Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1565/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın nəticələri haqqında protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(005)-2436/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın nəticələri haqqında tarixli protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilinə dair 31 iyul 2019-cu il tarixli hərracın nəticələri haqqında "xxxx" MMC-nin hərracın yekunları barədə 50/50 saylı protokolunun, 31.07.2019-cu il tarixli hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək, mülkiyyətindəki mübahisəli daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT ASC-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi və iddiaçının mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılması, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili 28 avqust 2015-ci ildə 60 ay müddətinə illik 28% hesablanmaq şərtilə Cavabdeh3 BOKT ASC-də girov qoyaraq 15000 ABŞ dolları pul kredit götürmüş, ilk əvvəllər ödənişləri vaxtlı-vaxtında etmiş, heç bir gecikməsi olmamışdır. Lakin növbəti ildə ödənişlərdə çətinlik yaşadığından qrafik üzrə ödəmələrdə müəyyən ləngimələr yaranmışdır. Bundan istifadə edən Cavabdeh3 BOKT ASC onu məhkəməyə verərək əlavə faizlər yazaraq, girov predmeti olan yeganə evini məhkəmə yolu ilə satışa çıxararaq evini əlindən almaq qərarına gəlmişdir. Bu səbəbdən Qaradağ Rayon Məhkəməsindən yaşadığı ünvana bildiriş gəldikdə o, bankın rəhbərlik və əməkdaşları ilə görüşərək kreditə görə pullar ödədiyi halda onu məhkəməyə vermələri ilə bağlı iradlarını ifadə etmiş, cavabdeh təşkilat isə bildirmişdir ki, «məhkəmədən gələn bildirişlər səni narahat etməsin, sən hər ay 700 manata qədər ASC-yə pul ödə, biz məhkəməni saxlayacayıq». Bundan sonra o, banka pullar ödəməyə başlamış, lakin cavabdehin əməkdaşları onu aldadaraq əleyhinə qətnamə çıxartmışlar. Hətta girov predmeti olan yeganə mənzilini artıq Cavabdeh3 BOKT ASC onun razılığı və xəbəri olmadan, borca görə pul ödədiyi halda öz mülkiyyətinə keçirmişdir. Həmçinin, bank digər cavabdehlər "xxxx" MMC və Qaradağ rayon İcra və Probasiya şöbəsi ilə birləşərək mülkiyyətindəki yeganə mənzilinin əlindən çıxmasına şərait yaratmışlar. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər tərəfindən 31 iyul 2019-cu il tarixində keçirdikləri hərracın yekunları barədə protokol və alqı-satqı barədə müqavilədə mənzil 31875 manat qiymətləndirilərək satılmıdır. Mənzilin real qiyməti isə 65000 manatdır. 31 iyul 2019-cu il tarixində keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona məlumat verilməmişdir. Bu səbəbdən hərracda iştirak etmək hüququndan dolayı yollarla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki evin satış qiyməti bazar dəyərindən ən azı 3 dəfə aşağı qiymətləndirilmişdir. Mənzilin satış qiyməti Hərrac Mərkəzi tərəfindən həddindən artıq ucuz qiymət olan 50000 manat kimi yekun protokolda yazılması və evin Cavabdeh3 BOKT ASC tərəfindən çox ucuz qiymətə alınması ədalətsiz və qanunsuz bir addımdır. Qiymətləndiricinin qiymətləndirmədə tətbiq etdiyi mexanizm, əsasən bazara təklif olunmuş əmlakların qiymətləri əsasında qurulur. Mənzilin təmirli olması və qiyməti Hərrac Mərkəzi tərəfindən yekun protokolda yazılmış 31875 manat qiymətindən olduqca yuxarıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(005)- 2436/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmaması qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın qanun pozuntuları ilə keçirilməsi, keçirilən hərracların vaxtı və yeri barədə məlumatının olmaması səbəbindən hərracda iştirak edə bilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmiş, vaxtında kütləvi informasiya vasitələrində elan verilmiş, tərəflərə bildirişlər göndərilmiş, iddiaçı tərəf kifayət qədər məlumatlı olduğu halda hərracda iştirak etməmişdir. Hətta hərracların vaxtı barədə tərəflərindən də əlavə olaraq iddiaçıya müvafiq məktub göndərilmişdir. İddiaçının məqsədi işi süni yolla uzatmaq, öhdəliyinin icrasından yayınmaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsinə uyğun olaraq tərtib edilmiş icra vərəqəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzil 50000 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılmışdır. İddiaçı əmlakın müəyyən edilmiş 50000 manat məbləğində qiymətini həddindən artıq aşağı qiymət olduğunu iddia edir və bu əsasla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə ekspert rəyin”nin və hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC tərəfindən qeyd edilən əmlakın yenidən qiymətləndirilməsi keçirilmiş və onun 28 oktyabr 2021-ci il tarixə bazar dəyəri 56000 manat, likvid dəyəri 50000 manat məbləğində olması barədə rəy verilmişdir. Həmçinin "xxxx" MMC-nin 19.07.2019-cu il tarixli təklif məktubu ilə ipoteka predmetinin əldə olunmasına dair Cavabdeh3 BOKT ASC-yə, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə və İddiaçı təklif göndərərək göstərilmişdir ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 08.05.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 2 ev 1-də yerləşən 60 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən hərrac başa çatmış, artıq mənzilin mülkiyyətçisi Cavabdeh3 BOKT ASC-dir. Keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(002)-2491/2018 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirilmişdir. Eyni zamanda, icra məmurunun sifarişi əsasında "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 06 may 2019-cu il tarixli hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzilin satış dəyəri 50000 manat müəyyən edilmişdir. Həmçinin, işdə olan digər sübutlardan (qəzet elanları, bildirişlər, protokol və s.) görünür ki, qanuni qüvvədə olan məhkəmə qarının icrası sahəsində ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması üçün ilk hərrac satış qiyməti 50000 manat olmaqla 24 iyun 2019cu il tarixə, saat 11.00-a təyin edilmiş və bununla bağlı işdə iştirak edən şəxslərə 24 may 2019-cu il tarixli bildiriş (həmçinin, iddiaçı tərəfə) göndərilmiş, lakin həmin tarixə təyin olunmuş hərrac baş tutmadığından, təkrar hərrac əmlakın satıq qiyməti 42500 manat (ilkin satış qiymətindən 15 faiz aşağı) olmaqla 15 iyul 2019-cu il tarixə, saat 11.00-a təyin olunmuş, işdə iştirak edən şəxslərə 28 iyun 2019-cu il tarixli bildiriş (həmçinin, iddiaçı tərəfə) göndərilmişdir. İşdə olan rabitə orqanının məlumatlarından görünür ki, bildirişlər iddiaçıın ünvanı üzrə göndərilmiş, eyni zamanda Cavabdeh3 BOKT ASC tərəfindən də iddiaçıya hərracın yeri və vaxtı iddiaçıya məlumat xarakterli məktub göndərilmiş, həmin məktub ünvan üzrə qəbul edilmişdir. Eyni zamanda,«Birja yenilikləri» qəzetinin 24-30 may 2019-cu il tarixli, 07-13 iyun 2019-cu il tarixli, 28 iyun - 04 iyul 2019-cu il tarixli, 19-25 iyul 2019-cu il tarixli buraxılışlarında hərracla bağlı müvafiq elanlar (ilk və təkrar hərracların vaxtı və yeri, hərracın baş tutmamış elan edilməsi və s.) verilmişdir. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi). Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Qanunun 43.7, 43.7-1 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, qanunverici iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir. Həmçinin qeyd edilməlidir ki, hərracın keçirilməsi zamanı (ilk və təkrar hərracın təyin edildiyi 24 iyun 2019-cu il və 15 iyul 2019-cu il) qüvvədə olan «İpoteka haqqında» Qanunun 42.1ci maddəsinin yeni redaksiyasına əsasən - hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Göründüyü kimi, qanunverici bildirişin çatdırılmasını deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsini nəzərdə tutmuşdur. İşdən isə görünür ki, bildirişlər iddiaçının ünvanına müvafiq qaydada göndərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 30 dekabr 2008-ci il tarixli qərarında (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məlumatlandırma ilə bağlı iddiaçının dəlilləri əsassız olmaqla, hərracın nəticələrinin etibarsızlığına əsas ola bilməz. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı ipoteka predmeti oan əmlakın dəyərinin az müəyyən olunmasını bildirərək, qiymətləndirmə rəyinin etibarsız sayılmasını tələb etmiş, lakin bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, işdən görünür ki, icra məmurunun sifarişi əsasında "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 06 may 2019-cu il tarixli hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən 1 saylı evin 60 saylı mənzilin satış dəyəri 50000 manat müəyyən edilmiş, ipoteka predmeti məhz həmin qiymətlə hərraca çıxarılmışdır. Qeyd edilən halın yoxlanılması istiqamətində birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə təyin olunmuş və "xxxx" MMC tərəfindən qeyd edilən əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilmiş, əmlakın bazar dəyəri 56000 manat, likvid dəyəri isə 50000 manat həddində müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının qeyd edilən dəlili də əsassız olmaqla, işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 31 iyul 2019-cu il tarixli, 50/05 saylı protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilini Cavabdeh3 BOKT ASC 31875 manata (təkrar satışdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə) əldə etmiş, sonuncunun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları 06 sentyabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, iddiaçı istər tələbində, istərsə də apellyasiya şikayətində keçirilən hərracların vaxtı və yeri barədə məlumatın verilməməsini, əmlakın satış dəyərinin az müəyyən olunmasını göstərsə də, yuxarıda da qeyd edildiyi kimi – ilkin olaraq ipoteka qoyulmuş əmlakın hərracdan satış qiyməti müvafiq qiymətləndirci tərəfindən obyektiv olaraq müəyyən edilmiş, sonradan iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə (həmçinin iddiaçıya) bildirişlər göndərilmiş, eyni zamanda ipoteka saxlayan tərəfindən də iddiaçıya bu istiqamətdə məlumat xarakterli məktub göndərilmiş, qəzetdə müvafiq elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının tələbinin bir hissəsi qanuni qüvvədə olan məhkəmə qərarının (kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi bparədə Cavabdeh3 BOKT ASC-nin iddia tələbi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi) qəbuluna qədər olan hallarla bağlı olmuşdur ki, məhkəmə kollegiyası hazırki icraat çərçivəsində onlara hüquqi qiymət verməyi zəruri hesab etmir. İddiaçı həmin dəlilləri məhkəmə qərarını mübahisələndirməklə irəli sürə bilərdi. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış sahəsi üzrə keçirilmiş hərracın iddiaçının iddia etdiyi əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir. Bu səbəbdən, iddia qalan hissələrdə də əsasızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi, məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın nəticələri haqqında protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(005)-2436/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(005)-2436/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1565/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1565/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver