üçün аdı çəkilən müqаvilədə оlаn imzаnın ona məxsus оlduğu sübut оlunmаmışdır. İlk оlаrаq məhkəmə onu məhkəmə prоsesinə cəlb etmək üçün qаnunlа müəyyən edilmiş qаydаdа ona bildiriş göndərməli və sаir fоrmаdа məlumаtlаndırmаlı idi. Belə ki, qeyd оlunduğu kimi onun xəstəliyindən istifаdə edən ətrаfındаkı insаnlаr hərəkətlərinin mаhiyyətini bаşа düşmədən ona hаnsısа bir sənədə imzа etdirə bilərlər. Bu bаxımdаn məhkəmə ilk оlаrаq onu məhkəməyə cəlb etməli və şəxsiyyətini müəyyən etməli idi.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1558/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-5949/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, xx.xx.2021-ci il tarixli müqavilədə onun imzasının olması, müqavilənin nə vaxt, hansı vəziyyətdə bağlanması ona məlum deyil. Ruhi xəstə olaraq hərəkətlərinin mahiyyətini başa düşmür. Fəaliyyət qabiliyyətsizliyinin olması barədə məhkəmə qətnaməsi yoxdur, müqavilə imzalamaq üçün nə vaxt getdiyini yada sala bilmir. Məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac yoxdur. Müqaviləni imzalayıb, amma nə vaxt imzaladığını bilmir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, şikayətdə qeyd olunan hallar əsassız olduğu üçün təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. Məcəllənin 342.1-ci maddəsində qeyd edilir ki, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.

17. Məcəllənin 346.1-ci maddəsində qeyd edilir ki, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

18. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (Maddə 443.1)

19. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Maddə 600.1)

21. Məcəllənin 601.1-ci maddəsində qeyd edilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (Maddə 600.4)

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. İş materiallarından isə göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də Cavabdeh tərəfindən imzalanmışdır.

27. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o ruhi xəstə olduğu üçün hərəkətlərinin mahiyyətini başa düşmür, aldadılaraq müqaviləyə imza etmişdir, bu səbəbdən müqavilə etibarsızdır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 346.4-cü maddəsində qeyd edilir ki, ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.Hazırkı halda cavabdeh real şəraiti dərk etməməsi və ya fəaliyyət qabiliyyətsiz olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. Digər tərəfdən cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədəki imzanın ona məxsus olmamasını qeyd etdiyi üçün işə apellyasiya qaydasında baxılması zamanı ona məhkəmənin təşəbbüsü ilə müqavilədəki imzanın ona məxsus olub olmamasının müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi təklif edilsə də, cavabdeh izahatında ekspertizanın keçirilməsinə ehtiyac olmadığını qeyd edir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəflər arasında imzalanmış müqavilənin etibarsız olmasına istinad etsə, cavabdeh tərəfindən 22 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etməsi halı iş materialları ilə müəyyən edilmir. Eyni zamanda cavabdeh müqavilə imzalandıqdan sonra borcundan 189 manat ödəniş etməklə müqavilənin etibarlılığını qəbul etmişdir.

32. Məhkəmə kollegiyası mübahisələndirilən müqavilənin bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən 29.4 manat cərimə borcu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda iddiaçı tərəfindən yüksək məbləğdə dəbbə pulunun tələb edilmədiyi nəzərə alaraq məhkəmə kollegiyası iddia tələbini həmin hissədə də əsaslı hesab edir.

34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5949/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar