Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1562/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər:Subroqasiya qaydasında pul tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi üzrə kiçik iddialara dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(001)-6401/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “HYUNDAİ TUCSON” markalı, 99– KT–129 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır.
2. 2021-ci il aprelin 16-da Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ TUCSON” markalı, 99–KT–129 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Atatürk prospektində X1 idarə etdiyi “MERCEDES C220” markalı, 99–BE–112 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYP-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYP-in xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir.
3. AUTOBOX” MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 980 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES C220” markalı, 99–BE– 112 dövlət nömrə nişanlı avtomobillə 720 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 720 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 750 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil AD seriyalı, 822266 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsusdur və avtomobildən istifadə etmək hüququ yalnız Cavabdeh2 verildiyindən Cavabdeh1 etibarnamə olmadan Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada Cavabdeh1, həm də Cavabdeh2 qarşı yaranır.
6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(001)- 6401/2022 saylı qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) saylı qətnaməsi ilə (hakim Əliyev İlkin) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, icbari qaydada sığortalanmış “HYUNDAİ TUCSON” markalı, 99–KT–129 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yolnəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasıQanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Müki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
17. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, icbari qaydada sığortalanmış HYUNDAİ TUCSON” markalı, 99– KT–129 dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində digər şəxsə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə ona qarşı subroqasiya hüququ əldə edilmişdir.
28. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq, onlara düzgün hüquqi qiymət vermiş və iddianın təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. .
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393, 394-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(001)- 6401/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.