Məhkəmə qərarları › İş №2(103)-1566/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1566/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1566/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2366/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil olunan hərracın yekunları barədə 05/1 saylı protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2366/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsmunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə qabaqcadan xəbərdar edilməmiş, ona yazılı bildiriş göndərilməyib, hərraclar onun iştirakı olmadan keçirilib. Sonradan təsadüfən məlumat almış, mülkiyyətində olan avtomobil cavabdehin təşkil etdiyi hərracda satışa çıxarılıb, guya ilkin hərrac və təkrar hərracların baş tutmaması nəticəsində həqiqi dəyəri 12 000 manat olan avtomobili çox aşağı qiymətə tələbkar olan banka satılıb. Mülki Məcəllənin 414-cü (müqavilənin hərracda bağlanması), 415.2-ci (hərracın təşkili və keçirilməsi qaydası) maddələrinin tələbləri pozulub. "İcra haqqında" Qanunun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Bank heç bir halda əmlakdan – avtomobildən imtina etməzdi. Çünki, bankın məqsədi avtomobilin satışından əldə edilən pulu kreditin ödənilməsinə yönəltmək olmayıb, bankın məqsədi məhz avtomobilini d ə y ə r i n d ə n q a t - q a t u c u z q i y m ə t ə ələ keçirib, ona qarşı yenidən borcun ödənilməsi barədə iddia qaldırmaq olub. Belə olmasaydı 1 2 0 0 0 m a n a t qiyməti olan avtomobili 3 8 2 5 m a n a t a ələ keçirməzdi. Yoxsa 12000 manatın bir hissəsi borcun tamamilə ödənilməsinə kifayət hətta qalanı qanuna uyğun olaraq ona qaytarılardı. Belə ki, "İcra haqqında" Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana (ona) qaytarılır. Beləliklə, ipoteka predmetini hərracda satın almaq, onun ilkin satış qiymətini aşağı düşməsinin qarşısını almaq hüquqları pozulub avtomobilinin qiyməti həqiqi dəyərindən çox aşağı qiymətləndirilib. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınar əmlakın onun xəbəri və razılığı olmadan qiymətləndirilməsi və sonradan hərrac yolu ilə özgəninkiləşdirilməsi nəticəsində onun mülkiyyət hüquqları pozulub. Cavabdeh tərəfindən hərracın keçirilməsi prosedur qaydalarına riayət edilmədiyi üçün hərrac etibarsız sayılmalıdır. "İpoteka haqqında" Qanunun 44-cü maddəsinə əsas bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər(416.1). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanaraq müqavilənin etibarsızlığına səbəb olur (416.2). Hərracın keçirilməsi qaydaları pozulduğu üçün hərrac da, "hərracı udmuş" bankla bağlanan müqavilə (əqd) də etibarsız hesab edilməlidir. Mulki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hərrac kobud qanun pozuntuları ilə keçirildiyindən hərracın nəticələri etibarsız hesab edilməli və avtomobili qanunsuz sahiblikdən ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs Maraqlı şəxs2 ASC-nin nümayəndələri X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin və digər 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırılmışdır ki, “Kia Rio” markalı, 90VT-917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.000 manat müəyyən edilməklə Yasamal Rayon Məhkəməsinin 2(004)-8620/2016 saylı, 10.08.2016-cı il tarixli icra vərəqəsinin və Maraqlı şəxs1 17/72-15191/5 saylı 08.09.2017-ci il tarixli məktubuna əsasən Cavabdeh hərraca çıxarmışdır. Cavabdeh (Capitals Auction” MMC) tərəfindən hərrac keçirilmiş, bu barədə iddiaçıya bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmiş və mənzil hərracdan satılmadığından, avtomobilin ilkin satış qiymətindən 25 % aşağı qiymətlə, yəni 3825 manat olmaqla tələbkar Maraqlı şəxs2 ASC təklif edilmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh (Capitals Auction” MMC) iddianı qəbul etmir, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını bildirir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Bakı “Kia-Rio minik" markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən Cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar “Kaspi” Qəzetinin 2017 və 2018-ci ilə aid olan 185, 133, 142, 156 nömrəli buraxılışlarında dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmiş, bildirişi almaqdan imtina edildiyi üçün geri qaytarılmışdır(bax.i.v.73). İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə avtomobilin hərrac yolu ilə satılması iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının “Kaspi" qəzetinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaç Mustafayev Ramil Qabil oğluna müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış avtomobilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin avtomobili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin avtomobili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Üçüncüsü, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(103)- 12658/2019 saylı qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli 2(004)- 8620/2016 saylı qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılsa da sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(006)- 676/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maraqlı şəxs2 ASC-nə qarşı avtomobilin qaytarılması tələbinə dair iddiasının rədd olunması qət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsində isə cavabdeh İddiaçı 20.05.2013-cti il tarixli 113145-1-6709 saylı avtomobil krediti müqaviləsi üzrə 1.236,43 ABŞ dolları əsas borc, 226,56 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1.462,99 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq Maraqlı şəxs2 ASC-yə ödənilməsi qət edilmişdir. Demək, Bankın nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatından və təqdim etdiyi sənədlərin məzmunundan bəlli oldu ki, Maraqlı şəxs2 ASC cavabdeh İddiaçı avtomobil krediti müqaviləsi üzrə ona görə sonradan 1.236,43 ABŞ dolları əsas borc, 226,56 ABŞ dolları tələb etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya həmin kredit müqaviləsi üzrə 3827.88 ABŞ dollarının manata məzənnəsinə uyğun kompensasiya hesablanmış, 2137.5 ABŞ dolları məbləğində isə ödənilməmiş borclar müqabilində balansa götürülmüş ipoteka predmeti olan avtomobilin hərracdan alınması məbləği də çıxılmışdır. Demək, baxmayaraq ki, hazırda mübahisələndirdiyi hərrac üzrə bankın hərrac baş tutmadığı üçün balansına götürdüyü avtomobilə görə 3825 manat da sonradan İddiaçı qarşı qalıq kredit borcunu tələb edərkən nəzərə alınmışdır, iddiaçı yenidən hazırki iddia ilə avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair qiymətləndirmə rəyini mübahisələndirmədən, hərracın başqa əsasla etibarsızlığını tələb etmiş, eyni zamanda hərrac zamanı avtomobilinin dəyərinin daha yüksək olduğunu da bəyan etmişdir. Bu faktların özü də ona dəlalət edir ki, əslində iddiaçının bir neçə il sonra irəli sürdüyü hazırki iddiası və apellyasiya şikayəti qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)-1136/2021 saylı qətnaməsi üzrə ondan alınmalı olan qalıq kredit borcundan yayınmaq məqsədi daşıyır ki, bu da yolverilməz sayılmalıdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2366/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar