Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1562/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “033252 saylı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi, elektrik sərfiyyatına görə hesablanmış 3138 manat borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3517/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC və Əliyev Şamil arasında Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC abonent Əliyev Şamilin yaşadığı ev elektrik enerjisi ilə təchiz etmişdir. Bundan sonra abonentin ünvanına "xxxx" ASC tərəfindən 110101111/10000 nömrəli abonent kodu verilmiş, elektrik sayğacı quraşdırılmışdır.
2. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində abonent Əliyev Şamilə aid ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunubolunmamasını yoxlamaq məqsədilə baxış keçirilmiş və akt tərtib edilmişdir.
3. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı qızı-X6, qızı-X5, oğlu-X7 ilə ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 033252 saylı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi, elektrik sərfiyyatına görə hesablanmış 3.138 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və qeyd olunan ünvanda yerləşən evinə 110101111/10000 abonent kodlu elektrik sayğaçı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı və ailə üzvləri evdə olmayanda "xxxx" ASC-nin əməkdaşları tərəfindən, güya onların elektrik sayğacına müdaxilə etməsi nəticəsində sayğacda nasazlıq yaranmış və bu səbəbdən sayğaç yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli 033252 saylı akt tərtib edilmişdir. Son olaraq isə iddiaçıya 3.138 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixdən isə evində quraşdırılmış elektrik sayğacına plomb vurularaq evinin elektriklə təmin olunması dayandırılmışdır. Hesab edir ki, bu hal tam qanunsuzdur və elektrik sayğacında yaranmış nasazlığa görə onu təqsirli bilərək 3.138 manat borcun hesablanması tam qanunsuzdur. Akt tərtib edilən gün qeyri-iş günü olduğundan iddiaçı və ailə üzvləri istirahət üçün rayona getmiş və evdə olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı ailə üzvləri ilə birgə Şamaxı rayonunda olmuş və bu səbəbdən aktın tərtib edilməsində iştirak edə bilməmişdir. Hazırda qüvvədə olan qanunvericilik aktlarında olan tələblərə əsasən hər bir halda akt tərtib edilərkən evdə yaşayanların iştirakı təmin edilməlidir. Göründüyü kimi evdə yaşayanların birinin akt tərtib edilərkən orada iştirak etməsi təmin edilməli idi. Həmin aktda hansı ünvandanda tərtib edilməsi göstərilmədiyi üçün aktın tərtib edildiyi dəqiq ünvan bilinmir. Həmçinin aktı nəzərdən keçirdikdə məlum olur ki, akt xx.xx.2023-cü il tarixdə saat 07:10-da tərtib edilib. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində həm qeyri-iş günü həm də Qurban Bayramı günlərinə dəlalət edirdi. Bu isə özü özlüyündə aktın tam qanunsuz olmasına dəlalət edir. Akt tərtib edilərkən onu "xxxx" ASC-nin əməkdaşları B.Abdullayev və A.Məmmədov imzalamışdılar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən iki hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən aktı tərtib edənlərin adı, soyadı və ata adı ilə yanaşı aktın tərtib edildiyi ünvan və tarixdə aktda qeyd olunmalıdır. Lakin aktda nəzərə yetirdikdə aktın imzalayanların soyadı tam göstərilsə də adlarının bir tək baş hərfləri göstərilib, ata adları isə ümumiyyətlə qeyd edilməyib. Həmçinin aktın harada tərtib edilməsi də aktın məzmunundan dəqiq məlum olmur. Bundan əlavə evə aid elektrik sayğacında hər hansı problemin olmasına dair heç bir video çəkiliş də aparılmayıb, həmçinin aktda bu barədə heç bir hal qeyd olunmayıb. Bu tipli aktlar tərtib edilərkən iki hal şahidin iştirakı təmin edilməlidir. Əks halda bütün proses videoçəkilişlə qeydə alınmalıdır. İddiaçının elektrik enerjisinin istehlakçısı kimi elektrik sayğaclarının texniki vəziyyətinə nəzərət etmək kimi bir öhdəliyi və ya vəzifəsi də yoxdur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3517/2023 saylı 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov 11/1 ünvanına (abonent kodu 110101111/10000) baxış zamanı tərtib edilmiş 033252 saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi, həmin akta əsasən hesablanmış 3130,84 manat məbləğində borc silinməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən elektrik sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yerləşdirilmişdir. İddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən Qaydalarda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materialları ilə müəyyən edilmir. Cavabdeh tərəf sayğacın müayinəsi zamanı kompüter məlumat bazasına daxil edilməmiş 24198 kvt sərfiyyatın olduğunun aşkarlandığını və borcun həmin sərfiyyata uyğun hesablandığını bildirsə də, buna dair də hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən 24198 kvt sərfiyyata görə (limitə uyğun istifadəyə görə 0,08 manatdan hesablanmaqla 24198*0,08=1935,84) 1935.84 manat məbləğində borc hesablanmışdır. Bundan başqa məhkəmə müəyyən edir ki, 24198 kvt sərfiyyat üçün əlavə olaraq 1195 kvt hissəyə 1 manatdan hesablanmaqla 1195 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi bu cür hesablanmaya dair də əsaslı aydınlıq gətirə bilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələri; "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3517/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov 11/1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı elektrik sayğacının ekran tablosunun söndüyü, sayğacın dövrədən keçən yükü qeyd etmədiyi, tabloda HATA sözünün yazılması və sayğacın alt qapaq möhürünün siminin qırıq olması aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəfindən NDM 033252 saylı akt tərtib olunmuşdur. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 13929001 saylı sayğacın üzərində 97019 göstəricisinə əsasən 24198 kvts komputer məlumat bazasına daxil edilməmiş sərfiyyat komputer məlumat bazasına daxil edilməsi qərara alınmış və qeyd edilən 24198 kvts elektrik enerjisinin dəyəri 3.130,84 manat məbləğində müəyyən edilməklə abonentin 110101111/10000 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, lakin məhkəmə tərəfindən qeyd etdiyi maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərtib olunmuş akt cərimə aktı deyildir. Sayğaca baxış zamanı müəyyən edilmişdir ki, sayğac işləmir və sayğac xəta ilə işləyir. Ona görə də sayğac müvafiq olaraq götürülmüş və üzərində olan sərfiyyatın göstəricisinə əsasən 3.130,84 manat məbləğində sərf edilmiş, lakin dəyəri ödənilməyən borc məbləği hesablanmışdır. Sayğac götürülən zaman üzərində olan sərfiyyat üzrə borc məbləği hesablanmışdır. Sonuncu ödəniş may ayında olmuşdur, ondan sonra ödəniş olmamışdır. İyuldan sonra sərfiyyat dayanmışdır, ya evdə yaşayış olmamışdır, ya da işıq kəsilmişdir. Silinməsi xahiş edilən borc - sərfiyyat borcudur, sayğacın üzərindəki kompüter məlumat bazasına işlənilməmiş sərfiyyat vardır, sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur. Həmin sərfiyyata uyğun olaraq 3.130,84 manat sərf edilmiş elektrik enerjisi kompüter məlumat bazasına işlənilməmiş elektrik enerjisi yeni sayğca köçürülmüş və borc olaraq iddiaçının ünvanına abonent saldosuna əlavə edilmişdir. Bu akt baxış aktı olmuşdur, ona görə də tərəflərindən video-çəkiliş aparılmamışdır, lakin akta görə borc hesablanmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, hər ay qəbzlər üzrə ödənişləri həyata keçirmişdir. Qarşı tərəf bildirir ki, sayğac guya əskik yazmışdır, ona görə də qəbzdə göstərilən məbləğ az olmuşdur. Daha sonra qarşı tərəf heç bir xəbərdarlıq etmədən işığını kəsmişdir. Həmçinin qarşı tərəf sayğac laboratoriyaya aparılan zaman onların iştirakı olmadan müayinə edilmişdir. Hər ay 20, 35, 50, 60 manat və s. ödəniş etmişdir. Yoldaşı xəstə olduğu dövrdə daha çox ödəmişdir. Sayğacın işləməməsi qarşı tərəfin problemidir. Heç vaxt "xxxx" ASC-yə borcu olmamışdır.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunması və iddia tələbinin tam rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun
20. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
21. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın
22. 7.1-cı bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
23. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
24. 7.9-ci bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar.
25. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
26. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
27. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
28. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.
31. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda (abunə kodu-110101111/10000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın ekran baxış tablosunun oxunmadığı, proqram qapaq möhürünün qırıq olduğu aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli 033252 saylı akt tərtib edilmiş, abonent saldosundan göründüyü kimi iddiaçıya akta əsasən əlavə ödəniş hesablanmamışdır.
32. Beləliklə də məhkəmə araşdırması zamanı düzgün olaraq müəyyən olunmuşdur ki, cavabdeh tərəf iddiaçıya məxsus ünvanda sayğacın müayinəsi zamanı kompüter məlumat bazasına daxil edilməmiş 24.198 kvt sərfiyyatın olduğunu aşkarlamış, 24.198 kvt sərfiyyata görə (limitə uyğun istifadəyə görə 0,08 manatdan hesablanmaqla 24198*0,08=1935,84) 1.935,84 manat, həmçinin əlavə olaraq 1195 kvt hissəyə (1 manatdan hesablanmaqla) 1.195 manat, cəmi 3.130,84 manat məbləğində borc hesablanmışdır. İşə əlavə olunmuş abonent saldosundan isə xx.xx.2023-cü il tarixli 033252 saylı akt üzrə hər hansı məbləğdə zərərin hesablanması müəyyən edilməmiş, mübahisələndirilən akt - sayğaca baxış aktı kimi tərtib edilmiş, bu aktın tərtib edilməsi ilə də iddiaçı üçün hər hansı mənfi nəticələr yaranmamışdır.
33. Birinci instansiya məhkəməsi isə borcun sərfiyyat borcu olaraq hesablandığını müəyyən etsə də, silinməsi tələb edilən məbləğin akt borcu olaraq silinməli, aktın isə ləğv edilməli olduğunu göstərməklə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi məhkəmənin qətnamədə göstərdiyi bu dəlillər işin hallarına uyğun gəlmir.
34. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvana sərfiyyat göstəricisinə əsasən hesablanmış 3.130,84 manat məbləğində borc, sərf edilməsi ehtimal olunan lakin dəyəri ödənilməyən borc məbləğidir. Həmin sərfiyyat sayğaca baxış keçirilən zaman aşkar olunmuş, daha sonra işlənmiş lakin ödənilməmiş elektrik enerjisi olaraq kompüter məlumat bazasına və yeni sayğaca köçürülmüş və borc olaraq iddiaçının ünvanı üzrə abonent saldosunda təsbit edilmişdir.
35. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na istinad edərək qeyd etməyi zəruri sayır ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
36. Beləliklə iş materiallarından göründüyü kimi borcun yaranma mənbəyini sübut etmək yükü enerjitəchizatı müəssisəsi olaraq cavabdehin üzərinə düşməsinə baxmayaraq sonuncu tərəfindən sayğacın göstərişlərində anlaşılmazlığın hansı səbəbdən baş verdiyi, elektrik enerjisi sərfinə görə hesablaşmanın hansı göstəricilərinə və hansı dövr üzrə aparıldığı, elektrik enerjisi sərfinin uçotunun kimin təqsirli hərəkətləri nəticəsində pozuludğu və bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verilibvilmədiyinə dair də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan abonent saldosundan iddiaçı-abonent tərəfindən aylıq hesblaşma dövrü üzrə istifadə edilən elektrik enerjisi sərfiyyatına görə mütəmadi olaraq ödənişlər edildiyi müəyyən olunur.
37. Beləliklə də məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, hazırki iddia hesablanmış borcun mövcud məbləği (1.935,84+914,05=2.849,89) həddində təmin edilməlidir.
38. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli 033252 saylı aktın ləğv edilməsinə dair iddia tələbi ilə əlaqədar isə qeyd edilməlidir ki, yuxarıda vurğulandığı kimi iddiaçıya həmin akta əsasən hər hansı məbləğdə zərərin hesablanması müəyyən edilməmiş, mübahisələndirilən akt - sayğaca baxış aktı kimi tərtib edilmiş, bu aktın tərtib edilməsi ilə də iddiaçı üçün hər hansı mənfi nəticələr yaranmamışdır, akt yalnız sübut əhəmiyyətinə malikdir və mübahisəyə baxılan zaman sübut qismində məhkəmə tərəfindən Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilər.
39. Göründüyü kimi, mübahisələndirilən akt heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına, iddiaçının müvafiq subyektiv hüququnun pozulmasına səbəb olmadığından hazırki mülki işdə iddiaçının məhkəmə vasitəsi ilə hüquqlarının müdafiəsinə müvafiq hüquqi marağının mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən də iddia bu hissədə rədd edilməlidir.
40. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3517/2023 saylı 21 noyabr 2023cü il tarixli qətnaməsi qismən – apelyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov 11/1 ünvanına (abonent kodu 110101111/10000) hesablanmış 2.849,89 manat məbləğində borc silinsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova